AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT TURİZM AGENTLİYİNİN KOLLEGİYASI
QƏRAR
№ 13
Bakı şəhəri 22 avqust 2022-ci il
“Turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə dair minimum tələblər”in təsdiq edilməsi haqqında
“Turizm haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 448-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2022-ci il tarixli 1601 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə “Azərbaycan Respublikası Prezidentinin 21 sentyabr 2018-ci il tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”nin 3.0.30-2 və 5.9.1-ci yarımbəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Kollegiyası
qərara alır:
1. “Turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə dair minimum tələblər” təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Kollegiyanın sədri Fuad Nağıyev
|
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Kollegiyasının 2022-ci il 22 avqust tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
|
Turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə dair minimum
TƏLƏBLƏR
1. Bu Tələblər “Turizm haqqında” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 448-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2022-ci il tarixli 1601 nömrəli Fərmanının 2.1-ci bəndinin icrası məqsədi ilə hazırlanmışdır və “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə uyğun olaraq, turoperator və turagentlər tərəfindən sığortaçı ilə bağlanan mülki məsuliyyətin sığortası müqaviləsi üzrə sığorta məbləğinə dair minimum tələbləri müəyyən edir.
2. Sığorta məbləği turoperator və turagentlərin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyekti olmasından asılı olaraq, aşağıda göstərilən miqdardan az olmayaraq müəyyən edilməlidir:
2.1. mikro sahibkarlıq subyekti olan turoperator və turagentlər üçün – 50.000 (əlli min) manat;
2.2. kiçik sahibkarlıq subyekti olan turoperator və turagentlər üçün – 100.000 (yüz min) manat;
2.3. orta sahibkarlıq subyekti olan turoperator və turagentlər üçün – 200.000 (iki yüz min) manat;
2.4. iri sahibkarlıq subyekti olan turoperator və turagentlər üçün – 500.000 (beş yüz min) manat.
3. Bu Tələblərin 2-ci hissəsində müəyyən edilmiş sığorta məbləğləri yalnız “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində nəzərdə tutulmuş müqavilə şərtlərinin pozulmasına görə bağlanılan mülki məsuliyyətin sığortası müqaviləsi üçün nəzərdə tutulur. Həmin sığorta müqaviləsində turoperator və turagent fəaliyyətinin göstərilməsi ilə əlaqədar sahibkarlıq subyektləri ilə bağlanan digər növ mülki-hüquqi müqavilələrdən irəli gələn risklər sığortalandıqda, həmin risklər üzrə sığorta təminatı bu Tələblərin 2-ci hissəsində müəyyən edilmiş sığorta məbləğlərinə daxil edilmir.