"Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə [1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin aparılması ilə əlaqədar fəaliyyət təmin etmək məqsədi ilə qərara alıram:
1. "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Dövlət hakimiyyəti orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri, idarələri, təşkilatları və müəssisələri onların sərəncamında olan daşınmaz dövlət əmlakı (o cümlədən, Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı) haqqında bu Fərmanın 1-ci bəndində göstərilmiş Əsasnamədə müəyyən edilmiş qaydada zəruri olan bütün məlumatların Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi iki ay müddətində təqdim olunmasını təmin etsinlər. [2]
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
bir ay müddətində Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin aparılmasını təşkil etmək məqsədi ilə maliyyələşdirmə məsələlərini həll etsin;
öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin. [3]
5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 9 dekabr 1999-cu il
№ 226
Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında
ƏSASNAMƏ
I. Ümumİ müddəalar
1. Bu Əsasnamə «Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında» 1998-ci il 20 iyun tarixli 732 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikasında dövlət əmlakının registrinə daxil olan məlumatların tərkibini, strukturunu və aparılması qaydalarını müəyyən edir. [4]
2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.
3. Azərbaycan Respublikasında dövlət əmlakının Registri respublikanın informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir. [5]
4. Azərbaycan Respublikasının dövlət əmlakının Registri Azərbaycan Respublikasının mülkiyyətidir.
5. Azərbaycan Respublikasında dövlət əmlakının Registri mərkəzi registrdən və yerli registrlərdən ibarətdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində (bundan sonra – Dövlət Xidməti) dövlət əmlakının mərkəzi registri, onun yerli bölmələrində — dövlət əmlakının yerli registrləri aparılır. [6]
7. Dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır.
Yerli registrlərdə yerli icra hakimiyyəti orqanlarının və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır.
8. Azərbaycan Respublikasında daşınmaz dövlət əmlakının Registri Dövlət Xidməti tərəfindən dövlət əmlakının mərkəzi registri və yerli registrləri əsasında tərtib edilir. [7]
9. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının (bundan sonra — qeydiyyat obyektləri) mövcud olmasının, yaranmasının, ona əşya hüquqlarının keçməsinin, öhdəliklərlə yüklənməsinin, onlara xitam verilməsinin, həmin əmlakla bağlı əqdlər də daxil olmaqla qeydə alınması üçün aşağıda göstərilən sənədlər əsas hesab olunur:
bu Əsasnamənin 7-ci bəndində göstərilən subyektlər tərəfindən öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri aktlar;
daşınmaz dövlət əmlakı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış müqavilələr və digər əqdlər;
daşınmaz dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi haqqında sənədlər (şəhadətnamələr);
qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
daşınmaz dövlət əmlakı üzərində hüquqların keçməsi barədə və (və ya) onun barəsində əqdlərə dair digər sənədlər.
Yeni yaradılmış (inşa edilmiş, qurulmuş və s.) və yaxud əldə edilmiş (alqı-satqı, bağışlama və s.) daşınmaz dövlət əmlakı qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirildikdən sonra müvafiq Registrdə qeydə alınır.
II. Azərbaycan Respublİkasında dövlət əmlakının Regİstrİnİn aparılması qaydaları
10. Azərbaycan Respublikasında dövlət əmlakının Registri kartoteka (sənəd) və maqnit daşıyıcıları vasitəsilə aparılır.
Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin aparılması qeydiyyat obyektləri, onların yaradılması barədə məlumatın (yazıların), qeydiyyat obyektlərinin üzərində mülkiyyət hüququnun (əşya hüquqlarının) keçməsi, onların öhdəliklərlə yüklənməsi, onlara xitam verilməsi, o cümlədən dövlət mülkiyyət hüququna xitam verilməsi barəsində məlumatların Registrə daxil olunmasında, bu məlumatlara dair Registrdə olan məlumatın təzələnməsindən və ya silinməsindən ibarətdir.
11. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində məlumat (yazılar) daşınmaz dövlət əmlakına münasibətdə əşya hüquqlarına, onun öhdəliklərlə yüklənməsinə və dövlət mülkiyyət hüququna xitam verildikdə silinir.
Bu bəndin birinci abzasında nəzərdə tutulan hallarda Azərbaycan Respublikasında dövlət əmlakının Registrində silinən məlumat (yazılar) həmin Registrin arxivinə keçirilir.
12. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində hər bir qeydiyyat obyekti barəsində aşağıdakılar əks olunmalıdır:
qeydiyyat obyektinin qeydə alınması üçün əsas;
qeydiyyat obyektinin adı, tərkibi, xüsusiyyətləri, yerləşdiyi ünvan və istismara verildiyi tarix;
qeydiyyat obyektinin ilkin dəyəri və qeydiyyata alınma dövrünə olan dəyəri;
qeydiyyat obyekti sərəncamında olan subyekt haqqında məlumat;
qeydiyyat obyektinin təyinatı (yönümü, profili);
qeydiyyat obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə, əvəzsiz istifadəyə verilməsi, girov qoyulması və digər öhdəliklərlə yüklənməsi.
13. Bu Əsasnamənin 12-ci bəndində göstərilən sənədləri təqdim edən vəzifəli şəxslər həmin sənədlərin tam və dəqiq olması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
14. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı qeydiyyat obyektlərinin xüsusiyyətlərini bildirən və digər obyektlərdən birmənalı ayrılmasına imkan yaradan təsnifat əsasında aparılır.
15. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması üçün həmin əmlak sərəncamında olan subyektlər aşağıdakı sənədləri təqdim etməlidir:
əmlakın qeydiyyata alınmasına dair müraciət məktubu;
bu Əsasnamənin 1-ci bölməsinin 9-cu bəndində göstərilmiş sənəd (sənədlər);
qeydiyyat obyektinin göstəricilərini əks edən qeydiyyat vərəqəsi (bu Əsasnaməyə Əlavə).
16. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydiyyata alınmaq üçün daşınmaz dövlət əmlakı haqqında sənədlər Dövlət Xidməti və onun yerli bölmələri tərəfindən qəbul olunduqdan sonra 15 gün müddətində registrdə qeydiyyata alınmalıdır. [8]
Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydiyyata alınmaq üçün daşınmaz dövlət əmlakı haqqında təqdim olunmuş sənədlər bu Əsasnamənin tələblərinə uyğun şəkildə təqdim edilmədikdə, Dövlət Xidməti və ya onun yerli bölmələri həmin sənədləri 3 gün müddətində müvafiq subyektlərə yenidən tərtib edib təqdim etmək üçün qaytarır. Həmin subyektlər sənədləri yenidən tərtib edib Dövlət Xidməti və ya onun yerli bölmələrinə təqdim etməlidirlər.
Zərurət yarandıqda, daşınmaz dövlət əmlakı barədə məlumatın təqdim olunmuş sənədlərə uyğun gəlməsini yoxlamaq məqsədi ilə Dövlət Xidməti öz təşəbbüsü ilə və yaxud onun yerli bölmələrinin təklifi ilə təqdim olunan məlumatların və sənədlərin dəqiqliyini yoxlaya bilər. [9]
17. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınan bütün qeydiyyat obyektlərinə registr nömrəsi verilir və sərəncamında həmin obyektlər olan subyektlərə bu barədə müvafiq «Registrdən çıxarış» təqdim edilir.
18. Sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd («Registrdən çıxarış»ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər.
19. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmış daşınmaz dövlət əmlakına münasibətdə hər bir dəyişikliyin qeydə alınması üçün müvafiq əmlak sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər müəyyən edilmiş qaydada zəruri tədbirlər görməli və müvafiq registrləri aparan Dövlət Xidməti və onun yerli bölmələrinə 5 gün müddətində həmin dəyişikliyin qeydə alınması məqsədi ilə sənədlər təqdim etməlidirlər.
[10]
Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil edilmiş daşınmaz dövlət əmlakı sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər hər ilin dekabr ayının 31-nə qədər müvafiq registrlərə daşınmaz əmlakın hərəkətinə dair balanslarının surətlərini təqdim etməlidirlər. [11]
20. Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin tərtib olunması və aparılması ilə əlaqədar Dövlət Xidməti:
[12]
daşınmaz dövlət əmlakının Registrdə qeydiyyatı ilə əlaqədar işləri təşkil edir, qeydiyyatı aparan müvafiq orqanların fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu əlaqələndirir;
mərkəzi və yerli registrdə daşınmaz dövlət əmlakı barəsində məlumatların daxil edilməsini və həmin registrin bu Əsasnaməyə uyğun olaraq aparılmasını təmin edir;
daşınmaz dövlət əmlakının qeydiyyatını həyata keçirən vəzifəli şəxsləri təyin edir və vəzifədən azad edir;
daşınmaz dövlət əmlakının qeydiyyatı sistemində işləyən işçilərin təlimini və ixtisasının artırılmasını təşkil edir;
mərkəzi registrin məlumat bankının aparılmasını təmin edir;
yerli registrlərin aparılmasına nəzarət edir;
Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil olan məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrinə verir. [13]
Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin məlumatlarının və onun arxiv məlumatlarının bütövlüyünü təmin edir;
bu Əsasnamə və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş başqa səlahiyyətləri həyata keçirir.
21. Yerli registrlərin aparıcısı olan Dövlət Xidməti müvafiq yerli bölmələri: [14]
müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq daşınmaz dövlət əmlakı barədə məlumatların və onlarda aparılmış dəyişikliklərin mərkəzi Registri aparan Dövlət Xidməti verilməsini təmin edir;
yerli Registrin məlumatlarının və onun arxiv məlumatlarının bütövlüyünü təmin edir;
bu Əsasnamə və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş başqa səlahiyyətləri həyata keçirir.
[15]
III. İnformasİyanın verİlməsİ qaydaları
22. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı açıq xarakter daşıyır.
Azərbaycan Respublikasında dövlət əmlakının Registri, qanunvericiliyə uyğun olaraq dövlət sirrini təşkil edən daşınmaz dövlət əmlakı barəsində olan məlumat istisna olmaqla, informasiya almaq üçün açıqdır.
23. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində olan məlumatlar aşağıdakılara verilir:
dövlət hakimiyyəti orqanlarına;
daşınmaz dövlət əmlakı barədə müqavilə bağlayan tərəflərə;
hüquqi və fiziki şəxslərə;
24. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində olan məlumatlar Dövlət Xidməti tərəfindən verilir.
Bu Əsasnamənin 23-cü bəndində göstərilən subyektlər daşınmaz dövlət əmlakı barədə məlumat almaq üçün Dövlət Xidməti yazılı surətdə müraciət edirlər, məlumat almaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş onların şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi (pasport) və ya digər müvafiq sənədlər), hüquqi şəxslər isə — onların dövlət qeydiyyatını və nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədləri təqdim etməlidirlər. [16]
24-1. Daşınmaz dövlət əmlakı barədə məlumat almaq üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.
[17]
25. Azərbaycan Respublikasında dövlət əmlakının Registrindən barəsində sorğu edilən qeydiyyat obyektləri haqqında məlumat (və ya məlumatın verilməsindən imtina qərarı) Dövlət Xidməti tərəfindən 10 gün ərzində verilməlidir. [18]
26. Azərbaycan Respublikasında dövlət əmlakının Registrindən məlumat büdcədən maliyyələşdirilən dövlət hakimiyyəti orqanlarına, idarə, müəssisə və təşkilatlara əvəzsiz olaraq, digər hüquqi şəxslərə və vətəndaşlara isə qanunvericiliklə müəyyən edilmiş ödənişlə verilir.
27. Azərbaycan Respublikasında dövlət əmlakının Registrindən verilən məlumatlara görə ödənişlərin məbləği və istifadəsi qaydası Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640)
2.
25 may 2006-cı il tarixli 411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 409)
3.
6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590)
4.
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610)
5.
22 dekabr 2020-ci il tarixli 1215 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Xalq” qəzeti 24 dekabr 2020-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1477)
6.
21 yanvar 2023-cü il tarixli 1981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 69)
7.
28 aprel 2023-cü il tarixli 2126 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, “Xalq” qəzeti, 29 aprel 2023-cü il, № 87)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №7, maddə 610) ilə 2-ci və 4-cü bəndlərində və həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"nin 6-cı, 8-ci, 16-cı, 19-cu, 20-ci, 21-ci, 24-cü və 25-ci bəndlərində ismin müvafiq hallarında "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri ismin müvafiq hallarında "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.
[2]
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 2-ci bənddə "Dövlət Əmlak Komitəsinə" sözləri "İqtisadi İnkişaf Nazirliyinə" sözləri ilə əvəz edilmişdir.
6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə 2-ci bənddə İqtisadi İnkişaf Nazirliyi” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.
[3]
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə 4-cü bənddə "Dövlət Əmlak Komitəsi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə 4-cü bənddə İqtisadi İnkişaf Nazirliyi” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.
21 yanvar 2023-cü il tarixli 1981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 69) ilə 4-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[4]
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"nin 1-ci bəndindən “Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 fevral tarixli, 438 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi haqqında Əsasnamə”yə” sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 fevral tarixli, 438 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi haqqında Əsasnamə”yə, «Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında» 1998-ci il 20 iyun tarixli 732 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikasında dövlət əmlakının registrinə daxil olan məlumatların tərkibini, strukturunu və aparılması qaydalarını müəyyən edir.
[5]
22 dekabr 2020-ci il tarixli 1215 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Xalq” qəzeti 24 dekabr 2020-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1477) ilə “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 3-cü hissəsində “(torpaq sahəsi və ya torpaq sahəsi ilə bağlı olan müəssisə, tikili, qurğu və s.)” sözləri “(binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər)” sözləri ilə əvəz edilmişdir.
[6]
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"nin 6-cı bəndində "Dövlət Əmlak Komitəsində" sözləri "İqtisadi İnkişaf Nazirliyində" sözləri ilə əvəz edilmişdir.
6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 6-cı “İqtisadi İnkişaf Nazirliyi” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.
21 yanvar 2023-cü il tarixli 1981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 69) ilə “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 6-cı hissəsində “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində (bundan sonra – Dövlət Xidməti)” sözləri ilə, “yerli qurumlarında” sözləri “yerli bölmələrində” sözləri ilə əvəz edilmişdir.
[7]
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"nin 8-ci bəndində "Dövlət Əmlak Komitəsi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 8-ci “İqtisadi İnkişaf Nazirliyi” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.
21 yanvar 2023-cü il tarixli 1981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 69) ilə “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 8-ci hissəsində, 20-ci hissənin birinci abzasında, 24-cü hissənin birinci, ikinci abzaslarında və 25-ci hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə əvəz edilmişdir.
[8]
21 yanvar 2023-cü il tarixli 1981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 69) ilə “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 16-cı hissənin birinci abzasında, ikinci abzasının birinci və ikinci cümlələrində, üçüncü abzasında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə, ismin müvafiq hallarında “yerli qurumları” sözləri ismin müvafiq hallarında “yerli bölmələri” sözləri ilə əvəz edilmişdir.
[9]
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"nin 16-cı bəndində "Dövlət Əmlak Komitəsi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 16-cı “İqtisadi İnkişaf Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.
[10]
21 yanvar 2023-cü il tarixli 1981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 69) ilə “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 19-cu hissənin birinci abzasında “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə, “yerli qurumlarına” sözləri “yerli bölmələrinə” sözləri ilə əvəz edilmişdir.
[11]
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"nin 19-cu bəndində "Dövlət Əmlak Komitəsinə" sözləri "İqtisadi İnkişaf Nazirliyinə" sözləri ilə əvəz edilmişdir.
6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 19-cu “İqtisadi İnkişaf Nazirliyi” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.
[12]
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"nin 20-ci bəndində "Dövlət Əmlak Komitəsi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 20-ci “İqtisadi İnkişaf Nazirliyi” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.
[13]
25 may 2006-cı il tarixli 411 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 409) ilə Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə” nin 20-ci bəndinə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin və səkkizinci abzas doqquzuncu abzas hesab edilmişdir.
[14]
21 yanvar 2023-cü il tarixli 1981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 69) ilə “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 21-ci hissənin birinci abzasında “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə, “yerli qurumları” sözləri “yerli bölmələri” sözləri ilə, ikinci abzasında “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Dövlət Xidməti” sözləri ilə əvəz edilmişdir.
[15]
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"nin 21-ci bəndində ismin müvafiq hallarında verilmiş "Dövlət Əmlak Komitəsi" sözləri ismin müvafiq hallarında "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 21-ci “İqtisadi İnkişaf Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.
[16]
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"nin 24-cü bəndində ismin müvafiq hallarında verilmiş "Dövlət Əmlak Komitəsi" sözləri ismin müvafiq hallarında "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 24-cü “İqtisadi İnkişaf Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.
[17]
28 aprel 2023-cü il tarixli 2126 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, “Xalq” qəzeti, 29 aprel 2023-cü il, № 87) ilə “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 24-1-ci bənd əlavə edilmişdir.
[18]
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) ilə "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"nin 25-ci bəndində "Dövlət Əmlak Komitəsi" sözləri "İqtisadi İnkişaf Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 590) ilə “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 25-ci “İqtisadi İnkişaf Nazirliyi” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.