AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN
QƏRARI
№ 46/1
Bakı şəhəri 24 oktyabr 2022-ci il
“Layihə maliyyələşdirilməsi kreditlərinin prudensial tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi barədə
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
Q Ə R A R A A L I R:
1. “Layihə maliyyələşdirilməsi kreditlərinin prudensial tənzimlənməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Layihə maliyyələşdirilməsi kreditlərinin prudensial tənzimlənməsi Qaydası”nın 4-cü hissəsi (4.1.2-ci yarımbənd istisna olmaqla) bu Qayda qüvvəyə mindiyi gündən altı ay sonra tətbiq edilir.
3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Mərkəzi Bankın sədri Taleh Kazımov
|
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Mərkəzi Bankı
Qərar № 46/1
24 oktyabr 2022-ci il
|
Layihə maliyyələşdirilməsi kreditlərinin prudensial tənzimlənməsi
Qaydası
1. Ümumi müddəalar
Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinə uyğun olaraq, habelə Bank nəzarəti üzrə Bazel Komitəsinin standartları nəzərə alınmaqla hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında (bundan sonra - banklar) layihə maliyyələşdirilməsi kreditləri üzrə tənzimlənmə çərçivəsini müəyyən edir.
2. Anlayışlar
2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. layihə maliyyələşdirilməsi krediti (bundan sonra LMK) – aşağıdakı xüsusiyyətlərə malik olan, yeni və ya mövcud layihənin (məsələn, enerji, sənaye, nəqliyyat infrastrukturu, ətraf mühit, media və telekommunikasiya) maliyyələşdirilməsi məqsədilə verilmiş, qaytarılma mənbəyinin və təminatının ən azı dörddə üç hissəsi layihə üzrə əməliyyat fazasında yaranacaq nağd pul axınlarına bağlı olan biznes krediti:
2.1.1.1. kredit müstəsna olaraq layihənin həyata keçirilməsi məqsədilə təsis edilmiş hüquqi şəxsə verilir;
2.1.1.2. kredit müqaviləsinin şərtlərinə əsasən bankın maliyyələşdirilən layihə ilə əlaqəli olan aktivin, o cümlədən həmin aktivin yaratdığı gəlir üzərində nəzarət imkanı mövcuddur.
2.1.2 əməliyyat fazası – layihə üzrə kredit öhdəliklərinin icrası üçün yetərli pul axınlarının yarandığı dövr;
2.1.3. sponsor – layihə ilə əlaqədar tərəfləri koordinasiya edən, layihə üzrə proseslərə nəzarət edən, habelə layihənin icrasına dəstək (maddi və ya qeyri-maddi) göstərən şəxs;
2.1.4. yüksək keyfiyyətli layihə – maliyyə öhdəliklərini iqtisadi şəraitdən və biznes mühitindəki neqativ dəyişikliklərdən asılı olmayaraq vaxtında icra etmək iqtidarında olan və eyni zamanda bu Qaydanın 2.1.4.1-ci və 2.1.4.2-ci və ya 2.1.4.1-ci və 2.1.4.3-cü yarımbəndlərinin tələblərinə cavab verən layihə:
2.1.4.1. LMK müqaviləsində borcalanın kredit borcu üzrə risk yaradacaq hərəkətlərinin (məsələn, digər mənbələr hesabına borcalanın borc öhdəliklərinin artırılması) qarşısının alınması üzrə müddəalar mövcuddur;
2.1.4.2. borcalanın gəlirlərinin 50 (əlli) faizi və ya ondan artıq hissəsi dövlət büdcəsindən, dövlət qurumundan və ya “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda müəyyən olunmuş risk dərəcəsi 50 (əlli) faizdən çox olmayan hüquqi şəxslərdən asılıdır;
2.1.4.3. layihə dövlətin iştirak etdiyi və (və ya) dövlət proqramında nəzərdə tutulan layihədir.
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) normativ xarakterli aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
3. Kredit risklərinin qiymətləndirilməsi
3.1. LMK üzrə kredit risklərinin qiymətləndirilməsi zamanı “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nda müəyyən edilmiş tələblərə əlavə olaraq bu Qaydanın tələblərinə əməl olunmalıdır.
3.2. Yüksək keyfiyyətli layihənin bu Qaydanın 2.1.4-cü yarımbəndində nəzərdə tutulmuş tələblərə uyğunluğu bank tərəfindən ən azı aylıq əsasda qiymətləndirilir və bu tələblərin pozulduğu aşkar edildikdə layihə yüksək keyfiyyətli layihə hesab edilmir.
3.3. Bank LMK verərkən layihənin gəlir gətirmə potensialını, habelə tətbiq edilə biləcək hüquqi və (və ya) tənzimləyici məhdudiyyətlər nəzərə alınmaqla nağd pul axınlarını qiymətləndirməlidir.
3.4. LMK verilərkən təminat qismində layihə ilə əlaqəli olan bütün aktivlər, o cümlədən hazırkı və gələcək pul axınları, habelə borcalanın iştirakçılarının borcalanın kapitalında olan payları (səhmləri) çıxış edir. Sindikativ və birgə kreditlərdə kredit verən banklar arasındakı razılaşma hər bir bankın təminatlar üzərində hüquqlarını tənzimləməlidir.
3.5. Sindikativ və birgə kreditlərdə kreditin geri ödənişi təşkilatçı bank vasitəsilə həyata keçiriləcəyi halda sindikativ kreditin verilməsində iştirakçı qismində çıxış edən bank sindikativ kredit üzrə təşkilatçı bankın dayanıqlığını qiymətləndirməlidir.
3.6. Borcalan aşağıdakı meyarlara uyğun olduqda LMK verilə bilər:
3.6.1. müstəqil ekspert və ya bu sahədə ixtisaslaşmış şirkət tərəfindən təsdiq edilmiş, layihənin inkişaf mərhələlərinin, proqnozlaşdırılan bütün xərclərinin, habelə əməliyyat fazasının əhatə olunduğu biznes plana sahib olduqda. Müstəqil ekspert və ya ixtisaslaşmış şirkət bu sahədə ən azı 3 (üç) illik iş təcrübəsinə malik olmalıdırlar;
3.6.2. layihənin icrası üçün layihəçi, podratçı və layihənin icrasında iştirak edən digər şəxslərlə müqavilə (niyyət protokolu və ya digər razılaşma sənədi) mövcud olduqda;
3.6.3. layihə üzrə zəruri olan bütün icazə və digər hüquqmüəyyənedici sənədlərin alınması üçün müvafiq tədbirlər planına malik olduqda (vəsaitlər yalnız tələb olunan icazə və digər hüquqmüəyyənedici sənədlər banka təqdim edildikdən sonra verilə bilər).
3.7. Kredit müddəti ərzində fəaliyyətin qiymətləndirilməsi və potensial risklərin minimallaşdırılması məqsədilə bank tərəfindən kredit müqaviləsində layihəyə dair həddlər (məsələn, planlaşdırılmış əməliyyat xərclərindən kənarlaşmalar üzrə, işlərin görülməsi qrafikindən kənarlaşmalar üzrə, əlavə borc öhdəliklərinin cəlbi və ya zamin olması, nağd vəsaitlərin investisiyası üzrə, borcun kapitala nisbəti əmsalı üzrə və s.) və onların pozulması halında görüləcək tədbirlər (məsələn, kredit şərtlərinin sərtləşdirilməsi, növbəti tranşın müvəqqəti dayandırılması və s.) müəyyən edilir.
3.8. Bank borcalan tərəfindən banka təqdim edilən layihədə nəzərdə tutulmuş xərclərə əlavə olaraq gözlənilməyən xərclərin qarşılanması üçün ehtiyat vəsaitlərin layihə üzrə xərc smetasında nəzərə alındığına əmin olmalıdır. Ehtiyat vəsaitlər kredit limitində və ya layihə üzrə kapitalda nəzərə alınır.
3.9. Bank ehtiyat buferindən də artıq gözlənilməyən xərclərə qarşı layihənin dayanıqlığına əmin olmaq üçün borcalanın, sponsorların və ya digər investorların (sponsorlardan fərqli olaraq yalnız kapital qoyuluşu həyata keçirir) ödəmə qabiliyyətini qiymətləndirməlidir. Qiymətləndirmə zamanı ən azı sponsorla bağlanmış müqavilələr, layihə üzrə verilmiş zəmanətlər, sponsorların və ya digər investorların maliyyə vəziyyəti, aidiyyəti sahə üzrə təcrübələri, oxşar layihələrdə iştirak təcrübələri, mövcud və ya planlaşdırılan digər layihələri, layihə müddəti ərzində layihəni dəstəkləmə potensialı nəzərə alınmalıdır.
3.10. Bank layihənin maliyyələşdirilməsinin dayandırılması hallarının, layihənin icrası dayandırıldıqda və ya digər hallarda borc ödənilmədikdə borcun ödənilməsinə, o cümlədən təminata dair hüquqların realizasiyasına yönəldilən tədbirlərin əks olunduğu çıxış strategiyasına malik olmalıdır.
3.11. Bankın LMK vermək üçün layihənin xüsusiyyəti, həcmi və mürəkkəbliyi nəzərə alınmaqla, layihə idarəetməsi üzrə ən azı 2 (iki) illik iş təcrübəsinə malik olan əməkdaşı olmalıdır.
3.12. LMK üzrə kredit dosyesində “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın 1 nömrəli Əlavəsində müəyyən edilmiş sənəd və məlumatlarla yanaşı ən azı aşağıdakılar olmalıdır:
3.12.1. bu Qaydanın 3.6-cı bəndində göstərilən meyarlar üzrə nəzərdə tutulan sənədlər və məlumatlar;
3.12.2. bu Qaydanın 3.7-ci və 3.9-cu bəndlərində nəzərdə tutulmuş meyarlar üzrə qiymətləndirmənin nəticələrini əks etdirən sənəd;
3.12.3. bankın çıxış strategiyası.
4. Prudensial tənzimləmə çərçivəsi
4.1. LMK üzrə ehtiyatların yaradılması aşağıdakı tələblər nəzərə alınmaqla “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”na əsasən həyata keçirilir:
4.1.1. əməliyyat fazasına qədərki dövrdə layihənin həyata keçirilməsi təsdiq edilmiş qrafikdə müəyyən olunmuş müddətdən 180 gündən 360 günədək kənarlaşdıqda, kredit ən azı əlavə risklərə məruz standart aktiv kimi, kənarlaşma 360 gündən çox olduqda isə ən azı qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilir və müvafiq ehtiyat yaradılır;
4.1.2. əməliyyat fazasına qədərki dövrdə “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın 3.6.4.5-ci yarımbəndinin tələbləri LMK-ya şamil edilmir;
4.1.3. “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın 3.6.5.3-cü yarımbəndinin tətbiqi zamanı kredit dosyesində kredit riskinin qiymətləndirilməsi ilə bağlı sənədlər “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın tələbləri ilə yanaşı bu Qaydanın tələblərinə də uyğun olmalıdır;
4.1.4. “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın 9.3-cü bəndinin tələbləri qiymətli kağızlar istisna olmaqla LMK üzrə ödənilməmiş borclar müqabilində bankın balansına götürülmüş daşınar əmlaka şamil edilmir və bu əmlak balansa götürüldüyü vaxtdan aşağıdakı kimi təsnifləşdirilir və ehtiyat yaradılır:
4.1.4.1. daşınar əmlakın bazar qiyməti balans dəyərindən çox olduqda o, 1 (bir) il ərzində balans dəyəri məbləğində ən azı qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilir;
4.1.4.2. daşınar əmlakın bazar qiyməti balans dəyərindən az olduqda o, 1 (bir) il ərzində bazar qiyməti məbləğində ən azı qeyri-qənaətbəxş aktiv kimi, fərq hissəsində isə ümidsiz aktiv kimi təsnifləşdirilir;
4.1.4.3. 1 (bir) illik müddət başa çatdıqdan sonra daşınar əmlak ən azı təhlükəli aktiv kimi təsnifləşdirilir;
4.1.4.4. 2 (iki) il başa çatdıqdan sonra daşınar əmlak ümidsiz aktivlər kimi təsnifləşdirilərək balansdan silinir və balansdankənar hesabda uçota alınır.
4.2. LMK üzrə bank kapitalının və onun adekvatlığının hesablanması məqsədilə risk qrupları aşağıdakı tələblər nəzərə alınmaqla “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na əsasən müəyyən edilir:
4.2.1. əməliyyat fazasına qədərki dövrdə milli valyutada LMK üzrə risk dərəcələri aşağıdakı cədvələ əsasən müəyyən edilir:
|
Yüksək keyfiyyətli layihə üzrə
|
Digər layihələr üzrə
|
||
Layihə üzrə kapitalın iştirak göstəricisi 30% və ya ondan az olduqda
|
Layihə üzrə kapitalın iştirak göstəricisi 30%-dən çox olduqda
|
Layihə üzrə kapitalın iştirak göstəricisi 30% və ya ondan az olduqda
|
Layihə üzrə kapitalın iştirak göstəricisi 30%-dən çox olduqda
|
|
Risk qrupları
|
130%
|
110%
|
150%
|
130%
|
4.2.2. əməliyyat fazasına qədərki dövrdə xarici valyutada olan LMK 200% risk qrupuna aid edilir.
4.3. Bu Qaydanın 4.2.1-ci yarımbəndindəki cədvəldə müəyyən edilmiş layihə üzrə kapitalın iştirakı göstəricisi aşağıdakı düsturla hesablanır:
kapitalın iştirak göstəricisi =
|
layihə üzrə kapital
|
*100%
|
layihə üzrə öhdəliklər + layihə üzrə kapital
|
Burada:
layihə üzrə kapital – iştirakçıların borcalanın kapitalında olan payları (səhmləri);
layihə üzrə öhdəliklər – borcalanın layihə üzrə kreditorlar qarşısında olan kredit öhdəlikləri.
5. Yekun müddəalar
5.1. Bu Qaydanın qüvvədə olduğu müddətdə “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları” və Mərkəzi Bankın digər normativ xarakterli aktları bu Qaydaya zidd olmayan hissədə tətbiq edilir.
5.2. Bank LMK verildiyi vaxtdan 5 (beş) iş günü ərzində bu barədə Mərkəzi Banka məlumat verməlidir. Bank həmin kredit tələblərinə dair dövri məlumatları aylıq əsasda prudensial hesabatlarla birgə Mərkəzi Banka təqdim etməlidir.