×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
08.06.2021
QEYDİYYAT NÖMRƏSİ
341-VIQ
ADI
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 22.06.2021, Nəşr nömrəsi: 128), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.06.2021, Nəşr nömrəsi: 6 (I kitab), Maddə nömrəsi: 563)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.06.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12202106080341
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.06.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2021-ci il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 iyun 2021-ci il

341-VIQ


Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair

 

PROTOKOL

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti,

İki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsinin hər iki Tərəfə verəcəyi faydanı nəzərə alaraq,

Təhsil üzrə məsul qurumları arasındakı əlaqələri daha da möhkəmləndirmək arzusunu ifadə edərək,

31 oktyabr 2017-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in 5-ci maddəsinə istinad edərək,

Beynəlxalq müqavilələrə və Tərəflərin milli qanunvericiliyinə uyğun olaraq, hər iki Tərəfin əlaqədar qurumları arasında bərabərlik və qarşılıqlı hörmət əsasında,

aşağıdakılar barədə razılığa gəlmişlər:

 

Maddə 1

Məqsəd

 

Bu Protokolun məqsədi peşə təhsili sahəsində iki ölkə arasında razılaşdırılmış əməkdaşlığı inkişaf etdirməkdir.

 

Maddə 2

Əməkdaşlığın əhatə dairəsi

 

1. Azərbaycan Respublikasında olan iki peşə təhsili verən müəssisənin bazasında Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisələri təsis edilir.

2. Peşə təhsili veriləcək sahələr informasiya texnologiyaları, qalma və səyahət xidmətləri, mebel və interyer dizayn, moda dizayn texnologiyaları, qida və içki xidmətləri sahələridir. Tərəflərin razılığı ilə bu sahələrdə dəyişikliklər edilə bilər.

3. Peşə təhsili müəssisələrinin rəhbərləri, müəllimlər və pedaqoji heyət üçün xidmətdaxili təlim proqramları təşkil olunur.

4. Tərəflər qarşılıqlı bilik və təcrübə səviyyəsini artırmaq məqsədilə peşə təhsili müəssisələri arasında “qardaşlaşmış məktəblər” əlaqələrinin yaradılmasını, kurs və təcrübə keçməyi təşviq edirlər.

5. Peşə təhsili müəssisələrinin binaları, peşə təhsili müəssisələrinə məxsus obyektlər və digər maddi aktivlərdən ibarət əmlakı Azərbaycan tərəfinə aiddir və Türkiyə tərəfi ilə birgə idarə olunur.

6. Peşə təhsili müəssisələrinin qrup sayları, qruplarda tələbə sayı, emalatxana və laboratoriyaların sayı, tədris ləvazimatları, material və avadanlıq ehtiyacları, idman zalı, yataqxananın fiziki vəziyyəti; müəllim heyəti, tədris proqramı, tədris materialları, həftəlik dərs cədvəllərinin hazırlanması, ehtiyac olduqda yenilənməsi və təhsil fəaliyyətləri üçün lazımi digər şərtlər Türkiyədəki peşə təhsili təcrübəsi əsas götürülərək və Tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən edilir.

7. Tərəflər, peşə təhsili müəssisələrində təhsil alan tələbələrin ictimai, mədəni, incəsənət, elmi və idman tədbirlərində və yarışlarında iştirak etmələrini təşviq edir və imkan daxilində lazımi kömək göstərirlər.

8. Tərəflər təhsil sahəsindəki yeniliklərə dair konfrans, seminar, işgüzar səfərlər və elmi yığıncaqlar təşkil edirlər.

 

Maddə 3

Peşə təhsili müəssisələrinə qəbul

 

Bu Protokol çərçivəsində peşə təhsili müəssisələrinə qəbul ediləcək tələbələrin qəbul meyarları Tərəflər tərəfindən müəyyən edilir.

 

Maddə 4

Peşə təhsili müəssisələrinin hüquqi statusu

 

1. Bu Protokol çərçivəsində yaradılacaq peşə təhsili müəssisələri (Anadolu peşə və texniki liseyi və ya peşə təhsili mərkəzi) Azərbaycan Respublikasının milli qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs kimi dövlət qeydiyyatına alınır.

2. Azərbaycan tərəfinin səlahiyyətli şəxsləri və ya təyin edəcəyi nümayəndələr peşə təhsili müəssisələrinin Azərbaycan Respublikasının milli qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınması, lisenziyalaşdırılması və Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən tanınması prosedurlarını aidiyyəti qurumlarda aparır və bu prosesin tamamlanması haqqında Türkiyə tərəfinə diplomatik kanallar vasitəsilə məlumat verir.

3. Peşə təhsili müəssisələri Azərbaycan Respublikasının və Türkiyə Respublikasının qüvvədə olan milli qanunvericiliklərinə uyğun olaraq öz fəaliyyətlərini davam etdirəcək və Azərbaycandakı ekvivalent müəssisələrə tanınan bütün hüquq və səlahiyyətlərə malik olur.

 

Maddə 5

Peşə təhsili müəssisələrinin nizamnamələri

 

Peşə təhsili müəssisələrinin Nizamnaməsi Türkiyədə peşə təhsili verən müəssisələrində tətbiq olunan milli qanunvericilik və Azərbaycan Respublikasının milli qanunvericiyinə əsasən Tərəflərin qarşılıqlı razılığı ilə hazırlanır. Tərəflərin qarşılıqlı razılığı ilə hazırlanan Nizamnamə bu Protokolun əlavəsi kimi qəbul edilir və 15-ci maddədə göstərilən formada qüvvəyə minir.

 

Maddə 6

Təhsil sənədləri

 

1. Peşə təhsili müəssisələrində təhsilini başa vuran tələbələrə Azərbaycan Respublikasının və Türkiyə Respublikasının milli qanunvericiliklərinə uyğun olaraq iki diplom verilir.

2. Tərəflər bu peşə təhsili müəssisələri tərəfindən verilən diplom, transkript, sertifikat və digər sənədləri qarşılıqlı olaraq tanıyırlar.

 

Maddə 7

Peşə təhsili müəssisələrinin kadrlar heyəti

 

1. Peşə təhsili müəssisələrində işləyəcək kadrlar Tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

2. Türk rəhbər işçi və müəllimlərin təyin edilməsi, əməkhaqqı, iş şəraiti və vəzifə müddətləri Türkiyə Respublikasının milli qanunvericiliyinə uyğun olaraq müəyyən edilir və əməkhaqları Türkiyə tərəfindən ödənilir.

3. Azərbaycanlı rəhbər işçi, müəllim və digər kadrların təyin edilməsi və əməkhaqlarının ödənilməsi Azərbaycan tərəfindən həyata keçirilir. Peşə təhsili müəssisələrində ödənişli kurs proqramı açıldığı təqdirdə kurslara təyin ediləcək türk və azərbaycanlı müəllimlərin əməkhaqları Azərbaycan tərəfindən ödənilir.

4. Peşə təhsili müəssisələrinin rəhbərləri, müəllimlər və pedaqoji heyət üçün təşkil edilən xidmətdaxili təlim proqramlarında nəqliyyat, qalma və iaşə xərclərini göndərən Tərəf qarşılayır.

 

Maddə 8

Peşə təhsili müəssisələrinin yoxlanılması

 

Peşə təhsili müəssisələrinin fəaliyyətinin yoxlanılması Tərəflərin yaradacağı bir komissiya vasitəsilə 5-ci maddədə göstərilən Nizamnaməyə uyğun olaraq həyata keçirilir.

 

Maddə 9

Səlahiyyətli qurumlar

 

Bu Protokolun tətbiq edilməsinə görə aşağıda qeyd edilən qurumlar öhdəlik daşıyırlar:

1. Azərbaycan Respublikası Hökuməti adından: Azərbaycan Respublikası Təhsil Nazirliyi,

2. Türkiyə Respublikası Hökuməti adından: Türkiyə Respublikası Milli Təhsil Nazirliyi.

 

Maddə 10

Azərbaycan tərəfinin öhdəlikləri

 

1. Peşə təhsili müəssisələri (Anadolu peşə və texniki liseyi və ya peşə təhsili mərkəzi) olaraq istifadə ediləcək iki mövcud binam müəyyənləşdirmək, binaları təmir etmək və vəziyyətinə nəzarət etmək, təlim-tədris üçün hazır vəziyyətə gətirmək,

2. Peşə təhsili müəssisələrində tədris ediləcək sahələri Türkiyə tərəfi ilə birgə müəyyən etmək,

3. Tədris sahələrinin tədris proqramlarını və tədris materiallarını Türkiyə tərəfi ilə birgə hazırlamaq və yeniləmək,

4. Hər bir peşə təhsili müəssisəsi üçün ən azı 100 tələbə tutumu olan qız və oğlan yataqxanası inşa etmək, tələbata uyğun olaraq yataqxananın tutumunu tədricən artırmaq,

5. Türkiyədən Azərbaycana ezam olunacaq rəhbər işçi və müəllimlər üçün hər bir peşə təhsili müəssisəsi ərazisi daxilində 2 otaq+1 zaldan ibarət 5 mənzil, 3 otaq+1 zaldan ibarət 5 mənzil olmaqla ən azı 10 (on) mənzilli yaşayış sahəsi inşa etmək,

6. Peşə təhsili müəssisələrinin binaları, yataqxana və yaşayış sahəsinin tikintisi və (və ya) təchizat işləri tamamlandıqdan sonra Azərbaycan tərəfi ilə Türkiyə tərəfinin təlim-tədrisə uyğunluğuna dair rəyi razılaşdırılmaqla rəsmi açılış üçün razılıqlarını almaq və açılış mərasimini həyata keçirmək,

7. Peşə təhsili müəssisələrinin qulluq, təmir və istehlak xərclərini və bütün avadanlıqların texniki qulluq və təmir xərclərini qarşılamaq,

8. Peşə təhsili müəssisələrində emalatxana və laboratoriya dərslərində istifadə ediləcək təcrübi ləvazimatla yanaşı tələbat duyulan digər avadanlıq və materialları təmin etmək,

9. Türkiyə Respublikasından Azərbaycan Respublikasına göndəriləcək hər növ tədris materiallarına “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 687-IVQ nömrəli Qanununun 20.0.7-ci maddəsini şamil etmək,

10. Peşə təhsili müəssisələrində işləyən azərbaycanlı rəhbər işçi, müəllim, köməkçi və texniki heyətin Azərbaycan Respublikasının qüvvədə olan milli qanunvericiliyinə uyğun olaraq əməkhaqlarını ödəmək,

11. Azərbaycan tərəfindən Türkiyəyə göndərilən rəhbər işçi, müəllim, tələbə və digər kadrların kurs, təcrübə, müəssisələrdə bacarıq təhsili, xidmətdaxili təlim, sosial, mədəni, incəsənət, elmi, idman tədbirləri və yarışları üçün lazım olan nəqliyyat, qalma və iaşə xərclərini qarşılamaq, Türkiyə Respublikasının qüvvədə olan milli qanunvericiliyinə əsasən tələb olunan ödənişləri etmək,

12. Azərbaycandakı peşə təhsili müəssisələri ilə Türkiyədəki peşə təhsili müəssisələri arasında “qardaşlaşmış məktəblər” əlaqələrinin yaradılması, kurs və təcrübə keçilməsini təşviq etmək,

13. Türkiyə Respublikası tərəfindən Azərbaycan Respublikasındakı peşə təhsili müəssisələrinə təyin edilən rəhbər işçiləri və müəllimləri Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin alınmasından azad etmək, həmçinin bu şəxslərin və onların himayəsində olan ailə üzvlərinin (arvadı (əri), 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları və himayəsində olan valideynlər) ödənişsiz şəkildə ölkə ərazisində yaşama icazələrini əldə etmələrini təmin etmək.

 

Maddə 11

Türkiyə tərəfinin öhdəlikləri

 

1. Peşə təhsili müəssisələri (Anadolu peşə və texniki liseyi və ya peşə təhsili mərkəzi) kimi istifadə edilmək üzrə müəyyən edilən binalarda Azərbaycan tərəfi ilə razılaşdırılaraq müəyyən edilən beş peşə sahəsinin emalatxana və (və ya) laboratoriya təchizatını təmənnasız həyata keçirmək (Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi ilə əməkdaşlıq şəraitində),

2. Azərbaycan tərəfi ilə birgə peşə təhsili müəssisələrinin idarə olunması və fəaliyyətini həyata keçirmək, bu qurumlarda işləyən türk rəhbər işçi və müəllimlərin Türkiyə Respublikasında qüvvədə olan milli qanunvericiliyə uyğun olaraq maaşlarını ödəmək,

3. Azərbaycan Tərəfi ilə birgə peşə təhsili müəssisələrində tətbiq ediləcək tədris proqramı və tədris materiallarını hazırlamaq və yeniləmək,

4. Azərbaycan tərəfindən Türkiyəyə göndərilən pedaqoji heyət, peşə təhsili müəssisələrinin rəhbər işçiləri və müəllimləri üçün xidmətdaxili tədris proqramları hazırlamaq,

5. Türkiyə tərəfindən Azərbaycana göndərilən rəhbər işçi, müəllim, tələbə və digər işçilərin kurs, təcrübə, müəssisələrdə bacarıq təlimi, xidmətdaxili təlim, sosial, mədəni, incəsənət, elmi, idman fəaliyyətləri və yarışları üçün lazım olan nəqliyyat, qalma və iaşə xərclərini qarşılamaq, Azərbaycan Respublikasının qüvvədə olan milli qanunvericiliyinə uyğun olaraq lazımi ödənişləri etmək,

6. Azərbaycandakı peşə təhsili müəssisələri ilə Türkiyədəki peşə təhsili müəssisələri arasında “qardaşlaşmış məktəblər” əlaqələrinin yaradılması, kurs və təcrübə keçilməsini təşviq etmək.

 

Maddə 12

Protokolun məhdudiyyətləri

 

Bu Protokolda nəzərdə tutulmuş əməkdaşlıq Tərəflərin qüvvədə olan milli qanunvericilikləri və büdcə mənbələri çərçivəsində həyata keçirilir.

 

Maddə 13

Mübahisələrin həlli

 

Protokolun tətbiqi və təfsirindən yaranan mübahisələr diplomatik kanallar vasitəsilə qarşılıqlı danışıqlar və məsləhətləşmələr yolu ilə dostcasına həll edilir.

 

Maddə 14

Əlavə və dəyişikliklər

 

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Protokola hər hansı əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Protokolun ayrılmaz tərkib hissəsi olan və onun 15-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minən ayrıca protokollar formasında rəsmiləşdirilir.

 

Maddə 15

Yekun müddəalar

 

Bu Protokol onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir. Bu Protokol 5 (beş) illik müddətə bağlanılır və Tərəflərdən biri bu Protokolun müddətinin bitməsinə ən azı 6 (altı) ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsi ilə yazılı bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq növbəti 5 (beş) illik müddətlərə uzadılır.

19 fevral 2021-ci il tarixində Ankara şəhərində, hər biri Azərbaycan və türk dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər bərabər autentiktir.

 

Azərbaycan Respublikası

Hökuməti adından

(imza)

Türkiyə Respublikası

Hökuməti adından

(imza)

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status