Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 2 fevral tarixli 21 nömrəli, “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 4 aprel tarixli 143 nömrəli, “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 2016-cı il 29 sentyabr tarixli 374 nömrəli və “Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2018-ci il 4 aprel tarixli 129 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 211, № 5, maddə 658; 2016, № 8, maddə 1456, № 9, maddə 1585; 2017, № 4, maddə 620; 2021, № 12, maddə 1542) ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.1-ci bəndində “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 aprel tarixli 143 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 799; 2019, № 7, maddə 1333) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bənddə “Xüsusi Dövlət Mühafizə Xidmətinin” sözləri birinci halda “Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin” sözləri ilə, ikinci halda isə “Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin;
2.2. 3.1-ci bənddə “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;
2.3. 9.10.1.1-ci yarımbənddə “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (bundan sonra - XDMX)” sözləri “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (bundan sonra - SOMDA)” sözləri ilə əvəz edilsin;
2.4. 9.12.5.1.6-cı, 9.12.6.2.5-ci, 9.17.1.1-ci, 9.18.1.1-ci, 9.18.2.1.3-cü, 9.18.12.1-ci, 9.18.17.1.2-ci, 9.18.17.1.3-cü, 9.19.3.1-ci və 9.19.5.1-ci yarımbəndlərdə ismin müvafiq hallarında “XDMX” abreviaturası ismin müvafiq hallarında “SOMDA” abreviaturası ilə əvəz edilsin.
3. “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 29 sentyabr tarixli 374 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1599; 2020, № 4, maddə 496) 3-cü hissəsində “Xüsusi Dövlət Mühafizə Xidmətinin” sözləri “Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 aprel tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 786) ilə təsdiq edilmiş “Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları”nın 1.4-cü bəndinin birinci və ikinci cümlələrində, 3.5-ci bəndin ikinci cümləsində, həmin bənddə “Qeydlər”in 1-ci və 2-ci abzaslarında, 3.7-ci bəndin “Qeyd”ində və 6.1-ci bəndində ismin müvafiq hallarında “Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri ismin müvafiq hallarında “Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 25 avqust 2022-ci il
№ 333