150.010.000
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI
QƏRAR
№ 20
Bakı şəhəri 5 noyabr 2022-ci il
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1505 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”dən irəli gələn aktların təsdiq edilməsi haqqında
"Aqroparklar haqqında Nümunəvi Əsasnamə"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1505 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası
QƏRARA ALIR:
1. “Aqroparkların, habelə onların rezidentlərinin reyestrinin aparılması Qaydası” təsdiq edilsin (əlavə 1).
2. “Aqroparkın operatorunun müsabiqə əsasında seçilməsi Qaydası” təsdiq edilsin (əlavə 2).
3. “Dövlət tərəfindən yaradılan aqroparkın idarə olunmasına görə haqqın məbləğinin müəyyən edilməsi Qaydası” təsdiq edilsin (əlavə 3).
4. “Aqroparkın rezidentlərinin fəaliyyətləri haqqında hesabat və statistik məlumatların alınması və onların fəaliyyətinin təqdim etdikləri investisiya layihəsinə (biznes-plana) uyğunluğunun dəyərləndirilməsi Qaydası” təsdiq edilsin (əlavə 4).
5. “Hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata alınması üçün tələb olunan investisiyanın minimal həddi” təsdiq edilsin (əlavə 5).
6. “Aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin Forması” təsdiq edilsin (əlavə 6).
7. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.
8. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
9. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu.
Sədr,
İqtisadiyyat naziri
|
Mikayıl Cabbarov
|
|
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2022-ci il 5 noyabr tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmişdir
Əlavə 1
|
Aqroparkların, habelə onların rezidentlərinin reyestrinin aparılması
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1505 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən hazırlanmışdır və aqroparkların, habelə onların rezidentlərinin reyestrinin aparılması qaydasını müəyyən edir.
1.2. Aqroparkların, habelə onların rezidentlərinin reyestrinin (bundan sonra – Reyestr) yaradılması, aparılması və Reyestrə daxil edilmiş məlumatların müntəzəm yenilənməsi idarəedici təşkilat tərəfindən həyata keçirilir.
1.3. Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi idarəedici təşkilat tərəfindən təmin edilir.
2. Reyestrin aparılması
2.1. Reyestr təqvim illərinə əsasən və hər aqropark, habelə onun rezidenti üzrə ayrıca aparılır.
2.2. Reyestr Azərbaycan dilində, kağız (reyestr kitabı) və elektron formada aparılır. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında uyğunsuzluq olduqda, kağız daşıyıcılar üzərində olan qeydlərə üstünlük verilir.
2.3. Reyestr kitabı qaytanlanır, idarəedici təşkilatın səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlənir.
2.4. Özəl aqropark barədə məlumatlar onun yaradılması ilə bağlı qərar qəbul etmiş sahibkarlıq subyektinin təklifinə, dövlət aqroparkı haqqında məlumatlar isə səlahiyyətli orqanının onun yaradılmasına dair qərarına əsasən Reyestrə daxil edilir.
2.5. Reyestrdə aqroparklara dair aşağıdakı məlumatlar qeydə alınır:
2.5.1. aqroparkın adı və fəaliyyət profili;
2.5.2. aqroparkın yaradılmasının məqsədi;
2.5.3. aqroparkın fəaliyyət müddəti;
2.5.4. aqroparkın ərazisinin ölçüsü, təyinatı və yerləşdiyi inzibati ərazi vahidi;
2.5.5. məlumatın Reyestrdə qeydiyyat tarixi və nömrəsi;
2.5.6. Reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər.
2.6. Reyestrdə aqroparkların rezidentlərinə dair aşağıdakı məlumatlar qeydə alınır:
2.6.1. aqropark ərazisində həyata keçirilməsi nəzərdə tutulan sahibkarlıq fəaliyyətinin növü;
2.6.2. aqropark ərazisində mülkiyyətdə, icarədə (subicarədə) olan torpaq sahəsinin ölçüsü və təyinatı;
2.6.3. aqroparkın rezidentinin qeydiyyata alınması barədə qərarın və qeydiyyat şəhadətnaməsinin tarixi və nömrəsi;
2.6.4. hüquqi şəxs olan rezidentin tam adı və təşkilati-hüquqi forması;
2.6.5. fiziki şəxs olan rezidentin soyadı, adı və atasının adı;
2.6.6. rezidentin hüquqi (fəaliyyət) ünvanı;
2.6.7. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
2.6.8. rezidentin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) soyadı, adı, atasının adı və ünvanı;
2.6.9. hüquqi şəxs olan rezidentin hər bir təsisçisinin (iştirakçısının):
1. tam adı (hüquqi şəxsdirsə);
2. soyadı, adı və atasının adı (fiziki şəxsdirsə);
3. hüquqi ünvanı / yaşayış yeri;
4. dövlət qeydiyyatı haqqında məlumatlar (hüquqi şəxsdirsə).
2.6.10. aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin ləğvi barədə idarəedici təşkilatın qərarının tarixi və nömrəsi.
2.7. Dövlət aqroparkının yaradılması barədə səlahiyyətli orqan tərəfindən qərar qəbul edildikdən, özəl aqropark isə idarəedici təşkilat tərəfindən qeydiyyata alındıqdan sonrakı 10 (on) iş günündən gec olmayaraq bu barədə məlumatlar Reyestrə daxil edir.
2.8. İdarəedici təşkilat hüquqi və fiziki şəxsin aqroparkın rezidenti kimi qeydiyyata alınmaq və ya qeydiyyat şəhadətnaməsinin ləğvi haqqında qərar qəbul etdikdən sonrakı 10 (on) iş günündən gec olmayaraq bu barədə məlumatlar Reyestrə daxil edir.
2.9. Aqroparka vahid və təkrarolunmaz 5 (beş) rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir. Qeydiyyat nömrəsindəki ilk 3 (üç) rəqəm aqroparkın Reyestrdəki sıra nömrəsini, növbəti 2 (iki) rəqəm qeydiyyata alındığı ilin son 2 (iki) rəqəmini göstərir. Qeydiyyat nömrəsi Reyestrdə və Reyestrdən çıxarışda əks olunur.
2.10. Aqroparkın rezidentinə vahid və təkrarolunmaz 11 (on bir) rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir. Qeydiyyat nömrəsindəki ilk 3 (üç) rəqəm rezidentin Reyestrdəki sıra nömrəsini, növbəti 2 (iki) rəqəm rezidentin aqroparkda qeydiyyata alındığı ilin son 2 (iki) rəqəmini, növbəti altı rəqəm isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin son 6 (altı) rəqəmini göstərir. Qeydiyyat nömrəsi Reyestrdə, aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsində və Reyestrdən çıxarışda əks olunur.
2.11. Aqroparkın qeydiyyatı və onun rezidentinin qeydiyyat şəhadətnaməsi ləğv edildikdə onun qeydiyyat nömrəsi silinmir, başqasına verilmir. Ləğv edilmiş aqropark barədə məlumatlar Reyestrdən çıxarılır. Qeydiyyatı ləğv edilmiş aqropark və onun rezidenti barədə məlumatlar Reyestrdə “Aktiv olmayan aqroparklar və rezidentlər” bölməsində göstərilir.
2.12. Reyestrə daxil edilən məlumatlarda dəyişikliklər baş verdikdə özəl aqroparkın qeydiyyatı ilə bağlı təklif təqdim edən sahibkarlıq subyektləri, habelə aqroparkın rezidentləri tərəfindən bu barədə idarəedici təşkilata 10 (on) iş günü müddətində məlumat verilməlidir. Məlumat daxil olduqdan, habelə dövlət aqroparkı barədə Reyestrə daxil edilən məlumatlarda dəyişiklik baş verdikdən sonrakı 5 (beş) iş günündən gec olmayaraq idarəedici təşkilat tərəfindən müvafiq dəyişikliklər Reyestrə daxil edilir.
2.13. Reyestr məlumatlarındakı dəyişikliklərlə bağlı reyestr kitabında qeydlər aparılarkən ilkin məlumatlara, habelə həmin məlumatlarla əlaqəli digər dəyişikliklərə sıra nömrəsinə uyğun istinadlar edilir.
2.14. Reyestrdə dəyişiklik edilərkən, o cümlədən özəl aqroparkın qeydiyyatı ilə bağlı təklif təqdim edən və rezident olan hüquqi şəxsin adı, təşkilati-hüquqi forması və ya fiziki şəxsin soyadı, adı və atasının adı dəyişdikdə qeydiyyat nömrəsi dəyişilmir.
2.15. Aqroparkın rezidentinə qeydiyyat şəhadətnaməsi verildikdən və qeydiyyat şəhadətnaməsinin ləğvi haqqında qərar qəbul edildikdən sonra idarəedici təşkilat 5 (beş) iş günü ərzində bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə rəsmi məlumat təqdim etməlidir.
3. Reyestrdən istifadə
3.1. Özəl aqroparkın qeydiyyatı ilə bağlı təklif təqdim edən sahibkarlıq subyekti və aqroparkın rezidenti özü barəsində Reyestrdəki məlumatlarla tanış olmaq, bu Qaydanın 2.5-ci və 2.6-cı bəndlərində göstərilən məlumatların əks olunduğu Reyestrdən çıxarışı, aqroparkın və aqroparkın rezidenti kimi qeydiyyata alınmaq üçün təqdim etdiyi sənədlərin surətlərini almaq hüququna malikdir.
3.2. Reyestrdən çıxarış idarəedici təşkilatın səlahiyyətli vəzifəli şəxsinin imzası və möhürü ilə təsdiq edilir.
3.3. Reyestrdən çıxarış “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sorğu əsasında üçüncü şəxslərə də verilir. Bu halda Reyestrdən çıxarışda əks olunan məlumatlar (özəl aqroparkın qeydiyyatı ilə bağlı təklif təqdim edən sahibkarlıq subyekti və rezident olan hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğuya uyğun verilir.
4. Reyestrə daxil edilən məlumatların mühafizəsi
Reyestr məlumatlarını əks etdirən, həmçinin aqroparkın və onun rezidentinin qeydiyyata alınması üçün təqdim edilən sənədlər, o cümlədən aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsi və Reyestrdən çıxarış “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühafizə edilmək üçün arxivə verilir.
|
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2022-ci il 5 noyabr tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmişdir
Əlavə 2
|
Aqroparkın operatorunun müsabiqə əsasında seçilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1505 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən hazırlanmışdır və aqroparkın operatorunun (bundan sonra - operator) müsabiqə əsasında seçilməsi qaydasını müəyyən edir.
1.2. Müsabiqənin təşkilinin məqsədi aqroparkın daha səmərəli idarə olunmasını təmin etmək üçün aqroparkın hüdudlarında idarəetməni və təsərrüfat fəaliyyətini həyata keçirəcək, aqroparkın fəaliyyətinə görə cavabdehlik daşıyacaq, idarəetmə sahəsində təcrübəyə malik hüquqi şəxsin seçilməsindən ibarətdir.
1.3. Müsabiqənin predmetini müsabiqənin qalibi ilə aqroparkın daha səmərəli idarə olunmasını təmin etmək üçün idarəetmə sazişinin bağlanması təşkil edir.
1.4. Müsabiqənin təşkilatçısı qismində dövlət tərəfindən yaradılan aqroparka münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – idarəedici təşkilat), özəl aqroparka münasibətdə isə onun rezidenti (rezidentləri) çıxış edir. Müsabiqənin keçirilməsi üçün idarəedici təşkilat və ya rezident (rezidentlər) müsabiqə komissiyasını (bundan sonra - komissiya) təşkil edir. Komissiya hər bir müsabiqə üçün ayrıca yaradılır və müsabiqənin qalibi ilə idarəetmə sazişi bağlananadək fəaliyyət göstərir.
1.5. Komissiya üzvlərinin ümumi sayı təkrəqəmli və ən azı 5 (beş) nəfərdən ibarət olmalıdır. Komissiyanın sədri və katibi komissiya yaradılarkən dövlət tərəfindən yaradılan aqroparka münasibətdə idarəedici təşkilatın, özəl aqroparka münasibətdə isə onun rezidentinin (rezidentlərinin) nümayəndələrindən təyin olunur. Müsabiqənin təşkilatçısı komissiyanın tərkibinə digər qurumların nümayəndələrini və ekspertləri cəlb etmək hüququna malikdir.
1.6. Müsabiqənin elan edilməsi ilə başlayan və qalibi ilə təşkilatçı arasında idarəetmə sazişinin imzalanması ilə başa çatan müsabiqə prosesi 90 (doxsan) iş günündən artıq davam etməməlidir.
1.7. Bu Qaydada istifadə edilən anlayışlar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1505 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulan mənaları ifadə edir.
2. Müsabiqənin təşkili
2.1. Müsabiqənin şərtləri onun təşkilatçısı tərəfindən hazırlanır və elan olunduqdan sonra dəyişdirilə bilməz. Müsabiqənin keçirilməsinə 30 (otuz) iş günü qalmış onun təşkilatçısı öz rəsmi internet saytında (olduqda), həmçinin kütləvi informasiya vasitələrində müsabiqənin keçirilmə vaxtını, yerini, müsabiqədə iştirak etmək istəyən hüquqi şəxslər tərəfindən müsabiqə sənədləri toplusunun alınması qaydasını, yerini, vaxtını, müsabiqə sənədlərinin rəsmiləşdirilməsi qaydasını, təkliflərin təqdim olunma müddətini, qiymətləndirilməsi meyarlarını və qaydasını, o cümlədən müsabiqənin qalibi ilə idarəetmə sazişinin bağlanma müddətini elan edir. Müsabiqə təşkilatçısının elan verməklə yanaşı, müsabiqədə iştirak üçün fərdi dəvət də göndərmək hüququ vardır.
2.2. Müsabiqədə mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq idarəetmə sahəsində xidmətlərin göstərilməsi üzrə təcrübəyə malik hüquqi şəxslər (bundan sonra - iştirakçılar) iştirak edə bilərlər.
2.3. İştirakçılar müsabiqənin şərtləri əks olunmuş sənədlər toplusunun əldə edilməsi üçün müsabiqə təşkilatçısına ərizə ilə müraciət etməlidirlər.
2.4. Müsabiqə sənədləri toplusuna aşağıdakılar daxildir:
2.4.1. aqropark haqqında məlumat;
2.4.2. aqroparkın idarə olunması və inkişaf etdirilməsinə dair tələblər;
2.4.3. iştirakçılar haqqında məlumat formasının nümunəsi;
2.4.4. müsabiqə təklifləri formasının nümunəsi;
2.4.5. müsabiqədə iştirakçıların imkanlarının qiymətləndirilmə formasının nümunəsi;
2.4.6. idarəetmə sazişinin nümunəsi;
2.4.7. müsabiqə təşkilatçısına müsabiqə təkliflərinin təqdim edilməsi üçün zərflər.
2.5. İştirakçı müsabiqə təkliflərinin və iştirakçı haqqında məlumatın formalarını doldurmalı və komissiya üzvlərinin sayına uyğun təqdim etməlidir. Müsabiqə təkliflərinin forması və iştirakçı haqqında məlumat ayrı-ayrılıqda iki zərfə qoyulur, möhürlənir və onlar bir böyük zərfə yerləşdirilərək möhürlənir. İştirakçılar tərəfindən təqdim edilən zərflərin eyni olması üçün zərflərin dəqiq ölçüləri barədə məlumat müsabiqə iştirakçılarına əvvəlcədən bildirilir. İştirakçı haqqında məlumatlar müsabiqə təkliflərinə daxil edilə bilməz. Böyük zərfdə və ona yerləşdirilən hər iki zərfdə fərqləndirici nişanlar, qeydlər (“müsabiqə təklifləri” və “müsabiqə iştirakçısı haqqında məlumat” sözləri istisna olmaqla) və iştirakçı haqqında məlumatlar olmamalıdır.
2.6. Təkliflərin təqdim edilməsi üçün müsabiqənin keçirilməsi haqqında elanda müəyyən olunmuş müddətdən gec daxil olan təkliflərə baxılmır, müsabiqə sənədlərinin rəsmiləşdirilməsi qaydalarını pozmuş iştirakçılar isə müsabiqədə iştirak etməyə buraxılmırlar. Müsabiqənin keçirilməsi haqqında elanda müəyyən olunmuş müddətdə və müsabiqə sənədlərinin rəsmiləşdirilməsi qaydalarına uyğun təqdim olunmuş təkliflər müsabiqənin təşkilatçısı tərəfindən hər hansı istisnaya yol verilmədən qəbul edilməlidir. Müsabiqənin təşkilatçısı təqdim olunmuş təklifləri qeydiyyata alır və iştirakçıya qeydiyyatı təsdiq edən sənəd (arayış) təqdim edir.
2.7. İştirakçının müsabiqə təklifi müsabiqənin təşkilatçısı tərəfindən qeydiyyata alındıqdan sonra ona hər hansı əlavə və ya dəyişiklik edilə bilməz.
2.8. İştirakçılar tərəfindən təqdim edilən müsabiqəyə aid məlumatlar komissiya tərəfindən konfidensial saxlanılmalıdır.
2.9. Komissiya tərəfindən zərflərin açılması, müsabiqə təkliflərinə baxılması, onların qiymətləndirilməsi, habelə müsabiqə qalibinin müəyyənləşdirilməsi müsabiqə iştirakçılarının və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə açıq şəkildə həyata keçirilir.
2.10. Müsabiqədə iştirak etmək niyyətində olan iştirakçı müsabiqə təkliflərini təqdim etməmişdən əvvəl müsabiqə sənədləri toplusunda nəzərdə tutulmuş hər hansı bir məsələnin aydınlaşdırılması ilə bağlı müsabiqənin keçirilməsinə ən azı 15 (on beş) iş günü qalmış onun təşkilatçısına müraciət edə bilər. Müsabiqənin təşkilatçısı həmin müraciətləri 7 (yeddi) iş günü ərzində cavablandırır.
3. Müsabiqə təkliflərinin qiymətləndirilməsi və qalibin müəyyənləşdirilməsi
3.1. Zərflərin açılması, iştirakçıların müsabiqə təkliflərinə baxılması, təkliflərin qiymətləndirilməsi, həmçinin qalibin müəyyənləşdirilməsi komissiya tərəfindən həyata keçirilir.
3.2. İçərisində müsabiqə təklifləri olan zərfin, habelə iştirakçı haqqında məlumat olan zərfin möhürləndiyi böyük zərflər şəffaf olmayan qutuda olmalıdır.
3.3. Komissiyanın sədri qutuda olan böyük zərflərdən hər hansı birini çıxarıb, onun yuxarı sağ küncündə iri hərflərlə birinci sıra nömrəsini qoyur.
3.4. Bundan sonra sədr böyük zərfi açaraq, müsabiqə təkliflərinin olduğu zərfə, habelə müsabiqə iştirakçısı haqqında məlumatlar olan zərfə birinci sıra nömrəsini qoyur.
3.5. Sonra sədr müsabiqə təklifləri olan zərfi açır, təkliflərin hər bir nüsxəsində birinci sıra nömrəsini qoyur və onları komissiyanın hər bir üzvünə paylayır. İştirakçı haqqında məlumat olan zərf böyük zərfdə açılmamış saxlanılır.
3.6. Müsabiqə təkliflərinin nüsxələrinə komissiyanın üzvləri tərəfindən baxılır. Onlar müsabiqə təkliflərinin hər bir bəndini qiymətləndirərkən müsabiqə elanında müəyyən edilmiş təkliflərin qiymətləndirmə meyarlarını rəhbər tuturlar.
3.7. Müsabiqə təklifləri baxıldıqdan və qiymətləndirildikdən sonra zərfə qoyulması üçün komissiyanın katibinə təhvil verilir.
3.8. Müsabiqə təkliflərinin olduğu zərflərə baxılması proseduru eyni qaydada müsabiqənin digər iştirakçıları üçün tətbiq edilməlidir.
3.9. Müsabiqə təkliflərinin olduğu bütün zərflərə baxıldıqdan və onlar müvafiq qaydada qiymətləndirildikdən sonra komissiya üzvləri tərəfindən bütün iştirakçılara dair qiymətləndirmə nəticələrini özündə əks etdirən xüsusi forma imzalanmaqla təsdiqlənir və katibə təqdim edilir.
3.10. Komissiyanın üzvləri tərəfindən təsdiqlənmiş formaya əsasən iştirakçının yekun balları eyni sıra nömrəsi ilə hesablanır və hər bir iştirakçının yekun balı müəyyən edilərək, komissiyanın katibi tərəfindən protokolda qeydiyyata alınır.
3.11. Ümumi yekun balların nəticələrinə əsasən komissiyanın katibi ən yüksək yekun bal toplamış iştirakçının sıra nömrəsini elan edir.
3.12. Komissiyanın sədri müsabiqə qalibinin elan olunmuş sıra nömrəsinə uyğun olaraq, nömrəsi qalibin nömrəsinə uyğun olan böyük zərfi götürür, iştirakçı haqqında məlumatın olduğu zərfi çıxararaq onu açır və tanış olmaq üçün komissiyanın üzvlərinə paylayır.
3.13. Komissiya üzvləri iştirakçı haqqında məlumatlarla tanış olduqdan sonra müsabiqənin qalibi haqqında məlumatlar sədr tərəfindən elan edilir və protokollaşdırılır.
3.14. İki və daha artıq iştirakçı eyni miqdarda yekun bal topladıqda, komissiya idarəetmə sahəsində daha böyük təcrübəyə malik iştirakçını müsabiqənin qalibi elan edir. Qeyd olunan göstərici də bərabər olduğu təqdirdə, müsabiqənin qalibi həmin iştirakçılar arasında püşkatma yolu ilə müəyyən edilir.
3.15. Müsabiqənin qalibinin müəyyən olunması üzrə komissiyanın iclasının nəticələri protokolla rəsmiləşdirilir. Protokol komissiya üzvləri tərəfindən imzalanır və sədr tərəfindən təsdiq edilir.
3.16. Komissiyanın protokolu əsasında müsabiqənin təşkilatçısı ilə qalibi arasında 10 (on) iş günü müddətində idarəetmə sazişi imzalanır.
3.17. Tərəflərdən birinin saziş bağlamaqdan imtina etməsi və ya müsabiqənin keçirilməsi qaydalarının pozulması nəticəsində mübahisəli məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən tənzimlənir.
3.18. İştirakçı təqdim etdiyi müsabiqə təklifinə baxılmasının və onun təklifinin qiymətləndirilməsinin nəticəsi barədə müsabiqə təşkilatçısına müraciət etdikdə ona 10 (on) iş günü müddətində yazılı cavab verilməlidir.
|
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2022-ci il 5 noyabr tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmişdir
Əlavə 3
|
Dövlət tərəfindən yaradılan aqroparkın idarə olunmasına görə haqqın məbləğinin müəyyən edilməsi
QAYDASI
1. Bu Qayda “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1505 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən hazırlanmışdır və dövlət tərəfindən yaradılan aqroparkın idarə olunmasına görə haqqın məbləğinin müəyyən edilməsi qaydasını müəyyən edir.
2. Dövlət tərəfindən yaradılan aqroparkın idarə olunmasına görə haqqın (bundan sonra - haqq) məbləğinə dövlət tərəfindən yaradılan aqroparkın infrastrukturunun, ümumi istifadədə olan ərazilərinin saxlanılması xərcləri daxildir və bu xərclər həmin aqroparkın rezidentləri tərəfindən ödənilir.
3. Haqqın məbləği dövlət tərəfindən yaradılan aqroparkın rezidentlərinə göstərilən xidmətlərin həcmindən asılı olaraq müəyyən edilir.
4. Haqqın məbləği əlavə dəyər vergisi nəzərə alınmaqla, hər hektar torpaq sahəsinə görə və illik müəyyən olunur.
5. Haqq dövlət tərəfindən yaradılan aqroparkda rezidentlərin yaratdıqları təsərrüfatlardan fayda əldə edilmə müddəti, sahibkarlıq fəaliyyətinin növü, həmçinin investisiya layihəsinin sosial mahiyyəti nəzərə alınmaqla müəyyən olunur.
6. İnvestisiya layihəsinin sosial mahiyyəti deyildikdə Azərbaycan Respublikasının Dövlət Məşğulluğu Agentliyi tərəfindən özünüməşğulluq çərçivəsində işaxtaran və işsiz kimi qeydiyyata alınan şəxslərin dövlət tərəfindən yaradılan aqroparkın rezidenti kimi qeydiyyata alınması və orada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulur.
7. Haqqın məbləği dövlət tərəfindən yaradılan aqroparkın rezidentləri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair idarəedici təşkilatla müqavilə bağlanmasından sonrakı 12 (on iki) ayın bitməsindən sonrakı 30 təqvim günü ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin bank hesabına köçürmə yolu ilə ödənilir.
8. Haqqın məbləği dövlət tərəfindən yaradılan hər aqroparka münasibətdə ayrıca müəyyən olunur.
9. Haqqın məbləği:
9.1. birillik əkinlər (tərəvəzçilik təsərrüfatları istisna olmaqla) və yem bitkiləri üzrə birinci ildən 100 faiz məbləğində hesablanır;
9.2. çoxillik əkmələr (sosial bağçılıq istisna olmaqla) üzrə 1-3 illər ərzində 20 faiz, dördüncü və beşinci illər ərzində 60 faiz, altıncı ildən başlayaraq 100 faiz məbləğində hesablanır;
9.3. sosial bağçılıq üzrə 1-3 illər ərzində 0 faiz, dördüncü və beşinci illər ərzində 60 faiz, altıncı ildən başlayaraq 100 faiz məbləğində hesablanır;
9.4. tingçilik təsərrüfatları üzrə birinci il ərzində 18 faiz, ikinci ildən 100 faiz məbləğində hesablanır;
9.5. tərəvəzçilik təsərrüfatları üzrə birinci il ərzində 17 faiz, ikinci ildən 100 faiz məbləğində hesablanır;
9.6. örtülü sahələr (istixanalar) və innovativ bitkiçilik üzrə birinci il ərzində 44 faiz, ikinci ildən 100 faiz məbləğində hesablanır;
9.7. müasir heyvandarlıq və quşçuluq kompleksləri, müasir balıqyetişdirmə təsərrüfatları, kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üzrə obyektlərin tikintisi müddətində 33 faiz, fəaliyyətə başladığı ildən 100 faiz məbləğində hesablanır.
10. “Yevlax Pilot Aqroparkın idarə olunmasına görə haqqın məbləği” təsdiq edilsin (əlavə olunur).
|
“Dövlət tərəfindən yaradılan aqroparkın idarə olunmasına görə haqqın məbləğinin müəyyən edilməsi Qaydası”na
Əlavə
|
Yevlax Pilot Aqroparkın idarə olunmasına görə haqqın məbləği
1. Birillik əkinlər (tərəvəzçilik təsərrüfatları istisna olmaqla) və yem bitkiləri üzrə:
1.1. sahəsi 250 hektaradək olduqda – 24 AZN;
1.2. sahəsi 250-1000 hektar olduqda – 16 AZN;
1.3. sahəsi 1000 hektardan yuxarı olduqda – 20 AZN.
2. Çoxillik əkmələr (bağçılıq, o cümlədən sosial bağçılıq) üzrə – 59 AZN.
3. Tingçilik təsərrüfatları üzrə – 64 AZN.
4. Tərəvəzçilik təsərrüfatları üzrə – 70.8 AZN.
5. Örtülü sahələr (istixanalar) və innovativ bitkiçilik üzrə – 160 AZN.
6. Müasir heyvandarlıq kompleksləri üzrə – 600 AZN.
7. Müasir quşçuluq və balıqyetişdirmə təsərrüfatları üzrə – 1440 AZN.
8. Kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üzrə – 1440 AZN.
|
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2022-ci il 5 noyabr tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmişdir
Əlavə 4
|
Aqroparkın rezidentlərinin fəaliyyətləri haqqında hesabat və statistik məlumatların alınması və onların fəaliyyətinin təqdim etdikləri investisiya layihəsinə (biznes-plana) uyğunluğunun dəyərləndirilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1505 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən hazırlanmışdır və aqroparkın rezidentlərinin (bundan sonra – rezident) fəaliyyətləri haqqında hesabat və statistik məlumatların alınması və onların fəaliyyətinin təqdim etdikləri investisiya layihəsinə (biznes-plana) uyğunluğunun dəyərləndirilməsi qaydasını müəyyən edir.
1.2. Rezidentin aqroparkda həyata keçirdiyi fəaliyyət haqqında hesabat və statistik məlumatların (bundan sonra - hesabat və statistik məlumat) alınması və onların fəaliyyətinin təqdim etdikləri investisiya layihəsinə (biznes-plana) uyğunluğunun dəyərləndirilməsi (bundan sonra – rezidentin fəaliyyətinin dəyərləndirilməsi) idarəedici təşkilat tərəfindən həyata keçirilir.
1.3 Aqroparkın daha səmərəli idarə olunmasını təmin etmək məqsədilə operator cəlb edildiyi halda rezident tərəfindən hesabat və statistik məlumatlar operatora təqdim edilir. Operator tərəfindən isə rezidentin təqdim etdiyi hesabat və statistik məlumatlar hər hesabat dövründən sonrakı ay ərzində idarəedici təşkilata göndərilir. Operator seçildiyi halda bu Qaydanın 2.2-ci, 2.5-ci, 2.7-ci, 4.1-ci və 4.3-cü bəndlərində göstərilən tədbirlər operator tərəfindən həyata keçirilir.
1.4. Hesabat və statistik məlumatların alınmasının və rezidentin fəaliyyətinin dəyərləndirilməsinin məqsədi rezidentin aqropark ərazisindəki fəaliyyətinin öyrənilməsi, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1505 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin (bundan sonra - Nümunəvi Əsasnamə) tələblərinə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair idarəedici təşkilatla bağladığı müqavilənin şərtlərinə rezident tərəfindən əməl olunmasının təmin edilməsi və bu istiqamətdə ona köməklik göstərilməsindən ibarətdir.
1.5. Bu Qaydada istifadə edilən anlayışlar Nümunəvi Əsasnamədə nəzərdə tutulan mənaları ifadə edir.
2. Hesabat və statistik məlumatın təqdim edilməsi
2.1. Hesabat və statistik məlumat ildə iki dəfə yarımillik və illik dövr üçün alınır. Hesabat və statistik məlumatın alınması üçün hesabat dövrü aşağıdakı kimi müəyyən olunur:
2.1.1. yarımillik hesabat dövrü – hər ilin 01 yanvar tarixindən 30 iyun tarixinə kimi (30 iyun daxil olmaqla);
2.1.2. illik hesabat dövrü – hər ilin 01 yanvar tarixindən 31 dekabr tarixinə kimi (31 dekabr daxil olmaqla).
2.2. Hesabat və statistik məlumat hər hesabat dövründən sonrakı ayın ilk 10 (on) iş günündən gec olmayaraq rezident tərəfindən idarəedici təşkilata təqdim edilir.
2.3. Hesabat və statistik məlumat yazılı şəkildə təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir.
2.4. Təqdim edilən hesabat və statistik məlumatın səhifələri nömrələnməli, rezidentin səlahiyyətli şəxsi tərəfindən təsdiq edilməlidir. Elektron üsulla göndərilən hesabat və statistik məlumat gücləndirilmiş elektron imza ilə təsdiq olunmalıdır.
2.5. Rezident hesabat və statistik məlumatı bu Qaydanın 2.2-ci bəndində müəyyən olunmuş müddətdə təqdim etmədikdə, idarəedici təşkilat həmin rezidentə yazılı surətdə xəbərdarlıq etməklə hesabatın əlavə 10 (on) iş günü müddətində təqdim edilməsinə dair bildiriş verir. Bu müddətdə hesabat və statistik məlumatı təqdim etməyən rezident aqroparkda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair idarəedici təşkilatla bağladığı müqaviləyə uyğun məsuliyyət daşıyır.
2.6. Rezident təqdim etdiyi hesabat və statistik məlumatın tamlığına və düzgünlüyünə görə aqroparkda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair idarəedici təşkilatla bağladığı müqaviləyə uyğun məsuliyyət daşıyır.
2.7. İdarəedici təşkilat rezident tərəfindən təqdim edilən və kommersiya sirri hesab olunan məlumatların qorunmasını təmin edir.
3. Hesabat və statistik məlumatın dairəsi
3.0. Hesabat və statistik məlumatda rezident tərəfindən aqroparkda həyata keçirilən fəaliyyətlə bağlı aşağıdakılar göstərilir:
3.0.1. rezidentin adı və qeydiyyat şəhadətnaməsinin nömrəsi;
3.0.2. qoyulmuş investisiyaların həcmi;
3.0.3. istehsal olunan məhsulların adı, əkin sahəsi, məhsuldarlığı və istehsal həcmi, suvarma sistemləri, görülən işlərin və göstərilən xidmətlərin həcmi, məhsulun emalında istifadə olunan xammalın adı, həcmi, dəyəri və mənşə ölkəsi;
3.0.4. məhsulların (işlərin, xidmətlərin) ölkə daxili satışı və ixracı ayrı-ayrılıqda göstərilməklə, satılmış məhsulların dəyəri və həcmi, ixrac edilmiş məhsullar üzrə ödənilmiş vəsaitlər və qalıqlar barədə məlumatlar;
3.0.5. rezidentin işçilərinin sayı və orta aylıq əmək haqqı;
3.0.6. innovasiyaların, qabaqcıl texnologiyaların, texnika və materialların tətbiqi və istifadəsi (məhsullara, istehsal prosesinə və s.) sahəsində görülmüş işlər;
3.0.7. aqroparkın hüdudlarında idarəetmənin və təsərrüfat fəaliyyətinin təşkili ilə bağlı görülmüş işlər (özəl aqroparkın rezidentləri üçün);
3.0.8. aqroparkın infrastrukturuna xidmət göstərilməsi, onun normal fəaliyyətinin təmin edilməsi, cari və əsaslı təmirinin həyata keçirilməsi ilə bağlı görülmüş işlər (özəl aqroparkın rezidentləri üçün);
3.0.9. aqroparkın fəaliyyətinin təşviqi, aqroparkda istehsalın inkişafı üçün investorların cəlb edilməsi ilə bağlı görülmüş işlər (özəl aqroparkın rezidentləri üçün);
3.0.10. aqroparkda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair idarəedici təşkilatla bağlanmış müqavilələrin şərtlərinə əməl olunması vəziyyəti, həmin müqavilələr üzrə pozuntuların aradan qaldırılması və vurulmuş zərərin ödənilməsi ilə bağlı görülmüş işlər;
3.0.11. istilik enerjisinin, suyun və qazın paylanması, tullantı sularının axıdılması, irriqasiya və meliorasiya, məişət tullantılarının yığılması xidmətlərinin həcmi haqqında məlumat (özəl aqroparkın rezidentləri üçün);
3.0.12. aqroparkın inkişaf konsepsiyasının, yerli və xarici investisiyaları cəlb edən proqramların yerinə yetirilməsi ilə bağlı görülmüş işlər (özəl aqroparkın rezidentləri üçün).
4. Rezidentin fəaliyyətinin dəyərləndirilməsi
4.1. Rezidentin fəaliyyətinin dəyərləndirilməsi idarəedici təşkilat tərəfindən mütəmadi olaraq və təqdim edilən hesabat və statistik məlumatlar əsasında həyata keçirilir.
4.2. Hesabat və statistik məlumatlar dəyərləndirilərkən təqdim edilən məlumatların rezidentin investisiya layihəsinə (biznes-plana) uyğunluğu, nəzərdə tutulmuş investisiya qoyuluşunun həyata keçirilməsi və investisiya layihəsinin icrasının planlaşdırılan mərhələlər üzrə aparılma vəziyyəti müəyyən edilir.
4.3. Rezidentin fəaliyyətinin dəyərləndirilməsi nəticəsində təqdim edilən hesabat və statistik məlumatların bu Qaydanın 4.2-ci bəndində göstərilən tələblərə uyğun olmadığı müəyyən edildikdə idarəedici təşkilat həmin rezidentlə imzalanmış sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə nəzərdə tutulmuş tədbirlər görülür.
4.4. Rezidentin fəaliyyətinin dəyərləndirilməsi prosesinə aidiyyəti dövlət orqanlarının nümayəndələri və müstəqil ekspertlər də cəlb oluna bilər.
|
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2022-ci il 5 noyabr tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmişdir
Əlavə 5
|
Hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata alınması üçün tələb olunan investisiyanın minimal həddi
1. “Hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata alınması üçün tələb olunan investisiyanın minimal həddi” “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1505 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən hazırlanmışdır və ərizəçi tərəfindən aqroparkın rezidenti kimi qeydiyyata alınmaq üçün təqdim edilən investisiya layihəsinin (biznes planın) qiymətləndirilməsi ilə bağlı aqroparkda qoyulacaq investisiyanın həcminin minimal həddini müəyyən edir.
2. Hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata alınmaq üçün tələb olunan investisiyanın minimal həddi:
2.1. Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə:
2.1.1. tingçilik təsərrüfatı və yem bitkiləri, birillik əkinlər, o cümlədən tərəvəzçilik təsərrüfatı üçün – hər hektara görə 5 000 (beş min) manat;
2.1.2. çoxillik əkmələr (bağçılıq, o cümlədən sosial bağçılıq) üçün – hər hektara görə 8 000 (səkkiz min) manat;
2.1.3. örtülü sahələr (istixanalar) və innovativ bitkiçilik üçün – hər hektara görə 100 000 (yüz min) manat.
2.1.4. müasir heyvandarlıq kompleksi üçün – bir baş iribuynuzlu heyvana görə 13 000 (on üç min) manat, bir baş xırdabuynuzlu heyvana görə 4 000 (dörd min) manat;
2.1.5. müasir quşçuluq təsərrüfatı üçün – 5 000 000 (beş milyon) manat;
2.1.6. müasir balıqyetişdirmə təsərrüfatı üçün – 10 000 000 (on milyon) manat.
2.2. Kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üçün – dövlət aqroparkına münasibətdə 300 000 (üç yüz min) manat, özəl aqroparka münasibətdə 5 000 000 (beş milyon) manat.
3. Hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata alınmaq üçün təqdim etdikləri investisiya layihəsi (biznes plan) üzrə aqroparkda qoyulacaq investisiyanın həcmi müvafiq istiqamətlər üzrə müəyyən edilmiş minimal həddə uyğun olmalıdır.
|
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2022-ci il 5 noyabr tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmişdir
Əlavə 6
|
AQROPARKIN REZİDENTİNİN _________________ tarixli __________________ nömrəli
QEYDİYYAT ŞƏHADƏTNAMƏSİNİN ƏLAVƏSİ
1.
İnvestisiya layihəsi barədə məlumat (adı və məzmunu): ____________________________________________________________________________
____________________________________________________________________________
2.
İnvestisiya layihəsinin dəyəri:
____________________________________________________________________________
3.
İnvestisiya layihəsinin həyata keçirildiyi Aqroparkın adı:
____________________________________________________________________________
4.
İnvestisiya layihəsinin həyata keçirildiyi torpaq sahəsinin ölçüsü:
____________________________________________________________________________
5.
İnvestisiya layihəsinin başlanma tarixi:
____________________________________________________________________________
____________ _____________
Tarix M.Y. İmza
|