AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
30.09.2021
QEYDİYYAT NÖMRƏSİ
2931
ADI
Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 01.10.2021, Nəşr Nömrəsi: 210), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.09.2021, Nəşr nömrəsi: 9, Maddə nömrəsi: 1045)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.10.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32202109302931
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.10.2021

Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənəsi Azərbaycan müstəqillik qazandıqdan sonra da uğurla davam etdirilmişdir. “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyası təhsillə əhatənin və ona əlçatanlığın artmasına, bu çərçivədə gənclərin qabaqcıl xarici təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə mühüm imkanlar yaratmışdır.

Təcrübə göstərir ki, təhsilin keyfiyyətinin yüksəlməsi Azərbaycanda iqtisadi tərəqqinin daha da sürətlənməsi üçün güclü potensial yaratmışdır. Xüsusilə gənclərin xarici təhsilə cəlbi ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə əhəmiyyətli töhfə vermişdir.

Postpandemiya və yeni strateji dövrün çağırışları, həmçinin milli inkişaf məqsədlərimiz nəzərə alınmaqla, ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yenilikçi təbəqənin iqtisadi fəallıq və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ehtiyac duyulan istiqamətlər üzrə qabaqcıl xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alması davamlı olmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sürətli inkişaf üçün zəruri olan müasir bacarıqlara malik insan kapitalının yaradılması, bu çərçivədə istedadlı gənclərin xarici ölkələrdə təhsil almasına dövlət dəstəyinin davam etdirilməsi, habelə uğurlu təcrübəyə əsaslanan effektiv maliyyələşmə modelinin formalaşdırılması məqsədilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2021-ci il

№2931

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status