Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Müəyyən edilsin ki:
1.1. 2021-ci il dekabrın 13-dən etibarən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa edilir;
1.2. ictimai iaşə obyektlərinin 2021-ci il 31 dekabr saat 00:00-dan etibarən 2022-ci il 1 yanvar saat 02:00-dək fəaliyyət göstərməsinə icazə verilir;
1.3. 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq), habelə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının əlavəsində nəzərdə tutulan iş və xidmət sahələri işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir;
1.4. bu Qərarın 1.1-ci bəndində nəzərdə tutulan xidmətlərdən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilərlər.
2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddələr 1209, 1231, № 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, № 11, maddə 1387, 1394, № 12 (V kitab), maddələr 1588, 1592, 1612; 2021, № 1, maddələr 92, 106, № 3, maddələr 267, 290, 291, № 4, maddə 403, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 683, 692, № 7, maddələr 868, 882, № 8, maddə 974, № 9, maddə 1079; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 324 nömrəli Qərarı) 1.1.14-cü yarımbəndindən “və hamam” sözləri çıxarılsın.
3. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 668, 679, 683, № 7, maddələr 872, 890, 891, № 8, maddələr 957, 971, № 9, maddələr 1051, 1079; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 15 oktyabr tarixli 313 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.3-cü bənddə “COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı)” sözləri “COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı” sözləri ilə əvəz edilsin;
3.2. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.4. 2022-ci il fevralın 1-dən etibarən bu Qərarın əlavəsində nəzərdə tutulan iş və xidmət sahələri işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir.”;
3.3. 2.5-3.3-cü yarımbənddə “COVID-19-a qarşı tam peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVID-19 pasportu)” sözləri “COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı” sözləri ilə əvəz edilsin;
3.4. 2.5-5.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.5-5.1. 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir.”;
3.5. 2.5-5.2-ci və 2.5-5.3-cü yarımbəndlərdə ismin müvafiq hallarında “COVID-19 pasportu” sözləri ismin müvafiq hallarında “COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı” sözləri ilə əvəz edilsin;
3.6. 2.6-1-ci bənd ləğv edilsin;
3.7. aşağıdakı məzmunda 2.5-8-ci və 2.5-9-cu bəndlər əlavə edilsin:
“2.5-8. 2021-ci il 13 dekabr tarixindən etibarən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa edilir;
2.5-9. bu Qərarın 2.5-8-ci bəndində nəzərdə tutulan xidmətlərdən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilərlər.”;
3.8. həmin Qərara əlavə - “İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb edildiyi iş və xidmət sahələrinin Siyahısı” üzrə:
3.8.1. adı aşağıdakı redaksiyada verilsin:
“İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədinin olması, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olmasının tələb edildiyi iş və xidmət sahələrinin Siyahısı”;
3.8.2. 7.23-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.24-cü bənd əlavə edilsin:
“7.24. hamam xidmətləri.”.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 11 dekabr 2021-ci il
№ 389