×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
25.06.2021
QEYDİYYAT NÖMRƏSİ
1380
ADI
Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 26.06.2021, Nəşr Nömrəsi: 132), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.06.2021, Nəşr nömrəsi: 6 (I kitab), Maddə nömrəsi: 595)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.06.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202106251380
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.06.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və ərazilərin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailə üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, habelə xidmətlərin vahid məkandan təxirəsalınmaz və operativ icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Şəhid ailələrinin üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsini təmin etmək məqsədilə “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” (bundan sonra – Mərkəz) yaradılsın.

2. “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı” təsdiq edilsin (əlavə olunur).

3. “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) həmin siyahıda göstərilmiş xidmətlər üzrə fəaliyyətinin əlaqələndirilməsi və müraciətlərin icra vəziyyətinin monitorinqi üzrə əlaqələndirici orqan qismində müəyyən olunsun.

5. Müəyyən edilsin ki:

5.1. Mərkəzdə xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstərilir;

5.2. Mərkəzdə xidmətlər birbaşa (yerində), “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada təşkil edilir.

6. Mərkəzin fəaliyyəti ilkin mərhələdə Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərində, daha sonra xidmət göstəriləcək şəxslərin sayı nəzərə alınmaqla, digər inzibati ərazi vahidləri üzrə Nazirliyin yerli qurumlarının inzibati binalarında təşkil edilsin.

7. Bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda nəzərdə tutulmuş dövlət orqanları (qurumları):

7.1. Mərkəzdən daxil olmuş müraciətlərin icrasını, o cümlədən vaxtında və tam (əhatəli) cavablandırılmasını təmin etmək məqsədilə mövcud ştat vahidləri çərçivəsində müvafiq struktur bölməsi yaratsınlar və ya bununla bağlı səlahiyyətləri mövcud struktur bölməsinə həvalə etsinlər;

7.2. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda nəzərdə tutulmuş xidmətlərin göstərilməsinin və hüquqmüəyyənedici sənədlərin verilməsinin Mərkəz vasitəsilə həyata keçirilməsini təmin etmək üçün Mərkəzin fəaliyyət göstərdiyi yerləri dövlət büdcəsində aidiyyəti dövlət orqanları (qurumları) üçün müəyyən edilmiş büdcə təxsisatları çərçivəsində zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin etsinlər, habelə həmin resursların zəruri dövlət informasiya sistemlərinə (ehtiyatlarına) çıxışını təşkil etsinlər;

7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin rəhbərliyi ilə həmin dövlət orqanları (qurumları) rəhbərlərinin müavinlərinin təmsil olunduğu Əlaqələndirmə Komissiyasının yaradılmasını təmin etsin;

8.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Nazirlik:

9.1. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının Mərkəzdə müvafiq xidmətlər göstərmələri üçün zəruri şərait yaradılmasını və digər tədbirlər görülməsini təmin etsin;

9.2. Mərkəzdə xidmət göstərəcək dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri arasında əlaqələndirməni Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirməklə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində müvafiq dəyişikliklər edilməsini üç ay müddətində təmin etsin;

9.3. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi, Mərkəzə daxil olan müraciətlərin icra vəziyyətinin monitorinqi və onların icrasına dair hesabatlılığın təmin edilməsi məqsədilə Katiblik yaratsın;

9.4. Mərkəzin fəaliyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 iyun 2021-ci il

    1380

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı

 

Sıra

-si

Xidmətin adı

1

2

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

1.1.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi

1.2.

tibbi sosial ekspertiza və reabilitasiya üzrə xidmətlər, o cümlədən əlilliyin müəyyən edilməsi, reabilitasiya vasitələri ilə təminat

1.3.

məşğulluq sahəsində göstərilən xidmətlər

1.4.

əmək pensiyası və sosial müavinətlər üzrə müraciətlərin qəbulu

1.5.

Azərbaycan Respublikası Prezidentinin təqaüdləri üzrə müraciətlərin qəbulu

1.6.

sosial xidmət sahəsində göstərilən xidmətlər, o cümlədən əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiyası, sosial məişət xidmətlərinin göstərilməsi, sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təminat

1.7. [1]

şəhid statusu verilmiş şəxsin vərəsələrinə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu

1.8.

müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu

1.9

hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçulara dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

2.1.

şəhid və şəhid ailəsi statusunun əldə olunması üçün arayışlar verilməsi məqsədilə müraciətlərin qəbulu (zabit və gizir heyətinə münasibətdə)

2.2.

müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciətlərin qəbulu (Azərbaycan Ordusuna münasibətdə)

2.3.

orden və medallarla təltif olunma üçün müraciətlərin qəbulu (Azərbaycan Ordusuna münasibətdə)

2.4.

xəsarət (yaralanma, travma, kontuziya) alınması barədə, habelə əlilliyin müəyyən edilməsi üçün tələb olunan müvafiq arayışlar verilməsi məqsədilə müraciətlərin qəbulu

2.5.

sığorta ödənişləri ilə bağlı tələb olunan sənədlərin verilməsi üçün müraciətlərin qəbulu

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

3.1.

tabeliyində olan tibb müəssisələrində tibbi yardım göstərilməsi ilə bağlı müraciətlərin qəbulu

4. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

4.1.

hərbi xidmətkeçmə haqqında arayış verilməsi

4.2.

müddətli həqiqi hərbi xidmətdə olmasına dair arayış verilməsi [2]

4.3.

müharibə veteranlarına və şəhid ailələrinə müvafiq arayışlar verilməsi

4.4.

hərbi qeydiyyatda olma barədə arayış verilməsi

5. Yerli icra hakimiyyəti orqanları

5.1.

yaşayış sahəsinə ehtiyacı olan qismində müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsin, şəhid ailə üzvünün uçota alınması barədə müraciətlərin qəbulu

5.2.

yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması barədə müraciətlərin qəbulu

5.3.

ərazisində yaşayan şəhid ailələrinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə ailə tərkibini təsdiq edən arayışlar və digər arayışlar verilməsi

5.4.

şəhid adının əbədiləşdirilməsi, o cümlədən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi, eləcə də onların adlarının dəyişdirilməsi barədə müraciətlərin qəbulu [3]

6. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

6.1.

tabeliyində olan tibb müəssisələrində səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu

6.2.

immunoprofilaktikaya dair məlumat verilməsi

6.3.

tibbi arayışların elektron registrindən məlumatların verilməsi

7. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti [4]

7.1.

şəhid statusu verilmiş şəxsin vərəsələrinə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu

7.2.

müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu

7.3.

hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərilməsi Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda şəhid ailələrinin üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə (bundan sonra – şəxslər) əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, habelə digər sahələrdə xidmətlər (bundan sonra – xidmətlər) şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində (bundan sonra – Mərkəz) göstərilməsi qaydasını müəyyən edir.

1.2. Mərkəzdə xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilir.

1.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) Mərkəzdə xidmət göstərən aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini həyata keçirir və müraciətlərin icra vəziyyətinin monitorinqini aparır.

1.4. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.

 

2. Mərkəzin fəaliyyətinin məqsədləri

 

2.0. Mərkəzin fəaliyyətinin məqsədləri aşağıdakılardır:

2.0.1. şəxslərin əlavə xərclərinin və vaxt itkisinin qarşısını almaq;

2.0.2. şəxslərə göstərilən xidmət səviyyəsini yüksəltmək və xidmətlərin əlçatanlığını, rahatlığını təmin etmək;

2.0.3. şəffaflığı təmin etmək, korrupsiyaya qarşı mübarizəni gücləndirmək.

 

3. Mərkəzin fəaliyyətinin təşkilinə dair ümumi tələblər

 

3.1. Mərkəzin iş qrafikini Nazirlik müəyyən edir.

3.2. Mərkəzdə göstərilən xidmətlər Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş siyahıda göstərilən dövlət orqanları (qurumları) tərəfindən göstərilir.

3.3. Mərkəzdə xidmətlər aşağıdakı qaydada təşkil olunur:

3.3.1. xidmətlər Nazirliyin müəyyən etdiyi inzibati ərazi vahidi (vahidləri) üzrə (xidmət göstəriləcək şəxslərin sayına uyğun olaraq ) göstərilir;

3.3.2. xidmətlər növbəlilik qaydasında həyata keçirilir;

3.3.3. xidmətlər bir-biri ilə qarşılıqlı əlaqədə, informasiya texnologiyalarından geniş istifadə edilməklə həyata keçirilir;

3.3.4. Mərkəzin fəaliyyəti Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərində, habelə xidmət göstəriləcək şəxslərin sayı nəzərə alınmaqla, inzibati ərazi vahidləri üzrə Nazirliyin yerli qurumlarının inzibati binalarında təmin olunur.

 

4. Mərkəzdə xidmətlərin təşkili

 

4.1. Mərkəzdə xidmətlər aşağıdakı formalarda göstərilir:

4.1.1. birbaşa (yerində) xidmət;

4.1.2. “Çağrı mərkəzi” vasitəsilə xidmət;

4.1.3. səyyar xidmət.

4.2. Birbaşa (yerində) xidmət vasitəsilə şəxsə Mərkəzdə müraciət etdiyi dövlət orqanının (qurumunun) əməkdaşı bilavasitə xidmət göstərir.

4.3. Birbaşa (yerində) xidmət göstərilməsi aşağıdakı qaydada həyata keçirilir:

4.3.1. şəxs Mərkəzə daxil olaraq məlumat köşkündən əldə etmək istədiyi xidmətlə bağlı hansı pəncərəyə və hansı sənədlərlə müraciət etməli olduğunu öyrənir, yaxud əldə etmək istədiyi xidmətlə bağlı tələb olunan sənədlərin tamlığının yoxlanılması üçün həmin sənədləri məlumat köşkünə təqdim edir;

4.3.2. məlumat köşkündə şəxsin əldə etmək istədiyi xidmətlə bağlı təqdim etdiyi sənədlərin tamlığı yoxlanıldıqdan sonra ona elektron növbə verilir, yaxud əlavə olunması tələb olunan sənədlər, habelə müraciətlə bağlı ərizənin və ya digər sənədlərin (anketlərin) doldurulmasının tələb olunduğu barədə məlumat verilir;

4.3.3. əldə etmək istədiyi xidmətlə bağlı ərizənin və ya digər sənədlərin (anketlərin) doldurulmasında şəxsin köməyə ehtiyacı olduğu halda o, Mərkəzdə fəaliyyət göstərən könüllülərə və ya Mərkəzin bu məqsəd üçün ayrılmış əməkdaşına müraciət edə biləcəyi barədə məlumatlandırılır;

4.3.4. şəxs ona verilmiş elektron növbəyə uyğun olaraq müraciət edəcəyi pəncərənin qarşısında gözləyir və növbəsi çatdıqda tələb olunan sənədləri həmin pəncərəyə təqdim edir;

4.3.5. müraciətlər Mərkəzdə qəbul olunur, müraciətlərin qeydiyyatına və icrasına nəzarət elektron formada aparılır;

4.3.6. göstərilən xidmətlə bağlı müraciətə baxılma və həmin müraciətin nəticəsinin rəsmiləşdirilməsi müraciət edildiyi vaxt mümkün olduğu halda, qərar yerində qəbul edilərək şəxsə təqdim olunur;

4.3.7. bu Qaydanın 4.3.6-cı yarımbəndinə əsasən müraciətə baxılma mümkün olmadıqda, “İnzibati icraat haqqında”, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, şəxsin müraciəti “VƏM” qeydi ilə icra üçün aidiyyəti dövlət orqanlarına (qurumlarına) dərhal göndərilir;

4.3.8. “VƏM” qeydi ilə daxil olmuş müraciətlər aidiyyəti dövlət orqanlarının (qurumlarının) bu məqsədlə yaradılmış və ya bununla bağlı səlahiyyətlərin həvalə edildiyi mövcud struktur bölmələri tərəfindən hərtərəfli, operativ araşdırılmaqla “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun icra olunur və qəbul edilmiş müvafiq qərar və ya hüquqmüəyyənedici sənədlər şəxsə göndərilməsi üçün Mərkəzə təqdim olunur;

4.3.9. Mərkəzdə şəxsin arzusu ilə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə uyğun olaraq, informasiya sistemlərindən istifadə yolu ilə onun bu Qaydanın 1.1-ci bəndində göstərilən məsələlərlə bağlı hüquqları müəyyən edilir və həmin hüquqlarla bağlı müvafiq xidməti əldə etmək istəyi olduqda, ona bu Qaydada nəzərdə tutulan formada hüquqi xidmət və məsləhət xidmətləri göstərilir.

4.4. “Çağrı mərkəzi” vasitəsilə şəxs Mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, Mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilər.

4.5. “Çağrı mərkəzi” vasitəsilə şəxslərə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq, bu Qaydanın 1.1-ci bəndində göstərilən məsələlərlə bağlı xidmət göstərilir.

4.6. “Çağrı mərkəzi” vasitəsilə xidmət göstərilməsi barədə müraciətlər xidmət keyfiyyətinin qiymətləndirilməsi məqsədilə qeydə alınır.

4.7. Sağlamlıq vəziyyəti məhdud olduğundan Mərkəzə gələ bilməyən şəxslərə səyyar formada xidmətlər göstərilir.

4.8. Səyyar xidmətlər şəxsin yaşadığı və ya olduğu yerdə Mərkəzin iş qrafikinə uyğun göstərilir. Müraciətlərin sayının çoxluğu və səyyar xidmət göstərilməsi tələb olunan ünvanların uzaq məsafədə yerləşməsi səbəbindən Mərkəzin gündəlik (həftəlik) müraciət qəbuluna məhdudiyyət tətbiq etmək hüququ vardır.

4.9. Hər iş gününün sonunda Mərkəzə daxil olmuş müraciətlər əsasında növbəti iş günü üçün səyyar xidmət göstərilməsi qrafiki hazırlanaraq təsdiq edilir və səyyar xidmət göstərəcək əməkdaşlar müəyyən olunur.

4.10. Səyyar xidmət göstərilməsi zamanı Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş sənədlərdən əlavə sənədlərin tələb edilməsi qadağandır.

4.11. Səyyar xidmət göstərilməsi şəxsdən tələb olunan sənədlərin təhvil alınmasını və (və ya) hazır sənədlərin ona təhvil verilməsini nəzərdə tutur.

4.12. Səyyar xidmət göstərilməsinə dair müraciət “Çağrı mərkəzi”nə zəng vurmaqla edilir. Şəxsin müraciəti zamanı “Çağrı mərkəzi”nin operatoru müvafiq xidmət göstərilməsi üçün əsas şərtləri (icra müddəti, normativ hüquqi aktlara istinad etməklə tələb olunan sənədlər) izah edir və zəruri sənədlərin şəxsdə mövcudluğunu öyrənir.

4.13. Səyyar xidmət göstərilməsinə dair müraciət bu Qaydaya uyğun formada edilmədikdə, müraciət qəbul olunmur və imtinanın səbəbi barədə şəxsə məlumat bildirilir.

4.14. Şəxsin əldə etmək istədiyi xidmətlə bağlı müraciətinin qəbulu üçün Mərkəzdə göstərilən digər xidmət göstərilməsi də tələb olunduqda, ona həmin xidmət də təklif edilir.

4.15. Şəxs səyyar xidmət göstərilməsi şərtləri ilə razılaşdıqda və xidmət göstərilməsi üçün tələb olunan sənədlərinin mövcudluğunu bildirdikdə, ona dair məlumatlar (soyadı, adı, atasının adı, ünvanı, əlaqə nömrələri, xidmətin göstərilmə yeri və vaxtı, fərdi identifikasiya nömrəsi) öyrənilərək qeyd edilir, operator xüsusi proqram təminatı vasitəsilə xidmət göstərilməsi üçün uyğun olan vaxtı (tarix və saat) müəyyənləşdirir və şəxslə razılaşdırdıqdan sonra müraciəti qəbul edib təsdiqləyir.

4.16. Səyyar xidmət göstərilməsinə dair müraciəti operator qəbul edərək təsdiqlədikdən sonra həmin müraciət xüsusi proqram təminatı vasitəsilə müvafiq Mərkəzə ötürülür.

4.17. Mərkəzin səyyar xidmət göstərəcək əməkdaşı müraciətdə qeyd edilən ünvana getməzdən əvvəl xidmətin qüvvədə olmasını dəqiqləşdirir.

4.18. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, səyyar sosial xidmətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq göstərilir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 noyabr 2021-cü il tarixli 1478 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 noyabr 2021-cü il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1216)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 noyabr 2021-cü il tarixli 1478 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 noyabr 2021-cü il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1216) ilə “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”na yeni məzmunda 1.7 1.9-cu bəndlər əlavə edilmişdir.

 

[2] 24 noyabr 2021-cü il tarixli 1478 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 noyabr 2021-cü il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1216) ilə “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nın 4.2-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

4.2.

çağırışçılara müddətli həqiqi hərbi xidməti hansı hərbi hissədə keçdikləri barədə məlumat verilməsi

 

[3] 24 noyabr 2021-cü il tarixli 1478 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 noyabr 2021-cü il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1216) ilə “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nın 5.4-cü bəndində əbədiləşdirməsi sözü əbədiləşdirilməsi sözü ilə əvəz edilmişdir.

 

[4] 24 noyabr 2021-cü il tarixli 1478 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 noyabr 2021-cü il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1216) ilə “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nın 7-ci hissəsi ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status