AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
16.03.2022
QEYDİYYAT NÖMRƏSİ
1632
ADI
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 17.03.2022, Nəşr Nömrəsi: 58), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.03.2022, Nəşr nömrəsi: 3, Maddə nömrəsi: 220)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.03.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202203161632
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.03.2022
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 mart 2022-ci il

                   № 1632


 

Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın tədarükünə dair

 

ANLAŞMA MEMORANDUMU

 

Bu Anlaşma Memorandumu (“Memorandum”) 22 dekabr 2021-ci il tarixində bundan sonra təklikdə “Tərəf” və birlikdə isə “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti adından hazırlanmışdır.

NƏZƏRƏ ALARAQ Kİ:

A. Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti 25 oktyabr 2011-ci il tarixində bu Memorandumun çərçivəsini müəyyən edən “Türkiyə Respublikasına təbii qazın satışı və Azərbaycan mənşəli təbii qazın Türkiyə Respublikası ərazisindən tranzit keçidi və Türkiyə Respublikası ərazisindən təbii qazın nəqli üçün müstəqil boru kəmərinin inkişafına dair Saziş”i (“IGA”) bağlamışlar;

B. “Boru Hatları ile Petrol Taşıma A.Ş.” (“BOTAŞ”) və Azərbaycan Qaz Təchizatı Şirkəti 25 oktyabr 2011-ci il tarixində IGA (“SPA”) əsasında “Təbii qazın alqı-satqı müqaviləsi”ni bağlamışlar;

C. Azərbaycan Respublikası “BOTAŞ” və “SOCAR Turkey Petrokimya A.Ş.” (“STPAŞ”) arasında bağlanacaq müqaviləyə əsasən “STPAŞ” üçün ildə 1,7 milyard kubmetrə (“bcma”) qədər təbii qaz almaq niyyətində olduğunu bəyan etmişdir.

Hazırda buna görə Tərəflər aşağıdakılar barədə razılığa gəldilər:

1. “BOTAŞ” SPA illik həcmindən 1,7 bcma qədər təbii qazı 31 dekabr 2024-cü il tarixinədək “STPAŞ”-a tədarük edir. “STPAŞ” bu illik həcmdən “SOCAR Turkey Enerji A.Ş.”-nin şirkətlər qrupunun ehtiyaclarını ödəmək üçün istifadə edir.

2. 1-ci bənddə nəzərdə tutulmuş təbii qazın həcmləri üçün qiymətə SPA idxal qiyməti, üstəlik əgər varsa, “BOTAŞ” tərəfindən Türkiyə Respublikası ərazisində çəkilmiş nəqliyyat tarifi və digər nəqliyyat xərcləri, həmçinin Türkiyə Respublikasında tətbiq olunan bütün vergilər daxildir.

3. 1 və 2-ci bəndlərin icrası məqsədilə çatdırılma üçün mövcud olan kommersiya şərtləri və miqdarları hər il “BOTAŞ”-ın müvafiq qaz satışı müqavilələrindəki “al və ya ödə” öhdəlikləri nəzərə alınmaqla, “BOTAŞ” və “STPAŞ” arasında bağlanacaq ayrıca müqavilə ilə razılaşdırılır.

4. Tərəflər mövcud təbii qaz boru kəmərlərinin, o cümlədən “Bakı-Tbilisi-Ərzurum” və “Trans-Anadolu Təbii Qaz Boru Kəməri” boru kəmərlərinin mövcud texniki imkanlarından maksimum istifadə etmək üçün Azərbaycandakı “upstream” layihələri üzrə hasil olunacaq və ya Azərbaycan vasitəsilə nəql olunacaq əlavə təbii qaz həcmlərinin ötürülməsi üçün səylərini əsirgəmir. Bu xüsusda Türkiyə Tərəfi bu növ təbii qaz həcmlərinin Türkiyənin təbii qaz bazarı daxilində ticarəti üçün bütün zəruri dəstəyi verir.

5. Tərəflər hər iki ölkə üçün faydalı hesab edilən qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı daha da genişləndirmək qərarına gəldilər.

6. 5-ci bəndin məqsədləri üçün “BOTAŞ” və SOCAR bütün fəaliyyətləri həyata keçirir və zəruri hallarda birbaşa özləri və ya törəmə müəssisələri vasitəsilə birgə müəssisə(lər) yaradırlar.

7. Bu Memorandum onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların tamamlanması barədə Tərəflərin diplomatik kanallar vasitəsilə bir-birini xəbərdar etdiyi sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

8. Bu Memorandum 31 dekabr 2024-cü il tarixinədək qüvvədə qalır və hər iki Tərəfin qarşılıqlı razılığı əsasında dəyişdirilə və əlavələr edilə bilər.

9. Tərəflər arasında bu Memorandum ilə bağlı və ya ondan irəli gələn mübahisə və ya iddia yaranarsa, Tərəflər bu mübahisələri birbaşa danışıqlar vasitəsilə sülh yolu ilə həll edirlər.

10. Bu Memorandum 22 dekabr 2021-ci il tarixində, Bakı şəhərində Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər bərabər autentikdir. Azərbaycan, türk və ingilis dillərindəki mətnlərin təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.

 

Azərbaycan Respublikası

Hökuməti adından

Pərviz ŞAHBAZOV,

energetika naziri

Türkiyə Respublikası

Hökuməti adından

Fatih DÖNMƏZ,

energetika və təbii sərvətlər naziri

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status