Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin
QƏRARI
№ 04/3
Bakı şəhəri “04” fevral 2022-ci il
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən
Q Ə R A R A A L I R:
1. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
Mərkəzi Bankın sədri Elman Rüstəmov
|
Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Mərkəzi Bankı
Qərar № 04/3
“4” fevral 2022-ci il
|
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bəndin ikinci cümləsindən “maliyyə bazarlarında fəaliyyətinə nəzarət olunan subyektlər (qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və onların idarəçiləri) istisna olmaqla digər” sözləri çıxarılsın;
2. 2.1.1-ci yarımbənddən “ssuda,” sözü çıxarılsın;
3. aşağıdakı məzmunda 4.2-1-ci bənd əlavə edilsin:
“4.2-1. “Qrant haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq rezidentlərin xarici valyutada, qeyri-rezidentlərin milli və xarici valyutada bank hesabları üzrə qrant müqavilələri, həmçinin qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələr ilə bağlı bank əməliyyatları yalnız müvafiq olaraq qrant verilməsi və ya alınması haqqında müqavilənin (qərarın) qeydə alınmasını və ya ianə barədə məlumatın təqdim edilməsini təsdiq edən sənəd təqdim olunduqda aparılır. Qrant müqavilələri (qərarları) ilə bağlı bank əməliyyatlarına dair tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, habelə müqavilələrin (qərarların) müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.”.
4. 7.2-ci bənddə “təqdim etməlidirlər” sözlərindən sonra “(rezident banklar tərəfindən qeyri-rezident banklarda açılmış müxbir hesablar istisna olmaqla)” sözləri əlavə edilsin.