Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il 26 dekabr tarixli 186 nömrəli və “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 529-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 536; 2001, № 11, maddə 729; 2005, № 5, maddə 450; 2006, № 9, maddə 819; 2008, № 11, maddə 1039; 2009, № 10, maddə 857; 2010, № 3, maddə 264; 2011, № 5, maddə 449; 2017, № 12 (II kitab), maddə 2547; 2019, № 3, maddə 531, № 7, maddə 1319; 2021, № 3, maddə 275) ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.1-ci bəndə “hallarda” sözündən sonra “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:
“3.2-1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır:
“İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tam adı yazılır, 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi tarixi (gün, ay, il) göstərilməklə, 4-cü qrafada isə bu qeydləri aparmağa əsas verən müvafiq qərara (tarixi və nömrəsi göstərilməklə) uyğun qeydlər aparılır.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 738; 2015, № 5, maddə 651, № 6, maddə 780; 2019, № 4, maddə 782, № 7, maddə 1330; 2021, № 9, maddə 1060) ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1-ci hissənin adında “müddəa” sözü “müddəalar” sözü ilə əvəz edilsin;
2.2. 3.2-ci və 5.1-ci bəndlərdə “Respublikasının” sözü “Respublikası” sözü ilə əvəz edilsin;
2.3. aşağıdakı məzmunda 6.3-cü bənd əlavə edilsin:
“6.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparılır.”.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 11 oktyabr 2022-ci il
№ 389