AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
29.06.2022
QEYDİYYAT NÖMRƏSİ
25/2
ADI
“Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.07.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
23202206290252
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.07.2022

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN

 

QƏRARI

 

№ 25/2

 

Bakı şəhəri                                                                                          29 iyun 2022-ci il

 

Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qaydanın təsdiq edilməsi barədə

 

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci və 52-1.3-cü maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

 

Q Ə R A R A   A L I R:

 

1. “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2022-ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilir.

3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Mərkəzi Bankın sədri                                                                   Taleh Kazımov

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar № 25/2

29 iyun 2022-ci il

 

Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair

 

Qayda

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 34.1-ci və 52-1.3-cü maddələrinə uyğun olaraq hazırlanmışdır və yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsi qaydasını müəyyən edir.

1.2. Bu Qayda hadisə iştirakçılarının avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə mülki məsuliyyəti eyni sığortaçıda sığortalandıqda, hadisə nəticəsində sağlamlığa (dərəcəsi təyin edilməyən bədən xəsarətləri istisna olmaqla) və ya yol-nəqliyyat hadisəsində iştirak edən avtonəqliyyat vasitələrindən başqa digər əmlaka zərər dəydikdə tətbiq edilmir.

 

2. Anlayışlar

 

2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. zərərçəkənin sığortaçısı – Qanuna uyğun olaraq zərərçəkənin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə məsuliyyətini sığortalamış sığortaçı;

2.1.2. zərərvuranın sığortaçısı – Qanuna uyğun olaraq zərərvuranın avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə məsuliyyətini sığortalamış sığortaçı;

2.1.3. hesablaşma – zərərçəkənin sığortaçısı ilə zərərvuranın sığortaçısının qarşılıqlı öhdəliklərinin icra edilməsi;

2.1.4. hesablaşmanın iştirakçısı (bundan sonra – iştirakçı) – subroqasiya tələbi irəli sürmüş və (və ya) subroqasiya tələbi almış sığortaçı;

2.1.5. xüsusi hesab – hesablaşmaların həyata keçirilməsi məqsədilə İcbari Sığorta Bürosu (bundan sonra – Büro) tərəfindən hesablaşma bankında açılan və iştirakçılar tərəfindən vəsaitlərin ödənildiyi bank hesabı;

2.1.6. təminat hesabı – hesablaşmanın həyata keçirilməsinin təmin edilməsi məqsədilə iştirakçının seçdiyi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bankda (banklarda) açdığı bank hesabı;

2.1.7. hesablaşma dövrü – bu Qaydaya uyğun olaraq subroqasiya tələblərinin irəli sürüldüyü həftə bitəndən sonra həmin tələblər üzrə hesablaşmanın həyata keçirildiyi dövr;

2.1.8. hesablaşma bankı – xüsusi hesabın yerləşdiyi və hesablaşma üçün iştirakçıların bank hesablarının açıldığı bank;

2.1.9. nettinq – iştirakçıların göndərdiyi və aldığı subroqasiya tələblərindən irəli gələn tələb və öhdəliklərin bir xalis tələbə və ya öhdəliyə çevrilməsi;

2.1.10. iddia faylı – Büronun elektron informasiya sistemində yaradılan və sığorta ödənişinin verilməsi üçün Qanunun 17.1-ci, 58.1-ci və 58.2-ci maddələrində və bu Qaydanın 5.3-cü bəndində nəzərdə tutulmuş sənədlərin və məlumatların, habelə sığorta hadisəsinə aid fotoşəkillərin elektron daşıyıcısı;

2.1.11. subroqasiya tələbi – zərərçəkənin sığortaçısı tərəfindən sığorta ödənişi həyata keçirildikdən sonra zərərvuranın sığortaçısına qarşı subroqasiya hüququndan istifadə edilməsi məqsədi ilə irəli sürülən tələb;

2.1.12. nəzarət haqqında müqavilə - “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 5.6-cı maddəsinə uyğun olaraq Büro, iştirakçı və bank arasında bağlanan müqavilə.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

 

3. Zərərçəkənin sığortaçısından zərərin ödənilməsinin tələb edilməsi əsasları

 

3.0. Aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb edir:

3.0.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə;

3.0.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə.

 

4. Sığorta hadisəsinin qeydə alınması

 

4.1. Sığorta ödənişinin verilməsi ilə bağlı sığorta tələbi zərərçəkənin sığortaçısına verilir.

4.2. Sığorta tələbi barədə müraciət daxil olduğu gün zərərçəkənin sığortaçısı tərəfindən həmin tələb Büronun elektron informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə qeydiyyata alınır.

4.3. Sığorta tələbi informasiya sistemi vasitəsilə qeydiyyata alındıqdan sonra həmin sistem tərəfindən iddia faylı yaradılır.

4.4. Bir sığorta tələbi üzrə yalnız bir iddia faylı yaradılır.

4.5. İddia faylı yaradıldığı gün informasiya sistemi zərərvuranın sığortaçısına bildiriş göndərir.

4.6. Zərərçəkənin sığortaçısı sığorta ödənişinin həyata keçirilməsi üçün Qanunun 17.1-ci, 58.1-ci və 58.2-ci maddələrində nəzərdə tutulmuş sənədlərdən sonuncusunu aldığı gün həmin sənədlərin əslini (elektron sənəd formasında olduqda isə elektron sənədi) özündə saxlayaraq onların skan edilmiş surətlərini və həmin sənədlərdə olan məlumatları iddia faylına daxil edir. İddia faylına tələb olunan sənədlər, o cümlədən yeni və əlavə sənədlər daxil edildikdə informasiya sistemi zərərvuranın sığortaçısına bu barədə bildiriş göndərir.

4.7. Zərərvuranın sığortaçısı və zərərçəkənin sığortaçısı ən azı 5 (beş) il müddətində iddia faylına giriş, sənədlərlə tanış olmaq və çap etdirmək imkanına malikdirlər.

4.8. Zərərçəkənin sığortaçısı sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 123.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə saxlamalıdır.

 

5. Zərərvuranın sığortaçısına subroqasiya tələbinin irəli sürülməsi

 

5.1. Zərərçəkənin sığortaçısı Qanuna uyğun olaraq sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın sığortaçısına qarşı subroqasiya hüququndan istifadə edir.

5.2. Zərərvuranın sığortaçısı subroqasiya tələbi irəli sürmüş zərərçəkənin sığortaçısı qarşısında sığorta ödənişinin Qanuna və bu Qaydaya uyğun olaraq həyata keçirilməsi üçün öhdəlik daşıyır.

5.3. Sığorta ödənişi verildikdən sonra zərərçəkənin sığortaçısı sığorta ödənişinin verilməsini təsdiq edən, qiymətləndirmənin nəticələrini əks etdirən və faydalanan şəxsin sığorta ödənişi məbləği ilə razı olduğunu təsdiq edən məlumatları və sənədlərin surətlərini iddia faylına daxil edir.

5.4. Bu Qaydanın 5.3-cü bəndində nəzərdə tutulmuş sənədlərin sonuncusu iddia faylına daxil edildikdən sonra zərərçəkənin sığortaçısı informasiya sistemi üzərindən zərərvuranın sığortaçısına qarşı subroqasiya tələbi yaradır və informasiya sistemi vasitəsilə Büroya təqdim edir.

5.5. Bu Qaydanın 6.1-ci bəndində müəyyən edilmiş müddət ərzində zərərçəkənin sığortaçısı əlavə sığorta ödənişi həyata keçirdikdə, o, subroqasiya tələbini geri çəkir və yenilənmiş subroqasiya tələbini irəli sürür. Qeyd olunan müddətdən sonra əlavə sığorta ödənişi həyata keçirildikdə zərərçəkənin sığortaçısı həmin məbləğ həddində əlavə subroqasiya tələbi formalaşdırıb irəli sürür.

5.6. Subroqasiya tələbində və əlavə subroqasiya tələbində əks etdirilməli olan məlumatların siyahısı bu Qaydanın 1 nömrəli Əlavəsində müəyyən olunur.

 

6. Subroqasiya tələblərinin reyestri

 

6.1. Büro subroqasiya tələblərini həftəlik əsasda (bazar ertəsindən bazar gününədək)  toplayır və onların əsasında bu Qaydanın 7.2-ci bəndinə uyğun olaraq hər iştirakçının öhdəliyini hesablayaraq nettinqi həyata keçirir.

6.2. Subroqasiya tələbləri və nettinqin nəticəsi bu Qaydanın 2 nömrəli Əlavəsində müəyyən edilmiş formada hər bir iştirakçı üzrə formalaşdırılan subroqasiya tələblərinin reyestrində əks olunur.

6.3. Hər iştirakçı özünə münasibətdə formalaşdırılmış reyestrə çıxış imkanına malikdir.

 

7. Qarşılıqlı ödəmələrin həyata keçirilməsi qaydası

 

7.1. Zərərçəkənin sığortaçısı ilə zərərvuranın sığortaçısı arasında hesablaşmalar nağdsız formada həyata keçirilir.

7.2. Zərərvuranın sığortaçısının zərərçəkənin sığortaçı qarşısında öhdəliklərinin məbləği zərərçəkənin sığortaçısı tərəfindən zərərvuranın sığortaçısına qarşı irəli sürülmüş bütün subroqasiya tələblərinin orta məbləğlərinin cəminə bərabərdir. Orta məbləğlərin hesablanması qaydası Büronun üzvü olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə fəaliyyət göstərmək hüququna malik sığortaçıların bağladığı kollektiv sazişlə müəyyən olunur.

7.3. Hesablaşma dövrü hər həftənin ilk iş günü başlayır və ən çoxu 3 (üç) iş günü davam edir. Həftədə iş günlərinin sayı 3 (üç) gündən az olduqda müvafiq hesablaşma dövrü üzrə hesablaşma növbəti hesablaşma dövrü ilə birgə həyata keçirilir.

7.4. Büro hesablaşma dövrünün ilk iş günü saat 10:00-dək hər iştirakçıya subroqasiya tələblərinin reyestrini təqdim edir.

7.5. İştirakçı hesablaşma dövrünün ilk iş günü saat 17:00-dək subroqasiya tələblərinin reyestrində müəyyən edilmiş pul vəsaitinin Büronun xüsusi hesabına köçürülməsini təmin etməlidir.

7.6. Hesablaşma bankı tərəfindən iştirakçının pul vəsaitinin hər hansı səbəbdən qəbul edilməsi mümkün olmadıqda iştirakçı bu barədə Büronu məlumatlandırır. Büro pul vəsaitlərinin qəbul edilməsi üçün iştirakçıya Büronun digər bankda açılmış bank hesabının rekvizitlərini təqdim edir.

7.7. Bu Qaydanın 7.5-ci bəndində müəyyən edilmiş müddətdə hesablaşma üçün tələb olunan vəsaitlər xüsusi hesaba köçürülmədikdə, Büro vəsaiti köçürməli olan iştirakçını dərhal məlumatlandırır.

7.8. İştirakçı hesablaşma dövrünün ikinci iş günü saat 15:00-dək subroqasiya tələblərinin reyestrində müəyyən edilmiş pul vəsaitini xüsusi hesaba köçürmədikdə, Büro bu Qaydanın 10-cu hissəsində nəzərdə tutulan kollektiv sazişə və nəzarət haqqında müqaviləyə uyğun olaraq iştirakçının təminat hesabından tələb olunan vəsaitin xüsusi hesaba köçürülməsi bərədə sərəncam verir.

7.9. Büro hesablaşma dövrünün üçüncü iş günü saat 17:00-dək xüsusi hesabda olan vəsaitləri subroqasiya tələblərinin reyestrinə uyğun olaraq hesablaşma bankında iştirakçıların hesablaşma məqsədi ilə açılmış bank hesablarına köçürür.

7.10. Büro bu Qaydanın 7.9-cu bəndində nəzərdə tutulmuş bank hesablarının reyestrini aparır. İştirakçı həmin reyestrə daxil etdiyi bank hesabını Büronu məlumatlandırmaqla növbəti hesablaşma dövrü başlamamışdan əvvəl hesablaşma bankında açılmış digər bank hesabı ilə dəyişdirə bilər.

 

8. Təminat hesabı

 

8.1. Hesablaşmanın həyata keçirilməsinin təmin edilməsi məqsədilə hər iştirakçı aidiyyəti şəxs olmayan bankda bu Qaydanın 8.3-cü və müvafiq halda 8.4-cü bəndlərində müəyyən edilmiş məbləğdə milli valyutada təminat hesabı açır.

8.2. İştirakçı bir bankda yalnız bir təminat hesabı açmaq şərti ilə bu Qaydanın tələblərinə cavab verən bir və ya bir neçə bankda təminat hesabı aça bilər.

8.3. Hər iştirakçıya münasibətdə təminat hesabında (hesablarında) pul vəsaitlərinin minimum məcmu məbləği aşağıdakı qaydada müəyyən edilir:

8.3.1. iştirakçı tərəfindən son dörd rüb ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin cəmi 365-ə bölünərək bir təqvim günü üçün ortalama sığorta ödənişi məbləği müəyyən edilir;

8.3.2. iştirakçı tərəfindən son dörd rüb ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hesablanmış sığorta haqlarının cəmi 365-ə bölünərək bir təqvim günü üçün sığorta haqlarının cəminin 50% məbləği müəyyən edilir;

8.3.3. bu Qaydanın 8.3.1-ci və 8.3.2-ci yarımbəndlərinin tətbiqi nəticəsində əldə edilmiş dəyərlərdən ən yüksək olan otuza vurulur və dördə bölünür;

8.3.4. bu Qaydanın 8.3.3-cü yarımbəndinə uyğun olaraq hesablanmış məbləğ 100 000 (yüz min) manatdan az olduğu təqdirdə təminat hesabının (hesablarının) minimum məcmu məbləği 100 000 (yüz min) manat məbləğində müəyyən olunur;

8.3.5. bu Qaydanın 8.3.3-cü yarımbəndinə uyğun olaraq hesablanmış məbləğ 100 000 (yüz min) manatdan çox olduğu təqdirdə təminat hesabının (hesablarının) minimum məcmu məbləği bu Qaydanın 8.3.3-cü yarımbəndinə uyğun olaraq hesablanmış məbləğ həcmində müəyyən olunur.

8.4. Əvvəllər avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə fəaliyyət göstərməyən sığortaçı həmin icbari sığorta növü üzrə fəaliyyətə icazə aldıqda həmin sığortaçı üzrə təminat hesabının minimum məcmu məbləği 100 000 (yüz min) manat müəyyən olunur.

8.5. Bu Qaydanın 8.3.1-ci və 8.3.2-ci yarımbəndlərində nəzərdə tutulmuş hesablamalar Büro tərəfindən rüblük olaraq hər növbəti rübün onuncu iş günü informasiya sistemində mövcud olan məlumatlar əsasında aparılır və hesablamaların nəticəsi müvafiq iştirakçıya informasiya sistemi üzərindən bildirilir. Hesablamaların nəticəsində təminat hesabının minimum məcmu məbləği artdıqda iştirakçı 3 (üç) iş günü müddətində yaranmış fərqi təminat hesabına daxil etməlidir. Hesablamaların nəticəsində təminat hesabının məbləği azaldıqda bu Qaydanın 8.3.4-cü yarımbəndinin və nəzarət haqqında müqavilənin tələbləri nəzərə alınmaqla iştirakçı yaranmış fərqi təminat hesabından geri çəkə bilər.

8.6. Hesablaşma təminat hesabında olan vəsaitlərlə aparıldığı halda təminat hesabının minimum məbləği hesablaşmanın aparıldığı gün bu Qaydanın 8.3-cü bəndinə uyğun olaraq yenidən hesablanmış məbləğin 1,2 misli həcmində artırılmaqla müəyyən edilir. İştirakçı 3 (üç) iş günü ərzində bu bənddə müəyyən edilmiş məbləğlə  təminat hesabındakı qalıq məbləğ arasındakı fərqi təminat hesabına daxil etməlidir.

8.7. Növbəti rübdə bu Qaydanın 8.3-cü bəndinə uyğun olaraq hesablanmış təminat hesabının minimum məbləği bu Qaydanın 8.6-cı bəndində müəyyən edilmiş məbləğdən çox olduqda sığortaçı yaranmış fərqi 3 (üç) iş günü ərzində təminat hesabına daxil etməlidir.

8.8. Bu Qaydanın 8.6-cı bəndinə uyğun olaraq təminat hesabı məbləğinin artdığı gündən bir il müddətində hesablaşma zamanı təminat hesabında olan vəsaitlərdən istifadə olunmadıqda təminat hesabının minimum məbləği müəyyən edilərkən bu Qaydanın 8.6-cı bəndində müəyyən edilmiş əmsal nəzərə alınmır.

8.9. Təminat hesabının yerləşdiyi bank bu Qaydanın 8.1-ci bəndinin tələblərinə cavab vermədikdə, habelə təminat hesabına xidmət göstərən bankın bank lisenziyası ləğv edildikdə və ya təminat hesabında olan vəsaitlərin digər səbəblərdən köçürülməsi mümkün olmadıqda, iştirakçı 3 (üç) iş günü ərzində bu Qaydanın 8.1-ci bəndinin tələbinə cavab verən digər bankda təminat hesabı açır.

8.10. Təminat hesabının digər bankda açılması nəzarət haqqında müqavilənin bağlanılması və bu Qaydanın 8.3-cü bəndində müəyyən edilmiş vəsaitlərin (bir neçə təminat hesabı olduqda isə çatışmayan hissəsinin) digər bankda yerləşdirilməsi yolu ilə həyata keçirilir. Yeni müqavilə bağlanandan və vəsaitlər köçürüldükdən sonra əvvəlki bankla bağlanmış nəzarət haqqında müqaviləyə xitam verilir.

8.11. İştirakçı bu Qaydanın 8.9-cu və 8.10-cu bəndlərinin tələblərinə riayət etməklə öz təşəbbüsü ilə digər bankda təminat hesabı aça bilər.

 

9. Nəzarət haqqında müqavilə

 

9.1.Təminat hesabı üzrə əməliyyatların aparılması üçün iştirakçı, bank və Büro arasında nəzarət haqqında müqavilə bağlanılır.

9.2. Nəzarət haqqında müqavilədə ən azı aşağıdakı məsələlər tənzimlənir:

9.2.1. iştirakçının razılığı tələb edilmədən təminat hesabında olan vəsaitlərin bu Qaydanın 7.8-ci bəndinə uyğun olaraq Büronun sərəncamı əsasında Büronun xüsusi hesabına köçürülməsi;

9.2.2. təminat hesabında olan vəsaitlərin bu Qaydada nəzərdə tutulmuş məqsədlərdən fərqli məqsədlər üçün istifadə edilməməsi;

9.2.3. yalnız Büronun yazılı razılığı əsasında təminat hesabında olan vəsaitlərin azaldılması imkanı;

9.2.4. Büronun sərəncamının daxil olduğu günün ertəsi günündən gec olmayaraq bank tərəfindən icra edilməsi.

 

10. Kollektiv saziş

 

10.1. Bu Qaydada nəzərdə tutulmuş subroqasiya tələbləri üzrə öhdəliyin icra edilməsi məqsədilə iştirakçılar və Büro arasında bu Qaydanın qüvvəyə mindiyi tarixdən ən geci 30 təqvim günü müddətində kollektiv saziş bağlanılır.

10.2. Kollektiv sazişdə ən azı aşağıdakı məsələlər əhatə olunur:

10.2.1. bu Qaydanın 7.2-ci bəndində nəzərdə tutulmuş orta məbləğlərin hesablanması qaydası;

10.2.2. hesablaşma bankının meyarları və seçilmə qaydası;

10.2.3. təminat hesabında olan vəsaitlərə sərəncam verilmə qaydası;

10.2.4. subroqasiya tələbinin informasiya sistemi üzərindən irəli sürülməsi qaydası;

10.2.5. iştirakçıların elektron informasiya sistemlərinin inteqrasiyası və məlumatların təqdim edilməsi qaydası;

10.2.6. subroqasiya tələbi və hesablaşma üzrə yaranan mübahisələrin həlli qaydası;

10.2.7. sığorta hadisəsinə aid fotoşəkillərə dair tələblər, onların və digər sənəd və məlumatların iddia faylına daxil edilməsi qaydası.

 

11. Məlumat mübadiləsi

 

11.1. İştirakçı bu Qaydanın tələblərini pozduqda Büro bu barədə 1 (bir) iş günü müddətində Azərbaycan Respublikasının Mərkəzi Bankını məlumatlandırır.

11.2. Büro aparılmış hesablaşmalar üzrə hər rüb başa çatdıqdan 20 (iyirmi) gün müddətində hesablaşma dövrünü əhatə edən subroqasiya tələblərinin sayı, həyata keçirilmiş sığorta ödənişi və subroqasiya qaydasında verilmiş ödənişlər barədə hər iştirakçı üzrə və ümumiləşdirilmiş məlumatları Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir.

 

12. Yekun müddəa

 

İştirakçının avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta fəaliyyətinin həyata keçirilməsinə verilmiş icazəsi və ya sığorta fəaliyyətinin həyata keçirilməsinə verilmiş lisenziyası ləğv edildikdə iştirakçı həmin növ üzrə bağlanmış müqavilələrin sonuncusunun qüvvədən düşdüyü və ya sığorta müqavilələrinin digər sığortaçıya ötürüldüyü günədək bu Qaydanın tələblərinə riayət etməlidir.


 

 

Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”ya

Əlavə 1

 

Subroqasiya tələbində və əlavə subroqasiya tələbində əks etdirilməli olan məlumatların siyahısı

Sütunun adı

Ümumi məlumat

1.

İddia faylının nömrəsi:

2.

Sığorta hadisəsinin baş vermə tarixi:

3.

Zərərçəkənin sığortaçısı:

4.

Zərərvuranın sığortaçısı:

5.

Zərər məbləği:

6.

Sənədlərin sonuncusunun təqdim edilmə tarixi:

Sığorta ödənişi verilmiş şəxs barədə məlumatlar

Fiziki şəxs barədə

7.

Şəxsiyyəti təsdiq edən sənədin nömrəsi:

8.

Şəxsiyyət vəsiqəsinin FİN kodu:

9.

S.A.A:

10.

Doğum tarixi:

11.

Ünvanı:

Hüquqi şəxs barədə

12.

VÖEN:

13.

Adı:

14.

Hüquqi ünvanı:

Zərərçəkənə verilmiş sığorta ödənişi barədə məlumatlar

15.

Sığorta ödənişinin məbləği:

16.

Sığorta ödənişinin forması: [1]

17.

Ödəniş sənədinin nömrəsi:

18.

Ödəniş sənədinin tarixi:

 

 


 

Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”ya

Əlavə 2

 

İştirakçının subroqasiya tələblərinin reyestri

 

İştirakçı: ____________________________________________

Reyestrin əhatə etdiyi dövr: ___________ tarixdən __________ tarixədək

Reyestrin yaradılma tarixi: ___________________________

 

 

 

Subroqasiya tələbi

Zərərçəkənin sığortaçısı

Zərərvuranın sığortaçısı

Zərərçəkən və sığorta hadisəsi barədə məlumatlar

Zərərvuran barədə məlumatlar

İddia faylının nömrəsi

Tələbin nömrəsi

Tələbin irəli sürülmə vaxtı

Verilmiş sığorta ödənişi (AZN)

Kollektiv sazişə uyğun olaraq iştirakçının alacağı məbləğ (AZN)

Kollektiv sazişə uyğun olaraq iştirakçının ödəməli olduğu məbləğ (AZN)

Hadisənin tarixi

Zərərçəkənin S.A.A

Sığorta şəhadətnaməsinin nömrəsi

Avtomobilinin dövlət qeydiyyat nişanı

Zərərvuranın S.A.A

Sığorta şəhadətnaməsinin nömrəsi

Avtomobilinin dövlət qeydiyyat nişanı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ödənilməli olan məbləğin cəmi: ___________

 

Alınmalı olan məbləğin cəmi: ___________

 

Fərq: ___________

 



[1] Avtonəqliyyat vasitəsinin təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi və ya qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status