“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2022-ci il iyunun 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyul 2022-ci il
№1762
Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti (bundan sonra “Tərəflər” adlandırılacaqdır),
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasındakı siyasi əlaqələrin və anlaşmanın mövcud səviyyəsini nəzərə alaraq,
Azərbaycan Respublikasının və Serbiya Respublikasının iqtisadi inkişafında energetika və mədənçiliyin əhəmiyyətli rolunu nəzərə alaraq,
Tərəflərin energetika və mədənçilik sahələrində inkişaf etmiş əməkdaşlığının ölkələri arasında dostluq və iqtisadi əlaqələri daha da inkişaf etdirmək üçün yeni bir təkan yaradacağını nəzərə alaraq,
hər iki ölkənin enerji potensialından və təbii ehtiyatların potensialından rasional istifadə etmək məqsədilə,
Tərəflərin energetika və mədənçilik sahələrindəki birgə fəaliyyətini qarşılıqlı fayda üçün genişləndirmək məqsədilə,
Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi ilə Serbiya Respublikasının İnfrastruktur və Energetika Nazirliyi arasıda 8 iyun 2011-ci il tarixli Anlaşma Memorandumunu nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Tərəflər milli qanunvericiliyinə və qarşılıqlı fayda prinsiplərinə uyğun olaraq energetika və mədənçilik sahəsində əməkdaşlığı və işgüzar əlaqələri inkişaf etdirmək üçün fəaliyyət göstərirlər.
Tərəflər arasında energetika sahəsində əməkdaşlıq aşağıdakı istiqamətləri əhatə edir.
- Energetika sektoruna, xüsusən də təbii qaz və bərpa olunan enerji mənbələri sahələrinə qarşılıqlı investisiyaların həvəsləndirilməsi;
- Energetika sahəsini tənzimləyən normalar haqqında məlumat mübadiləsi;
- Energetika sahəsində tətbiq olunan ən son texnologiya və innovativ həllər üzrə təcrübə mübadiləsi;
- Energetika sahəsində Tənzimləyicinin funksiyaları və səlahiyyətlərinə dair məlumat mübadiləsi;
- Energetika sahəsindəki layihələr haqqında məlumat mübadiləsi;
- Energetika sahəsindəki təsərrüfat subyektləri arasında iş əlaqələrini təşviq etmək, yaratmaq və təkmilləşdirmək, xüsusən də Serbiya Respublikasının Azərbaycan Respublikasından təbii qazla təmin edilməsinin mümkünlüyünü nəzərdən keçirmək üçün;
- Enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın inkişafı;
- Energetika sahəsində əməkdaşlığın inkişafı və birgə müəssisələrin yaradılması;
- Cənub Qaz Dəhlizinin həyata keçirilməsini dəstəkləmək üçün əməkdaşlığın davam etdirilməsi.
Maddə 3
Tərəflər arasında mədənçilik sahəsində əməkdaşlıq aşağıdakı istiqamətləri əhatə edir:
- Mineral kəşfiyyat sahəsində qarşılıqlı investisiyaların təşviqi;
- Fundamental Geoloji Tədqiqatlar sahəsində qurumların və təsərrüfat subyektlərinin qarşılıqlı əməkdaşlığının təşəbbüsü və təşviqi;
- Geologiya və mədənçıxarma sahəsini tənzimləyən normalar haqqında məlumat mübadiləsi;
- Geologiya və mədənçilik sahəsində mütəxəssis və peşəkar təcrübə mübadiləsi;
- informasiya sistemləri və geoloji verilənlər bazası sahəsində təcrübə mübadiləsi.
Maddə 4
Əməkdaşlıq yalnız burada müəyyən edilmiş əməkdaşlıq istiqamətləri ilə məhdudlaşmır və Tərəflərin razılaşdırdığı digər istiqamətlərdə də əldə edilə bilər.
Maddə 5
Tərəflərdən birinin bu Saziş çərçivəsində əməkdaşlığın həyata keçirilməsindən yaranan məxfi məlumatları açıqlamaq istədiyi halda, digər Tərəfdən əvvəlcədən yazılı razılıq alır.
Maddə 6
Bu Sazişin təfsiri və ya icrası əsasında yarana biləcək bütün mübahisələr Tərəflər tərəfindən danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 7
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə bu Sazişin ayrılmaz hissəsi olacaq və bu Sazişin 8-ci maddəsində göstərilən qaydada qüvvəyə minəcək protokollar şəklində dəyişikliklər edilə bilər.
Maddə 8
Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və Sazişin qüvvəyə minməsi üçün zəruri olan bütün dövlətdaxili prosedurların tamamlanması barədə sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən 30 (otuz) gün sonra qüvvəyə minir.
Bu Saziş Tərəflərdən biri digər Tərəfə bu Sazişi ləğv etmək niyyəti barədə 6 (altı) ay öncədən yazılı müraciət etmədiyi halda avtomatik olaraq növbəti 5 (beş) il müddətinə uzadılır.
Tərəflərdən hər biri istənilən vaxt diplomatik kanallar vasitəsilə digər Tərəfə xitam barədə bildiriş verməklə bu Sazişi ləğv edə bilər. Bu Sazişin qüvvəsi belə bildirişin alındığı tarixdən 90 (doxsan) gün sonra başa çatır.
Bakı şəhərində 2022-ci il 1 iyun tarixində, hər biri Azərbaycan, serb və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində olan mətnə üstünlük verilir.
Azərbaycan Respublikası
Hökuməti adından
(imza)
|
Serbiya Respublikası
Hökuməti adından
(imza)
|