×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
23.06.2022
QEYDİYYAT NÖMRƏSİ
1719
ADI
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 24.06.2022, Nəşr Nömrəsi: 132), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30.06.2022, Nəşr nömrəsi: 6, Maddə nömrəsi: 603)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.06.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
450.010.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202206231719
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.06.2022

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2022-ci il fevralın 21-də Tbilisi şəhərində imzalanmış “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. [1]

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2022-ci il

№1719


 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında

 

SAZİŞ

 

Bundan sonra kollektiv olaraq “Tərəflər”, tək halda “Tərəf adlandırılacaq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Gürcüstanın Təhsil və Elm Nazirliyi, qarşılıqlı faydalılıq prinsipi əsasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsini və möhkəmləndirilməsini arzu edərək,

bu əməkdaşlığın ikitərəfli əlaqələrin gələcək inkişafına töhfə verəcəyinə və iki ölkənin xalqları arasında qarşılıqlı anlaşmanı gücləndirəcəyinə əminliyini ifadə edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Tərəflər müvafiq sorğu əsasında milli təhsil sistemləri, xüsusilə ümumi, peşə və ali təhsil sahəsinə aid qanunvericilikdəki dəyişikliklərlə bağlı informasiya və sənəd mübadiləsini həyata keçirirlər.

Tərəflər öz dövlətlərinin milli qanunvericiliklərinə və tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə uyğun olaraq öz səlahiyyətləri daxilində əməkdaşlıq edirlər.

 

Maddə 2

 

Tərəflər təhsil ekspertləri və tələbələrin Azərbaycan Respublikasında və Gürcüstanda keçirilən konfrans, konqres, simpozium, seminar və təlimlərdə iştirakını dəstəkləyir, müəllim və tələbə mobilliyini təşviq edirlər.

 

Maddə 3

 

Tərəflər öz dövlətlərinin müvafiq qanunları və qaydalarına uyğun olaraq Azərbaycan Respublikası və Gürcüstanın ümumi və ali təhsil müəssisələri arasında əməkdaşlığı və birbaşa əlaqələrin qurulması təşəbbüsünü dəstəkləyirlər.

 

Maddə 4

 

Tərəflər hər iki ölkənin ali təhsil müəssisələrinin akademik təhsil proqramlarına çıxış imkanlarının əldə edilməsi məqsədilə ali təhsilə aid kvalifikasiyaların tanınması sahəsində məlumat mübadiləsini təşviq edirlər.

 

Maddə 5

 

1. Tərəflər ümumtəhsil müəssisələri müəllimlərinin ixtisasartırması və peşəkar inkişafı sahəsində əməkdaşlıq edirlər.

2. Tərəflər qarşılıqlılıq prinsipi əsasında Gürcüstandakı ümumtəhsil müəssisələrində Azərbaycan dili müəllimləri, Azərbaycan Respublikasındakı ümumtəhsil müəssisələrində gürcü dili müəllimləri üçün davamlı peşəkar təlimlərin təşkilini təşviq edirlər.

 

Maddə 6

 

1. Tərəflər öz dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq hər iki tərəfin məqbul hesab etdiyi müvafiq ali təhsil müəssisələrində Azərbaycan və gürcü dili və ədəbiyyatı üzrə seçmə fənlərin təsis edilməsini təşviq edirlər.

2. Tərəflər öz dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq müvafiq ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində Azərbaycan dili və ədəbiyyatının və gürcü dili və ədəbiyyatının tədrisini təşviq edirlər.

3. Tərəflər müvafiq ali təhsil müəssisələri arasında ikitərəfli əməkdaşlığın dəstəklənməsi məqsədilə Ali Təhsil Müəssisələri Assosiasiyasının yaradılmasını təşviq edirlər.

 

Maddə 7

 

1. Tərəflər müvafiq olaraq Azərbaycan Respublikasının və Gürcüstanın ümumtəhsil müəssisələrində istifadə olunacaq “Ana dili” və “Ədəbiyyat” dərsliklərinin mübadiləsi məqsədilə əməkdaşlıq edirlər.

2. Tərəflər Gürcüstan ərazisində yerləşən və tədris Azərbaycan dilində aparılan ümumtəhsil müəssisələrini, habelə Azərbaycan Respublikası ərazisində yerləşən və tədris gürcü dilində aparılan ümumtəhsil müəssisələrini “Ana dili” və “Ədəbiyyat” üzrə dərslik və müəllimlər üçün metodiki vəsait (bundan sonra- kitablar) ilə ödənişsiz əsaslarla təmin edirlər. Kitabların məzmunu qəbul edən ölkənin mədəni və milli maraqlarına zidd olan məlumatları ehtiva etməməlidir.

Kitabların çatdırılması diplomatik kanallar vasitəsilə həyata keçirilir:

2.1. Qəbul edən Tərəf Göndərən Tərəfi yeni dərs ilinin başlanmasına 6 (altı) ay qalmış ümumtəhsil məktəblərinin sayı, şagirdlərin sayı (siniflər üzrə), müəllimlərin sayı, həmçinin onların ümumi sayma dair statistik məlumatla təmin edir;

2.2. təqdim olunan statistik məlumata əsasən Göndərən Tərəf yeni dərs ilinin başlanmasına 3 (üç) ay qalmış paylanma planını və kitablara humanitar yardım statusunun verilməsinə dair sorğunu Qəbul edən Tərəfə göndərir;

2.3. Qəbul edən Tərəf öz qanunvericiliklərinə uyğun olaraq karqoya humanitar yardım statusu verir və yeni dərs ilinin başlanmasına 1 (bir) ay qalmış Göndərən Tərəflə işçi qaydada karqonun qəbul olunma tarixini razılaşdırır.

3. Kitablar Qəbul edən Tərəfə təhvil verilir. Qəbul edən Tərəf müvafiq ölkənin diplomatik nümayəndəliyinin iştirakı ilə kitabların ümumtəhsil müəssisələrinə paylanılmasını həyata keçirir.

4. Tərəflər qarşılıqlılıq prinsipi əsasında tədris ilinin başlanmasına 3 (üç) ay qalmış Azərbaycan Respublikasının və Gürcüstanın ümumtəhsil müəssisələri üçün ayrılmış kitabların tərcüməsi və redaktəsi zamanı peşəkar dəstəyi təmin edir və müvafiq ekspertiza rəyini təqdim edirlər.

 

Maddə 8

 

Tərəflər peşə təhsili müəssisələri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafını dəstəkləyirlər.

 

Maddə 9

 

Bu Saziş çərçivəsində tədbirlərin maliyyələşdirilməsi hər iki Tərəfin mövcud büdcə imkanları nəzərə alınmaqla həyata keçirilir.

 

Maddə 10

 

Bu Sazişin təfsiri və tətbiqi zamanı yaranan fikir ayrılığı Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilir.

 

Maddə 11

 

Tərəflərin qarşılıqlı yazılı razılığı ilə bu Sazişə əlavələr və dəyişikliklər edilə bilər. Sazişin ayrılmaz hissəsi olan və ayrıca protokollar formasında tərtib edilən bu əlavə və dəyişikliklər Sazişin 12-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.

 

Maddə 12

 

Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurları yerinə yetirməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş 5 il müddətinə bağlanılır və Tərəflərdən biri Sazişi ləğv etmək niyyəti barədə müvafiq müddətin başa çatmasına ən azı 6 ay qalmış digər Tərəfi diplomatik kanallar vasitəsilə yazılı şəkildə xəbərdar etməzsə, Sazişin qüvvəsi avtomatik olaraq növbəti beş il müddətinə uzadılır.

Bu Saziş Tbilisi şəhərində 21 fevral 2022-ci il tarixində, hər biri Azərbaycan, gürcü və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində olan mətnə üstünlük verilir.

 

Azərbaycan Respublikasının

Gürcüstanın

Təhsil Nazirliyi adından

Təhsil və Elm Nazirliyi adından

(imza)

(imza)

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 03 mart 2023-cü il tarixli 2054 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49)

 

FƏRMAN EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 03 mart 2023-cü il tarixli 2054 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49) ilə 2-ci hissəsində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status