AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
17.07.2021
QEYDİYYAT NÖMRƏSİ
215
ADI
“Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 24.07.2021, Nəşr Nömrəsi: 151), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.07.2021, Nəşr nömrəsi: 7, Maddə nömrəsi: 877)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.07.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202107170215
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.07.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanının 1.4.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 17 iyul 2021-ci il

    № 215

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2021-ci il 17 iyul tarixli 215 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 13.10-cu maddəsinə uyğun olaraq uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması qaydalarını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. reyestr - uyğunluq sertifikatı və uyğunluq bəyannaməsi barədə elektron informasiya ehtiyatı;

1.2.2. uyğunluq sertifikatı - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəd;

1.2.3. uyğunluq bəyannaməsi - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunun bəyan edildiyi müəyyən formalı sənəd;

1.2.4. xarici mənşəli uyğunluq sənədi - xarici dövlətlərdə verilmiş və idxal olunan malların təhlükəsizliyə dair məcburi tələbləri müəyyənləşdirən xarici texniki reqlamentlərin və ya digər xarici texniki normativ hüquqi aktın tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəd;

1.2.5. uyğunluğu qiymətləndirən qurum - “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslər;

1.2.6. təsərrüfat subyekti - istehsalçı, idxalçı və ticarət nümayəndəsi (agent).

1.3. Bu Qaydanın məqsədləri üçün istifadə olunan digər anlayışlar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan mənaları ifadə edir.

 

2. Reyestrin aparılması qaydası

 

2.1. Reyestr Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən aparılır.

2.2. Reyestr dövlət dilində, vahid forma, metod, prinsiplər əsasında aparılır və elektron qaydada tərtib edilir.

2.3. Reyestr informasiya ehtiyatıdır. Reyestrin formalaşdırılması, aparılması, idarə olunması, tamlığı və mühafizəsi Nazirlik tərəfindən təmin edilir.

2.4. Reyestrin informasiya təminatı uyğunluğu qiymətləndirən qurumlar və təsərrüfat subyektləri tərəfindən məlumatların təqdim edilməsi yolu ilə həyata keçirilir.

2.5. Uyğunluğu qiymətləndirən qurum uyğunluq sertifikatının (bundan sonra – sertifikat) verilməsi, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, xarici mənşəli uyğunluq sənədlərinin tanınması, onun Azərbaycan Respublikasında qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi barədə qərar qəbul etdiyi gün müvafiq sənədlərin surətlərini bu Qaydanın 3.1-3.5-ci bəndlərində göstərilmiş məlumatlarla birgə kağız daşıyıcıda Nazirliyə təqdim edir və ya sifarişli poçt vasitəsilə, yaxud gücləndirilmiş elektron imzadan istifadə etməklə elektron formada Nazirliyin rəsmi internet saytına göndərir.

2.6. Təsərrüfat subyekti uyğunluq bəyannaməsinin (bundan sonra – bəyannamə) tərtibi, onun qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi barədə qərar qəbul etdiyi gün müvafiq sənədlərin surətlərini bu Qaydanın 3.1-3.5-ci bəndlərində qeyd olunmuş məlumatlarla birgə kağız daşıyıcıda Nazirliyə təqdim edir və ya sifarişli poçt vasitəsilə, yaxud gücləndirilmiş elektron imzadan istifadə etməklə elektron formada Nazirliyin rəsmi internet saytına göndərir.

2.7. Sertifikatlar və bəyannamələr, onların qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, xarici mənşəli uyğunluq sənədlərinin tanınması, onların Azərbaycan Respublikasında qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi barədə məlumatlar Nazirliyə daxil olduğu tarixdən 2 (iki) iş günü müddətində çatışmazlıqların olub-olmaması yoxlanılır və çatışmazlıqlar aşkar edilmədikdə reyestrə daxil olunur.

2.8. Təqdim edilmiş məlumatlarda çatışmazlıqlar müəyyən edildikdə, Nazirlik bu Qaydanın 2.7-ci bəndində göstərilən müddətdən gec olmayaraq çatışmazlıqlar qeyd olunmaqla onların aradan qaldırılması barədə yazılı bildirişi uyğunluğu qiymətləndirən quruma və ya təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt, yaxud elektron formada göndərir. Çatışmazlıqlar uyğunluğu qiymətləndirən qurumlar və təsərrüfat subyektləri tərəfindən bildirişin alındığı tarixdən 2 (iki) iş günü müddətində aradan qaldırılmalıdır.

2.9. Çatışmazlıqlar uyğunluğu qiymətləndirən qurumlar və təsərrüfat subyektləri tərəfindən bu Qaydanın 2.8-ci bəndində qeyd olunan müddətdə aradan qaldırılmadıqda, təqdim edilmiş məlumatlar Reyestrə daxil olunmur və bu barədə Nazirlik tərəfindən qəbul edilmiş əsaslandırılmış qərar 2 (iki) iş günü müddətində uyğunluğu qiymətləndirən quruma və ya təsərrüfat subyektinə təqdim edilir və ya sifarişli poçt, yaxud elektron formada göndərilir.

2.10. Təqdim edilmiş məlumatların reyestrə daxil olunmaması barədə qərar uyğunluğu qiymətləndirən qurumun və ya təsərrüfat subyektinin yenidən müraciət etməsinə maneə olmur.

2.11. Reyestrə daxil olunmuş məlumatlarda aparılmış dəyişikliklərin reyestrə yenidən daxil olunması bu Qaydanın müddəaları nəzərə alınmaqla həyata keçirilir.

2.12. Reyestrin aparılması üçün uyğunluğu qiymətləndirən qurumlar Nazirliyə aşağıdakı məlumatları təqdim edirlər:

2.12.1. sertifikat, o cümlədən malın istismar xüsusiyyətlərində edilmiş dəyişikliklərə uyğun verilmiş yeni sertifikat barədə məlumatlar;

2.12.2. sertifikatın qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi barədə məlumatlar;

2.12.3. “Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydaları”na uyğun olaraq xarici mənşəli uyğunluq sənədlərinin tanınması, Azərbaycan Respublikasında onların qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi barədə məlumatlar;

2.13. Reyestrin aparılması üçün təsərrüfat subyektləri Nazirliyə aşağıdakı məlumatları təqdim edirlər:

2.13.1. bəyannamə, o cümlədən malın istismar xüsusiyyətlərində edilmiş dəyişikliklərə dair yeni bəyannamə barədə məlumatlar;

2.13.2. bəyannamənin qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi barədə məlumatlar.

2.14. Nazirliyə təqdim edilmiş məlumatlarla reyestrə daxil olunmuş məlumatlar arasında uyğunsuzluğa səbəb olan texniki səhvlər aşkar edildikdə, həmin səhvlər uyğunluğu qiymətləndirən qurumların və təsərrüfat subyektlərinin müraciəti əsasında və ya Nazirliyin təşəbbüsü ilə 1 (bir) iş günü müddətində aradan qaldırılır.

2.15. Sertifikatların və bəyannamələrin, tanınmış xarici mənşəli uyğunluq sənədlərinin qüvvəsinin dayandırılması barədə məlumatlar Reyestrə daxil olunduqda müvafiq olaraq “uyğunluq sertifikatının/uyğunluq bəyannaməsinin qüvvəsi dayandırılmışdır”, “tanınmış xarici mənşəli uyğunluq sənədinin Azərbaycan Respublikasında qüvvəsi dayandırılmışdır” qeydi aparılır və bu sənədlərin qüvvəsi bərpa edildikdə isə müvafiq qeyd silinir.

2.16. Sertifikatların və bəyannamələrin, tanınmış xarici mənşəli uyğunluq sənədlərinin ləğvi barədə məlumatlar Reyestrə daxil edildikdə, müvafiq olaraq “uyğunluq sertifikatı/uyğunluq bəyannaməsi ləğv edilmişdir”, “tanınmış xarici mənşəli uyğunluq sənədi Azərbaycan Respublikasında ləğv edilmişdir” qeydi aparılır.

 

3. Reyestrə məlumatların daxil olunması

 

3.1. Reyestrə malların uyğunluğunun qiymətləndirilməsinə dair sertifikatlar barədə aşağıdakı məlumatlar daxil olur:

3.1.1. sertifikatın adı;

3.1.2. sertifikatın qeydiyyat nömrəsi və verilmə tarixi;

3.1.3. sertifikatı verən uyğunluğu qiymətləndirən qurumun adı, hüquqi ünvanı, akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi;

3.1.4. sertifikat verilən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və VÖEN-i;

3.1.5. malın istehsalçısının adı və ünvanı;

3.1.6. malın adı, növü, modeli, markası, partiya və ya seriya nömrəsi;

3.1.7. məhsul növləri üzrə təsnifat kodu;

3.1.8. malın miqdarı;

3.1.9. malın istehsal tarixi;

3.1.10. texniki reqlamentdə nəzərdə tutulduğu hallarda malın saxlanma müddəti və şərtləri;

3.1.11. istifadə sahəsi;

3.1.12. xarici iqtisadi fəaliyyətin mal nomenklaturu;

3.1.13. malın istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair təsərrüfat subyekti tərəfindən verilən əlavə məlumatlar (olduqda);

3.1.14. texniki reqlamentin, istinad edilmiş standartların və ya texniki şərtlərin adı, nömrəsi və tarixi;

3.1.15. sertifikatın qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi barədə məlumatlar.

3.2. Reyestrə mal ilə əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsinə dair sertifikatlar barədə aşağıdakı məlumatlar daxil edilir:

3.2.1. sertifikatın adı;

3.2.2. sertifikatın qeydiyyat nömrəsi;

3.2.3. sertifikatın verilmə tarixi;

3.2.4. sertifikatı verən uyğunluğu qiymətləndirən qurumun adı, hüquqi ünvanı və akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi;

3.2.5. sertifikat verilən hüquqi şəxs olduqda onun adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, ünvanı və VÖEN-i;

3.2.6. mal ilə əlaqəli prosesin və istehsal metodlarının tətbiq edildiyi istehsal müəssisənin ünvanı;

3.2.7. mal ilə əlaqəli prosesin və istehsal metodlarının tətbiq edildiyi fəaliyyət sahəsinin adı;

3.2.8. bu Qaydanın 3.1.14-cü və 3.1.15-ci yarımbəndlərində qeyd olunan məlumatlar.

3.3. Reyestrə malların uyğunluğunun qiymətləndirilməsinə dair bəyannamələr barədə aşağıdakı məlumatlar daxil olur:

3.3.1. bəyannamənin adı;

3.3.2. bəyannamənin qeydiyyat nömrəsi;

3.3.3. bəyannamənin verilmə tarixi;

3.3.4. orta riskli mallara münasibətdə uyğunluğun təsdiqlənməsi məqsədilə cəlb edilmiş uyğunluğu qiymətləndirən qurumun adı, hüquqi ünvanı, akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi;

3.3.5. bəyannaməni tərtib edən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və VÖEN-i;

3.3.6. bu Qaydanın 3.1.5-3.1.14-cü yarımbəndlərində qeyd olunan məlumatlar;

3.3.7. bəyannamənin qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi barədə məlumatlar.

3.4. Reyestrə mal ilə əlaqəli proseslərin və istehsal metodlarının uyğunluğunun qiymətləndirilməsinə dair bəyannamə barədə aşağıdakı məlumatlar daxil edilir:

3.4.1. bəyannamənin adı;

3.4.2. bəyannamənin qeydiyyat nömrəsi;

3.4.3. bəyannamənin verilmə tarixi;

3.4.4. bəyannaməni tərtib edən hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və VÖEN-i;

3.4.5. bu Qaydanın 3.2.6-cı və 3.2.7-ci yarımbəndlərində qeyd olunan məlumatlar;

3.4.6. texniki reqlamentin, istinad edilmiş standartların və ya texniki şərtlərin adı, nömrəsi və tarixi;

3.4.7. bəyannamənin qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi barədə məlumatlar.

3.5. Reyestrə tanınmış xarici mənşəli uyğunluq sənədləri barədə aşağıdakı məlumatlar daxil edilir:

3.5.1. xarici mənşəli uyğunluq sənədinin qeydiyyat nömrəsi (olduqda);

3.5.2. xarici mənşəli uyğunluq sənədinin verilmə tarixi (olduqda);

3.5.3. xarici mənşəli uyğunluq sənədinin qüvvədə olduğu müddət (olduqda);

3.5.4. tanınma barədə qərar qəbul etmiş uyğunluğu qiymətləndirən qurumun adı, hüquqi ünvanı, akkreditasiya attestatının qeydiyyat nömrəsi və verilmə tarixi;

3.5.5. tanınma barədə müraciət etmiş hüquqi şəxsin adı, hüquqi ünvanı və VÖEN-i, fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı və VÖEN-i;

3.5.6. xarici texniki reqlament və ya digər xarici texniki normativ hüquqi aktlar barədə məlumat, həmçinin bu sənədlərdə nəzərdə tutulduğu hallarda malın saxlanma müddəti və şərtləri;

3.5.7. bu Qaydanın 3.1.5-3.1.9-cu, 3.1.11-3.1.13-cü yarımbəndlərində qeyd olunan məlumatlar;

3.5.8. tanınmış xarici mənşəli uyğunluq sənədlərinin Azərbaycan Respublikasında qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi barədə məlumatlar.

 

4. Reyestrdən istifadə

 

4.1. Reyestr ictimaiyyət üçün açıqdır. Reyestr Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar mütəmadi olaraq yenilənir.

4.2. Reyestrdən məlumatın kağız daşıyıcıda əldə edilməsi ilə bağlı informasiya sorğuları “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra edilir.

4.3. Reyestrə daxil olunmuş məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə Reyestr arxivində saxlanılır.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status