×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
22.12.2021
QEYDİYYAT NÖMRƏSİ
1512
ADI
“Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 23.12.2021, Nəşr Nömrəsi: 279), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.12.2021, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1377)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.12.2021
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202112221512
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.12.2021
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2021-ci il sentyabrın 22-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan tərəfinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 dekabr 2021-ci il

                     № 1512


 

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Macarıstan Milli

Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında

 

SAZİŞ

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Macarıstan Milli Arxivi,

hər iki Tərəfin arxiv işi sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmaq və onu təşviq etmək səylərini nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Tərəflər öz dövlətlərinin milli qanunvericiliyi çərçivəsində arxiv işi sahəsində təcrübə mübadiləsi aparırlar.

 

Maddə 2

 

Tərəflər Tərəflərin dövlət arxivlərində tədqiqat işləri aparır və Tərəflər arasında hər il qarşılıqlı razılaşdırılmalı olan mütəxəssislər mübadiləsini həyata keçirirlər.

Tərəflər bu Sazişin qüvvəyə minməsindən sonra iki aydan gec olmayaraq aparılacaq tədqiqat işlərinin tarixi və mövzuları, habelə mübadilə ediləcək mütəxəssislərin sayı barədə razılığa gəlirlər.

Tərəflər öz hökumətləri tərəfindən təminat verilmiş maliyyə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin edirlər.

 

Maddə 3

 

Tərəflər dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq digər Tərəfin tarixini əks etdirən, yaxud hökumətlərarası münasibətləri əks etdirən sənədlərdən istifadə işini öz milli arxivlərində asanlaşdırırlar.

 

Maddə 4

 

Tərəflər arxiv fondlarını zənginləşdirir və hər iki ölkədə elmi tədqiqatların tələblərinə daha yaxşı cavab vermək məqsədilə, dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq hər iki Tərəfin tarixinə, yaxud dövlətləri arasındakı əlaqələrə dair arxiv sənədlərinin surətlərini ödənişsiz mübadilə edirlər.

Tərəflər bu yolla əldə edilmiş sənədləri müstəsna olaraq elmi-praktiki məqsədlər üçün istifadə edirlər və yalnız qarşı Tərəfin razılığı ilə onları dərc edə və yaya bilərlər.

 

Maddə 5

 

Tərəflər əvvəlcədən razılaşdırılmış mövzular üzrə birlikdə sənəd sərgiləri təşkil edir, rəqəmsal layihələr nümayiş etdirir, habelə onların dövlətlərinin qarşılıqlı əlaqələrinə dair arxiv sənədlərinin nəşri və yayımını reallaşdırırlar.

 

Maddə 6

 

Tərəflər dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq siyahılar, məlumat kitabları, kataloqlar, sənəd məcmuələri kimi materialları, habelə başqa xüsusi ədəbiyyatları ödənişsiz mübadilə edirlər.

 

Maddə 7

 

Tərəflər qarşılıqlı razılıq əsasında öz dövlətlərinin milli qanunvericiliyinə uyğun olan digər əməkdaşlıq formalarını istisna etmir.

 

Maddə 8

 

Bu Sazişin təfsiri zamanı yarana biləcək hər hansı fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.

 

Maddə 9

 

Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə hər hansı əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan və onun 10-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minən ayrıca protokollar formasında rəsmiləşdirilir.

 

Maddə 10

 

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların tamamlanması barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdə qüvvəyə minir.

Bu Saziş beş il müddətinə bağlanılır və Tərəflərdən hər hansı biri bu müddətin bitməsindən ən azı 6 ay əvvəl bu Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildiriş vermədiyi təqdirdə, bu Sazişin qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.

Nyu-York şəhərində 2021-ci il 22 sentyabr tarixində, Azərbaycan, macar və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.

 

Azərbaycan Respublikasının Milli

Macarıstan Milli Arxivi

Arxiv İdarəsi adından

adından

(imza)

(imza)

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status