Azərbaycan Respublikasında özəlləşdirmənin həyata keçirilməsi prosesinə məsləhətçi şirkətlərin cəlb edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində beynəlxalq təcrübədən istifadə olunması, özəlləşdirmə sahəsində aşkarlığın təmin edilməsi, Azərbaycan Respublikasının iqtisadiyyatına xarici investisiyaların gətirilməsi şəraitinin yaxşılaşdırılması və bu prosesə beynəlxalq aləmdə tanınmış və müəyyən nüfuza malik olan məsləhətçi şirkətlərin cəlb olunması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasında iri dövlət müəssisələrinin özəlləşdirilməsində hüquq, maliyyə və kommersiya məsləhətçisi kimi beynəlxalq aləmdə tanınmış və müəyyən nüfuza malik olan məsləhətçi şirkətlərin xidmətlərindən istifadə olunmasına icazə verilsin.
2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, iri dövlət müəssisələrinin özəlləşdirilməsi prosesinə hüquq, maliyyə və kommersiya məsləhətçisi kimi beynəlxalq məsləhət şirkətlərinin cəlb edilməsinin şərtləri barədə həmin şirkətlərlə danışıqlar aparsın və müvafiq müqavilələri hazırlayıb imzalasın. [1]
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 13 fevral 1999-cu il
№ 78
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)
- 6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590)
- 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 2-ci bənddə "Dövlət Əmlak Komitəsinə" sözləri "İqtisadi İnkişaf Nazirliyinə" sözləri ilə əvəz edilmişdir.
6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə 2-ci bəndində “İqtisadi İnkişaf Nazirliyinə” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə” sözləri ilə əvəz edilmişdir.
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə 2-ci bəndində "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.