AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
17.07.2021
QEYDİYYAT NÖMRƏSİ
216
ADI
“Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 24.07.2021, Nəşr Nömrəsi: 151), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.07.2021, Nəşr nömrəsi: 7, Maddə nömrəsi: 878)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.07.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202107170216
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.07.2021
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanının 1.4.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 17 iyul 2021-ci il

    № 216

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2021-ci il 17 iyul tarixli 216 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 13.14-cü maddəsinə uyğun olaraq uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. uyğunluq nişanı - malın, onunla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlə müəyyən edilmiş tələblərə uyğunluğunu göstərən nişan;

1.2.2. uyğunluğun qiymətləndirilməsi - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının müvafiq texniki reqlamentin tələblərinə uyğunluğunun müəyyən edilməsi prosesi;

1.2.3. texniki reqlament - mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən edən texniki normativ hüquqi akt;

1.2.4. təsərrüfat subyekti - istehsalçı, idxalçı və ticarət nümayəndəsi (agent).

1.3. Bu Qaydaların məqsədləri üçün istifadə olunan digər anlayışlar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan mənaları ifadə edir.

 

2. Uyğunluq nişanının istifadəsi və verilməsi

 

2.1. Forması bu Qaydaların əlavəsinin 1-ci şəklində göstərilən uyğunluq nişanı malların, onunla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlərin tələblərinə uyğun olduğunu göstərir.

2.2. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş uyğunluq sertifikatları, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsi ilə müəyyən olunmuş qaydada tanınmış xarici mənşəli uyğunluq sənədləri və ya təsərrüfat subyektlərinin tərtib etdiyi uyğunluq bəyannamələri ilə təmin edilmiş mallara, onunla əlaqəli proseslərə və istehsal metodlarına təsərrüfat subyektləri tərəfindən uyğunluq nişanı tətbiq olunur.

2.3. Forması bu Qaydaların əlavəsinin 2-ci və 3-cü şəkillərində göstərilən əmsallar uyğunluq nişanının müxtəlif elementləri arasındakı məsafə nisbətlərini ifadə edir. Bu Qaydaların əlavəsinin 1-ci şəklində göstərilən uyğunluq nişanının ümumi təsviri (eni və uzunu) 5 (beş) mm-dən az ola bilməz.

2.4. Mal uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və ya tanınmış xarici mənşəli uyğunluq sənədi ilə təmin olunduğu halda, uyğunluq nişanı birbaşa malın üzərinə vurulur.

2.5. Mal ilə əlaqəli proses və ya istehsal metodları uyğunluq sertifikatı və ya uyğunluq bəyannaməsi ilə təmin olunduğu halda, uyğunluq nişanı onların texniki sənədlərinin yuxarı sağ küncünə vurulur.

2.6. Uyğunluq nişanını birbaşa mala (qazlı, maye və dənəvər materiallara və maddələrə) tətbiq etmək mümkün olmadıqda qablaşdırmaya tətbiq edilir.

2.7. Uyğunluq nişanı qablaşdırmaya tətbiq edildikdə, texniki reqlamentlərin tələblərinə uyğunluğu təsdiq edilməmiş mallar üçün belə qablaşdırmanın istifadəsi yolverilməzdir.

2.8. Texniki reqlamentlərin tələblərinə cavab verməyən və ya texniki reqlamentdə nəzərdə tutulmuş üsulla uyğunluğu qiymətləndirilməmiş mallara, habelə malla əlaqəli proseslərə və istehsal metodlarına dair tərtib edilmiş texniki sənədlərə uyğunluq nişanı vurula bilməz.

2.9. Uyğunluq nişanı aydın görünməli və tətbiq edilən səthin rəngindən fərqlənməlidir. Malların, habelə mal ilə əlaqəli proseslər və istehsal metodlarına dair tərtib edilmiş texniki sənədlərin uyğunluq nişanı ilə nişanlanmasına aşınma, tökmə, oyma, çapetmə, ştamplama yerlərində yol verilmir və aydın görüntüsünü, xarici təsirlərə qarşı müqavimətini və malların yararlılıq müddətində dayanıqlılığını təmin edən üsullarla həyata keçirilir. Uyğunluq nişanının təsvirinin ayrı-ayrı elementlərinin qismən təkrar edilməklə tətbiqinə icazə verilmir.

2.10. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na uyğun olaraq uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin, habelə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası”na uyğun olaraq tanınmış xarici mənşəli uyğunluq sənədlərinin ləğv edilməsi barədə qərar qəbul edildiyi halda, mala, qablaşdırma materialına və ya texniki sənədlərə tətbiq edilən, habelə bu məqsədlə hazırlanmış uyğunluq nişanları təsərrüfat subyekti tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyətli nümayəndəsinin iştirakı ilə onların sonrakı bərpasını və ilkin şəkildə istifadəsinin mümkünlüyünü istisna edən termik, kimyəvi, mexaniki və ya başqa təsir üsulları ilə məhv edilir.

2.11. Təsərrüfat subyekti bu Qaydaların 2.10-cu bəndi ilə müəyyən olunmuş qaydada uyğunluq nişanlarının məhv edilməsi zamanı səlahiyyətli nümayəndənin iştirakının təmini məqsədilə uyğunluq sertifikatlarının, uyğunluq bəyannamələrinin, tanınmış uyğunluq sənədlərinin ləğvi barədə qərar qəbul edildiyi tarixdən 3 (üç) iş günündən gec olmayaraq “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq ərizə ilə Nazirliyə müraciət edir. Ərizəyə təsərrüfat subyektinin özünün sərbəst seçdiyi malların zərərsizləşdirilməsi və məhv edilməsi üzrə ixtisaslaşmış müəssisələrlə bağlanılmış müqavilə əlavə olunur. Nazirlik ən geci 5 (beş) iş günü müddətində səlahiyyətli nümayəndənin ayrılmasını təmin edir və onun soyadı, adı, atasının adı və əlaqə vasitələri barədə yazılı məlumatı təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir. Təsərrüfat subyekti səlahiyyətli nümayəndə barədə məlumatı aldığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq uyğunluq nişanlarının məhv edilməsini təmin etməlidir.

2.12. Uyğunluq nişanlarının məhv edilməsi Azərbaycan Respublikasının “İstehsalat və məişət tullantıları haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” qanunlarına uyğun həyata keçirilir.

2.13. Məhvetmə 2 (iki) nüsxədə tərtib olunaraq Nazirliyin səlahiyyətli nümayəndəsinin və təsərrüfat subyektinin imzası ilə təsdiq edilmiş aktla rəsmiləşdirilir.

2.14. Məhvetmə ilə bağlı aktda təsərrüfat subyektinin soyadı, adı, atasının adı, VÖEN-i (hüquqi şəxs olduqda adı, hüquqi ünvanı və VÖEN-i, səlahiyyətli nümayəndəsinin soyadı, adı və atasının adı), Nazirliyin səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı, vəzifəsi, nişanların məhv edildiyi yer, məhvetmə üsulu və məhv edilən nişanların sayı göstərilir.

2.15. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları”na uyğun olaraq uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin, habelə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası”na uyğun olaraq tanınmış xarici mənşəli uyğunluq sənədlərinin qüvvəsinin dayandırıldığı barədə qərar qəbul edildiyi halda mala, qablaşdırma materialına və ya texniki sənədlərə tətbiq edilmiş, habelə bu məqsədlə hazırlanmış uyğunluq nişanlarının istifadəsi təsərrüfat subyektləri tərəfindən dayandırılır. Uyğunluq sertifikatının, uyğunluq bəyannaməsinin və ya tanınmış xarici mənşəli uyğunluq sənədinin qüvvəsi bərpa edildiyi halda təsərrüfat subyekti həmin uyğunluq nişanından yenidən istifadə edir.

 


 

 

“Uyğunluq nişanının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”na əlavə

 

Uyğunluq nişanının forması

 

Şəkil 1.

 

 

 

Şəkil 2.

 

 

 

Şəkil 3.

 

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status