×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.10.2021
QEYDİYYAT NÖMRƏSİ
306
ADI
"Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 14.10.2021, Nəşr Nömrəsi: 221), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.10.2021, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1175)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.10.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202110120306
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.10.2021

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1223-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 avqust tarixli 230 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “Elektron icra” informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə tapşırılsın və Azərbaycan Respublikasının Mərkəzi Bankına, Milli Depozit Mərkəzinə, İcbari Sığorta Bürosuna tövsiyə edilsin ki, bu Qərarla təsdiq edilmiş “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin 11.3-cü bəndində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsini təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görsünlər və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

4. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 12 oktyabr 2021-ci il

№ 306


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

“Elektron icra” informasiya sistemi haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə “Elektron icra” informasiya sisteminin (bundan sonra – informasiya sistemi) təşkilini, fəaliyyətini, digər qurumların informasiya sistemlərinə və ehtiyatlarına inteqrasiya olunmasını, habelə informasiya sistemindən istifadə qaydalarını, bununla bağlı təhlükəsizlik və mühafizə tədbirlərinin təmin edilməsinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. İnformasiya sistemi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, İnzibati Prosessual Məcəlləsi, “İcra haqqında”, “İcra məmurları haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Fərdi məlumatlar haqqında”, “Dövlət sirri haqqında”, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” (bundan sonra – Qaydalar) və digər normativ hüquqi aktlar əsasında fəaliyyət göstərir.

1.3. İnformasiya sisteminin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təmin edilir.

1.4. İnformasiya sistemi icra sənədlərinin və icra hərəkətlərinin elektron məlumat bazasının yaradılması, icra mexanizmlərinin təkmilləşdirilməsi, icra fəaliyyətində keyfiyyətin və çevikliyin artırılması, fiziki və hüquqi şəxslərə keyfiyyətli xidmətlərin göstərilməsi və onlar üçün informasiyanın əlçatanlığının təmin edilməsi məqsədilə formalaşdırılmışdır.

1.5. İnformasiya sisteminin saxlanması, fəaliyyəti və inkişaf etdirilməsi üçün zəruri xərclər dövlət büdcəsindən ayrılan vəsait, icra xidməti icra məmurlarının xüsusi fondu, habelə normativ hüquqi aktlarda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. istifadəçi – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müvafiq informasiya ehtiyatından informasiya əldəetmə və ya informasiyadan istifadə hüququ verilmiş dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər;

2.1.2. iştirakçı – icra qurumlarının rəhbərləri, icra məmurları və icra qurumlarının əməkdaşları;

2.1.3. sahib – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada informasiya sistemi üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə sistemin aparılmasını təmin edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

2.1.4. operator – sahibin normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə informasiya sisteminin fəaliyyətinin həyata keçirilməsi üzrə hüquq və vəzifələrini həvalə etdiyi struktur bölmə;

2.1.5. şəxsi elektron kabinet – istifadəçinin və ya iştirakçının özü barəsindəki məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirməsini, xidmətlərdən istifadə etməsini, həmçinin özünün sahib və ya operatorla qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifə.

 

3. İnformasiya sisteminin fəaliyyətinin prinsipləri

 

3.1. İnformasiya sisteminin fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:

3.1.1. informasiyanın vahid məlumat bazasında toplanması, emalı, axtarışı, təhlili və ötürülməsi;

3.1.2. informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyinin, tamlığının və etibarlılığının təmin edilməsi;

3.1.3. informasiya sisteminin fasiləsiz fəaliyyətinin təmin edilməsi;

3.1.4. kağız daşıyıcılardakı icra işləri haqqında məlumatların təhrif olunmasının və onların saxtalaşdırılmasının qarşısının alınması;

3.1.5. informasiya sistemindən eyni zamanda çoxsaylı istifadənin mümkünlüyü;

3.1.6. təhlükəsizliyin və məlumatların mühafizəsinin təmin edilməsi;

3.1.7. informasiya mübadiləsində bir-biri ilə uzlaşa bilən texnologiyaların və proqram-texniki vasitələrin tətbiq edilməsi;

3.1.8. məlumat mübadiləsi və sənəd dövriyyəsinin təşkil edilməsi.

 

4. İnformasiya sisteminin texniki-texnoloji infrastrukturu

 

4.1. İnformasiya sistemi aşağıdakı elementlərdən ibarətdir:

4.1.1. informasiya sisteminin proqram kompleksi;

4.1.2. informasiya sisteminin mərkəzi və ehtiyat avadanlıq kompleksi;

4.1.3. informasiya sisteminin şəbəkə infrastrukturu;

4.1.4. informasiya sistemi iştirakçılarının iş yerlərinin texniki vasitələri;

4.1.5. informasiya sisteminin məlumat bazası.

4.2. İnformasiya sisteminin proqram kompleksinə əməliyyat sistemləri, tətbiqi proqram təminatı, informasiyanın mühafizəsi və digər proqram vasitələri aiddir.

4.3. İnformasiya sisteminin mərkəzi və ehtiyat avadanlıq kompleksinə serverlər, yaddaş qurğuları, soyutma sistemləri, fasiləsiz enerji mənbəyi və digər texniki vasitələr aiddir. Sistemin proqram-texniki vasitələrinin nüsxələri informasiya sisteminin ehtiyat mərkəzində saxlanılır. Sistemin mərkəzi və ehtiyat avadanlıq kompleksi operatorun nəzarəti altında fəaliyyət göstərir.

4.4. İnformasiya sisteminin şəbəkə infrastrukturunu kommunikasiya avadanlıqları və mühafizə olunan rabitə kanalları təşkil edir.

4.5. İnformasiya sistemi iştirakçılarının iş yerlərinin texniki vasitələrinə kompüter dəsti, çap qurğusu, veb-kamera, barkod və sənədoxuyucu skanerlər, habelə digər zəruri elektron cihazlar daxildir. Bu texniki vasitələrin mühafizəsi və onlardan aidiyyəti üzrə istifadə iştirakçılar tərəfindən təmin edilməlidir.

4.6. İnformasiya sisteminin məlumat bazasında bütün icra sənədlərinə, icra sənədləri üzrə tərəflərə və icra sənədlərinin icrası vəziyyətinə dair məlumatlar əks olunur.

 

5. Təhlükəsizlik tədbirləri

 

5.1. Məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması, onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin müəyyən edilməsi və ehtimal edilən təhdidlərin neytrallaşdırılmasını təmin edən mühafizə sisteminin hazırlanması, tətbiqi və daim təkmilləşdirilməsi informasiya sisteminin təhlükəsizliyinin vacib elementləridir.

5.2. İnformasiya sistemində məlumatların işlənməsi zamanı proqram-texniki vasitələrin işinin pozulmasına səbəb olan təsirlərə yol verilməməlidir.

5.3. İnformasiya sistemində məlumatların təhlükəsiz şəkildə yazılması, sistemləşdirilməsi, yenilənməsi, dəyişdirilməsi, çıxarılması, silinməsi, saxlanılması, ötürülməsi və məhv edilməsi üçün mühafizə vasitələri sertifikatlaşdırılmalı, texniki tələblərə uyğun quraşdırılmalı və istismara verilməlidir.

5.4. İnformasiya sisteminə daxil edilən məlumatların etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə sistem istifadəçiləri və iştirakçıları yalnız Vahid Giriş Sistemindən (“ASAN Login”) istifadə etməklə sistemdə identifikasiya olunmalı və eyniləşdirilməlidirlər. İnformasiya sistemində elektron sənədlərin təsdiqi və göndərilməsi gücləndirilmiş elektron imzadan istifadə etməklə həyata keçirilməlidir.

5.5. İnformasiya sisteminin yaradılması və istifadəsi prosesində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, informasiyanın mühafizəsinə dair tələblərə riayət edilməlidir.

 

6. İnformasiya sisteminin funksiyaları

 

6.1. İnformasiya sistemi vasitəsilə aşağıdakılar təmin edilir:

6.1.1. icra sənədlərinin “Elektron məhkəmə”, “Elektron notariat” və ya digər müvafiq informasiya sistemləri vasitəsilə qəbul edilməsi;

6.1.2. icra sənədlərinin uçotunun elektron formada aparılması və sənədlərə avtomatlaşdırılmış qaydada vahid nömrə verilməsi;

6.1.3. icra sənədlərinin icra məmurları arasında bölgüsünün, icraata verilməsinin və qəbul edilməsinin həyata keçirilməsi;

6.1.4. icra hərəkətlərinin və onlarla bağlı digər tədbirlərin elektron qaydada həyata keçirilməsi;

6.1.5. icra hərəkətlərinin aparılmasına dair zəruri məlumatların real vaxt rejimində yoxlanılması;

6.1.6. icra hərəkətlərinə dair sənədlərin hazırlanması;

6.1.7. icra hərəkətinə dair tərtib edilmiş sənədlər üzərində barkodların və QR-kodların əks olunması;

6.1.8. icra sənədləri üzrə görülmüş tədbirlərin və icraatın nəticələrinin qeydiyyatının aparılması;

6.1.9. icra hərəkətləri üzrə statistik hesabatların avtomatlaşdırılmış qaydada hazırlanması və elektron formada göndərilməsi;

6.1.10. icra hərəkətləri üzrə elektron məlumat bazasında axtarışların aparılması;

6.1.11. icra hərəkətlərinə dair məlumatların avtomatlaşdırılmış rejimdə və ya sorğular əsasında digər informasiya sistemlərinə və ehtiyatlarına ötürülməsi;

6.1.12. sahib, istifadəçilər və iştirakçılar arasında məlumat və sənəd dövriyyəsinin şəxsi elektron kabinet vasitəsilə həyata keçirilməsi;

6.1.13. arxivləşdirilmiş icra sənədlərinin elektron bazasının yaradılması;

6.1.14. informasiya sisteminin istifadəçiləri və iştirakçıları üçün şəxsi elektron kabinetin yaradılması;

6.1.15. bu Əsasnamənin 11-ci hissəsində nəzərdə tutulmuş digər informasiya sistemləri ilə məlumat mübadiləsinin həyata keçirilməsi.

 

7. İnformasiya sistemi iştirakçısının hüquqları və vəzifələri

 

7.1. İnformasiya sisteminin iştirakçısının aşağıdakı hüquqları vardır:

7.1.1. informasiya sisteminin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

7.1.2. icra hərəkətlərinin aparılması zamanı digər informasiya sistemlərində məlumatları yoxlamaq, zəruri sənəd və arayışları əldə etmək.

7.2. İnformasiya sisteminin iştirakçısının aşağıdakı vəzifələri vardır:

7.2.1. məlumatları dolğun şəkildə sistemə daxil etmək, bu məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək;

7.2.2. informasiya sistemində aşkar olunan çatışmazlıqlar və nasazlıqlar barədə dərhal sahibə məlumat vermək;

7.2.3. informasiyanın mühafizəsi üçün proqram təminatının tələblərinə riayət etmək;

7.2.4. informasiya sistemindən yalnız xidməti məqsədlər üçün istifadə etmək;

7.2.5. sahib tərəfindən informasiya sisteminə yeni məlumat və məktubların daxil edilməsini daim nəzarətdə saxlamaq;

7.2.6. icra sənədlərinə və icra hərəkətlərinə dair informasiya sistemində saxlanılan məlumatlarda aşkar olunmuş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə yazılı, o cümlədən elektron qaydada məlumat vermək;

7.2.7. informasiya-kommunikasiya texnologiyalarından istifadə vərdişlərini və bacarıqlarını mütəmadi təkmilləşdirmək;

7.2.8. bu Əsasnamənin tələblərinə riayət etmək.

7.3. İştirakçı tərəfindən aşağıdakılara yol verilmir:

7.3.1. informasiya sistemindən xidmətdənkənar istifadə etmək;

7.3.2. informasiya sisteminin istifadəsi ilə bağlı əldə olunan məlumatları yaymaq;

7.3.3. məlumatların mühafizəsini təmin edən vasitələrə müdaxilə etmək;

7.3.4. informasiya sisteminin fəaliyyətini ləngidən, ona zərər yetirən və ya onun fəaliyyətinin dayanmasına səbəb ola bilən hərəkətləri etmək;

7.3.5. icra hərəkətləri üzrə sənədləri informasiya sistemindən kənar tərtib edərək çap etmək və ötürülməsini təmin etmək;

7.3.6. informasiya sisteminə giriş imkanı olan kompüteri bağlamadan və ya şifrəli giriş rejiminə gətirmədən iş yerini tərk etmək;

7.3.7. informasiya sisteminin istifadəçisi və ya iştirakçısı olmayan şəxslərə ondan istifadə etmək imkanı yaratmaq;

7.3.8. informasiya sistemindən istifadə zamanı kompüterin monitorunda əks olunan məlumatların kənar şəxslər tərəfindən oxunmasına imkan vermək, eləcə də informasiya sistemindən əldə olunan məlumatları özündə əks etdirən kağız daşıyıcıları nəzarətdən kənar qoymaq;

7.3.9. informasiya sistemindən əldə olunan məlumatları, eləcə də çıxarışları digər şəxslərə vermək və ya informasiya sistemindən kənar internet şəbəkəsi vasitəsilə göndərmək;

7.3.10. məlumatların mühafizəsi ilə bağlı tədbirlərin yoxlanılmasını həyata keçirən şəxslərə maneələr yaratmaq.

 

8. İnformasiya sistemi istifadəçilərinin hüquqları və vəzifələri

 

8.1. İnformasiya sistemi istifadəçilərinin aşağıdakı hüquqları vardır:

8.1.1. icra xidmətinin fəaliyyət istiqamətlərinə aid olan xidmətlərdən informasiya sistemi vasitəsilə istifadə etmək;

8.1.2. xidmətlərdən istifadə etmək üçün elektron kabinet yaratmaq;

8.1.3. tərəf olduqları bütün icra işləri barədə mövcud məlumatlarla tanış olmaq;

8.1.4. ərizə, şikayət və digər sənədləri icra qurumuna elektron qaydada göndərmək;

8.1.5. icraya və müraciətinə dair məlumatları elektron qaydada (elektron poçt və SMS vasitəsilə) almaq;

8.1.6. informasiya sisteminin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

8.1.7. bu Əsasnamədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

8.2. İnformasiya sistemi istifadəçiləri informasiya sisteminə məlumatları düzgün daxil etməlidirlər.

 

9. İnformasiya sisteminin sahibinin funksiyaları

 

9.1. Sahib aşağıdakı funksiyaları həyata keçirir:

9.1.1. informasiya sisteminin fəaliyyətini bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunan normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir, onun formalaşdırılmasına, aparılmasına, inteqrasiyasına, arxivləşdirilməsinə, dayanıqlı və etibarlı fəaliyyətinin təmin edilməsinə nəzarət edir;

9.1.2. informasiya sisteminin bu Əsasnamənin 11-ci hissəsində nəzərdə tutulmuş digər informasiya sistemləri və ehtiyatları ilə məlumat mübadiləsi üçün tədbirlər görür;

9.1.3. operator tərəfindən öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir;

9.1.4. informasiya sisteminin iştirakçılarının fəaliyyətinə nəzarət edir və onların qiymətləndirilməsini aparır;

9.1.5. informasiya sisteminin iştirakçıları tərəfindən məlumatların sistemə tam və vaxtında daxil edilməsinə nəzarət edir;

9.1.6. istifadəçilərin və iştirakçıların yazılı, o cümlədən elektron müraciəti əsasında informasiya sistemində saxlanılan məlumatlar üzərində dəyişikliklər edilməsini təmin edir;

9.1.7. informasiya sisteminin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarına, texniki xidmətinə, təmirinə və saxlanılmasına, tərtib olunmuş qrafik üzrə müvafiq profilaktik işlərin aparılmasına nəzarət edir;

9.1.8. mərkəzi və ehtiyat avadanlıq komplekslərində hər hansı qəza (xəta) baş verdiyi və ya informasiya sisteminin fəaliyyətində fasilə yarandığı halda informasiya sisteminin iştirakçılarını bu barədə məlumatlandırır;

9.1.9. sistemdəki məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin edir;

9.1.10. iştirakçıların informasiya sisteminə giriş hüququnu müəyyən edir və ya onların sistemə giriş imkanını ləğv edir;

9.1.11. informasiya sistemi üzrə statistik hesabatlar hazırlayır və onların təhlillərini aparır;

9.1.12. məlumatlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsi, qanunsuz müdaxilənin, məlumatların surətlərinin çıxarılmasının və (və ya) bu məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin qarşısının alınması, dəyişdirilmiş və ya məhv edilmiş məlumatların dərhal bərpası imkanının olmasını təmin edir;

9.1.13. Qaydalarda nəzərdə tutulmuş digər funksiyalar.

 

10. İnformasiya sisteminin operatorunun funksiyaları

 

10.1. Operator aşağıdakı funksiyaları həyata keçirir:

10.1.1. iştirakçıların informasiya sistemi vasitəsilə dayanıqlı, fasiləsiz, etibarlı və təhlükəsiz məlumat mübadiləsi aparmasını təmin edir;

10.1.2. iştirakçıların informasiya sistemindən istifadəsi zamanı yaranan nasazlıqları aradan qaldırmaq məqsədilə təxirəsalınmaz tədbirlər görür;

10.1.3. informasiya sistemi ilə məlumat mübadiləsində iştirak edəcək sahibin informasiya ehtiyatları müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılması məqsədilə sahibə təkliflər verir;

10.1.4. informasiya sisteminin proqram kompleksi üzərində mütəmadi olaraq nəzarət və texniki baxış həyata keçirir;

10.1.5. informasiya sistemində toplanılan texniki vasitələrin əməliyyatlarının qeydiyyat fayllarının (loq-faylların) monitorinqini həyata keçirir və baş verən xətalar üzrə təhlillər aparır;

10.1.6. sahibin müraciəti əsasında qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən ən qısa müddətdə proqram təminatında uyğunlaşdırma aparır, eləcə də yeni proqram modulları yazır və sınaqlar keçirərək tətbiq edir;

10.1.7. saxlanılan məlumatlar üzrə sürətli axtarışların həyata keçirilməsi məqsədilə məlumat bazasının mütəmadi optimallaşdırılmasını təşkil edir;

10.1.8. məlumat bazasının ehtiyat nüsxəsinin sahib tərəfindən müəyyənləşdirilmiş qaydada saxlanılmasını təmin edir;

10.1.9. məlumat bazası üzrə sahibin tələb etdiyi məzmunda hesabatlar hazırlayır;

10.1.10. bu Əsasnamənin 11-ci hissəsində nəzərdə tutulmuş digər informasiya ehtiyatları ilə məlumat mübadiləsinin təşkili üçün zəruri elektron servislər yazır və sazlayır;

10.1.11. avadanlıqların proqram təminatının yenilənməsini təmin edir;

10.1.12. proqram təminatının lisenziyalaşdırılmasını təmin edir, lisenziyalı proqram təminatlarının işlək vəziyyətdə olmasını yoxlayır və yenilənmələri həyata keçirir;

10.1.13. müəyyən edilmiş qrafik üzrə, eləcə də sahibinin müraciəti əsasında informasiya sisteminin yerləşdiyi server və şəbəkə avadanlıqlarına profilaktik baxış keçirilməsini təmin edir və aktlaşdırır;

10.1.14. mərkəzi və ehtiyat avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi və informasiya sisteminin fəaliyyətində hər hansı fasilə yarandığı halda informasiya sisteminin sahibini bu barədə məlumatlandırır;

10.1.15. mərkəzi və ehtiyat avadanlıqlarında yaranan nasazlıqların təxirə salınmadan aradan qaldırması istiqamətində işlər aparır;

10.1.16. mütəmadi olaraq şəbəkə infrastrukturunda məlumatötürmə sürətini ölçür və fasilələrin yaranmasının müəyyən edilməsi məqsədilə monitorinqlər keçirir;

10.1.17. qanunsuz daxilolma və saxtalaşdırma hallarının qarşısını alır, habelə giriş və əməliyyat tarixçələrini (loqları) saxlayır;

10.1.18. server və şəbəkə avadanlıqlarının yerləşdiyi otaqlarda fasiləsiz elektrik enerjisini, yanğın təhlükəsizliyini və tələb olunan temperaturu tənzimləyən avadanlıqlara müəyyən edilmiş qaydada texniki baxış keçirir və aşkar olunmuş nasazlıqları aradan qaldırır;

10.1.19. informasiya sistemində edilməli olan dəyişiklik barədə dərhal sahibi məlumatlandırır;

10.1.20. informasiya sistemində mövcud olan məlumatların konfidensiallığının qorunması üçün tədbirlər görür;

10.1.21. dövlət informasiya ehtiyatının və sisteminin dayanıqlı və fasiləsiz fəaliyyətini təmin edir, informasiya ehtiyatının və sisteminin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin edir, sahibin tələbinə əsasən sistemin fəaliyyətini təşkil edir, dəyişiklik, təkmilləşdirmələr və profilaktik işlər aparır;

10.1.22. sahibin müraciəti əsasında informasiya sistemində digər texniki işlər həyata keçirir.

 

11. İnformasiya sistemi ilə əlaqəli fəaliyyət göstərən digər informasiya ehtiyatları və sistemləri

 

11.1. Məlumat-axtarış işinin operativliyini və səmərəliliyini artırmaq məqsədilə informasiya sistemi Azərbaycan Respublikası Vergi Məcəlləsinin, “Dövlət sirri haqqında”, “Fərdi məlumatlar haqqında”, “Banklar haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, digər dövlət informasiya sistemləri ilə əlaqəli fəaliyyət göstərir.

11.2. Sistemə informasiya ehtiyatları və sistemlərinin inteqrasiyası və məlumat mübadiləsinin təşkili Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Qaydalara uyğun olaraq həyata keçirilir.

11.3. İcra sənədləri üzrə icraatın aparılması zamanı icra məmurunun sorğusu əsasında əldə olunan məlumatlar aşağıdakılardır:

11.3.1. borclu şəxslərin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə dair məlumatlar;

11.3.2. borclu şəxslərin nəqliyyat vasitəsi üzərində qadağa və məhdudiyyətlərə dair məlumatlar;

11.3.3. borclu şəxslərin sürücülük vəsiqələrinə dair məlumatlar;

11.3.4. borclu şəxslərin axtarışına dair məlumatlar;

11.3.5. borclu şəxslərin sərhəd keçməsinə dair məlumatlar;

11.3.6. borclu şəxslərin cəzaçəkmə müəssisələrində cəza çəkmələri barədə məlumatlar;

11.3.7. borclu şəxslərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət və digər əşya hüquqlarına, habelə onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatlar;

11.3.8. borclu şəxslərin dövlət torpaq kadastrı üzrə torpaq sahələrinin hüquqi statusuna dair məlumatlar;

11.3.9. borclu hüquqi və fiziki şəxslərin vergi ödəyicisi kimi uçotda olmasına, fəaliyyət sahəsinə, ünvanlarına, hüquqi şəxsin rəhbərinə dair məlumatlar;

11.3.10. vergi orqanları tərəfindən qaldırılmış iddialar (ərizələr) əsasında qəbul edilmiş məhkəmə qərarları üzrə hüquqi və fiziki şəxslərin borclarına, həmin borclardan ödənilmiş məbləğə dair məlumatlar;

11.3.11. icra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar borcluların bütün növ bank hesablarının qalıqları barədə məlumatlar (hesabın nömrəsi, hesabın növü, hesabdakı vəsaitin miqdarı);

11.3.12. borclu kommersiya hüquqi şəxslərinin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı paylarına dair məlumatlar;

11.3.13. borclu fiziki şəxslərin məcburi dövlət sosial sığortası üzrə fərdi uçot sistemində sığortaolunan kimi qeydiyyatda olmasına dair məlumatlar;

11.3.14. borclu fiziki şəxslərin pensiya, sosial müavinət və ünvanlı dövlət sosial yardım alıb-almamasına dair məlumatlar;

11.3.15. borclu şəxslər üzrə məcburi dövlət sosial sığorta hesabına alınan müavinətlərə dair məlumatlar;

11.3.16. borclu şəxslərin əmək müqavilələrinə dair məlumatlar;

11.3.17. şəxslərin telefon nömrələrinə dair məlumatlar;

11.3.18. icbari sığorta müqavilələrinə dair məlumatlar;

11.3.19. borclu şəxslərin qiymətli kağızlar və onların yüklülüyünə dair məlumatlar;

11.3.20. borclu şəxslərin mülkiyyətində və ya istifadəsində olan texnoloji nəqliyyat vasitələrinə, kiçikhəcmli gəmilərə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı”nda qeyd olunan digər mexaniki nəqliyyat vasitələrinə dair məlumatlar;

11.3.21. borclu şəxslərin mülkiyyətində və ya istifadəsində olan traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı”nda qeyd olunan mexaniki nəqliyyat vasitələrinə dair məlumatlar;

11.3.22. borclu şəxslərin mülkiyyətində və ya istifadəsində olan yarış məqsədli idman nəqliyyat vasitələrinə dair məlumatlar;

11.3.23. borclu fiziki şəxsin müddətli həqiqi hərbi xidmətdə olmasına dair məlumatlar;

11.3.24. borclu fiziki şəxsin həqiqi hərbi xidmətdə olubolmamasına dair məlumatlar;

11.3.25. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlərə dair məlumatlar;

11.3.26. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış, habelə müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxslərə dair məlumatlar;

11.3.27. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatına dair məlumatlar;

11.3.28. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən vətəndaşlara dair məlumatlar;

11.3.29. “Elektron notariat” informasiya sistemindən icra qeydlərinə, vərəsəlik işlərinin açılıb-açılmamasına, daşınmaz əmlakın özgəninkiləşdirilməsi müqavilələrinə, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsinə, icarə müqaviləsinin təsdiq edilməsinə, nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilə, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamələrə və qiymətli kağızlara dair rəsmiləşdirilmiş müqavilələrə aid məlumatlar;

11.3.30. “Elektron məhkəmə” informasiya sistemindən icra vərəqələri və məhkəmə əmrləri.

 

12. İnformasiya sisteminin fəaliyyətinin təşkili

 

12.1. İnformasiya sisteminin fəaliyyətinin və təhlükəsizliyinin təşkili, aidiyyəti qurumlarla qarşılıqlı fəaliyyətin təmin edilməsi sahib tərəfindən həyata keçirilir.

12.2. İnformasiya sistemi daxilində informasiya ehtiyatlarından istifadəyə buraxılış həddi sahib tərəfindən müəyyən edilir.

12.3. İnformasiya sisteminə məlumatlar iştirakçı və istifadəçi tərəfindən Vahid Giriş Sistemindən (“ASAN Login”) istifadə etməklə daxil olunmalı və təsdiqləyən şəxsin gücləndirilmiş elektron imzası ilə imzalanmalıdır.

12.4. İcra hərəkətlərinin aparılması üçün tələb olunan məlumatlar informasiya sistemi vasitəsilə yoxlanılır, arayış və sənədlərə dair məlumatlar bu Əsasnamənin 11-ci hissəsində nəzərdə tutulmuş digər informasiya resurslarından real vaxt rejimində əldə edilir.

12.5. İcra hərəkətləri üzrə sənədlərin layihəsi informasiya sistemi vasitəsilə tərtib olunur. İştirakçı tərəfindən informasiya sistemində hər icra hərəkəti üzrə mövcud səhifələrdə zəruri xanalar doldurulduqdan sonra sənəd layihəsi avtomatlaşdırılmış formada generasiya olunur.

12.6. Sənəd təsdiq edilərkən avtomatik qaydada informasiya sisteminin məlumat bazasına daxil edilir, çap olunan zaman üzərində barkod və QR kod yerləşdirilir.

12.7. İnformasiya sisteminə daxil edilən məlumatlar dolğun olmalı, zəruri xanalar tam doldurulmalı, sözlər və ya rəqəmlər ixtisarla ifadə edilməməlidir.

12.8. Məlumatlar informasiya sisteminə Azərbaycan dilində daxil edilir.

12.9. İnformasiya sisteminə daxil edilmiş məlumatlarda çatışmazlıqlar aşkar olunduqda, onların aradan qaldırılması sahib tərəfindən iştirakçının yazılı, o cümlədən elektron müraciəti əsasında həyata keçirilir.

 

13. İnformasiya sistemindən istifadə qaydası

 

13.1. İnformasiya sistemindən istifadə elektron kabinet vasitəsilə həyata keçirilir.

13.2. İstifadəçilər və iştirakçılar Vahid Giriş Sistemi (“ASAN login”) ilə eyniləşdirildikdən sonra avtomatik qaydada yaradılmış elektron kabinetləri vasitəsilə özlərinə aid sənədləri (məlumatları) əldə edə, habelə onların gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron variantlarını çap edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə bilərlər.

13.3. İstifadəçilər informasiya sistemində yaradılan elektron kabinetləri vasitəsilə özləri haqqında toplanan məlumatlarda dəyişiklik edilməsi barədə müraciət edə, habelə həmin məlumatlardan istifadə olunması barədə informasiyanı əldə edə (onlarla tanış ola) bilərlər.

13.4. Sahib istifadəçinin informasiya sistemindəki məlumatlarına (elektron kabinetə) giriş hüquqlarını aşağıdakı hallarda məhdudlaşdıra bilər:

13.4.1. informasiya sisteminə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə;

13.4.2. bu Əsasnamə ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status