×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
14.07.2021
QEYDİYYAT NÖMRƏSİ
1399
ADI
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 15.07.2021, Nəşr Nömrəsi: 146), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.07.2021, Nəşr nömrəsi: 7, Maddə nömrəsi: 733)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.07.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202107141399
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.07.2021
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 7-ci hissəsinin 5.4-cü bəndinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Təhsilin İnkişafı Fondunu bir ay müddətində yaratsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

2. Müəyyən edilsin ki:

2.1. Təhsilin İnkişafı Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasında təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına yardım edən publik hüquqi şəxsdir;

2.2. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır:

2.2.1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalar; [1]

2.2.2. ianələr, qrantlar və cəlb edilən investisiyalar;

2.2.3. Fondun fəaliyyətindən əldə olunmuş gəlir;

2.2.4. qanunla qadağan olunmayan digər mənbələr.

3. Fondun təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.1.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Fondun nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

3.1.2. Fondun idarəetmə orqanlarının yaradılması;

3.1.3. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Fondun yenidən təşkili və ləğv edilməsi;

3.1.4. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

3.2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Fondun nizamnaməsini iki ay müddətində təsdiq etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Nazirlik:

5.1. tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin etmək məqsədilə onların büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən Fonda ayırmaların məbləğini iki ay müddətində müəyyən etsin;

5.2. Fondun büdcəsini və xərclər smetasını təsdiq edərkən bu Fərmanın 5.1-ci bəndinə əsasən Fonda ayrılacaq vəsaitdən Nazirlik işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə ayırmalar nəzərdə tutsun;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 iyul 2021-ci il

                    № 1399


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 03 mart 2023-cü il tarixli 2054 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49)

 

FƏRMAN EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 03 mart 2023-cü il tarixli 2054 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49) ilə 2.2.1-ci yarımbəndində və 3.2-ci bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status