Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında
Azərbaycan Respublİkasının Qanunu
I fəsil
Ümumİ müddəalar
Maddə 1. Qanunun təyinatı
Özlərinin təhlükəsizliyinə qarşı qəsdlərə səbəb ola biləcək funksiyaları yerinə yetirən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsini təmin etmək, habelə ədalət mühakiməsinin həyata keçirilməsinə, cinayətlərə qarşı mübarizəyə lazımi şərait yaratmaq məqsədi ilə bu Qanun göstərilən şəxslərin və ya onların yaxın qohumlarının həyatının, sağlamlığının, mənzilinin və əmlakının dövlət müdafiəsi üzrə tədbirlər sistemini müəyyənləşdirir.
Maddə 2. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi ilə təmin edilməsi haqqında qanunvericilik
Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi ilə təmin edilməsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Maddə 3. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi ilə təmin edilməsi
Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi ilə təmin edilməsi xidmət vəzifələrinin icrası ilə əlaqədar olaraq bu şəxslərin və ya onların yaxın qohumlarının həyatının və sağlamlığının, mənzilinin, əmlakının qorunması məqsədi ilə səlahiyyətli dövlət orqanları tərəfindən təhlükəsizlik tədbirlərinin tətbiq edilməsindən və həyata keçirilməsindən ibarətdir.
Maddə 4. Dövlət tərəfindən müdafiə olunan şəxslər
Dövlət tərəfindən müdafiə olunan şəxslər (bundan sonra — müdafiə olunan şəxslər) aşağıdakılardır:
1) bütün məhkəmə hakimləri , andlı iclasçılar;
[1]
2) prokurorlar;
3) müstəntiqlər;
4) təhqiqat aparan şəxslər;
5) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər;
6) ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, gömrük işini, miqrasiya sahəsində idarəetməni həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını təmin edən, habelə cinayət işləri üzrə məhkəmə hökmlərini, qərarlarını və qərardadlarını, istintaq orqanlarının və prokurorların qərarlarını icra edən müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları; [2]
7) bu maddənin 1—6-cı bəndlərində nəzərdə tutulan şəxslərin yaxın qohumları.
Yaxın qohumlar dedikdə — valideynlər, uşaqlar, övladlığa götürənlər, övladlığa götürülənlər, doğma qardaş və bacılar, babalar, nənələr, nəvələr, habelə ər-arvad başa düşülür.
Məhkəmə və hüquq mühafizə orqanları işçiləri işdən çıxdıqda və ya başqa işə keçdikdə əvvəlki xidmət vəzifələrinin icrası ilə əlaqədar olaraq həyatına və sağlamlığına, mənzilinə, əmlakına təhlükə yarandıqda onların barəsində təhlükəsizlik tədbirləri tətbiq edilir.
II fəsil
Təhlükəsİzlİk tədbİrlərİ
Maddə 5. Müdafiə olunan şəxslər barəsində tətbiq edilən təhlükəsizlik tədbirlərinin növləri
Müdafiə olunan şəxslər barəsində aşağıdakı təhlükəsizlik tədbirləri tətbiq edilə bilər:
1) müdafiə olunan şəxsi, onun mənzilini və əmlakını mühafizə etmə;
2) müdafiə olunan şəxsə xüsusi fərdi müdafiə vasitələri vermə, onu mövcud təhlükə barədə xəbərdar etmə;
3) müdafiə olunan şəxsi müvəqqəti olaraq təhlükəsiz yerdə yerləşdirmə;
4) müdafiə olunan şəxs barəsində olan məlumatların məxfiliyini qoruma;
5) müdafiə olunan şəxsi başqa işə keçirmə, onun iş və ya təhsil yerini dəyişdirmə, onu başqa yaşayış yerinə köçürmə;
6) müdafiə olunan şəxsin sənədlərini və onun xarici görkəmini dəyişdirmə.
Bundan əlavə Hərbi məhkəmələrin, Azərbaycan Respublikasının ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə kollegiyalarının və hərbi prokurorluğun hərbi qulluqçularının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bundan əlavə aşağıdakı tədbirlərin də həyata keçirilməsinə yol verilir:
[3]
1) digər hərbi hissəyə və ya hərbi idarəyə ezam etmə;
2) yeni xidmət yerinə köçürmə.
Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi qaydaları bu Qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir.
Maddə 6. Müdafiə olunan şəxsi, onun mənzilini və əmlakını mühafizə etmə
Müdafiə olunan şəxslərin həyatına, sağlamlığına, mənzilinə və əmlakına qarşı qəsd ediləcəyi qorxusu üçün real əsaslar müəyyən edildikdə, həmin şəxslərin razılığı ilə təhlükəsizliyi təmin edən orqanlar tərəfindən onların şəxsi mühafizəsi, mənzilinin və əmlakının mühafizəsi üçün təhlükəsizlik tədbirləri tətbiq edilir.
Zəruri hallarda müdafiə olunan şəxslərin mənzili və əmlakı yanğın təhlükəsizliyinə qarşı vasitələr və mühafizə siqnalları ilə təchiz edilə bilər, onların istifadə etdikləri telefon nömrələri və nəqliyyat vasitələrinin dövlət qeydiyyatı nişanları dəyişdirilə bilər.
Maddə 7. Müdafiə olunan şəxsə xüsusi fərdi müdafiə vasitələri vermə, onu mövcud təhlükə barədə xəbərdar etmə
Müdafiə olunan şəxslərin həyatına və sağlamlığına olan təhlükənin xarakterindən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq onlara xüsusi fərdi müdafiə vasitələri verilə bilər və onlar təhlükə barədə xəbərdar edilməlidirlər.
Maddə 8. Müdafiə olunan şəxsi müvəqqəti olaraq təhlükəsiz yerdə yerləşdirmə
Zəruri hallarda yetkinlik yaşına çatmış müdafiə olunan şəxslər onların razılığı ilə, yetkinlik yaşına çatmayan şəxslər isə valideynlərinin və ya onların qanuni nümayəndələrinin razılığı ilə müvəqqəti olaraq təhlükəsiz yerdə yerləşdirilə bilərlər.
Maddə 9. Müdafiə olunan şəxs barəsində olan məlumatların məxfiliyinin qorunması
Təhlükəsizliyi təmin edən orqanların qərarı ilə avtomat telefon rabitə sorğu xidmətinə, pasport-viza xidmətinə və ya digər müvafiq məlumat — sorğu xidmətlərinə müdafiə olunan şəxslərin yaşayış yeri barəsində və ya hər hansı digər məlumatların verilməsi müvəqqəti və ya daimi olaraq qadağan edilə bilər.
Bəzi hallarda müdafiə olunan şəxslər barəsində olan məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqanlardan, sorğu xidmətlərindən götürülə bilər.
Maddə 10. Müdafiə olunan şəxsi başqa işə keçirmə, onun iş və ya təhsil yerini dəyişdirmə, onu başqa yaşayış yerinə köçürmə
Müdafiə olunan şəxsin müraciəti və ya razılığı ilə həmin şəxslər müvəqqəti və ya daimi olaraq başqa işə keçirilə və ya başqa yaşayış yerinə köçürülə bilərlər, onların iş və ya təhsil yeri dəyişdirilə bilər.
Göstərilən tədbirlər müdafiə olunan şəxslərin mənzil, əmək, pensiya və digər hüquqları pozulmamaqla həyata keçirilməlidir.
Müvəqqəti olaraq başqa yaşayış yerinə köçürülən şəxslərin daimi yaşayış yeri üzrə yaşayış sahəsi saxlanılmalıdır.
Maddə 11. Müdafiə olunan şəxslərin sənədlərini və onun xarici görkəmini dəyişdirmə
Müdafiə olunan şəxslərin təhlükəsizliyini başqa tədbirlərlə təmin etmək mümkün olmadıqda ərizəsi və ya razılığı əsasında müstəsna hallarda, onlara anket məlumatları dəyişdirilmiş şəxsiyyəti təsdiq edən sənəd və digər sənədlər verilə bilər, habelə onların xarici görkəmi dəyişdirilə bilər.
III fəsil
Təhlükəsİzlİyİ təmİn edən orqanlar. Təhlükəsİzlİk tədbİrlərİnİn tətbİq və ləğv edİlməsİ
Maddə 12. Təhlükəsizliyi təmin edən orqanlar
Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi barədə qərar aşağıdakı orqanlar tərəfindən qəbul edilir:
1) müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri — bu orqanın əməkdaşları və ya onların yaxın qohumlarının müdafiəsi barədə;
2) prokurorluğun rəhbərləri — prokurorluğun əməkdaşları və ya onların yaxın qohumlarının müdafiəsi barədə;
3) məhkəmə sədri — hakimlərin , andlı iclasçıların və ya onların yaxın qohumlarının müdafiəsi barədə.
[4]
Təhlükəsizlik tədbirləri aşağıdakı orqanlar tərəfindən həyata keçirilir:
1) hakimlər, andlı iclasçılar, prokurorluq işçiləri, müstəntiqlər, habelə onların yaxın qohumları barəsində — müvafiq icra hakimiyyəti orqanları;
[5]
2) müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri, habelə onların yaxın qohumları barəsində — həmin orqanlar.
Müdafiə olunan şəxslərin təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarına həvalə edilir.
Maddə 13. Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi
Müdafiə olunan şəxslər barəsində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi üçün səbəblər aşağıdakılardır:
1) müdafiə olunan şəxsin ərizəsi;
2) məhkəmə sədrinin və ya müvafiq hüquq mühafizə orqanı rəhbərinin müraciəti;
3) mövcud təhlükə barədə təhlükəsizliyi təmin edən orqanlar tərəfindən əməliyyat məlumatlarının və ya digər məlumatların əldə edilməsi.
Müdafiə olunan şəxslər barəsində real təhlükələrin mövcudluğunu göstərən kifayət qədər məlumatların olması təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi üçün əsasdır.
Maddə 14. Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar
Təhlükəsizliyi təmin edən orqanlar müdafiə olunan şəxsin təhlükəsizliyinə real qorxu yaradan hallar barədə məlumat (ərizə) əldə etdikdə üç gün müddətində, zəruri hallarda isə dərhal müdafiə olunan şəxs barəsində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi və ya təhlükəsizlik tədbirlərinin tətbiqindən imtina edilməsi haqqında qərar qəbul edir.
Təhlükəsizliyi təmin edən orqanlar təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi qərarına gəldikdə təhlükəsizlik tədbirləri və onların həyata keçirilməsi müddəti konkret göstərilməklə əsaslandırılmış qərar qəbul edir.
Qəbul edilmiş qərar barədə təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi xahişi ilə müraciət etmiş məhkəmə sədrinə və ya müvafiq hüquq mühafizə orqanının rəhbərinə məlumat verilir. Bu zaman təhlükəsizliyi təmin edən orqanlar tərəfindən müdafiə olunan şəxsə onun təhlükəsizliyi üçün zəruri olan göstərişlər verilə bilər.
Təhlükəsizliyi təmin edən orqanın təhlükəsizlik tədbirlərinin tətbiqindən imtina edilməsi haqqında qərarı təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi xahişi ilə müraciət etmiş məhkəmə sədri və ya müvafiq hüquq mühafizə orqanın rəhbəri tərəfindən prokurorluğun və ya məhkəmənin yuxarı orqanına bu barədə şikayət verilə bilər. Bu şikayətlərə dərhal baxılmalıdır.
Maddə 15. Təhlükəsizlik tədbirlərinin ləğv edilməsi
Təhlükəsizlik tədbirləri aşağıdakı hallarda ləğv edilir:
1) təhlükəsizlik tədbirinin tətbiq edilməsi müddətinin keçməsi;
2) mövcud təhlükənin aradan qaldırılması;
3) barəsində təhlükəsizlik tədbirləri tətbiq edilmiş şəxsin ərizəsi;
4) yazılı surətdə xəbərdar edilməsinə baxmayaraq təhlükəsizliyi təmin edən orqanların qanuni göstərişlərinin mütəmadi olaraq müdafiə olunan şəxs tərəfindən yerinə yetirilməməsi.
Təhlükəsizlik tədbirlərinin ləğvi üçün real əsaslar olduqda müdafiə olunan şəxsə yazılı məlumat verilməklə bu haqda əsaslandırılmış qərar qəbul edilir.
Qəbul edilmiş qərar barədə müdafiə olunan şəxs prokurorluğa və ya məhkəməyə şikayət verə bilər. Bu şikayətə dərhal baxılmalıdır. Qəbul edilmiş qərar barədə üç günün müddətində şikayət etmiş şəxsə məlumat verilməlidir.
IV fəsil
Təhlükəsİzlİyİ təmİn edən orqanların və müdafİə olunan şəxslərİn hüquq və vəzİfələrİ
Maddə 16. Təhlükəsizliyi təmin edən orqanların hüquq və vəzifələri
Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi barədə qərar qəbul etmiş orqanların aşağıdakı hüquqları vardır:
1) müdafiə olunan şəxslərin təhlükəsizliyinə qorxu yaradan hallar barədə edilən müraciətlər (ərizələr) əsasında zəruri materialları tələb etmək və ya izahatlar almaq;
2) təhlükəsizlik tədbirlərini həyata keçirən orqanlardan əlavə tədbirlərin tətbiqini tələb etmək;
3) həyata keçirilən təhlükəsizlik tədbirlərini tamamilə və ya qismən ləğv etmək.
Təhlükəsizlik tədbirlərini həyata keçirən orqanların aşağıdakı hüquqları vardır:
1) təhlükəsizlik tədbirlərini və onların tətbiqi vasitələrini müəyyən etmək, zəruri hallarda həyata keçirilən tədbirləri dəyişdirmək və ya onlara əlavələr etmək;
2) təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi şərtlərinin əməl olunmasını, habelə bu tədbirlərin tətbiqi ilə əlaqədar təhlükəsizliyi təmin edən orqanların vəzifəli şəxsləri tərəfindən verilən qanuni göstərişlərin yerinə yetirilməsini müdafiə olunan şəxslərdən tələb etmək;
3) təhqiqat orqanına, müstəntiqə, prokurora, məhkəməyə (hakimə) müdafiə olunan şəxs barəsində təhlükəsizlik tədbirinin tətbiq edilməsi və ya həyata keçirilən təhlükəsizlik tədbirinin ləğvi barədə vəsatət qaldırmaq.
Təhlükəsizliyi təmin edən orqanların aşağıdakı vəzifələri vardır:
1) müdafiə olunan şəxs barəsində edilən hər bir qanunsuz hallar haqqında məlumat daxil olduqda həmin halların aradan qaldırılması üçün dərhal cavab tədbirləri görmək;
2) mövcud təhlükənin xarakterinə uyğun olaraq müdafiə olunan şəxslərin həyatının, sağlamlığının, mənzilinin və əmlakının qorunmasını təmin etmək;
3) təhlükəsizlik tədbirlərinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı qəbul edilmiş qərar barədə müdafiə olunan şəxsə vaxtında məlumat vermək.
Maddə 17. Müdafiə olunan şəxslərin hüquq və vəzifələri
Müdafiə olunan şəxslərin aşağıdakı hüquqları vardır:
1) barəsində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi və ya edilməməsi haqqında müraciət etmək;
2) barəsində tətbiq ediləcək təhlükəsizlik tədbirləri haqqında məlumat almaq;
3) tətbiq edilən təhlükəsizlik tədbirlərindən başqa, bu Qanunla nəzərdə tutulan digər tədbirlərin də tətbiq edilməsini və ya tətbiq edilən tədbirlərdən hər hansı birisinin ləğv edilməsini təhlükəsizliyi təmin edən orqanlardan tələb etmək;
4) təhlükəsizliyi təmin edən yuxarı orqana, prokurorluğa və ya məhkəməyə təhlükəsizlik tədbirlərini həyata keçirən vəzifəli şəxslərin qanunsuz qərarlarından və ya hərəkətlərindən şikayət vermək.
Müdafiə olunan şəxslərin aşağıdakı vəzifələri vardır:
1) təhlükəsizliyi təmin edən orqanların qanuni tələblərinə əməl etmək;
2) ona qarşı edilən qanunsuz əməllər və ya hər bir təhlükə barəsində təhlükəsizliyi təmin edən orqanlara dərhal məlumat vermək;
3) təhlükəsizliyi təmin edən orqanlar tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədilə onun istifadəsinə verilmiş əmlakla ehtiyatla davranmaq;
4) təhlükəsizliyi təmin edən orqanların icazəsi olmadan barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları yaymamaq.
V fəsil
Yekun müddəalar
Maddə 18. Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərarın icrasının məcburiliyi
Təhlükəsizliyi təmin edən orqanların mülkiyyət formasından asılı olmayaraq müəssisələrə, idarələrə və təşkilatlara göndərilmiş qərarının icrası həmin orqanların vəzifəli şəxsləri üçün məcburidir.
Maddə 19. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari sığortası və onlara müavinətlərin ödənilməsi
Məhkəmə və hüquq mühafizə orqanları işçiləri xidmət vəzifələrinin icrası ilə bağlı həlak olma (vəfat etmə), xəsarət (yaralanma, travma, kontuziya) alma hallarından icbari qaydada dövlət tərəfindən sığortalanmalıdırlar. [6]
Sığortalanmanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Xidmət vəzifələrinin icrası ilə əlaqədar məhkəmə və hüquq mühafizə orqanları işçiləri həlak olduqda (vəfat etdikdə) ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına onların orta əmək haqqı məbləğinin yetmiş misli miqdarında birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.
Xidmət vəzifələrinin icrası ilə əlaqədar məhkəmə və hüquq mühafizə orqanları işçiləri xidməti davam etdirməsinə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, xəstələndikdə dövlət büdcəsinin vəsaiti hesabına həmin şəxslərə onların orta əmək haqqı məbləğinin əlli misli miqdarında birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur. [7]
Xidmət vəzifələrinin icrası ilə əlaqədar məhkəmə və hüquq mühafizə orqanları işçilərinin əmlakına dəyən ziyan dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.
Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin həlak olması (vəfat etməsi) və ya xəsarət (yaralanma, travma, kontuziya) alması və ya əmlakının zədələnməsi hallarının xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olmamasını müəyyən edən məhkəmə hökmünün və ya qərarının qəbul edilməsi bu Qanunla nəzərdə tutulmuş sığorta və ya müavinət məbləğlərinin verilməsindən imtina edilməsi üçün əsasdır. [8]
Maddə 20. Dövlət müdafiə tədbirlərinin maliyyələşdirilməsi və maddi-texniki təminatı
Bu Qanunla nəzərdə tutulmuş dövlət müdafiə tədbirlərinin maliyyələşdirilməsi və maddi-texniki təminatı dövlət büdcəsinin (xərclərin) hesabına həyata keçirilir. Təhlükəsizlik tədbirlərinin tətbiqi ilə bağlı məsrəflər müdafiə olunan şəxslərin üzərinə qoyula bilməz.
Maddə 21. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasına görə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 11 dekabr 1998-ci il
№ 586-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683)
2.
23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)
3.
16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 712)
4.
6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695)
5.
26 noyabr 2009-cu il tarixli 923-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 29 dekabr 2009-cu il, № 290)
6.
10 iyun 2011-ci il tarixli 142-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 01 iyul 2011-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 475)
7.
22 may 2012-ci il tarixli 359-IVQD Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 iyun 2012-ci il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 520)
8.
01 oktyabr 2012-ci il tarixli 431-IVQD Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 noyabr 2012-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1043)
9.
13 fevral 2015-ci il tarixli 1187-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 249)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
13 fevral 2015-ci il tarixli 1187-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 249) ilə 4-cü maddənin birinci hissəsinin 1-ci bəndindən “, andlı iclasçılar” sözləri çıxarılmışdır.
[2]
26 noyabr 2009-cu il tarixli 923-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 29 dekabr 2009-cu il, № 290) ilə 4-cü maddəsinin birinci hissəsinin 6-cı bəndində “gömrük işini” sözlərindən sonra “, miqrasiya sahəsində idarəetməni” sözləri əlavə edilmişdir.
01 oktyabr 2012-ci il tarixli 431-IVQD Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 15 noyabr 2012-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1043) 4-cü maddəsinin birinci hissəsinin 6-cı bəndində “idarəetməni həyata keçirən,” sözlərindən sonra “fövqəladə halların nəticələrinin aradan qaldırılmasını təmin edən,” sözləri əlavə edilmişdir.
[3]
5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683) ilə 5-ci maddənin ikinci hissəsinin birinci abzasında "Hərbi tribunalların" sözləri "Hərbi məhkəmələrin, Azərbaycan Respublikasının ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə kollegiyalarının" sözləri ilə əvəz edilmişdir.
16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 5-ci maddəsinin ikinci hissəsində "Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin" sözləri "apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin" sözləri ilə əvəz edilmişdir.
10 iyun 2011-ci il tarixli 142-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 01 iyul 2011-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 475) ilə 5-ci maddəsinin ikinci hissəsindən “məhkəmələrin, Azərbaycan Respublikasının ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə kollegiyalarının və hərbi” sözləri çıxarılmışdır.
[4]
13 fevral 2015-ci il tarixli 1187-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 249) ilə 12-ci maddənin birinci hissəsinin 3-cü bəndindən “, andlı iclasçıların” sözləri, ikinci hissəsinin 1-ci bəndindən “andlı iclasçılar,” sözləri çıxarılmışdır.
[5]
22 may 2012-ci il tarixli 359-IVQD Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 19 iyun 2012-ci il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 520) ilə 12-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində “prokurorlar” sözü “prokurorluq işçiləri” sözləri ilə əvəz edilmişdir.
[6]
6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə 19-cu maddəsinin birinci hissədə “zədələnmə, yaralanma, xəsarət alma” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) alma” sözləri ilə əvəz edilmişdir.
[7]
23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 19-cu maddənin üçüncü və dördüncü hissələrindən “vergi tutulmayan” sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Xidmət vəzifələrinin icrası ilə əlaqədar məhkəmə və hüquq mühafizə orqanları işçiləri həlak olduqda (vəfat etdikdə) ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına onların orta əmək haqqı məbləğinin yetmiş misli miqdarında vergi tutulmayan birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.
Xidmət vəzifələrinin icrası ilə əlaqədar məhkəmə və hüquq mühafizə orqanları işçiləri xidməti davam etdirməsinə imkan verməyən dərəcədə zədələndikdə, yaralandıqda, kontuziya olduqda, xəsarət aldıqda, xəstələndikdə dövlət büdcəsinin vəsaiti hesabına həmin şəxslərə onların orta əmək haqqı məbləğinin əlli misli miqdarında vergi tutulmayan birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.
6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə 19-cu maddəsinin dördüncü hissədə “zədələndikdə, yaralandıqda, kontuziya olduqda, xəsarət aldıqda” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) aldıqda” sözləri ilə əvəz edilmişdir.
[8]
6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695) ilə 19-cu maddəsinin altıncı hissədə “onlara bədən xəsarətinin yetirilməsi” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) alması” sözləri ilə əvəz edilmişdir.