×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
01.06.2022
QEYDİYYAT NÖMRƏSİ
217
ADI
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 04.06.2022, Nəşr Nömrəsi: 116), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.06.2022, Nəşr nömrəsi: 6, Maddə nömrəsi: 659)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.06.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.070.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202206010217
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
06.06.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 9.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda” təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 1 iyun 2022-ci il

     № 217

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2022-ci il 1 iyun tarixli 217 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə

 

QAYDA

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsil alacaq Azərbaycan Respublikasının vətəndaşı olan gənclərin (bundan sonra – proqram iştirakçıları) seçimi meyarlarını və prosedurlarını müəyyən edir.

1.2. Proqram iştirakçıları bu Qayda ilə müəyyən edilmiş seçim meyarlarına uyğunluğun qiymətləndirilməsinin nəticələrinə görə seçilirlər.

 

2. Proqram iştirakçılarının seçimi meyarları və prosedurları

 

2.1. Proqram iştirakçılarının bakalavriat səviyyəsi üzrə seçimi aşağıdakı meyarlar üzrə aparılır:

2.1.1. namizədin cari tədris ilində ümumtəhsil müəssisələrinin buraxılış sinfində (XI sinif və ya xaricdə təhsil aldıqda müvafiq buraxılış sinfi) təhsil alması və ya tam orta təhsilə malik olması;

2.1.2. namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;

2.1.3. namizədin xarici ali təhsil müəssisəsində bakalavriat səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması; [1]

2.1.4. namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages – CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) malik olması;

2.1.5. namizədin ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan qəbul imtahanları çərçivəsində müraciət etdiyi sahəyə uyğun olaraq texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 400, digər sahələr üzrə ən azı 550 bal toplaması;

2.1.6. təhsil almaq istədiyi ixtisas sahəsi üzrə namizədin bilik və bacarıqları;

2.1.7. namizədin məntiqi mühakimə yeritmək bacarıqları;

2.1.8. namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti.

2.2. Proqram iştirakçılarının magistratura səviyyəsi üzrə seçimi aşağıdakı meyarlar üzrə aparılır:

2.2.1. namizədin cari tədris ilində ali təhsil müəssisələrinin sonuncu tədris ilində təhsil alması və ya bakalavr ali peşə-ixtisas dərəcəsinə malik olması (xaricdə ali təhsil aldıqda kvalifikasiyasının tanınması);

2.2.2. namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;

2.2.3. namizədin xarici ali təhsil müəssisəsində magistratura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Nazirlik tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması;

2.2.4. namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages - CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) malik olması;

2.2.5. namizədin bakalavriat təhsil səviyyəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən müəyyən edilmiş Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin (ÜOMG) 81 bal və ya ondan yuxarı olması (və ya xaricdə ali təhsil aldıqda digər qiymətləndirmə şkalaları üzrə ekvivalentliyin təmin olunması);

2.2.6. təhsil almaq istədiyi ixtisas üzrə namizədin bilik və bacarıqları;

2.2.7. namizədin məntiqi mühakimə yeritmək bacarıqları;

2.2.8. namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti.

2.3. Proqram iştirakçılarının seçimi prosedurları:

2.3.1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən Nazirliyin nəzdində yaradılmış Dövlət Proqramının idarəetmə qrupu (bundan sonra – İdarəetmə Qrupu) tərəfindən namizədlərin bu Qaydanın 3.2-ci bəndində göstərilən qaydada təqdim etdiyi sənədlər əsasında onların bu Qaydanın 2.1.1-2.1.5-ci və 2.2.1-2.2.5-ci yarımbəndlərində göstərilən meyarlara uyğunluğu qiymətləndirilir.

2.3.2. Namizəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”nin 5-ci hissəsinə uyğun olaraq beynəlxalq təhsil proqramları üzrə müəyyən edilmiş keçid ballarının minimum və maksimum hədləri aralığında nəticəyə malikdirsə, namizədə bu Qaydanın 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərinin tələbləri tətbiq edilməyərək meyarların uyğunluğu qiymətləndirilir.

2.3.3. Namizədin akademik göstəricisi beynəlxalq səviyyədə tanınan imtahan (SAT və ya ACT) üzrə ən yüksək göstəricinin 75 faizi miqdarında və ya ondan yuxarıdırsa, namizədə bu Qaydanın 2.1.5-ci yarımbəndinin tələbi tətbiq edilməyərək meyarların uyğunluğu qiymətləndirilir.

2.3.4. Bu Qaydanın 3.2-ci bəndində göstərilən qaydada təqdim etdiyi sənədlər əsasında meyarların uyğunluğu müəyyən olunan namizədlərin bu Qaydanın 2.1.6-cı, 2.1.7-ci, 2.1.8-ci və 2.2.6-cı, 2.2.7-ci, 2.2.8-ci yarımbəndlərində göstərilən meyarlara uyğunluğu bu Qaydanın 4-cü hissəsinə əsasən aşkarlıq şəraitində şəffaf üsullarla keçirilən müsahibə vasitəsilə qiymətləndirilir.

2.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın əlavəsində göstərilən beynəlxalq fənn olimpiadalarının ən azı birindən qızıl, gümüş və ya bürünc medal ilə təltif olunmuş namizədlərin bu Qaydanın 2.1.5-2.1.8-ci yarımbəndlərində göstərilən meyarlar üzrə qiymətləndirilməsi aparılmır və onlar bu Qaydanın 2.1.1-2.1.4-cü yarımbəndlərində göstərilən meyarlara uyğunluğun qiymətləndirilməsinin nəticələrinə görə proqram iştirakçısı seçilirlər.

2.3.6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyun tarixli 1354 nömrəli Fərmanı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qalibi olmuş namizədlərin bu Qaydanın 2.2.5-2.2.8-ci yarımbəndlərində göstərilən meyar üzrə qiymətləndirilməsi aparılmır və onlar bu Qaydanın 2.2.1-2.2.4-cü yarımbəndlərində göstərilən meyarlara uyğunluğun qiymətləndirilməsinin nəticələrinə görə proqram iştirakçısı seçilirlər.

2.3.7. Dövlət sifarişi və ya dövlət hesabına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və ya magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyələri üzrə təhsilin normativ müddətinin yarısından artıq müddətdə təhsil alan, habelə Azərbaycan Respublikasının dövlət proqramları və beynəlxalq müqavilələri (hökumətlərarası təqaüd proqramları) çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və ya magistratura səviyyəsi üzrə təhsilini başa vurmuş şəxslər eyni təhsil səviyyəsi üzrə proqram iştirakçılarının seçilməsində namizəd qismində iştirak edə bilməzlər.

2.3.8. Namizədin təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın tədrisi iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, həmin müəssisələr Nazirlik tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ali təhsil müəssisələrinə uyğun olmalıdır.

 

3. Sənədlərin qəbulu

 

3.1. Proqram iştirakçılarının seçimi barədə elan, namizədlərdən sənədlərin qəbulunun son tarixi göstərilməklə, hər tədris ilinin hər semestrinin başlanmasına azı 6 (altı) ay qalmış Nazirliyin rəsmi internet saytında verilir.

3.2. Namizəd proqram iştirakçılarının seçimi prosedurunda iştirak etmək üçün sənədlərin qəbulu müddətində Nazirliyin rəsmi internet saytında “Xarici ali təhsil müəssisəsində bakalavriat və ya magistratura səviyyələri üzrə təhsil almaq üçün elektron ərizə”ni (bundan sonra – elektron ərizə) doldurur və onu təsdiq edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci və 32.2-1-ci maddələrinin tələbləri, həmçinin namizədin uyğunluğunun qiymətləndirildiyi meyarlar nəzərə alınmaqla ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

3.2.1. bakalavriat səviyyəsi üzrə təhsil almaq məqsədilə:

3.2.1.1. namizədin cari tədris ilində ümumtəhsil müəssisələrinin buraxılış sinfində (XI sinif və ya xaricdə təhsil aldıqda müvafiq buraxılış sinfi) təhsil almasını təsdiq edən arayış və ya tam orta təhsil və ya orta ixtisas təhsili haqqında dövlət sənədinin surəti;

3.2.1.2. namizədin xarici ali təhsil müəssisəsinə qəbul edildiyini və ya namizədin xarici ali təhsil müəssisəsində təhsil aldığını təsdiq edən sənədin (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi) surəti;

3.2.1.3. namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatının surəti;

3.2.1.4. namizədin ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan qəbul imtahanının nəticəsi barədə məlumat;

3.2.1.5. namizədin beynəlxalq təhsil proqramları üzrə müəyyən edilmiş keçid ballarının minimum və maksimum hədləri aralığında göstəricisini təsdiq edən müvafiq təhsil müəssisəsindən arayışın surəti;

3.2.1.6. namizədin beynəlxalq səviyyədə tanınan imtahan (SAT və ya ACT) nəticəsi üzrə göstəricisini təsdiq edən müvafiq arayışın surəti;

3.2.1.7. namizədin beynəlxalq olimpiada qalibi olduğunu təsdiq edən diplom və ya sertifikatın (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi) surəti;

3.2.1.8. namizədin sağlamlığı haqqında arayış (forma AZS086/1) surəti;

3.2.2. magistratura səviyyəsi üzrə təhsil almaq məqsədilə:

3.2.2.1. namizədin cari tədris ilində ali təhsil müəssisəsinin sonuncu tədris ilində təhsil almasını təsdiq edən arayış və ya bakalavr ali peşə-ixtisas dərəcəsi haqqında dövlət sənədinin surəti;

3.2.2.2. namizədin xarici ali təhsil müəssisəsinə qəbul edildiyini və ya namizədin xarici ali təhsil müəssisəsində təhsil aldığını təsdiq edən sənədin (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi) surəti;

3.2.2.3. bakalavriat səviyyəsi üzrə xarici ali təhsilə aid kvalifikasiyanın tanınmasına dair şəhadətnamənin (xaricdə ali təhsil aldıqda) surəti;

3.2.2.4. namizədin xarici ali təhsil müəssisəsində təhsil alma bacarıqları barədə rəyi özündə ehtiva edən ali təhsil müəssisəsi və ya elmi müəssisə və təşkilatda çalışan professor-müəllim heyətinin ən azı 2 (iki) üzvü tərəfindən verilmiş tövsiyə məktubunun (namizəd əmək fəaliyyəti ilə məşğul olduğu halda, məktublardan biri onun işəgötürəni tərəfindən təqdim edilə bilər) surəti;

3.2.2.5. namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatının surəti;

3.2.2.6. namizədin transkriptinin (ÜOMG göstərilməklə) surəti;

3.2.2.7. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyun tarixli 1354 nömrəli Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qalibi olduğunu təsdiq edən sənədin surəti;

3.2.2.8. namizədin sağlamlığı haqqında arayışın (forma AZS-086/1) surəti.

3.3. Elektron ərizə namizəd tərəfindən təsdiq edildikdən sonra namizəd üçün Nazirliyin rəsmi internet saytından girişi olan elektron şəxsi kabinet yaradılır.

3.4. Elektron şəxsi kabinet vasitəsilə namizəd istənilən vaxt elektron ərizəsinin cari statusu barədə məlumatı əldə edə bilər, habelə bu Qayda ilə müəyyən edilmiş sənədləri və məlumatları təqdim və əldə edə bilər.

3.5. Elektron ərizə namizəd tərəfindən təsdiq edildikdən sonra məlumatların tamlığı qanunla müəyyən edilmiş müddətdə yoxlanılır. Elektron şəxsi kabinetə ərizə və ya sənədlərin natamamlığı və ya uyğunsuzluğu barədə məlumat göndərildikdən sonra namizəd 3 (üç) iş günü ərzində onların tamlığını təmin edib təkrar elektron ərizəni təsdiq etməlidir.

3.6. Sənədlərin tamlığı yoxlanıldıqdan sonra 30 (otuz) gün ərzində bu Qaydanın 2.3.1-ci yarımbəndinə əsasən namizədin seçim meyarlarına uyğunluğunun qiymətləndirilməsi aparılır və namizədin müsahibəyə buraxılması, yaxud müsahibəyə buraxılmaması barədə məlumat onun elektron şəxsi kabinetinə və elektron ərizəsində qeyd etdiyi digər əlaqə vasitələri ilə ona göndərilir.

3.7. Aşağıdakı hallarda namizəd müsahibəyə buraxılmır:

3.7.1. bu Qaydanın 3.5-ci bəndi nəzərə alınmaqla, 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində göstərilən sənədlər natamam təqdim olunduqda və ya həmin sənədlərdə uyğunsuzluqlar aşkar edildikdə;

3.7.2. bu Qaydanın 2.3.1-ci yarımbəndində göstərilən qaydada aparılmış qiymətləndirmə nəticəsində namizədin seçim meyarlarına uyğun olmadığı müəyyən edildikdə.

 

4. Müsahibənin keçirilməsi qaydası

 

4.1. Namizədlərlə müsahibələri Nazirlik tərəfindən yaradılan və ictimai əsaslarla fəaliyyət göstərən müsahibə komissiyaları aparır.

4.2. Müsahibə komissiyalarının tərkibi 3 (üç) nəfərdən az olmamaqla, Nazirliyin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun və namizədlərin ixtisas istiqamətlərinə uyğun sahədə dövlət siyasətini (tənzimləməni) həyata keçirən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarından və cəlb edilmiş mütəxəssislərdən formalaşdırılır.

4.3. Müsahibə komissiyalarına üzv olan Nazirliyin əməkdaşları həmin komissiyalara sədrlik edirlər.

4.4. Müsahibə komissiyalarının üzvləri aşağıdakı tələblərə riayət etməlidirlər:

4.4.1. müsahibəyə təyin edilmiş vaxtda gəlmək və ya qoşulmaq;

4.4.2. müsahibəni üzrlü səbəb olmadan tərk etməmək;

4.4.3. müsahibənin aparılmasına mane olan texniki, rabitə və digər vasitələrdən istifadə etməmək;

4.4.4. namizədə yalnız bu Qaydanın 2.1.6-cı, 2.1.7-ci, 2.1.8-ci və 2.2.6-cı, 2.2.7-ci, 2.2.8-ci yarımbəndlərində göstərilən meyarlara uyğunluğunun qiymətləndirilməsi üçün zəruri olan suallar vermək;

4.4.5. sualları verərkən, bu Qaydanın 4.14-cü bəndində göstərilən vaxt həddinə riayət etmək;

4.4.6. müsahibənin gedişi zamanı namizədin bu və ya digər meyara uyğun olub-olmaması barədə fikir bildirməmək;

4.4.7. müsahibənin aparılmasına mane olan digər hərəkətlərə yol verməmək;

4.4.8. namizədin qiymətləndirilməsi nəticələrinin məxfiliyinə riayət etmək.

4.5. Namizədlər aşağıdakı tələblərə riayət etməlidirlər:

4.5.1. müsahibəyə təyin edilmiş vaxtda gəlmək və ya qoşulmaq;

4.5.2. üzrlü səbəbdən müsahibədə iştirak edə bilməyəcəyi təqdirdə, təyin edilmiş müsahibə tarixinə azı 1 (bir) iş günü qalmış Nazirliyə bu barədə məlumat vermək;

4.5.3. müsahibəni üzrlü səbəb olmadan tərk etməmək;

4.5.4. bu Qaydanın 3.2.1.1-3.2.1.8-ci, 3.2.2.1-3.2.2.8-ci yarımbəndlərində göstərilən sənədlərin əslini və ya notariat qaydasında təsdiq edilmiş surətlərini (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini) müsahibədə müsahibə komissiyasına təqdim etmək;

4.5.5. müsahibə komissiyasının üzvlərinə hörmətlə yanaşmaq, onların suallarını, tapşırıqlarını sonadək dinləmək;

4.5.6. suallara mahiyyəti üzrə cavab vermək;

4.5.7. müsahibənin aparılmasına mane olan texniki, rabitə və digər vasitələrdən istifadə etməmək.

4.6. Namizəd müsahibəyə müəyyən edilmiş vaxtda gəlmədikdə, müsahibə komissiyasının üzvləri tərəfindən onun müsahibədə iştirak etməməsi barədə akt tərtib edilir.

4.7. Bu Qaydanın 4.5.2-ci yarımbəndində göstərilən qaydada məlumat vermədən müsahibədə iştirak etməyən namizədlə həmin tədris ili üçün aparılan seçim çərçivəsində yeni müsahibənin keçirilməsinə yol verilmir.

4.8. Bu Qaydanın 4.5.2-ci yarımbəndində göstərilən qaydada məlumat verməklə müsahibədə iştirak etməyən namizədlə İdarəetmə Qrupunun qərarı ilə həmin tədris ili üçün aparılan seçim çərçivəsində 1 (bir) dəfədən artıq olmamaqla yeni müsahibənin keçirilməsinə yol verilir.

4.9. Müsahibə komissiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müsahibələrin nəticələri protokollaşdırılır. Müsahibənin nəticəsi barədə protokol müsahibə komissiyasının iclasında iştirak edən bütün üzvlər tərəfindən imzalanır.

4.10. Hər iş günü ərzində müsahibələrin keçirilməsi üçün ayrılmış müddət 6 (altı) saatdan artıq olmamalıdır.

4.11. Namizədləri əvvəlcədən məlumatlandırmaqla müsahibələrin videoçəkilişi aparılır.

4.12. Müsahibənin keçirildiyi tarix və məkan barədə məlumat müsahibənin keçirilməsinə azı 3 (üç) iş günü qalmış müsahibə komissiyasının üzvlərinə, namizədin elektron şəxsi kabinetinə və elektron ərizəsində qeyd etdiyi digər əlaqə vasitələri ilə ona göndərilir.

4.13. Müsahibə keçirilən gün müsahibədə iştirak edəcək namizədlərin siyahısı və bu Qaydanın 2.3.1-ci yarımbəndində göstərilən qaydada namizədin seçim meyarlarına uyğunluğunun qiymətləndirilməsinin nəticələri müsahibə başlamazdan əvvəl müsahibə komissiyasına təqdim edilir.

4.14. Hər bir namizədlə müsahibə fərdi qaydada, Azərbaycan dilində və (və ya) namizədin təhsil almaq istədiyi tədris dilində, 20 (iyirmi) dəqiqədən artıq olmamaqla aparılır.

4.15. Namizədin bu Qaydanın 2.1.6-cı, 2.1.7-ci, 2.1.8-ci və 2.2.6-cı, 2.2.7-ci, 2.2.8-ci yarımbəndlərində göstərilən meyarlara uyğunluğunun qiymətləndirilməsi namizədin iştirakı olmadan, müsahibə komissiyasının müsahibədə iştirak edən hər bir üzvü tərəfindən verilən qiymətlər əsasında aparılır.

4.16. Müsahibə komissiyalarının üzvləri tərəfindən namizədlərə verilən qiymətlərin yuxarı həddi aşağıdakı kimi müəyyən edilir:

4.16.1. təhsil almaq istədiyi ixtisas üzrə namizədin bilik və bacarıqları – 20 bal;

4.16.2. məntiqi mühakimə yeritmək bacarıqları – 15 bal;

4.16.3. kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti – 15 bal.

4.17. Namizədin bu Qaydanın 2.1.6-cı, 2.1.7-ci, 2.1.8-ci və 2.2.6-cı, 2.2.7-ci, 2.2.8-ci yarımbəndlərində göstərilən meyarlara uyğun olub-olmaması onun müsahibənin nəticələrinə görə əldə etdiyi yekun qiymətlə müəyyən edilir.

4.18. Namizədin əldə etdiyi yekun qiymət aşağıdakı düsturla hesablanır:

 

Y = (üzv1 + üzv2+…+ üzvn) ÷ n

 

Y – namizədin əldə etdiyi yekun qiymət;

üzv1, üzv2, üzvn – müsahibə komissiyasının hər bir üzvü tərəfindən verilmiş qiymətlərin cəmi;

n – müsahibədə iştirak edən müsahibə komissiyası üzvlərinin sayı.

4.19. Namizədin yekun qiyməti 40 və daha artıq olduqda, namizəd bu Qaydanın 2.1.6-cı, 2.1.7-ci, 2.1.8-ci və 2.2.6-cı, 2.2.7-ci, 2.2.8-ci yarımbəndlərində göstərilən meyarlara uyğun hesab olunur. Müsahibə nəticələrinə görə proqram iştirakçılarının sayı ayrılmış təhsil yerlərinin sayından çox olduqda, təhsil yerləri ilk növbədə bu Qaydanın 2.3.5-ci və 2.3.6-cı yarımbəndlərinə uyğun olaraq proqram iştirakçısı hüququ qazanmış şəxslər arasında bölüşdürülür, qalan təhsil yerləri isə namizədlərin yekun müsahibə qiymətlərinə uyğun olaraq ən yüksəkdən başlayan sıralama ilə müəyyən edilir.

4.20. Yekun müsahibə balı eyni olan iki və daha çox namizədi bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

4.20.1. yüksək texnologiyalara əsaslanan ixtisaslar üzrə müraciət;

4.20.2. namizədin ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan qəbul imtahanları çərçivəsində 600 bal və ondan yuxarı bal toplaması;

4.20.3. bu Qaydanın 2.3.2-ci yarımbəndinə uyğun olaraq beynəlxalq təhsil proqramlarında təhsil alması;

4.20.4. namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə uyğun olaraq C2 səviyyəsində bilməsi;

4.20.5. namizədin bakalavriat səviyyəsi üzrə məzun olduğu xarici ali təhsil müəssisəsinin beynəlxalq reytinqlərin (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities (Shanghai) hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500-cü yerdən aşağı olmayan sırada yer alması;

4.20.6. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində yaradılmış “Savadlı, Bacarıqlı və Hazırlıqlı” tələbələrdən ibarət SABAH Qrupları üzrə məzun olması.

4.21. Namizədin yekun qiyməti namizədin elektron şəxsi kabinetinə və elektron ərizəsində qeyd etdiyi digər əlaqə vasitələri ilə ona göndərilir.

4.22. Namizədin bu Qaydanın 4.5.4-cü yarımbəndinə uyğun olaraq təqdim etdiyi sənədlər müsahibə başa çatdıqdan dərhal sonra namizədə qaytarılır.

4.23. Namizəd qəbul edilmiş qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verə bilər.

4.24. Proqram iştirakçısı seçilmiş namizədlərin siyahısı Nazirliyin əmri ilə təsdiq edilir və onlarla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada xarici ali təhsil müəssisəsində təhsilin maliyyələşdirilməsini tənzimləyən müqavilə bağlanılır.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552) ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qaydanın 2.1.3-cü yarımbəndində Təhsil sözü “Elm və Təhsil sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status