AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
26.04.2022
QEYDİYYAT NÖMRƏSİ
174
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 11 avqust tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 29.04.2022, Nəşr Nömrəsi: 89)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.04.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.080.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202204260174
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.04.2022
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 11 avqust tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 4.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 11 avqust tarixli 123 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 676; 2015, № 7, maddə 880; 2016, № 9, maddə 1585; 2020, № 2, maddə 211, № 10, maddə 1306) ilə təsdiq edilmiş “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3.5-ci yarımbənddə “dövlət orqanları” sözləri “dövlət qurumları” sözləri ilə əvəz edilsin.

2. 2.2-ci bənddə “nümayəndələrindən” sözü “rəhbərlərinin müavinlərindən, insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının rəhbərlərindən” sözləri ilə əvəz edilsin.

3. 2.3-2.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.3. İdarələrarası komissiyanın tərkibinə daxil edilən qeyri-hökumət təşkilatları müsabiqə yolu ilə 2 (iki) il müddətinə seçilir. İdarələrarası komissiyanın tərkibinə daxil edilməsi nəzərdə tutulan qeyri-hökumət təşkilatlarının sayı və müsabiqənin keçirilmə qaydası idarələrarası komissiya tərəfindən müəyyən edilir.

2.4. İdarələrarası komissiyanın təklifi və qarşı tərəfin razılığı əsasında insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların Azərbaycan Respublikasındakı nümayəndəlikləri idarələrarası komissiyanın işinə cəlb edilə bilər.

2.5. İdarələrarası komissiyanın əsas vəzifəsi insan alveri qurbanlarının hüquqlarının qorunmasını və onların aidiyyəti qurumlara təhvil verilməsini, təhlükəsizliyini, repatriasiyasını, reabilitasiyasını təmin edəcək səmərəli sistem yaratmaqdan və bu sahədə qaydalar formalaşdırmaqdan ibarətdir.

2.6. İdarələrarası komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, habelə bu Qaydaları rəhbər tutur.”.

4. Aşağıdakı məzmunda 2.7-2.20-ci bəndlər əlavə edilsin:

“2.7. İdarələrarası komissiya öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı funksiyaları həyata keçirir:

2.7.1. Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsini təşkil edir və onun icra vəziyyətinə nəzarət edir;

2.7.2. insan alverinə qarşı mübarizə sahəsindəki mövcud vəziyyəti, o cümlədən insan alverinin qurbanına çevrilmə risklərinin qarşısının alınması məqsədilə görülən tədbirləri təhlil edir;

2.7.3. idarələrarası komissiyaya daxil olmuş müraciətlərə baxılmasını və onların ümumiləşdirilməsini təşkil edir;

2.7.4. idarələrarası komissiya üzvlərinin Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi ilə bağlı məlumatlarını dinləyir;

2.7.5. insan alveri qurbanlarının müdafiəsi, hüquqlarının bərpası, sosial reabilitasiyası və təhlükəsiz repatriasiyasının təmin edilməsi ilə əlaqədar görülən işləri əlaqələndirir və onların səmərəliliyinin artırılması üçün tədbirlər görür;

2.7.6. insan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflər, habelə Milli İstiqamətləndirmə Mexanizminin icrası ilə bağlı metodiki vəsaitlər hazırlayır;

2.7.7. Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi ilə əlaqədar dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsi ilə bağlı tədbirlər görür;

2.7.8. Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsinin təhlili əsasında onun təkmilləşdirilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

2.7.9. Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi ilə bağlı maarifləndirmə işini təşkil edir.

2.8. İdarələrarası komissiya bu Qaydalarda nəzərdə tutulan funksiyaları həyata keçirərkən dövlət qurumları, yerli özünüidarəetmə orqanları, habelə insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.

2.9. Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru idarələrarası komissiyaya sədrlik edir.

2.10. İdarələrarası komissiyanın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar idarələrarası komissiyanın katibliyi funksiyasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi həyata keçirir.

2.11. İdarələrarası komissiya fəaliyyətini üzvlərinin təklifləri əsasında hazırlanmış və idarələrarası komissiyanın iclasında qəbul edilmiş illik iş planına uyğun olaraq həyata keçirir.

2.12. İdarələrarası komissiyanın iclasları idarələrarası komisiyanın illik iş planına uyğun olaraq keçirilir. İclasda İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi sahəsində idarələrarası komissiya tərəfindən görülmüş işlər təhlil və müzakirə edilir, qarşıda duran vəzifələr müəyyən olunur. İdarələrarası komissiyanın iclaslarına komissiyaya daxil olmayan qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.

2.13. İdarələrarası komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli sayılır.

2.14. İdarələrarası komissiyanın qərarları onun iclaslarında sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, sədrin səsi həlledici hesab edilir.

2.15. İdarələrarası komissiyanın hər hansı bir üzvü qəbul edilən qərarla razı olmadıqda, onun xüsusi rəyi mütləq iclas protokoluna əlavə edilir.

2.16. İdarələrarası komissiyanın qərarları sədrin və katibin imzaladığı protokolla rəsmiləşdirilir.

2.17. İdarələrarası komissiyanın üzvləri Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi ilə əlaqədar fəaliyyətlərində idarələrarası komissiyanın qəbul etdiyi qərarları rəhbər tuturlar.

2.18. İdarələrarası komissiyanın üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.

2.19. İdarələrarası komissiya özünün iş qaydasını müəyyən edir.

2.20. İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmini həyata keçirən dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin peşəkarlığının, bilik səviyyəsinin artırılması məqsədilə mütəmadi olaraq treninq və təlimlər təşkil olunur.”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 26 aprel 2022-ci il

                        № 174

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status