AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
22.06.1999
QEYDİYYAT NÖMRƏSİ
694-IQ
ADI
Milli arxiv fondu haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-1999, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 404)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Milli arxiv fondu haqqında

Milli arxiv fondu haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasında Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi, istifadəsi və arxivlərin fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir.

 

I fəsil

Ümumİ müddəalar

 

Maddə 1. Əsas anlayışlar

 

Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

arxiv - arxiv sənədlərinin məcmusu, onların komplektləşdirilməsini, qeydiyyatını, mühafizəsini və istifadəsini həyata keçirən arxiv təşkilatları və ya idarələrin, müəssisələrin struktur bölmələri; [1]

Milli arxiv fondu - növündən, yarandığı və saxlandığı yerdən və mülkiyyət formasından asılı olmayaraq, xalqın maddi və mənəvi həyatını əks etdirən, tarixi, elmi, iqtisadi, siyasi, sosial və mədəni dəyəri olan, Azərbaycan xalqının mədəni irsinin ayrılmaz hissəsi hesab edilən sənədlərin məcmusu;

arxiv fondu - tarixi və məntiqi baxımdan bir-biri ilə bağlı olan arxiv sənədlərinin məcmusu;

arxiv işi - arxivlərin komplektləşdirilməsi, mühafizəsi, qeydiyyatı və arxiv xidmətinin təşkili;

arxiv sənədi - mühafizə edilən və ya edilməli olan, informasiya daşıyıcısının növündən asılı olmayaraq dövlət, cəmiyyət və ya öz mülkiyyətçisi üçün tarixi, elmi, mədəni əhəmiyyət kəsb edən sənəd;

dövlət arxivi - arxiv işini həyata keçirən dövlət arxiv xidməti təşkilatı; [2]

arxiv sənədlərinin müvəqqəti mühafizəsi - dövlət və yerli özünüidarə orqanları, dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatları tərəfindən arxiv sənədlərinin bu Qanunda nəzərdə tutulmuş müddətdə mühafizəsi; [3]

arxiv sənədlərinin daimi mühafizəsi - həmin sənədlərin arxivdə, muzeydə və kitabxanada müddətsiz mühafizəsi;

sənəd abidəsi - müəyyənləşdirilmiş qaydada sənəd abidəsi kateqoriyasına aid edilmiş nadir və ya xüsusi tarixi-mədəni dəyəri olan arxiv sənədi;

arxiv sənədlərinin mülkiyyətçisi - arxiv sənədləri üzərində sahiblik, istifadə və sərəncam hüququna malik olan subyekt;

arxiv sənədlərinin sahibi - arxiv sənədlərinə sahiblik və istifadə hüququnu tam həcmdə, onlar üzərində sərəncamı qanunvericilikdə müəyyən olunmuş həddə həyata keçirən subyekt;

dövlət arxiv xidməti təşkilatı - Azərbaycan Respublikasının dövlət arxivləri, dövlət arxivinin filialları və sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivləri;

sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivi - müvafiq inzibati ərazi üzrə dövlət və qeyri-dövlət təşkilatlarının fəaliyyəti nəticəsində yaranan Milli arxiv fonduna aid sənədlərin komplektləşdirilməsini, istifadəsini və daimi mühafizə olunmalı hissəsinin müvəqqəti saxlanılmasını təmin edən dövlət arxiv xidməti təşkilatı;

idarə arxivi - bir idarənin, yaxud onun tərkibində olan təşkilatlar qrupunun fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin məcmusunun komplektləşdirilməsini, qeydiyyatını, mühafizəsini və istifadəsini həyata keçirən struktur bölmə və ya qurum;

işçi heyət üzrə sənədlər - işəgötürənlə işçi arasında əmək münasibətlərinin əks olunduğu sənədlər məcmusu. [4]

 

Maddə 2. Milli arxiv fondu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

 

Milli arxiv fondu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir

Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq olunur.

 

Maddə 3. Arxiv işi sahəsində dövlətin vəzifələri

 

Arxiv işi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

arxiv işi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi;

arxiv işinin təşkilinin vahid prinsiplərinin müəyyən olunması;

arxiv fondu sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı, mühafizəsi və onlardan istifadə qaydalarına əməl olunmasına nəzarət; [5]

arxivlərin qorunmasına və inkişafına dövlət təminatı, arxiv kadrlarının hazırlanması;

arxiv fondlarının və dövlət arxiv sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı, mühafizəsi, istifadəsi və bu sənədlərlə bağlı mülkiyyət məsələlərinin tənzimlənməsi;

arxivlərin maddi-texniki bazasının möhkəmləndirilməsi;

arxiv fondu sənədlərinin Azərbaycan Respublikasından müvəqqəti olaraq xaricə aparılması ilə əlaqədar məsələlərin tənzimlənməsi;

xarici ölkələrin arxivlərində saxlanılan, Azərbaycanın tarixinə və mədəniyyətinə aid olan, xalqın maddi və mənəvi həyatını əks etdirən sənədlərin (onların surətlərinin) Azərbaycan Respublikası dövlət arxivlərinə gətirilməsi, qeydiyyatı və mühafizəsinə nəzarət.

 

II fəsil

Mİllİ arxİv fondunun tərkİbİ və təşkİlİ

 

Maddə 4. Milli arxiv fondu və onun tərkibi

 

Yaranma mənbəyindən, mühafizə yerindən və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasındakı arxiv sənədləri Milli arxiv fonduna daxil edilir.

Dövlət mülkiyyətində olan arxiv fondları və arxiv sənədləri Milli arxiv fondunun dövlətə məxsus hissəsini təşkil edir.

Dövlət mülkiyyətində olmayan arxiv fondları və arxiv sənədləri Milli arxiv fondunun qeyri-dövlət hissəsini təşkil edir.

Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnamə ilə müəyyən edilir.

 

Maddə 5. Milli arxiv fonduna daxil edilən sənədlərin təsnifatı

 

Milli arxiv fonduna aşağıdakı sənədlər daxil edilir:

Azərbaycan Respublikasının qanunvericilik aktları, idarəetmə sənədləri, məhkəmə və prokurorluq orqanlarının sənədləri;

statistika, elmi, texnologiya, geologiya, normativ-texniki, layihə, konstruktor, patent, kartoqrafiya sənədləri və digər sənədlər;

kino, foto, fono (səs yazıları), video materialları, dizayn işləmələri və memarlıq layihələri;

əlyazmaları, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları;

sənət əsərləri, elmi, ədəbi və musiqi əsərləri;

partiya, ictimai və qeyri-dövlət təşkilatların sənədləri;

gündəliklər, memuarlar, məktublar və şəxsi xarakterli digər sənədlər;

elektron sənədlər;

sənədin əslini əvəz edən nüsxələr;

xarici dövlətlərdə olan Azərbaycanla bağlı arxiv sənədlərinin surətləri. [6]

 

Maddə 6. Arxivlərin yaradılması və Milli arxiv fondunun formalaşdırılma mənbələri

 

Azərbaycan Respublikasında dövlət, ictimai, dini və digər təşkilatlar, vətəndaşlar qanunvericilikdə müəyyən olunmuş qaydada arxiv yaratmaq hüququna malikdirlər.

Milli arxiv fondu:

qanunvericilik və icra hakimiyyəti orqanlarının;

məhkəmə orqanlarının;

prokurorluqların;

hərbi hissələrin və birləşmələrin, hərbi təhsil müəssisələrinin; [7]

yerli özünüidarəetmə orqanlarının;

sənaye, tikinti, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə idarə, müəssisə və təşkilatların;

elm, mədəniyyət, tibb, təhsil və idman müəssisələrinin; [8]

kütləvi informasiya vasitələrinin və nəşriyyatların;

qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında fəaliyyət göstərən birgə müəssisələrin, ictimai birliklərin, siyasi partiyaların və dini təşkilatların;

qeyri-dövlət idarə, müəssisə və təşkilatların;

Azərbaycan Respublikasının xarici ölkələrdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin, digər idarə, müəssisə və təşkilatlarının;

Azərbaycan Respublikası vətəndaşlarının arxiv sənədləri ilə komplektləşdirilir.

Dövlət arxiv fondu hüquqi və fiziki şəxslərdən bağışlama, vərəsəlik və qiymətli sənədlərin satın alınması yolu ilə də formalaşdırıla bilər.

Azərbaycan Respublikasından kənarda yerləşən Azərbaycana aid tarixi və mədəni irslə bağlı sənədlərin və ya onların surətlərinin ölkəyə qaytarılması və ya alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının keçmiş Prezidentinin rəsmi yazışma sənədlərinin surətlərindən ibarət arxiv keçmiş Prezidentin sərəncamında saxlanılır. [9]

 

Maddə 7. Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi və bu tərkibdən çıxarılması qaydası

 

Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi və bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sənədlərin Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan, sənədlərin xüsusi tarixi-mədəni dəyərini müəyyən edən, arxiv işçilərindən və müvafiq sahə mütəxəssislərindən ibarət olan ekspert komissiyası tərəfindən həyata keçirilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət orqanlarının və qurumlarının, bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin saxlanılma müddəti göstərilməklə nümunəvi siyahısını və həmin müddətlərin tətbiqi qaydasını təsdiq edir. Dövlət orqanlarının və qurumlarının, bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan arxiv sənədləri nümunəvi siyahı əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla onların özləri tərəfindən təsdiq edilmiş sahə siyahısına uyğun olaraq müəyyən edilir. Elektron daşıyıcıda olan sənədlər müvafiq sənədlərin kağız daşıyıcıları üçün müəyyən edilmiş müddətdə saxlanılır. [10]

Milli arxiv fondunun xüsusi tarixi-mədəni dəyəri olan arxiv sənədləri və sənəd kolleksiyaları nadir sənəd abidələri hesab olunur.

Muzeylərin və kitabxanaların, ictimai, dini birlik və təşkilatların arxivlərinin dövlət arxiv fondunun sənədləri ilə komplektləşdirilməsi qadağandır.

Milli arxiv fondunun formalaşdırılması mənbələrində yaranan sənədlərin dəyərinin ekspertizası keçirilmədikdə və ya ekspertizanın aparılma qaydaları pozulduqda sənədlərin məhv edilməsi qadağandır. [11]

 

Maddə 8. Dövlət arxiv fondunun xüsusi hissəsi

 

Azərbaycan SSR-də fəaliyyət göstərmiş mərkəzi və yerli təhlükəsizlik, digər xüsusi xidmət və daxili işlər orqanlarının, Azərbaycan Kommunist Partiyasının və idarəetmə orqanlarının 1-ci şöbələrinin arxivləri dövlət arxiv fondunun xüsusi hissəsini təşkil edir.

Dövlət arxiv fondunun xüsusi hissəsinin mühafizəsi, öyrənilməsi və istifadəsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən müəyyən edilir.

Azərbaycan Respublikasının prokurorluq orqanlarının, habelə dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, miqrasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər, fövqəladə hallar və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir. [12]

 

Maddə 9. Arxiv fondlarının sənədləri üzərində mülkiyyət

 

Dövlət arxiv fondunun sənədləri dövlət mülkiyyətinin obyekti kimi mühafizə olunur.

Dövlət arxiv fondunun sənədləri alqı-satqı, yaxud mülkiyyət formasının dəyişdirilməsini nəzərdə tutan müqavilələrin obyekti ola bilməz və yalnız qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə verilə bilər.

Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasında qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların arxiv sənədləri həmin təşkilatların mülkiyyətidir. [13]

Dövlət və yaxud bələdiyyə mülkiyyətində olan müəssisə və ya təşkilat özəlləşdirildikdə, onların arxiv fondu dövlət mülkiyyətində qalır. Fiziki şəxs vəfat etdikdə, onun arxiv sənədləri üzərində mülkiyyət hüququ onun vərəsəsinə, hüquqi şəxs yenidən təşkil edildikdə isə onun arxiv sənədləri üzərində mülkiyyət hüququ onun hüquqi varisinə keçir. Hüquqi şəxs ləğv edildikdə və ya vəfat etmiş fiziki şəxsin vərəsəsi olmadığı halda, onların arxiv sənədləri üzərində mülkiyyət hüququ dövlətə keçir.

Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan arxiv sənədləri üzərində mülkiyyət hüququ digər şəxslərə keçdikdə, bu barədə məlumat fiziki şəxsin vərəsəsi tərəfindən vəfat etmiş fiziki şəxsin yaşayış yeri üzrə, hüquqi şəxsin hüquqi varisi tərəfindən isə yenidən təşkil edilmiş hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına mülkiyyət hüququnu əldə etdiyi andan 30 (otuz) gün müddətində verilməlidir. Hüquqi şəxs ləğv edildikdə, onun ləğvi ilə bağlı yaradılmış ləğvetmə komissiyası özünün və həmin hüquqi şəxsin arxiv sənədlərinin ləğv edilmiş hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına mühafizəyə verilməsini təmin etməli və təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formaya uyğun arayış almalıdır. Dövlət arxiv xidməti təşkilatı həmin arayışı arxiv sənədlərinin təhvil verildiyi gün verməlidir. [14]

Fiziki şəxslərin arxiv sənədləri onların şəxsi mülkiyyətidir.

Mülkiyyət formasından asılı olmayaraq, arxiv sənədlərinin mülkiyyətçilərinin hüquqlarına dövlət təminat verir.

Dövlət orqanları tərəfindən arxiv sənədlərinin götürülməsi və ya müsadirə olunması qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.

 

III fəsil

Mİllİ arxİv fondu sənədlərİnİn qeydiyyatı və mühafİzəsİ

 

Maddə 10. Milli arxiv fondu sənədlərinin mühafizəsinin təminatı

 

Bu Qanunun 7-ci maddəsinin üçüncü hissəsində göstərilən arxiv sənədləri istisna olmaqla, Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan idarə arxivlərində müvəqqəti mühafizə olunur. [15]

Milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddətləri aşağıdakı kimidir:

respublika dövlət hakimiyyət orqanlarının sənədləri üçün - 15 il;

rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün - 5 il;

yerli özünüidarəetmə orqanlarının sənədləri üçün - 5 il;

elmi-texniki sənədlər üçün - 15 ildən artıq olmamaq şərtilə, praktiki əhəmiyyətini saxladığı müddətə;

kino, foto, fono sənədlər və videoyazılar üçün - 3 il;

vətəndaşlıq vəziyyəti aktları, notarial fəaliyyət, məhkəmə işləri və şəxsi heyət barədə sənədlər üçün - 75 il; [16]

2006-cı il yanvarın 1-dək kargüzarlıqda icrası başa çatmış işçi heyət üzrə sənədlər üçün - 75 il;

2006-cı il yanvarın 1-dən sonra kargüzarlıqda yaranan dövlət orqanlarının, iri dövlət şirkətlərinin rəhbərlərinin, dövlət, elm və mədəniyyət xadimlərinin, dövlət təltifləri və elmi dərəcələrə malik şəxslərin işçi heyət üzrə sənədləri üçün - 75 il;

digər işçi heyət üzrə sənədlər üçün - 35 il.

Göstərilən müddətlər sənədlərin yarandığı vaxtdan hesablanır və həmin müddətlər başa çatdıqdan sonra arxiv fondu sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun daimi dövlət mühafizəsinə təhvil verilməlidir. [17]

Dövlət orqanı (qurumu) ləğv edildikdə və onun hüquqi varisi olmadıqda, həmin dövlət orqanının (qurumunun) arxiv fondları bu Qanunla müəyyən edilmiş qaydada dövlət arxiv fonduna təhvil verilir. [18]

Geodeziya və xəritəçəkmə, geologiya və mineral ehtiyatlar, ekologiya və təbiətdən istifadəyə nəzarət, standartlaşdırma, metrologiya və hidrometeorologiya üzrə dövlət orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın arxiv sənədləri müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həmin təşkilatlarda daimi mühafizə olunur. Həmin təşkilatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formaya uyğun olaraq, arxiv fondlarının tərkibi və həcmi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hər il üçün növbəti ilin yanvar ayının 25-dək məlumat verməlidirlər. [19]

Dövlət mülkiyyətində olan arxiv fondunun sənədləri, dövlət arxivlərinin, dövlət arxivinin filiallarının və sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivlərinin binaları, onların yerləşdiyi torpaq sahələri və avadanlıqlar özəlləşdirilə bilməz. [20]

Qeyri-dövlət arxiv fondunun mülkiyyətçiləri arxiv fondlarının mühafizəsi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydalara uyğun olaraq arxiv fondlarının mühafizəsini təmin etməlidirlər. [21]

 

Maddə 11. Milli arxiv fondu sənədlərinin qeydiyyatı

 

Milli arxiv fondunun sənədləri mülkiyyət formasından və mühafizə yerindən asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır.

Milli arxiv fondunun qeydiyyat sistemi arxiv fondlarının və sənəd kolleksiyalarının kəmiyyət və keyfiyyət göstəricilərinin məcmusudur. Qeydiyyat sisteminə arxiv fondlarının siyahısı (reyestri), kataloqu, qeydiyyat sənədləri, məlumat topluları və sənəd külliyyatları daxildir. [22]

 

Maddə 12. Milli arxiv fondunun külliyyatı

 

Milli arxiv fondunun külliyyatını dövlət arxivləri hazırlayırlar. Azərbaycan Respublikasının hüquqi şəxsləri Milli arxiv fondunun külliyyatı üçün müvafiq məlumatları hər il müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.

Vətəndaşların tarixi və mədəni dəyəri olan arxiv sənədləri və kolleksiyaları Milli arxiv fondunun külliyyatına onların razılığı ilə daxil edilə bilər. [23]

 

IV fəsil

Arxİv İşİnİn İdarə olunmasI

 

Maddə 13. Arxiv işinə dövlət idarəetməsi

 

Azərbaycan Respublikasında arxiv işinə dövlət idarəetməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Milli arxiv fondu sənədlərinin komplektləşdirilməsi, dövlət qeydiyyatı, mühafizəsi və istifadəsi sahəsində bu Qanunun tələblərinin icrasına nəzarət edir, informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv işinin modernləşdirilməsini, arxiv sənədlərinin rəqəmsallaşdırılmasını və vahid elektron arxiv məlumat sisteminin yaradılmasını təmin edir. [24]

 

Maddə 14. Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərinin və sənəd kolleksiyalarının təhvil verilməsi

 

Təsadüfən aşkar edilmiş və ya tapılmış arxiv sənədləri və sənəd kolleksiyaları barədə onu tapan şəxs tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. Onları aşkar edən və ya tapan şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mükafatlandırılır.

Həmin sənədlər və kolleksiyalar qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır.

 

Maddə 15. Azərbaycan Respublikasında arxiv xidməti

 

Azərbaycan Respublikasında arxiv işinin həyata keçirilməsi, Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi və istifadəsi məqsədi ilə arxiv və kargüzarlığın vahid dövlət sistemini birləşdirən dövlət arxiv xidməti yaradılır. [25]

Dövlət arxiv xidmətinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikasının dövlət arxivləri, dövlət arxivinin filialları və sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivləri daxildir. Dövlət arxiv xidməti təşkilatları Milli arxiv fonduna aid sənədlərin komplektləşdirilməsini, dövlət qeydiyyatını, mühafizəsini və istifadəsini həyata keçirirlər, habelə bu Qanuna uyğun olaraq hüquqi və fiziki şəxslərə ödənişli arxiv xidmətləri göstərirlər. Ödənişli arxiv xidmətlərinin siyahısını və onların göstərilməsinə görə xidmət haqlarının məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. [26]

 

Maddə 16. Milli arxiv fondunun sənədlərindən istifadə qaydaları

 

Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri dövlət arxiv fondu sənədlərindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə Milli arxiv fondu sənədlərindən istifadə edilməsinə məhdudiyyət yalnız dövlət, peşə, kommersiya, şəxsi və ailə sirrinin qorunması məqsədilə və ya şəxsi mülkiyyətdə olan arxiv sənədlərinin mülkiyyətçisinin qərarına əsasən tətbiq edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələblərinə riayət etməklə, Azərbaycan Respublikasının dövlət arxiv fondunun sənədlərindən beynəlxalq müqavilələr əsasında istifadə edə bilərlər. [27]

Qeyri-dövlət arxiv fondunun sənədlərindən onların mülkiyyətçilərinin razılığı ilə istifadə oluna bilər.

Tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə, onların məxfiləşdirildiyi gündən məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən sonra icazə verilir. Həmin müddətlər müvafiq icra hakimiyyəti orqanının rəyi ilə uzadıla bilər. [28]

Vətəndaşların şəxsi və ailə həyatı haqqında informasiya daşıyıcıları olan arxiv sənədlərinin istifadə edilməsinə, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, həmin sənədlərin yaranmasından 75 il sonra və ya şəxsin vəfatından 30 il sonra və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il sonra icazə verilir. Bu müddətdən tez həmin sənədlərdən istifadəyə yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda icazə verilir. [29]

Milli arxiv fondu sənədlərinin istifadəsi zamanı müəlliflik hüququ barədə qanunvericiliyin tələbləri yerinə yetirilməlidir.

Milli arxiv fondu sənədlərindən istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. [30]

 

Maddə 17. Arxivlərin maliyyələşdirilməsi və maddi-texniki təminatı [31]

 

Arxivlər mülkiyyət formasından asılı olaraq dövlət büdcəsi, yerli büdcə və mülkiyyətçinin vəsaitləri hesabına maliyyələşdirilir.

Dövlət arxiv xidməti təşkilatları bu Qanunun 17-ci maddəsinin birinci hissəsində göstərilən mənbələrlə yanaşı, bu Qanuna uyğun olaraq göstərilən ödənişli arxiv xidmətlərindən daxil olan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. [32]

 

Maddə 18. Arxiv işçilərinin sosial müdafiəsi

 

Dövlət arxiv xidməti işçilərinin sosial müdafiəsinə dövlət tərəfindən təminat verilir. Onların sosial müdafiəsi “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən həyata keçirilir. [33]

Bu Qanunun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 50 faizi və ödənişli arxiv xidmətlərinin göstərilməsi ilə əlaqədar toplanılmış xidmət haqları dövlət arxiv xidməti işçilərinin sosial müdafiəsini gücləndirmək və dövlət arxiv xidmətinin maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. [34]

 

Maddə 19. Qeyri-dövlət arxiv fondlarına dövlət himayəsi

 

Qeyri-dövlət arxiv fondlarının komplektləşdirilməsinə, mühafizəsinə və onlardan istifadə edilməsinə dövlət yardım göstərir.

Milli arxiv fondunun tərkibinə daxil edilmiş və dövlət qeydiyyatına alınmış qeyri-dövlət arxivlərinin və arxiv sənədlərinin, eləcə də sənəd kolleksiyalarının mülkiyyətçiləri öz arxivlərini mühafizə, bərpa və sənədlərin surətlərinin çıxarılması üçün dövlət arxivlərinə verə bilərlər.

 

Maddə 20. Arxiv işində ictimaiyyətin iştirakı

 

Dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatları, vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, o cümlədən xarici ölkələrin vətəndaşları olan azərbaycanlılar arxiv fondlarının zənginləşdirilməsi, arxiv xidmətinin təkmilləşdirilməsi və arxiv işi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak edə bilərlər.

 

V fəsil

Yekun müddəalarI

 

Maddə 21. Beynəlxalq əməkdaşlıq

 

Dövlət arxiv xidməti müəssisələri, dövlət və qeyri-dövlət arxiv fondu sənədlərinin sahibləri olan hüquqi və fiziki şəxslər beynəlxalq arxiv təşkilatlarına daxil olmaq, beynəlxalq konfranslarda və digər tədbirlərdə iştirak etmək, beynəlxalq əlaqələr yaratmaq hüququna malikdirlər.

 

Maddə 22. Milli arxiv fondu sənədlərinin xaricə müvəqqəti aparılması

 

Milli arxiv fondu sənədlərinin orijinal və ya onları əvəz edən nüsxələrinin xaricə aparılması qadağandır.

Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Sənəd abidələrinin xaricə müvəqqəti aparılması “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq həyata keçirilir. [35]

 

Maddə 23. Bu Qanunun pozulmasına görə məsuliyyət

 

Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏlİYev

 

Bakı şəhəri, 22 iyun 1999-cu il

   № 694-IQ

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706)

2.       30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)

3.       5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199)

4.       23 dekabr 2005-ci il tarixli 32-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 64)

5.       20 oktyabr 2006-cı il tarixli 167-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005)

6.       29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4)

7.       28 aprel 2009-cu il tarixli 803-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 may 2009-cu il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 308)

8.       31 may 2010-cu il tarixli 1017-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2010-cu il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 579)

9.       21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,  18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)

10.    01 oktyabr 2012-ci il tarixli 426-IVQD Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 noyabr 2012-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1038)

11.    31 may 2013-cü il tarixli 667-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 iyun 2013-cü il, № 127; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 615)

12.    6 oktyabr 2015-ci il tarixli 1373-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 noyabr 2015-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1280)

13.    7 aprel 2017-ci il tarixli 559-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2017-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 690)

14.    1 oktyabr 2018-ci il tarixli 1257-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1965)

15.    1 fevral 2019-cu il tarixli 1480-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 mart 2019-cu il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 378)

16.    13 iyun 2019-cu il tarixli 1608-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2019-cu il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №7, maddə 1183)

17.    23 aprel 2021-ci il tarixli 303-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 543)

18.    29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 1-ci maddənin birinci hissəsinin ikinci və beşinci abzaslarda ismin müvafiq hallarında “uçotu” sözü ismin müvafiq hallarında “qeydiyyatı” sözü ilə əvəz edilmişdir.

 

[2] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 1-ci maddənin birinci hissəsinin yeddinci abzasda “müəssisəsi” sözü “arxiv xidməti təşkilatı” sözləri ilə əvəz edilmişdir.

 

[3] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 1-ci maddənin birinci hissəsinin səkkizinci abzasa ikinci halda “dövlət” sözündən sonra “və qeyri-dövlət” sözləri əlavə edilmişdir.

 

[4] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 1-ci maddənin birinci hissəsinin on ikinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda on üçüncü - on altıncı abzaslar əlavə edilmişdir.

 

[5] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 3-cü maddənin dördüncü, altıncı və doqquzuncu abzaslarında və III fəslin adında “uçotu” sözü “qeydiyyatı” sözü ilə əvəz edilmişdir.

 

[6] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 5-ci maddənin birinci hissəsinin səkkizinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda doqquzuncu – on birinci abzaslar əlavə edilmişdir.

 

[7] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 6-cı maddəsinin ikinci hissəsinin beşinci abzasında “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

 

[8] 23 aprel 2021-ci il tarixli 303-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 543) ilə 6-cı maddəsinin ikinci hissəsinin səkkizinci abzasında səhiyyə sözü tibb sözü ilə əvəz edilmişdir.

 

[9] 31 may 2013-cü il tarixli 667-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 iyun 2013-cü il, № 127; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 615) ilə 6-cı maddəsinə beşinci hissə əlavə edilmişdir.

 

[10] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 7-ci maddənin ikinci – dördüncü hissələr müvafiq olaraq üçüncü – beşinci hissələr hesab olunmuşdur və yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

 

[11] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 7-ci maddənin beşinci hissədə “fondu sənədlərinin” sözləri “fondunun formalaşdırılması mənbələrində yaranan sənədlərin sözləri ilə və “dayandırılır” sözü “qadağandır” sözü ilə əvəz edilmişdir.

 

[12] 5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199) ilə 8-ci maddənin üçüncü hissəsində "milli təhlükəsizlik" sözlərindən sonra ",sərhəd xidməti" sözləri əlavə edilmişdir.

29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4) ilə 8-ci maddəsinin üçüncü hissəsində "sərhəd xidməti ," sözlərindən sonra "penitensiar xidmət, " sözləri əlavə edilmişdir.

28 aprel 2009-cu il tarixli 803-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 may 2009-cu il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 308) ilə 8-ci maddəsinin üçüncü hissəsində "penitensiar xidmət," sözlərindən sonra "xarici işlər," sözləri əlavə edilmişdir.

31 may 2010-cu il tarixli 1017-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2010-cu il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 579) ilə 8-ci maddəsinin üçüncü hissəsində "sərhəd xidməti," sözlərindən sonra "miqrasiya xidməti," sözləri əlavə edilmişdir.

01 oktyabr 2012-ci il tarixli 426-IVQD Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 noyabr 2012-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1038) ilə 8-ci maddəsinin üçüncü hissəsində “daxili işlər” sözlərindən sonra “, fövqəladə hallar” sözləri əlavə edilmişdir.

7 aprel 2017-ci il tarixli 559-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2017-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 690) ilə 8-ci maddəsinin üçüncü hissəsində “milli təhlükəsizlik,” sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat,” sözləri ilə əvəz edilmişdir.

1 oktyabr 2018-ci il tarixli 1257-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1965) ilə 8-ci maddənin üçüncü hissəsində “Azərbaycan Respublikasının” sözlərindən sonra “prokurorluq orqanlarının, habelə” sözləri əlavə edilmişdir.

 

[13] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 9-cu maddənin üçüncü və altıncı hissələrdə “sənəd fondları” sözləri “arxiv sənədləri” sözləri ilə əvəz edilmişdir.

 

[14] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 9-cu maddənin dördüncü – altıncı hissələr müvafiq olaraq altıncı – səkkizinci hissələr hesab olunmuşdur və yeni məzmunda dördüncü və beşinci hissələr əlavə edilmişdir.

 

[15] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 10-cu maddənin birinci hissədə “ikinci” sözü “üçüncü” sözü ilə, “idarə, müəssisə və təşkilatlarda yaradılan arxivlərdə” sözləri “və qeyri-dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan idarə arxivlərində” sözləri ilə əvəz edilmişdir.

 

[16] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 10-cu maddənin ikinci hissənin yeddinci abzasından “və şəxsi heyət barədə sənədlər” sözləri çıxarılmışdır, həmin abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda səkkizinci - onuncu abzaslar əlavə edilmişdir.

 

[17] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 10-cu maddənin üçüncü hissəyə “hesablanır” sözündən sonra “və həmin müddətlər başa çatdıqdan sonra arxiv fondu sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun daimi dövlət mühafizəsinə təhvil verilməlidir” sözləri əlavə edilmişdir.

 

[18] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 10-cu maddənin dördüncü hissə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Ləğv edilmiş dövlət idarə, müəssisə və təşkilatlarının varisi olmadıqda onların arxiv fondları qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət arxiv fonduna verilir.

 

[19] 6 oktyabr 2015-ci il tarixli 1373-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 noyabr 2015-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1280) ilə 10-cu maddənin beşinci hissəsində “Azərbaycan Elmlər Akademiyasının” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın” sözləri ilə əvəz edilmişdir.

29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 10-cu maddənin beşinci hissəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[20] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 10-cu maddənin altıncı hissədə “və onların filiallarının, rayon və şəhər” sözləri “, dövlət arxivinin filiallarının və sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət” sözləri ilə əvəz edilmişdir.

 

[21] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 10-cu maddənin yeddinci hissədə “əməl” sözü “uyğun olaraq arxiv fondlarının mühafizəsini təmin” sözləri ilə əvəz edilmişdir.

 

[22] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 11-ci maddənin mətni birinci hissə hesab olunmuşdur və həmin maddəyə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

 

[23] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 12-ci maddənin ikinci hissəsində “sənəd fondları” sözləri “arxiv sənədləri” sözləri ilə əvəz edilmişdir.

 

[24] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 13-cü maddənin mətni birinci hissə hesab olunmuşdur və həmin maddəyə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

 

[25] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 15-ci maddənin “arxiv və kargüzarlığın vahid dövlət sistemini birləşdirən” sözləri çıxarılmışdır.

 

[26] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 15-ci maddənin mətni birinci hissə hesab edilmişdir və yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

 

[27] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 16-cı maddənin birinci hissəsinin ikinci cümlə yeni redaksiyada verilmişdir və yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Mühafizə müddətindən asılı olmayaraq dövlət arxiv fondu sənədlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

[28] 23 dekabr 2005-ci il tarixli 32-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 64) ilə 16-cı maddəsinin üçüncü hissəsinin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Bu müddət, müstəsna hallarda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişdirilə bilər.

 

1 fevral 2019-cu il tarixli 1480-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 mart 2019-cu il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 378) ilə 16-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, onların yaranmasından 30 il sonra icazə verilir. Bu müddət müvafiq icra hakimiyyəti orqanının rəyi ilə uzadıla bilər.

 

[29] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 16-cı maddəsinin dördüncü hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Vətəndaşların şəxsi həyatı (onların sağlamlığı, ailə və intim həyatı, əmlak vəziyyəti) haqqında informasiya daşıyıcıları olan arxiv sənədlərinin istifadə edilməsinə, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, həmin sənədlərin yaranmasından 75 il sonra icazə verilir. Bu müddətdən tez həmin sənədlərdən istifadəyə vətəndaşın özünün, onun ölümündən sonra isə varislərinin razılığı ilə icazə verilir.

 

[30] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 16-cı maddənin altıncı hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Fiziki və hüquqi şəxslər arxiv sənədlərindən və sənəd kolleksiyalarından istifadə qaydalarına əməl etməməyə görə qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 16-cı maddənin altıncı hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Arxiv sənədlərinin və sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya onlardan istifadə olunması qaydalarına əməl edilməməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

 

[31] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 17-ci maddənin adına “maliyyələşdirilməsi” sözündən sonra “və maddi-texniki təminatı” sözləri əlavə edilmişdir.

 

[32] 22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706) ilə 17-ci maddəsinin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

 Arxivlər mülkiyyət formasından asılı olaraq dövlət büdcəsindən, yerli büdcələrdən, mülkiyyətçinin vəsaitləri, habelə özlərinin fəaliyyətindən əldə edilmiş gəlirlər və qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 17-ci maddənin ikinci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Dövlət büdcəsindən maliyyələşdirilən arxivlərin qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitləri bütövlükdə dövlət büdcəsinə köçürülür.

 

[33] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 18-ci maddənin birinci hissədə “arxivləri” sözü “arxiv xidməti” sözləri ilə əvəz edilmişdir və həmin hissənin ikinci cümləsi çıxarılmışdır.

 

[34] 29 iyun 2022-ci il tarixli 574-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 18 avqust 2022-ci il, “Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, № 176) ilə 18-ci maddənin ikinci hissə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Dövlət arxivləri işçilərinin əmək haqları arxiv işi sahəsində müvafiq icra hakimiyyəti orqanında çalışan işçilərin vəzifə maaşlarına bərabər tutulur.

 

[35] 13 iyun 2019-cu il tarixli 1608-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2019-cu il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №7, maddə 1183) ilə 22-ci maddəsinə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status