AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
04.02.2022
QEYDİYYAT NÖMRƏSİ
04/1
ADI
“İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”in təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.02.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23202202040041
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.02.2022

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN

 

QƏRARI

 

№ 04/1

 

Bakı şəhəri

04 fevral 2022-ci il

 

“İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”in təsdiq edilməsi barədə

 

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 4.5-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

 

QƏRARA  ALIR:

 

1. “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

 

Mərkəzi Bankın sədri

Elman Rüstəmov


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar № 04 /1

04 fevral 2022-ci il

 

İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün

ƏLAVƏ TƏLƏBLƏR

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əlavə Tələblər (bundan sonra – Tələblər) “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 4.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və icbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün əlavə tələbləri müəyyən edir.

1.2. Qanunun 4.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müvafiq sığortaçıya Qanunda nəzərdə tutulmuş hər hansı icbari sığorta növünün aparılmasına icazə verilməsi üçün həmin sığortaçı Qanunun 27.2-ci maddəsində müəyyən edilmiş tələblərə cavab verməklə yanaşı, Tələblərdə nəzərdə tutulanlara da riayət etməlidir.

 

2. İqtisadi rayonlardakı bölmələrin mövcudluğu ilə bağlı tələb

 

2.1. Tələblərin 2.2-ci bəndi nəzərə alınmaqla, sığortaçıya hər hansı icbari sığorta növünün aparılmasına icazə verilməsi üçün o, Azərbaycan Respublikasının aşağıdakı hər bir iqtisadi rayonuna daxil olan rayon və (və ya) şəhərlərdən ən azı birində zərərlərin tənzimlənməsi üçün lazımi imkanları olan filial və ya nümayəndəliyə malik olmalıdır:

2.1.1. Bakı iqtisadi rayonu (Bakı şəhəri);

2.1.2. Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);

2.1.3. Abşeron-Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);

2.1.4. Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);

2.1.5. Gəncə-Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);

2.1.6. Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);

2.1.7. Qazax-Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);

2.1.8. Quba-Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);

2.1.9. Lənkəran-Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);

2.1.10. Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);

2.1.11. Mil-Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);

2.1.12. Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);

2.1.13. Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);

2.1.14. Şirvan-Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

2.2. Sığortaçının baş ofisinin yerləşdiyi rayon və ya şəhərin daxil olduğu iqtisadi rayonda Tələblərin 2.1-ci bəndində nəzərdə tutulmuş filial və nümayəndəliyin açılması tələb olunmur.

 

3. İqtisadi rayonlardakı bölmələr barədə məlumatlandırma

 

Sığortaçı Tələblərin 2-ci hissəsində nəzərdə tutulmuş filial və ya nümayəndəliklər, o cümlədən onların ünvanı və telefon nömrələri barədə məlumatların özünün rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etməlidir.

 

4. Elektron informasiya sistemi ilə bağlı tələb

 

Sığortaçıya Qanunda nəzərdə tutulmuş hər hansı icbari sığorta növünün aparılmasına icazə verilməsi üçün onun elektron informasiya sistemi İcbari Sığorta Bürosunun elektron informasiya sisteminə veb-servis vasitəsilə qoşulmaq imkanına malik olmalıdır.

 

4-1. Rəsmi internet səhifəsi ilə bağlı tələb

 

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün aparılmasına icazə verilməsi üçün sığortaçı sığortalılarla müvafiq icbari sığorta müqaviləsinin öz rəsmi internet səhifəsi vasitəsilə Qanunun 8.1-ci maddəsinə uyğun olaraq bağlanması imkanına malik olmalıdır. [1]

 

5. Keçid müddəalar

 

5.1. Tələblərin qüvvəyə mindiyi günə İcbari Sığorta Bürosunun üzvü olan sığortaçılar iqtisadi rayonlar üzrə mövcud filial və nümayəndəliklərinin yerləşdirilməsini 6 (altı) ay müddətində Tələblərin 2-ci hissəsinə uyğunlaşdırmalıdırlar.

5.2. İqtisadi rayonun bütün şəhər və rayonlarında giriş-çıxışın xüsusi rejimi tətbiq edildikdə Tələblərin 2.1-ci bəndi həmin rejim müvafiq iqtisadi rayona daxil olan hər hansı rayon və şəhərdə başa çatdıqdan 6 (altı) ay sonra tətbiq edilir.

5.3. Tələblərin 4-1-ci hissəsinin qüvvəyə mindiyi günə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün aparılmasına icazəsi olan sığortaçılar öz rəsmi internet səhifəsinin texniki imkanlarını 10 (on) gün müddətində Tələblərin 4-1-ci hissəsinə uyğunlaşdırmalıdırlar. [2]


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 28 dekabr 2022-ci il tarixli 60/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202212280605, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 yanvar 2023-cü il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 dekabr 2022-ci il tarixli 60/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202212280605, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 yanvar 2023-cü il) ilə “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”in yeni məzmunda 4-1-ci hissə əlavə edilmişdir.

[2] 28 dekabr 2022-ci il tarixli 60/5 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202212280605, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 yanvar 2023-cü il) ilə “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”in yeni məzmunda 5.3-cü bənd əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status