Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
[1]
Bu Qanun Azərbaycan Respublikasında qiymətli kağız sahibləri olan hüquqi və fiziki şəxslərin (bundan sonra - investorlar) qiyməti kağızlar bazarında hüquqlarının dövlət və ictimai müdafiəsi sahəsində münasibətləri tənzimləyir.
Maddə 1. Qanunun tətbiq sahələri
1.1. Bu Qanun bütün növ qiymətli kağızlar üzrə münasibətlərə şamil edilir.
1.2. Qanunla aşağıdakılar müəyyən edilir:
1.2.1. qiymətli kağızlar bazarının peşəkar iştirakçıları (bundan sonra - peşəkar iştirakçılar) tərəfindən investorlara xidmətlərin göstərilməsinin əlavə şərtləri, emitentlərə və peşəkar iştirakçılara olan əlavə tələblər;
1.2.2. qiymətli kağızlar bazarında investorların hüquqlarının və qanuni maraqlarının müdafiəsi üzrə tədbirlər, habelə həmin hüquq və maraqların pozulmasına görə məsuliyyət.
Maddə 2. Qiymətli kağızların buraxılışı və tədavülü ilə bağlı tələblər
2.1. Qiymətli kağızlar buraxılışının açıq yerləşdirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş həcm və qaydada elan edilməli olan məlumatları elan etməyən emitentlərin həmin qiymətli kağızların, habelə buraxılışı dövlət qeydiyyatından keçməmiş qiyməti kağızların qiymətli kağızlar bazarında yerləşdirilməsi, reklamı və istənilən formada investorlara təklif edilməsi, onlarla əqdlərin bağlanması qadağandır.
2.2.Qiymətli kağızlar bazarının iştirakçıları arasında bağlanan müqavilələrdə investorların hüquqlarını və qanuni maraqlarını məhdudlaşdıran müddəalar nəzərdə tutula bilməz.
2.3. Qanunvericiliklə dövlət qeydiyyatından keçirilməsi nəzərdə tutulan qiymətli kağızlarla bağlı əqdlər dövlət qeydiyyatına alınması üçün təqdim edilmədikdə bu vəzifəni icra etməli olan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 3. İnvestora qiymətli kağızların dövriyyəsi ilə əlaqədar məlumatın verilməsi
3.1. Emitent Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olan məlumatı investorun yazılı tələbi ilə ona verməyə borcudur.
3.2. İnvestora xidmətlərini təklif edən peşəkar iştirakçı investorun yazılı tələbi ilə ona aşağıdakı sənədləri və məlumatı təqdim etməyə borcludur:
3.2.1. qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi üçün aldığı xüsusi razılığın surətini;
3.2.2. dövlət qeydiyyatı haqqında sənədinin surətini;
3.2.3. peşəkar iştirakçının fəaliyyətinin qaydalarını;
3.2.4. müvafiq əqdlərin bağlanması üçün təqdim edilən qiymətli kağızların buraxılışının dövlət qeydiyyatı haqqında məlumatı və bu buraxılışın dövlət qeydiyyat nömrəsini;
3.2.5. həmin qiymətli kağızların buraxılışı haqqında qərarda və onların emissiya prospektində olan məlumatları;
3.2.6. əgər həmin qiymətli kağızlar qiymətli kağızlar bazarında ticarətin təşkilatçılarının tədavülə buraxılma siyahısına (listinqə) daxil edilmişsə, investorun məlumatı təqdim edilməsi haqqında tələb irəli sürdüyü tarixə qədər 1 ay ərzində qiymətli kağızlar bazarında bu qiymətli kağızların qiymətləri (kotirovkaları) haqqında məlumatları, yaxud qiymətli kağızlar bazarında ticarətin təşkilatçılarının tədavülə buraxılma siyahısında (listinqində) həmin qiymətli kağızların olmaması barədə məlumatları;
3.2.7. investorun məlumatın təqdim edilməsi haqqında tələb irəli sürdüyü tarixə qədər 1 ay ərzində, bu peşəkar iştirakçı tərəfindən həmin qiymətli kağızların alınma və satılma qiymətləri haqqında, yaxud bu cür əməliyyatların aparılmadığı barədə məlumatları.
3.3. Peşəkar iştirakçı bu maddənin 3.2-ci bəndində göstərilən məlumatları investora yazılı formada verdiyinə görə ondan haqq tələb edə bilər. Bu haqqın məbləği tərəflərin razılığı ilə müəyyən edilir.
3.4. Bu maddədə göstərilən tələblər pozulduqda, o cümlədən dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar verildikdə, investorla emitent və ya peşəkar iştirakçı arasında bağlanmış müqavilə investorun tələbi ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada dəyişdirilə, yaxud ləğv edilə bilər.
3.5. İnvestor qiymətli kağızlarla əqdlər bağlaması zamanı peşəkar iştirakçıdan, yaxud emitentdən bu Qanuna, habelə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun məlumatların ona verilməsini yazılı şəkildə tələb etməzsə, həmin məlumatların verilməməsi əsası ilə peşəkar iştirakçıya, yaxud emitentə qarşı zərərin ödənilməsi tələbi ilə çıxış edə bilməz.
Maddə 4. İnvestorların şikayətlərinə və ərizələrinə baxılması
Müvafiq icra hakimiyyəti orqanı investorların şikayətlərinə və ərizələrinə vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericiliyə uyğun olaraq baxır.
[2]
Maddə 5. İnvestorlara məlumatların verilməsi
5.1. İnvestorlara məlumat verilməsi və qiymətli kağızlar bazarında qanun pozuntuları haqqında onları xəbərdar etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı özünün rəsmi nəşrində aşağıdakılar barədə məlumatlar dərc edir:
5.1.1. qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi üçün verilən xüsusi razılıqların ləğv edilməsi, yaxud fəaliyyətinin dayandırılması;
5.1.2. peşəkar iştirakçıların öz-özünə tənzimləyən təşkilatları (bundan sonra - öz-özünü tənzimləyən təşkilatlar);
5.1.3. müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi inzibati məsuliyyət tədbirləri;
5.1.4. müvafiq icra hakimiyyəti orqanının iddiaları üzrə çıxarılmış məhkəmə qərarları;
5.1.5. müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktlar.
5.2. Müvafiq icra hakimiyyəti orqanı qiymətli kağızlar bazarında qanun pozuntularına yol vermiş şəxslərə tətbiq etdiyi sanksiyalar, həmin qanun pozuntularını etmiş şəxslər, qiymətli kağızların qeydiyyatdan keçmiş buraxılışları, qiymətli kağızların haqsız emissiyaları və qiymətli kağızların yerləşdirilməsi dayandırılmış buraxılışları, verdiyi, fəaliyyətini dayandırdığı və ləğv etdiyi bütün xüsusi razılıqlar haqqında hər bir maraqlı şəxs üçün açıq olan məlumatlardan (dövlət və xidməti sirlər, emitentlərin və yaxud peşəkar iştirakçıların kommersiya sirləri olan məlumatlar istisna olmaqla) ibarət məlumatlar bazasını yaratmalıdır.
5.3. Məlumatlar bazasının yaradılması və istifadəsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 6. İnvestorların hüquqlarının və qanuni maraqlarının pozulmasının qarşısının alınması
6.1. Müvafiq icra hakimiyyəti orqanı qiymətli kağızlar bazarında qanun pozuntularının dayandırılması və qarşısının alınması, investorların pozulmuş hüquqlarının bərpa olunması məqsədi ilə bu Qanunla və Azərbaycan Respublikasının qanunvericiliyi ilə onun səlahiyyətlərinə aid edilən məsələlər üzrə nəzarəti həyata keçirir, emitentlərə, peşəkar iştirakçılara və onların vəzifəli şəxslərinə Azərbaycan Respublikasının ərazisində icrası məcburi olan göstərişlər verir.
6.2. Bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
[3]
6.3. İnvestorların hüquqlarının və qanuni maraqlarının emitent və ya peşəkar iştirakçı tərəfindən pozulduğu, yaxud həmin hüquqlara təhlükə yarandığı hallarda müvafiq icra hakimiyyəti orqanı öz göstərişi ilə emitent və ya peşəkar iştirakçıya qanun pozuntusu aradan qaldırılana qədər qiymətli kağızlar bazarında müvafiq əməliyyatların aparılmasını məhdudlaşdıra və ya qadağan edə bilər.
Maddə 7. İnvestorların hüquqlarının pozulmasına görə məsuliyyət
7.1. Müvafiq icra hakimiyyəti orqanı investorların qanunvericiliklə müəyyən edilən hüquqlarını və qanuni maraqlarını pozan emitentlərə və (və ya) peşəkar iştirakçılara, onların vəzifəli şəxslərinə qanunvericiliklə müəyyən edilmiş qaydada, öz səlahiyyətləri daxilində müvafiq tənbeh tədbirlərini tətbiq edir. Bu zaman tətbiq edilən cərimələr Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür.
[4]
7.2. Müvafiq icra hakimiyyəti orqanı və onun vəzifəli şəxsləri onların qanunsuz hərəkətləri, yaxud hərəkətsizlikləri nəticəsində investorlara dəymiş zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 8. İnvestorların hüquqlarının və qanuni maraqlarının məhkəmə qaydasında müdafiəsi
8.1. İnvestorların hüquqlarının və qanuni maraqlarının müdafiəsi haqqında iddialar, yaxud ərizələr üzrə mübahisələrə məhkəmədə baxılarkən müvafiq icra hakimiyyəti orqanı ona həvalə edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə iş üzrə rəy vermək üçün, habelə investorların hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün öz təşəbbüsü ilə və qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmədə iştirak edir.
8.2. Müvafiq icra hakimiyyəti orqanı investorların hüquqlarının və qanuni maraqlarının müdafiəsi məqsədi ilə aşağıdakılara dair iddialar və ərizələrlə məhkəməyə müraciət edə bilər:
8.2.1. dövlət və ictimai maraqların, investorların hüquq və qanunla qorunan maraqlarının müdafiəsinə;
8.2.2. qiymətli kağızlar bazarında peşəkar fəaliyyəti xüsusi razılıq olmadan həyata keçirən hüquqi və fiziki şəxslərin fəaliyyətinə xitam verilməsinə, qiymətli kağızların buraxılışınınetibarsız hesab edilməsinə və onlarla əqdlərin mübahisələndirilməsinə.
[5]
8.3. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hallarda da məhkəməyə müraciət edə bilər.
Maddə 9. Öz-özünü tənzimləyən təşkilat tərəfindən investorların hüquqlarının və qanuni maraqlarının müdafiəsi
9.1. Öz-özünü tənzimləyən təşkilat bu Qanuna, Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə özünün fəaliyyətinin qaydalarına uyğun olaraq öz üzvləri tərəfindən qiymətli kağızlar bazarında investorların hüquqlarının və qanuni maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icra edilməsi üzərində nəzarəti həyata keçirir.
9.2. Öz-özünü tənzimləyən təşkilat 9.1-ci maddədə göstərilən nəzarəti öz təşəbbüsü ilə, müvafiq icra hakimiyyəti orqanlarının müraciətləri, habelə investorların şikayətləri və ərizələri əsasında həyata keçirir.
9.3. Göstərilən nəzarətin formaları, müddətləri və həyata keçirilməsi üsulları öz-özünü tənzimləyən təşkilatın təsis sənədləri və fəaliyyətinin qaydaları ilə müəyyən edilir.
Maddə 10. Öz-özünü tənzimləyən təşkilatın kompensasiya və digər fondları
Öz-özünü tənzimləyən təşkilatın üzvləri olan peşəkar iştirakçıların fəaliyyətləri nəticəsində investorlara vurulmuş zərərin ödənilməsi məqsədi ilə öz-özünü tənzimləyən təşkilat kompensasiya və digər fondları yarada bilər.
Maddə 11. Öz-özünü tənzimləyən təşkilat tərəfindən investorların şikayətlərinə və ərizələrinə baxılma qaydası
11.1. Öz-özünü tənzimləyən təşkilat öz üzvünün, onun vəzifəli şəxslərinin və mütəxəssislərinin fəaliyyətinə dair investorların şikayətləri və ərizələrinə öz təsis sənədlərində və fəaliyyətinin qaydalarında nəzərdə tutulmuş qaydada baxır.
11.2. Öz-özünü tənzimləyən təşkilat şikayət və ya ərizəyə baxdıqdan sonra qanun pozuntusu aşkar olarsa, aşağıdakı qərarları qəbul edə bilər:
11.2.1. özünün fəaliyyətinin qaydaları ilə müəyyən edilmiş sanksiyaları pozuntuya yol vermiş üzvünə tətbiq etmək;
11.2.2. investora vurulmuş zərəri məhkəmədən kənar qaydada ödəməyi öz üzvünə tövsiyə etmək;
11.2.3. investorlara vurulmuş zərəri öz-özünü tənzimləyən təşkilatın kompensasiya fondundan ödəmək;
11.2.4. peşəkar iştirakçını öz üzvləri sırasından çıxarmaq və onun qiymətli kağızlar bazarında peşəkar fəaliyyəti həyata keçirmək üçün aldığı xüsusi razılığın ləğv edilməsi və ya fəaliyyətinin dayandırılması üzrə tədbirlərin görülməsi haqqında ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək;
11.2.5. şikayət və ərizə üzrə materialları müvafiq icra hakimiyyəti orqanlarına onların səlahiyyətlərinə uyğun olaraq baxılmaq üçün göndərmək.
11.3. Öz-özünü tənzimləyən təşkilat investorların şikayətləri və ərizələrinə baxılmasının nəticələri və qəbul etdiyi qərarlar barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.
11.4. Öz-özünü tənzimləyən təşkilat tərəfindən investorların qanuna uyğun, əsaslı şikayətləri və ərizələri üzrə tədbirlər görülmədiyi, qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında qanunvericilik icra edilmədiyi hallarda müvafiq icra hakimiyyəti orqanı öz-özünü tənzimləyən təşkilata qanunvericiliklə müəyyən edilmiş qaydada, öz səlahiyyətləri daxilində sanksiyaları tətbiq edə bilər.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 16 iyun 2000-ci il
№ 899-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706)
2.
17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745)
3.
9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053)
4.
30 sentyabr 2014-cü il tarixli 1029-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 07 noyabr 2014-cü il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1149)
5.
15 may 2015-ci il tarixli 1284-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2015-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 813)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
15 may 2015-ci il tarixli 1284-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2015-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 813) ilə “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2000-ci il 16 iyun tarixli 899-IQ nömrəli Qanunu ləğv edilmişdir.
[2]
9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 4-cü maddəsindən “vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” sözləri çıxarılmışdır.
[3]
30 sentyabr 2014-cü il tarixli 1029-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 07 noyabr 2014-cü il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1149) ilə 6.2-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
6.2. Nəzarətin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
[4]
22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706) ilə 7.1-ci maddəsinin ikinci cümləsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Bu zaman tətbiq edilən cərimələrin məbləğinin 90 faizi Azərbaycan Respublikasının dövlət büdcəsinə, 10 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür.
[5]
17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 8.2.2-ci maddəsində "və onlarla əqdlərin etibarsız hesab edilməsinə" sözləri "etibarsız hesab edilməsinə və onlarla əqdlərin mübahisələndirilməsinə" sözləri ilə əvəz edilmişdir.