AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
25.10.2022
QEYDİYYAT NÖMRƏSİ
3550
ADI
Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 26.10.2022, Nəşr Nömrəsi: 234), Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (Dərc olunma tarixi: 25.10.2022)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.10.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.140.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32202210253550
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
26.10.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası ölkənin enerji dayanıqlığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir. “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud avadanlıqlarına əlavə müasir texnologiyalar tətbiq edilərək, 600 MVt gücündə olan 7-ci və 8-ci enerji bloklarının gücünün daha 1280 MVt artırılması ilə əlaqədar rasional modernləşmənin həyata keçirilməsi iqtisadi, texniki, enerji sisteminin etibarlılığı, dayanıqlılığı və təhlükəsizliyi cəhətdən zəruridir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə üzrə iri sənaye müəssisələrinin yaradılması, eləcə də əhalinin sosial rifahının artması ilə əlaqədar növbəti illərdə böyük həcmdə generasiya güclərinə yaranacaq tələbatın qarşılanmasının və ölkənin ixrac potensialının artırılmasının vacibliyini nəzərə alaraq, “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyasının həyata keçirilməsi məqsədilə qərara alıram:

1. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində əlavə generasiya gücünün yaradılması üçün zəruri tədbirlər görsün.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində əlavə generasiya gücünün yaradılması məqsədilə maliyyə vəsaitinin cəlb edilməsi, idxal olunacaq avadanlıqların və ehtiyat hissələrinin idxal gömrük rüsumlarından azad olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehsalçı müəssisələrdən elektrik qurğu və avadanlıqların alınması və modernizasiya işlərinə podratçı təşkilatların cəlb olunması ilə əlaqədar tədbirlər görsün;

2.2. “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində görülən işlərlə əlaqədar avadanlıqların və ehtiyat hissələrinin alınması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”na uyğun olaraq dövlət zəmanətli kreditlərin cəlb edilməsi ilə bağlı məsələləri həll etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 oktyabr 2022-ci il

    3550

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status