AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
11.02.1999
QEYDİYYAT NÖMRƏSİ
94
ADI
İslah-əmək müəssisələrində və istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrası qaydalarının təmin edilməsi və hüquqi islahatların həyata keçirilməsinə dair tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-1999, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 78)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.02.1999
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
410.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
İslah-əmək müəssisələrində və istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrası qaydalarının təmin edilməsi və hüquqi islahatların həyata keçirilməsinə dair tədbirlər haqqında

İslah-əmək müəssisələrində və istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrası qaydalarının təmin edilməsi və hüquqi islahatların həyata keçirilməsinə dair tədbirlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Bakı şəhəri Qarabağ rayonunun Qobustan qəsəbəsində yerləşən həbsxanasında baş verən son hadisələr göstərir ki, düşmən qüvvələrə xidmət edən ayrı-ayrı şəxslər və terrorçu qruplar cinayət məsuliyyətinə cəlb edilərək cəza çəkdikləri dövrdə də ölkədə sabitliyin və ictimai təhlükəsizliyin pozulmasına, Azərbaycanın müstəqilliyinə qarşı yönəldilən cinayətkar əməllərindən əl çəkməmişlər.

1999-cu il yanvarın 7-8-də xüsusi təhlükəli dövləti və digər ağır cinayətlər törətdiklərinə görə cəza çəkən Vahid Musayev, Faiq Baxşəliyev, Yaşar Məmmədov, Vəliəhəd İbadov və bir qrup digər məhkumlar Qobustan qəsəbəsində yerləşən həbsxanadan qaçmaq məqsədi ilə xidmət heyətinə zorakılıq göstərməklə nəzarət-buraxılış məntəqəsinə, mühafizə-rejim postlarına, qarovul xidmətinə basqın edib, silah və döyüş sursatı ələ keçirərək mühafizə sistemini, rabitə və mühəndis-texniki qurğuları dağıtmış, 28 hərbi qulluqçu və nəzarətçini girov götürmüş, cəza çəkən digər məhkumları itaətsizliyə təhrik etmişlər.

Terrorçular odlu silahlardan atəş açıb hərbi qulluqçuların həyatına sui-qəsd edərək, onların bir neçəsinə ağır dərəcəli bədən xəsarətləri yetirmiş, girov götürülən şəxsləri əzab və işgəncələrə məruz qoymuşlar.

Hadisənin ağır nəticələrinin və insan tələfatının qarşısını almaq məqsədi ilə terrorçularla danışıqlar aparılmasına və bütün mümkün tədbirlərin görülməsinə baxmayaraq onlar öz cinayətkar hərəkətlərini davam etdirmiş, hakimiyyət orqanları qarşısında bir sıra qanunsuz tələblər qoymuşlar.

Girovların azad olunması və təhlükəli cinayətkarların tərksilah edilməsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş xüsusi əməliyyat tədbiri keçirilərək terrorçular zərərsizləşdirilmiş, onlardan 11 nəfəri silahlı müqavimət göstərərkən öldürülmüşdür.

Xidməti vəzifələrini yerinə yetirən 2 hərbi qulluqçu həlak olmuş, 25 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Hadisə ilə əlaqədar cinayət işi başlanmış və istintaq aparılır.

Baş vermiş bu ağır cinayət islah-əmək müəssisələri sistemində aparılan islahatlara və görülən tədbirlərə baxmayaraq bir sıra problemlərin mövcud olduğunu təsdiq edir.

Belə ki, son illər islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının mühafizə-rejim qaydaları möhkəmləndirilmiş, təhlükəsizlik vasitə və sistemləri təkmilləşdirilmişdir. Eyni zamanda islah-əmək qanunvericiliyi beynəlxalq standartlara uyğun humanistləşdirilmiş, həbsdə olanların və cəza çəkən məhkumların saxlanılması şəraiti, onların islah və tərbiyə olunması üçün mənəvi-psixoloji mühit xeyli yaxşılaşmış, cəza çəkmə yerlərində və istintaq təcridxanalarında sosial-məişət və tibbi-sanitariya məsələlərinə diqqət artırılmış, imtiyazların dairəsi genişləndirilmişdir.

Lakin islah-əmək müəssisələrinin və digər cəza çəkmə yerlərinin mühafizəsində, rejim və daxili intizam qaydalarına, məxfiliyə əməl edilməsində, əməliyyat işinin aparılmasında, mühafizəni həyata keçirən hərbi hissələrin komplektləşdirilməsində, hərbçilərin döyüş, fiziki, mənəvi-psixoloji hazırlığında hələ də ciddi nöqsanlar mövcuddur. Bununla yanaşı islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının maddi-texniki təchizatında, bu müəssisələrin əməkdaşlarının sosial müdafiəsi məsələlərinin həllində də çatışmazlıqlar vardır.

Bütün bunları nəzərə alaraq islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının fəaliyyətindəki nöqsan və çatışmazlıqların aradan qaldırılması, cəzaların icrası ilə əlaqədar qanunvericiliyin tələblərinə ciddi riayət edilməsi, cəza çəkmə yerlərinin mühafizəsini həyata keçirən hərbi hissələrin gücləndirilməsi və bu sahədə islahatların sürətləndirilməsi məqsədi ilə qərara alıram:

1. İslah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin təkmilləşdirilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin yanında aşağıdakı tərkibdə komissiya yaradılsın:

Komissiyanın sədri:

Artur Rasizadə               - Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri:

Ramiz Mehdiyev                        - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri

Südabə Həsənova           - Azərbaycan Respublikasının ədliyyə naziri

Eldar Həsənov                - Azərbaycan Respublikasının Baş prokuroru

Ramil Usubov                 - Azərbaycan Respublikasının daxili işlər naziri

Namiq Abbasov             - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

Səfər Əbiyev                   - Azərbaycan Respublikasının müdafiə naziri

Fuad Ələsgərov              - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Elman Qənbərov                        - Azərbaycan Respublikası Hərbi Əks-kəşfiyyat Xidmətinin rəisi

Aydın Qasımov              - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi

2. Komissiyaya tapşırılsın ki:

islah-əmək müəssisələrində və istintaq təcridxanalarında qanunvericilik, təşkilati və digər məsələləri nəzərdə tutan tədbirlər proqramı hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının beynəlxalq standartlara uyğun təşkili və fəaliyyətinin təmin edilməsi üçün onların maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir nəzarət, mühafizə, mühəndis-texniki qurğularla və digər xüsusi vasitələrlə təchiz olunması üçün zəruri təbirlər görsün və Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

islah-əmək müəssisələri və istintaq təcridxanaları əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması, onların əmək haqqının artırılması və əlavə ödəmələr müəyyən edilməsi üçün tədbirlər görsün və iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

cəza çəkmə yerlərində məhkumların saxlanılması şəraitinin daha da yaxşılaşdırılması sahəsində işləri davam etdirsin və islah-əmək müəssisələrində istehsal sahələrinin yaradılması üçün müvafiq tədbirlər həyata keçirsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, Bakı şəhəri Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən həbsxanada terrorçuluq hərəkətləri nəticəsində dağıdılmış rabitə və digər mühəndis-texniki qurğuların bərpası, həbsxananın mühafizə və təhlükəsizlik sisteminin gücləndirilməsi üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Prokurorluğuna, Ədliyyə, Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə Nazirliklərinə tapşırılsın ki: [1]

həbsxanada baş vermiş cinayət üzrə zəruri əməliyyat tədbirlərinin həyata keçirilməsini, cinayət işinin tam və hərtərəfli istintaq olunub qanunvericiliklə müəyyən olunmuş müddətdə başa çatdırılmasını təmin etsinlər;

cəza çəkmə yerlərində terrorçuluq və digər cinayət hadisələrinin qarşısının alınması, həbsdə olan şəxslərin müşayiətinin həyata keçirilməsi üçün bu orqanların silah, döyüş sursatı, etibarlı rabitə, nəqliyyat və digər xüsusi vasitələrlə təchizatının yaxşılaşdırılmasını təmin etsinlər;

islah-əmək müəssisələrində və istintaq təcridxanalarında nəzarətin və mühafizənin möhkəmləndirilməsini, bu vəzifələri həyata keçirən qurumların və hərbi hissələrin komplektləşdirilməsini, şəxsi heyətin döyüş qabiliyyətinin, nizam-intizamın, xidməti məsuliyyətin artırılmasını, qanunçuluğa və rejim qaydalarına ciddi əməl olunmasını təmin etsinlər.

5. Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər və Ədliyyə Nazirliklərinə tapşırılsın ki, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Mühafizə alayı və Polis Akademiyasında islah-əmək müəssisələri və istintaq təcridxanaları üçün ixtisaslı kadrların hazırlanmasını təşkil etsinlər.

6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 11 fevral 1999-cu il
№ 94

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

19 aprel 2005-ci il tarixli 224 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 299)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 aprel 2005-ci il tarixli 224 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 299) ilə 4-cü bəndin birinci abzasından "və Azərbaycan Respublikasının Hərbi Əks-kəşfiyyat Xidmətinə" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

4. Azərbaycan Respublikasının Prokurorluğuna, Ədliyyə, Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə Nazirliklərinə və Azərbaycan Respublikasının Hərbi Əks-kəşfiyyat Xidmətinə tapşırılsın ki:

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status