Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRARI
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Müəyyən edilsin ki:
1.1. 2021-ci il oktyabrın 1-dən etibarən aşağıdakı iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilir:
1.1.1. istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti;
1.1.2. mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və konfrans zallarının fəaliyyəti (ümumi tutumunun 50 faizindən çox olmamaqla);
1.1.3. iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, ümumi tutumunun 50 faizindən çox olmamaqla, kinoteatrların fəaliyyəti;
1.2. bu Qərarın 1.1.1-1.1.3-cü yarımbəndlərində nəzərdə tutulan iş və xidmət sahələri saat 00:00-dək fəaliyyət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən 2 xidmətlərdən yalnız COVID-19 pasportu olan şəxslər (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilərlər və həmin iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması tələb olunur;
1.3. Azərbaycan Respublikasının şəhər və rayonlarından dəmiryol nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, digər sərnişinlərdən 2021-ci il oktyabrın 1-dən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il noyabrın 1-dən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.
[1]
2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddələr 1209, 1231, № 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, № 11, maddələr 1387, 1394, № 12, maddələr 1588, 1592, 1612; 2021, № 1, maddələr 92, 106, № 3, maddələr 267, 290, 291, № 4, maddə 403, № 5, maddə 530; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli 177 nömrəli, 29 iyun tarixli 187 nömrəli, 22 iyul tarixli 220 nömrəli və 28 avqust tarixli 248 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bənddə “və 1.3-cü bəndləri” sözləri “bəndi” sözü ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda 1.1.2-1-ci yarımbənd əlavə edilsin:
“1.1.2-1. mədəniyyət obyektləri, eləcə də kinoteatrlar, teatrlar və konfrans zalları, istirahət və əyləncə məkanları, həmçinin uşaq əyləncə məkanları (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar saat 00:00-dək fəaliyyət göstərir;”;
2.3. 1.1.5-ci yarımbənddə “mədəni-idman” sözləri “idman” sözü ilə əvəz edilsin;
2.4. 1.1.8-1.1.10-cu və 1.1.15-ci yarımbəndlər ləğv edilsin.
3. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında (Azərbaycan Respublikasının 3 Qanunvericilik Toplusu, 2021, № 5, maddə 530; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 iyun tarixli 162 nömrəli, 16 iyun tarixli 173 nömrəli, 22 iyun tarixli 177 nömrəli, 16 iyul tarixli 210 nömrəli, 26 iyul tarixli 229 nömrəli, 28 iyul tarixli 230 nömrəli, 2 avqust tarixli 231 nömrəli və 28 avqust tarixli 245 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.5-5.2-ci bəndə “tələb edilir” sözlərindən sonra “(təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələri istisna olmaqla)” sözləri əlavə edilsin;
3.2. həmin Qərara əlavə - “İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin Siyahısı”nın 7.21-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.22-ci və 7.23-cü bəndlər əlavə edilsin:
“7.22. istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının fəaliyyəti;
7.23. mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və konfrans zallarının fəaliyyəti.”.
4. Bu Qərar 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 24 sentyabr 2021-ci il
№ 280
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
27 mart 2023-cü il tarixli 93 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 27 mart 2023-cü il, “Xalq” qəzeti, 29 mart 2023-cü il, № 63)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
27 mart 2023-cü il tarixli 93 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 27 mart 2023-cü il, “Xalq” qəzeti, 29 mart 2023-cü il, № 63) ilə 1.3-cü bənd ləğv edilmişdir.