Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli qərarı ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılaşdırılmış təkliflərini nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 35 nömrəli Qərarının 1-ci hissəsinin cədvəlinin ikinci sətrində “42,0” rəqəmləri “42,5” rəqəmləri ilə, 4-cü sətrində “18,0” rəqəmləri “18,3” rəqəmləri əvəz edilsin.
2. Ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəyyən etdiyi satış məntəqələrindən daşıyıcılar (təchizatçılar) tərəfindən Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş təchizat tarifinin yuxarı həddindən artıq çəkilən xərclərin qarşılanması üçün bu Qərara uyğun olaraq subsidiya verilsin.
3. Bu Qərarın 2-ci hissəsində göstərilən subsidiyanın daşıyıcılara (təchizatçılara) ödənilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiya hesabına Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təmin edilsin və bu məqsədlə hər il Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin layihəsinin hazırlanması çərçivəsində dotasiyanın həcmi müəyyən edilərkən subsidiyanın ödənilməsi xərcləri nəzərə alınsın.
4. Bu Qərarın qüvvəyə mindiyi tarixdən 2022-ci il üzrə subsidiyanın ödənilməsi xərclərinin maliyyələşdirilməsi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan 5,0 (beş) milyon manat vəsait ayrılsın.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti: 5.1. bir ay müddətində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) dair ümumi şərtlərin razılaşdırılması barədə saziş imzalasın;
5.2. ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) görə Naxçıvan Muxtar Respublikasının büdcəsindən subsidiyanın verilməsi qaydalarını təsdiq etsin və bu Qərardan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 4-cü hissəsində qeyd olunan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.
7. Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 23 avqust 2022-ci il
№ 322