AKTIN NÖVÜ
Mərkəzi bankının qərarı
QƏBUL EDİLDİYİ TARİX
12.11.2021
QEYDİYYAT NÖMRƏSİ
32/1
ADI
“Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.11.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.00
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23202111120321
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.11.2021

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin

QƏRARI

 

№ 32/1

 

Bakı şəhəri

“12” noyabr 2021-ci il

 

“Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 35.4-cü, “Bank olmayan kredit təşkilatları haqqında” Qanununun 22.1-ci, “Kredit ittifaqları haqqında” Qanununun 15-1.1-ci və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanununun 22.0.17-ci maddələrinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

 

QƏRARA ALIR:

 

1. “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci il 08 oktyabr tarixli 1851100011 nömrəli Qərarı ləğv edilsin.

3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Mərkəzi Bankın sədri

Elman Rüstəmov

 


 

 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar № 32/1

 

“12” noyabr 2021-ci il

 

 

Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi

Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinə, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1.1-ci maddəsinə müvafiq olaraq hazırlanmışdır.

1.2. Bu Qayda kredit təşkilatlarının hər bir borcalanı haqqında məlumatın Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə (bundan sonra – MKR) verilməsi qaydasını, həmçinin bu məlumatın xarakterini və tərkibini müəyyən edir.

 

2. Anlayışlar

 

2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1 kredit - hesabat tarixinə istənilən valyutada borc verilmiş pul vəsaiti, açılmış kredit xətləri, verilmiş qarantiya və zaminliklər, faktorinq və lizinq əməliyyatları, habelə balansdan silinmiş kreditlər (banklararası kreditlər və bankların xarici filiallarının verdikləri kreditlər istisna olmaqla);

2.1.2. məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən  kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı;

2.1.3. kreditin eyniləşdirmə nömrəsi -  kredit təşkilatı tərəfindən kreditə verilən və məlumat təchizatçısının daxilində təkrar olunmayan unikal kod;

2.1.4. birgə borcalanlar qrupunun eyniləşdirmə nömrəsi -  kredit təşkilatı (kredit ittifaqları istisna olmaqla) tərəfindən birgə borcalanlar qrupuna verilən və məlumat təchizatçısının daxilində təkrar olunmayan unikal kod;

2.1.5. birgə borcalanlar qrupu - “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş şəxslər;

2.1.6. fərdi sahibkar - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.

 

3. MKR-ə məlumatların təqdim edilməsi

 

3.1. Kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir.

3.2. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir.

3.3. MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir.

3.4. Məlumatın son verilmə tarixi qeyri-iş gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir.

3.5. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir.

3.6. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir.

3.7. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir.

3.8. Hər hansı kreditin eyniləşdirmə nömrəsində dəyişiklik tələb olunarsa, bu haqda MKR-ə kredit təşkilatı tərəfindən yazılı məlumat verilməklə, köhnə və yeni nömrələrin siyahısı təqdim edilir.

3.9. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər.

3.10. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.


 

 

“Kredit təşkilatlarının borcalanları haqqında

məlumatın Mərkəzləşdirilmiş Kredit

Reyestrinə verilməsi Qaydası”na Əlavə 1

 

MKR-ə təqdim edilən məlumatların tərkibi

 

1. Kredit təşkilatı barədə:

1.1. adı;

1.2. lisenziyasının nömrəsi (ləğvetmə prosesində olan hallar istisna olmaqla).

2. Borcalan fiziki şəxs barədə:

2.1. adı, soyadı, atasının adı;

2.2. şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi;

2.3. doğulduğu yer və tarix;

2.4. fərdi indentifikasiya nömrəsi;

2.5. fərdi sahibkarın VÖEN-i;

2.6. fərdi sahibkarın müflis elan olunub-olunmaması.

3. Borcalan hüquqi şəxs barədə:

3.1. adı;

3.2. VÖEN-i;

3.3. müflis elan olunub-olunmaması.

4. Birgə borcalanlar qrupu barədə:

4.1. qrupun adı;

4.2. eyniləşdirmə nömrəsi.

5. Zamin fiziki şəxs barədə:

5.1. adı, soyadı, atasının adı;

5.2. şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi;

5.3. doğulduğu yer və tarix;

5.4. fərdi sahibkarın VÖEN-i.

6. Zamin hüquqi şəxs barədə:

6.1. adı;

6.2. VÖEN-i.

7. Kredit:

7.1. eyniləşdirmə nömrəsi;   

7.2. forması:

7.2.1. borc pul;

7.2.2. kredit xətti;

7.2.3. kredit kartı;

7.2.4. qarantiya və ya zaminlik;

7.2.5. overdraft xətləri;

7.2.6. balansdan silinmiş kreditlər;

7.2.7. lizinq;

7.2.8. faktorinq;

7.3. məbləği;

7.4. açılmış kredit xətləri üzrə limitlərin tam məbləği;

7.5. hesabat tarixinə kredit üzrə ödənilməli əsas borc məbləği;

7.6. hesabat tarixinə kreditin müqavilə üzrə alınmamış faiz məbləği;

7.7. valyutası;

7.8. verilmə tarixi;

7.9. ilkin müqavilədə göstərilmiş ödəniş tarixi;

7.10. vaxtının uzadılması, yenidən rəsmiləşdirilmə, restrukturizasiya və başqa dəyişikliklərlə bağlı müqavilə üzrə son ödəniş tarixi;

7.11. müddət (aylarla);

7.12. illik faiz dərəcəsi;

7.13. ay ərzində ödənilməli məbləğ;

7.14. hesabat tarixinə sonuncu ödənişin tarixi;

7.15. təyinatı:

7.15.1. fiziki şəxslərə istehlak kreditləri;

7.15.2. fiziki şəxslərə ipoteka kreditləri;

7.15.3. ticarət və xidmət sektoru;

7.15.4. energetika, kimya və təbii ehtiyatlar sektoru;

7.15.5. kənd təsərrüfatı və emal sektoru;

7.15.6. inşaat və əmlak sektoru;

7.15.7. sənaye və istehsal sektoru;

7.15.8. nəqliyyat və rabitə sektoru;

7.15.9. neft-qaz sektoru;

7.15.10. digər;

7.16. kreditin əsas borcunun müqavilə ilə müəyyən edilmiş ödəniş tarixindən keçən günlərin (gecikdirilmə günlərinin) sayı;

7.17. faizlərin müqavilə üzrə müəyyən edilmiş ödəniş tarixindən keçən günlərinin sayı;

7.18. ödəmə vaxtının uzadılması, yenidən rəsmiləşdirilməsi, restrukturizasiyası və digər dəyişikliklərin sayı;

7.19. təsnifatı:

7.19.1. nağd pulla təmin olunmuş;

7.19.2. qənaətbəxş kreditlər;

7.19.3. nəzarət altında olan kreditlər;

7.19.4. qeyri-qənaətbəxş kreditlər;

7.19.5. təhlükəli kreditlər;

7.19.6. ümidsiz kreditlər.

7.20. statusu:

7.20.1. tam ödənilmiş;

7.20.2. qeyri-işlək;

7.20.3. balansdan silinmiş;

7.20.4. işlək.

8. Təminat üsulu:

8.1. girov (ipoteka):

8.1.1. növü:

8.1.1.1. daşınmaz əmlak;

8.1.1.2. daşınar əmlak;

8.1.1.3. hesabda olan vəsait;

8.1.2. predmeti və təsviri;

8.1.3. dəyəri (manatla);

8.1.4. qeydiyyata almış dövlət orqanının (qurumunun) adı və qeydiyyat tarixi;

8.2. zaminlik;

8.3. qarantiya;

8.4. təminatsız;

8.5. digər.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status