AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
17.08.2022
QEYDİYYAT NÖMRƏSİ
310
ADI
“Enerji menecment sisteminə dair tələblər”in təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 20.08.2022, Nəşr Nömrəsi: 177), Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı (Dərc olunma tarixi: 19.08.2022)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.08.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.140.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14202208170310
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.08.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Enerji menecment sisteminə dair tələblər”in təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Enerji menecment sisteminə dair Tələblər” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə birgə enerji menecment sisteminə dair beynəlxalq standartın (İSO 50001 “Enerji menecment sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər”) dövlət standartı kimi təsdiqi ilə bağlı müvafiq tədbirlər görsün.

3. Bu Qərar 2022-ci il 1 iyul tarixindən tətbiq edilir.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 17 avqust 2022-ci il

     № 310

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2022-ci il 17 avqust tarixli 310 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Enerji menecment sisteminə dair Tələblər

 

1. Ümumi müddəalar

 

1.1. “Enerji menecment sisteminə dair tələblər” (bundan sonra – Tələblər) “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7.2-ci maddəsinə əsasən hazırlanmışdır.

1.2. Bu Tələblər təsərrüfat subyektlərində enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan enerji menecment sisteminin (bundan sonra – EMS) tətbiqi ilə bağlı tələbləri müəyyən edir.

1.3. Bu Tələblərdə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. EMS-in tətbiq sahələri (hüdudları) – təsərrüfat subyekti tərəfindən müəyyən edilən və təsərrüfat subyektinin bütün və ya müvafiq hissəsini (istehsal, iş və ya xidmət sahələri, binalar, qurğular, texnoloji proseslər) əhatə edən sahələr;

1.3.2. təsərrüfat subyektinin enerji siyasəti (enerji siyasəti) – enerji səmərəliliyi, enerjidən istifadə və enerji istehlakı ilə bağlı təsərrüfat subyektinin məqsəd, hədəf və fəaliyyət istiqamətlərini bəyan edən sənəd;

1.3.3. enerji təhlili – təsərrüfat subyektinin enerji effektivliyi, enerjidən istifadə və enerji istehlakı göstəricilərini nəzərə almaqla enerji istehlakında xüsusi payı olan sahələrin və enerji istehlakının yaxşılaşdırılması imkanlarının müəyyən edilməsi məqsədilə aparılan təhlillərin məcmusu.

1.4. Bu Qaydada istifadə edilən digər anlayışlar Qanunda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

 

2. Enerji effektivliyi üzrə tədbirlər

 

2.1. Təsərrüfat subyektləri tərəfindən enerji effektivliyi üzrə aşağıdakı tədbirlər həyata keçirilə bilər:

2.1.1. enerji resurslarından səmərəli istifadə sahəsində prioritet, məqsəd və hədəflərin müəyyən edilməsi;

2.1.2. enerji istehlakı vərdişlərinin yaxşılaşdırılmasına, enerjidən səmərəsiz istifadənin qarşısının alınmasına yönəldilmiş tədbirlərin müəyyənləşdirilməsi, təşviqi və bu sahədə işçilərin bilik və məlumatlılıq səviyyəsinin artırılması üçün təlimlərin təşkili;

2.1.3. enerji istehlak edən sistemlər, texnoloji proseslər və ya avadanlıqlar üzərində aparıla biləcək modifikasiyaların müəyyənləşdirilməsi və tətbiqi;

2.1.4. enerji istehlak edən avadanlıqların səmərəliliyinin monitorinqi, texniki xidmət və kalibrləmənin vaxtında həyata keçirilməsi;

2.1.5. enerji tələbatı və səmərəlilik artırıcı tətbiqlər üzrə planlaşdırmanın həyata keçirilməsi və buna uyğun xərc-fayda təhlilinin aparılması;

2.1.6. enerji istehlakı və xərclərinin monitorinqi, qiymətləndirilməsi və dövri hesabatların hazırlanması;

2.1.7. enerji istehlakının izlənməsi məqsədilə ölçmə vasitələri ilə təmin edilmə, quraşdırma və vaxtlı-vaxtında kalibrlənmənin aparılması;

2.1.8. enerji effektivliyi, enerjidən istifadə və enerji istehlakı üzrə göstəricilərin monitorinqi və təkmilləşdirmə ilə bağlı təkliflərin hazırlanması;

2.1.9. istehlak edilən enerji resursunun əvəz edilməsi və bərpa olunan enerji növlərinin tətbiqi imkanlarının araşdırılması, ətraf mühitin qorunması, zərərli emissiyaların azaldılması və emissiya hədlərinin aşılmaması ilə bağlı tədbirlərin hazırlanması və həyata keçirilməsi;

2.1.10. enerji təchizatında kəsinti halları üçün alternativ planların hazırlanması.

2.2. Enerji effektivliyi tədbirləri onları həyata keçirən təsərrüfat subyektlərinin ölçüsündən, fəaliyyət sahəsindən, təqdim etdiyi məhsul və xidmətlərdən, texnoloji proseslərin mürəkkəbliyi və onların qarşılıqlı əlaqəsindən, habelə işçi heyətin səriştəsindən asılı olaraq müxtəlif ola bilər.

 

3. Enerji Menecment Sistemi

 

3.1. Enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə təsərrüfat subyektində EMS yaradılır, tətbiq edilir, işlək vəziyyətdə saxlanılır və daim təkmilləşdirilir.

3.2. EMS-in yaradılması, tətbiqi, işlək vəziyyətdə saxlanılması və daim təkmilləşdirilməsi İSO 50001 “Enerji menecment sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartının əsasında qəbul edilmiş dövlət standartına uyğun həyata keçirilir.

3.3. EMS-in yaradılması ilə bağlı sertifikatlaşdırma “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uyğunluğu qiymətləndirilmiş qurum tərəfindən həyata keçirilir.

3.4. Qanunun 7.3-cü maddəsinə əsasən Qanunun 6.4-cü maddəsinin tələbləri şamil olunmayan təsərrüfat subyektləri sertifikatlaşdırılma ilə bağlı məlumatı Energetika Nazirliyinə təqdim edir.

3.5. Enerji effektivliyi, enerjidən istifadə və enerji istehlakı üzrə göstəricilər, habelə EMS üzrə müsbət nəticələrin əldə edilməsi məqsədilə təsərrüfat subyektinin rəhbəri tərəfindən aşağıdakı tədbirlərin həyata keçirilməsi təmin edilir:

3.5.1. enerji siyasətinin, o cümlədən enerji məqsədləri və hədəflərinin müəyyən edilməsi, habelə onların təsərrüfat subyektinin inkişaf strategiyası ilə uyğunlaşdırılması;

3.5.2. EMS-in tətbiqi sahələrinin (hüdudlarının) müəyyən edilməsi;

3.5.3. EMS-in təsərrüfat subyektinin fəaliyyəti prosesinə inteqrasiyası;

3.5.4. EMS-in tətbiqi üzrə tədbirlər planının hazırlanması, təsdiq edilməsi və icrasının təmin edilməsi;

3.5.5. EMS üçün lazımi resursların mövcudluğunun təmin edilməsi;

3.5.6. təsərrüfat subyekti daxilində effektiv enerji menecmentinin və EMS tələblərinə uyğunluğun mühümlüyünün işçi heyətinə aşılanması;

3.5.7. EMS üzrə məqsəd və hədəflərə nail olunması;

3.5.8. enerji istehlakı göstəricilərinin və EMS-in daim təkmilləşdirilməsinə dəstək;

3.5.9. EMS üzrə məsul bölmənin (şəxsin), müvafiq xidməti göstərə bilən hüquqi və ya fiziki şəxsin lazımi məlumatlarla təmin edilməsi;

3.5.10. EMS-ə və enerji effektivliyi, enerjidən istifadə və enerji istehlakı üzrə göstəricilərə təsir edən dəyişikliklərin müəyyən edilməsi, onlara cavabvermə mexanizminin yaradılması və tətbiqinin təmin edilməsi.

3.6. EMS-in tətbiqinə hazırlıq və planlaşdırma aşağıdakı qaydada həyata keçirilir:

3.6.1. təsərrüfat subyekti tərəfindən enerji effektivliyi, enerjidən istifadə və enerji istehlakı göstəriciləri, habelə EMS üzrə maraqlı tərəflər, onların ehtiyac və gözləntiləri, o cümlədən hansı gözləntilərin EMS vasitəsilə qarşılanacağı müəyyən edilir;

3.6.2. təsərrüfat subyekti enerji effektivliyi, enerjidən istifadə və enerji istehlakı ilə bağlı tətbiq olunan qanunvericilik tələblərinə (o cümlədən, texniki reqlamentlər) əlçatanlığı və onlara riayət olunmasını təmin edir.

3.6.3. EMS-in tətbiq sahələri (hüdudları) müəyyən edildiyi zaman enerji səmərəliliyi məqsədləri nəzərə alınmaqla müvafiq nəticələrin əldə edilməsinə müsbət və ya mənfi təsir edə biləcək aşağıdakılarla məhdudlaşmayan daxili və xarici faktorlar təsərrüfat subyekti tərəfindən nəzərə alınır:

1. xarici faktorlar – mövcud milli və ya sahəvi hədəflər, qanunvericilik (o cümlədən normativlər, texniki reqlamentlər), enerji təchizatında məhdudiyyət, təhlükəsizlik və etibarlılıq, enerji resurslarının qiyməti və əlçatanlığı, iqlim dəyişikliyi, istixana qazları emissiyasının təsirləri;

2. daxili faktorlar – təsərrüfat subyektinin inkişaf strategiyası və biznesin əsas məqsədləri; aktivlərin idarə edilməsi planları, maliyyə və insan resursları, enerjinin kəsintisi halları ilə bağlı tədbirlər, enerjinin idarə edilməsi səviyyəsi, mövcud texnologiyanın səviyyəsi, istehsal riskləri və cavabdehlik məsələləri;

3.6.4. təsərrüfat subyekti tərəfindən enerji siyasəti bəyan edilir, təsərrüfat subyekti daxilində yayılır və mütəmadi təhlil olunaraq yenilənir. Enerji siyasəti, həmçinin enerji səmərəliliyinin artırılması layihələrini və enerji istehlakının azaldılmasına xidmət edən satınalma prosedurunu dəstəkləyir;

3.6.5. təsərrüfat subyektində EMS-in tətbiq sahələrinin (hüdudlarının) əhatə dairəsindən və enerji istehlakı həcmindən asılı olaraq hüquq və vəzifələri təsbit edilməklə EMS tətbiqinə məsul şəxs və ya bölmə müəyyən edilir. Təsərrüfat subyektinin işçi heyətindən seçilən EMS üzrə məsul bölmə (şəxs) cavabdeh olduğu bina, tikili, qurğu, sistem, texnoloji proses və ya istehsal (xidmət) sahəsindən başqa EMS-in tətbiqi üzrə xidmət göstərə bilməz;

3.6.6. təsərrüfat subyektinin işçi heyəti arasından EMS üzrə məsul bölmənin (şəxsin) müəyyən edilməsi mümkün olmadıqda, təsərrüfat subyekti müvafiq xidməti göstərə bilən hüquqi və ya fiziki şəxslə müqavilə bağlayır;

3.6.7. EMS üzrə müəyyən edilmiş nəticələrə nail olunması və daim təkmilləşdirilməsi, arzuolunmaz təsirlərin aradan qaldırılması və ya azaldılması məqsədilə təsərrüfat subyekti tərəfindən risklər və imkanlar, habelə aşağıdakılar nəzərə alınmaqla EMS çərçivəsində planlaşdırma aparılır:

1. EMS çərçivəsində planlaşdırma zamanı daxili və xarici faktorlar nəzərə alınmaqla təsərrüfat subyektinin enerji istehlakı göstəricilərinə təsir edə biləcək fəaliyyət və proseslər təhlil edilir;

2. planlaşdırma enerji siyasəti ilə uyğunluq təşkil etməli və enerji istehlakı göstəricilərinin daim yaxşılaşmasına gətirib çıxarmalıdır;

3. planlaşdırma zamanı təsərrüfat subyekti tərəfindən tərtib edilən tədbirlər planı konkret tədbirləri, lazımi resursları, məsul tərəfləri, icra müddətlərini və nəticələrin qiymətləndirilməsini əhatə edir;

3.6.8. təsərrüfat subyektinin enerji səmərəliliyi ilə bağlı məqsəd və hədəfləri enerji siyasətinə uyğun və mümkün olduğu qədər ölçülə bilən olmalı, enerji istehlakı göstəricilərinin yaxşılaşdırılması imkanlarını nəzərə almalı, monitorinqinin aparılması mümkün olmalı və müvafiq olaraq yenilənməlidir;

3.6.9. mövcud və keçmiş enerji istehlakının qiymətləndirilməsi, təsərrüfat subyektinin enerji istehlakında xüsusi paya malik sahələrin və enerji istehlakı göstəricilərinin yaxşılaşdırılması imkanlarının müəyyən edilməsi, həmçinin gələcək istehlakın proqnozlaşdırılması məqsədilə enerji təhlili aparılır;

3.6.10. enerji təhlilinin nəticələri müəyyən edilmiş müddətlər çərçivəsində, habelə enerji istehlak edən binalar, tikililər, qurğular, avadanlıqlar, sistemlər və ya texnoloji proseslərdə baş vermiş mühüm dəyişikliklərə əsasən yenilənir.

3.7. EMS-in tətbiqi ilə bağlı təminat, icra və hesabatlılığa dair aşağıdakılar həyata keçirilir:

3.7.1. təsərrüfat subyekti enerji effektivliyi, enerjidən istifadə və enerji istehlakı göstəricilərinin yaxşılaşdırılması, EMS-in işlək vəziyyətdə saxlanması və daim təkmilləşdirilməsi üçün tələb olunan resursları müəyyən və təmin edir;

3.7.2. təsərrüfat subyekti enerji effektivliyi, enerjidən istifadə və enerji istehlakı göstəriciləri, habelə EMS-ə təsir göstərən tədbirləri həyata keçirən işçi heyətin müvafiq bilik və bacarıqlara, habelə təcrübəyə malik olmasını, səriştəliliyini və EMS ilə bağlı məlumatlılığını təmin edir;

3.7.3. təsərrüfat subyekti EMS-ə dair məsələlərlə bağlı kommunikasiyanın qurulmasını təmin edir, habelə enerji effektivliyi, enerjidən istifadə və enerji istehlakı göstəriciləri və EMS ilə bağlı işçi heyət tərəfindən təkliflərin təqdim edilməsi imkanını yaradan prosesi qurur və tətbiq edir;

3.7.4. təsərrüfat subyekti enerji siyasəti, məqsəd və hədəflərlə, habelə tədbirlər planı ilə uyğunluğun təmin edilməsi məqsədilə enerji istehlakında xüsusi payı olan sahələr üzrə müvafiq tədbirləri həyata keçirir;

3.7.5. təsərrüfat subyektinin enerji istehlakı göstəricilərinə təsir edə biləcək bina, qurğu, avadanlıq, sistem, o cümlədən texnoloji proseslərin modifikasiya, rekonstruksiya və ya tikintisi məqsədilə aparılan layihələndirmələr zamanı enerji effektivliyinin artırılması imkanları nəzərə alınır;

3.7.6. təsərrüfat subyektinin enerji effektivliyi, enerjidən istifadə və enerji istehlakı göstəricilərinə təsir edə biləcək enerji istehlak edən malların (işlərin və xidmətlərin) satın alınması məqsədilə təsərrüfat subyekti, həmin malların (işlərin və xidmətlərin) enerji istehlakı göstəricilərinin qiymətləndirilməsi meyarlarını müəyyən və tətbiq edir;

3.7.7. satınalma prosedurunda enerji istehlakı göstəricilərinin təkliflərin qiymətləndirməsi meyarlarından biri olması barədə malgöndərənlərə (podratçılara) məlumat verilir;

3.7.8. tətbiq olunan EMS və onun nəticəsində əldə edilən nailiyyətlərin izlənməsi, EMS-in işlək vəziyyətdə saxlanması və daim təkmilləşdirilməsi məqsədilə təsərrüfat subyekti tərəfindən daim sənədləşdirmə aparılır, dövri və illik hesabatlar hazırlanır;

3.7.9. təsərrüfat subyektində tətbiq olunan EMS və bu sahədə əldə edilmiş nəticələrə dair illik hesabatlar sorğu edildiyi təqdirdə hər hesabat ilindən sonra gələn növbəti ilin yanvar ayının sonuna qədər Azərbaycan Respublikasının Energetika Nazirliyinə təqdim edilir.

3.8. EMS-in tətbiqi ilə bağlı fəaliyyətin qiymətləndirilməsinə dair aşağıdakılar həyata keçirilir:

3.8.1. təsərrüfat subyekti enerji səmərəliliyi və EMS üzrə nəticələrin monitorinqini və qiymətləndirilməsini planlaşdırılmış müddətdə aparır və bu məqsədlə aşağıdakıları həyata keçirir:

1. monitorinq və ölçmə aparılacaq sahələrin müəyyən edilməsi;

2. nəticələrin etibarlılığını təmin etmək məqsədilə monitorinq, ölçmə, təhlil və qiymətləndirmə metodunun müəyyən edilməsi;

3. monitorinq və ölçmələrin aparılması müddətinin müəyyən edilməsi;

4. monitorinq və ölçmə nəticələrinin təhlili və qiymətləndirilməsi müddətinin müəyyən edilməsi;

3.8.2. təsərrüfat subyekti aparılan monitorinq və ölçmələrin nəticələri, habelə bu nəticələrə əsasən həyata keçirilmiş tədbirlər barədə məlumatı qeydə alır və saxlayır;

3.8.3. təsərrüfat subyekti vaxtaşırı olaraq enerji effektivliyi, enerjidən istifadə və enerji istehlakı, habelə EMS ilə bağlı qanunvericilik və digər tələblərə riayət edilməsini qiymətləndirir;

3.8.4. təsərrüfat subyekti, tətbiq olunan EMS-in enerji səmərəliliyinə təsirini, təsərrüfat subyektinin tələbatına, enerji siyasətinə və bu Tələblərin 3.2-ci bəndində qeyd edilmiş dövlət standartına cavab verdiyini, habelə işlək vəziyyətdə saxlanıldığını müəyyən etmək məqsədilə planlaşdırılmış müddətlərdə daxili enerji auditini həyata keçirir;

3.8.5. daxili enerji auditi üçün auditin aparılma tezliyi (müddət) və metodlarını ehtiva edən müvafiq proqram tərtib edilir;

3.8.6. hər bir daxili enerji auditi üçün audit sahələri və meyarları müəyyən edilməklə auditin obyektivliyi və şəffaflığı təmin edilir, nəticələri barədə təsərrüfat subyektinin rəhbərliyinə məlumat verilir və müvafiq sənədləşdirmə aparılır;

3.8.7. təsərrüfat subyektinin rəhbərliyi tərəfindən təsərrüfat subyektində tətbiq olunan EMS-in təhlili aparılır və təhlilin nəticəsində EMS-in təkmilləşdirilməsi imkanlarını və müvafiq dəyişikliklərin edilməsini nəzərdə tutan qərarlar verilir.

3.9. Fəaliyyətin qiymətləndirilməsi nəticəsində uyğunsuzluqlar müəyyən edildiyi zaman təsərrüfat subyekti onların səbəblərini müəyyən etməklə nəticələrin aradan qaldırılması və bu uyğunsuzluqların təkrar olunmaması məqsədilə müvafiq tədbirlər görür.

3.10. Təsərrüfat subyekti EMS-in uyğunluğunu təmin edir, səmərəliliyini daim artırır və enerji effektivliyi, enerjidən istifadə və enerji istehlakı göstəricilərinin daim yaxşılaşdığını nümayiş etdirir.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status