AKTIN NÖVÜ
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
18.11.2022
QEYDİYYAT NÖMRƏSİ
ADI
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsi baxımından şərh edilməsinə dair
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 03.12.2022, Nəşr nömrəsi: 264), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytı (Dərc olunma tarixi: 02.12.2022)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.12.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
420.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
21202211180166
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
03.12.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası adından

 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsi baxımından şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsi baxımından şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Şirvan Apellyasiya Məhkəməsinin hakimi K.Bəşirovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi K.Əkbərovun və Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü İ.Həsənovanın mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə elmlər doktoru S.Əliyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN ETDİ:

 

Şirvan Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 127-ci maddəsinin II hissəsi baxımından şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin səfərbərlik üzrə çağırılmış sabiq hərbi qulluqçusu Z.Cəfərov 12 əsgəri aldadaraq onları ordu sıralarından erkən tərxis etmək üçün 5 yanvar 2021-ci il və 11yanvar 2021-ci il tarixlərində hər birindən 300 manat olmaqla, ümumilikdə 3600 manat pul əldə etmişdir.

İbtidai araşdırma orqanı Z.Cəfərovun əməlini vahid niyyətlə əhatə olunan əməl kimi deyil, məhz hər bir şəxsə münasibətdə müstəqil əməl olaraq qiymətləndirmiş, buna görə də, hər bir epizod üzrə ələ keçirilmiş məbləğ 500 manatdan az olduğu üçün Füzuli Hərbi Prokurorunun böyük köməkçisinin 3 noyabr 2021-ci il tarixli qərarı ilə Z.Cəfərov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 178.2.3, 333.3 və 32.4, 312.1-ci maddələri ilə cinayət işinin başlanılması Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və qeyd olunan əməllər üzrə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün toplanmış materiallar Füzuli Hərbi Prokuroruna təqdim edilmişdir.

Füzuli Hərbi Prokurorunun 5 noyabr 2021-ci il tarixli qərarı ilə Z.Cəfərovun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə icraat başlanılmış və materiallar baxılması üçün Füzuli Hərbi Məhkəməsinə göndərilmişdir.

Füzuli Hərbi Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarına əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğuna görə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Füzuli Hərbi Prokurorluğunun 3 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının ləğv edilməsi və Z.Cəfərov barəsində cinayət işinin başlanması məsələsinə baxılması üçün materiallar Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilmişdir.

Həmin qərarla müəyyən edilmişdir ki, Z.Cəfərovun tərxis olunmaq istəyən hər bir əsgərdən 300 manat pul istəməsi hər dəfə müstəqil yaranmış niyyət kimi deyil, vahid qəsdlə əhatə olunan əməl kimi qiymətləndirilməli və Z.Cəfərovun əsgərlərdən aldığı cəmi 3600 manat miqdarında pul vahid niyyətlə əldə olunduğundan, onun əməli vurulmuş zərərin bu miqdarına uyğun tövsif olunmalıdır. Məhkəmə hesab etmişdir ki, Z.Cəfərovun əməlində dələduzluq cinayətinin tərkibi vardır.

Məhkəmə qeyd olunan qərarı qəbul edərkən İnzibati Xətalar Məcəlləsinin 85 və 114.2.3-cü maddələrinə əsaslanmışdır. Həmin maddələrə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. İnzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

Məhkəmənin qərarından Füzuli Hərbi Prokuroru tərəfindən apellyasiya protesti verilmiş, həmin protest əsasında işə baxan Şirvan Apellyasiya Məhkəməsi hesab etmişdir ki, işin halları baxımından Füzuli Hərbi Məhkəməsinin gəldiyi nəticənin qanuniliyi həm Konstitusiyada və beynəlxalq hüquqi sənədlərdə məhkəmələrin bitərəfliyinə, qərəzsizliyinə, ittiham və müdafiə funksiyalarını öz üzərinə götürməməsinə dair təsbit edilən prinsiplərə, həm də müəyyən prosessual qərarların preyudisiallığı baxımından qeyri-müəyyəndir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir.

Müraciətdə o da qeyd edilmişdir ki, məhkəmə baxışının hədlərini təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla məhdudlaşdıran və məhkəmənin öz təşəbbüsü ilə ittihamı ağırlaşdırmaq səlahiyyətini nəzərdə tutmayan Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsi, həmçinin cinayət-prosessual normaların analogiya üzrə inzibati xətalara dair işlər üzrə icraatda tətbiq edilməsinin mümkünlüyünə dair Konstitutiya Məhkəməsi Plenumunun formalaşmış hüquqi mövqeyi baxımından, inzibati xəta haqqında işə baxan məhkəmənin İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrində təsbit olunmasa da, cinayət işinin başlanmasının rədd edilməsi haqqında ibtidai istintaq orqanının qərarının ziddinə qərar qəbul etmək səlahiyyəti mümkün görünmür.

Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsi şəxsin eyni əməlinə görə cinayət işinin başlanılmasının rədd edildiyi və inzibati xəta haqqında icraatın başlanması üçün materialların göndərildiyi halda, inzibati xəta haqqında işə baxan məhkəmənin (səlahiyyətli orqanın) İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsini rəhbər tutmaqla cinayət əlamətlərinin mövcudluğuna görə işin geri qaytarılması ilə bağlı səlahiyyətinin olub-olmaması ilə əlaqədar məsələyə aydınlıq gətirilməsi, bununla da vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına və qüvvədə olan qanunvericilik normalarının eyni qaydada tətbiq edilməsinə nail olmaq, eləcə də hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsi məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin həlli məqsədilə, ilk növbədə, özünün qanunun analogiya üzrə tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqelərini nəzərdən keçirməyi zəruri hesab edir.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin.

Bu institutla bağlı daha geniş açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarında verilmişdir.

Həmin Qərarda göstərilmişdir ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir.

Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır.

Beləliklə, baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyri-müəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin məhz Plenumun yuxarıda göstərilən hüquqi mövqeləri, Konstitusiyanın, inzibati xətalar və cinayət-prosessual qanunvericiliklərinin bəzi normaları nəzərə alınmaqla şərh edilməsini vacib hesab edir.

Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın.

İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə müvafiq olaraq, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir.

Həmin Məcəllənin 114.2.3-cü maddəsinə görə, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir.

Məhkəmə baxışının hədlərinə həsr edilmiş Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə uyğun olaraq, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.

Həmin Məcəllənin 318.2-ci maddəsinə görə isə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı tәqsirlәndirilәn şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər.

Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Xətalar Məcəlləsinin 85 və 114.2.3-cü maddələrinin məzmunundan çıxış edərək qeyd edir ki, həmin maddələrdə aydın və birmənalı şəkildə müəyyən edilmiş qaydaya əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə özü cinayət işini başlamır, istintaq orqanın cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarını ləğv etmir, o, əməldə müəyyən etdiyi cinayət əlamətləri barədə cinayət təqibini başlamaq səlahiyyətində olan orqanı məlumatlandırmaqla materialları həmin orqana göndərir.

Oxşar yanaşma Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində də müəyyən edilmişdir. Bu Məcəllənin 265.4-cü maddəsinə uyğun olaraq, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Bu zaman cinayət təqibi orqanının hər hansı şəxs barəsində əvvəldən cinayət işinin başlanmasının rədd edilməsi barədə ləğv edilməmiş qərarının mövcudluğu məhkəmənin bu səlahiyyətini məhdudlaşdırmır.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki, baxılan inzibati xəta haqqında materiallarda istintaq orqanının cinayət işinin rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu hakimi, səlahiyyətli orqanı (vəzifəli şəxsi) İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan səlahiyyətin həyata keçirilməsindən məhrum edə bilməz.

Əks yanaşma ona gətirib çıxara bilər ki, cinayət təqibini həyata keçirən orqanın cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının olması inzibati xətada hətta cinayət əlamətləri olduğu halda da, hakimi pozuntuya müstəsna olaraq inzibati xəta kimi baxmağa və bilərəkdən qanunsuz və əsassız qərarın qəbul edilməsinə məcbur etmiş olar.

İstintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının Cinayət-Prosessual Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə inzibati işə baxan məhkəmə üçün preyudisial əhəmiyyətə malik olması barədə müraciətin dəlili ilə bağlı qeyd edilməlidir ki, adıçəkilən maddə cinayət prosesini həyata keçirən orqanın iki növ qərarını fərqləndirmişdir:

- şəxsin barəsində cinayət təqibini istisna edən qərarlar;

- digər qərarlar.

Birinci növ qərarlara cinayət təqibini istisna edən hallarla bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, cinayət təqibinə (cinayət işi üzrə icraata) xitam verilməsi haqqında qərar, həmçinin məhkəmənin hökmü və ya digər yekun qərarları aiddir.

Sadalanan qərarlar mahiyyətinə görə yekun qərar olduğu üçün, belə qərarların qüvvədə olması məhkəmə tərəfindən eyni ittiham üzrə hökm və ya başqa yekun qərarın çıxarılmasını istisna edir. İş üzrə icraatın bərpasına nail olmaq üçün, ilk növbədə, göstərilən qərarların ləğv edilməsi tələb olunur.

Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər yekun qərarı kasassiya qaydasında və yeni açılmış hallar üzrə ləğv edilə bilər (Cinayət-Prosessual Məcəlləsinin 65.3-cü maddəsi).

Məhkəməyədək qəbul olunan bəraətverici əsaslarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar kvaziməhkəmə xarakteri daşıyır. Bu, ilk növbədə, onda təzahür edir ki, məhkəmənin hökm və yekun qərarlarından fərqli olaraq təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı təkcə məhkəmə tərəfindən deyil, müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror tərəfindən də ləğv edilə bilər (Cinayət-Prosessual Məcəlləsinin 212.4.1-ci maddəsi).

Lakin nəzərə almaq lazımdır ki, Cinayət-Prosessual Məcəlləsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının yalnız şikayət əsasında ləğv edilə bilməsi nəzərdə tutulmuşdur.

Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 212.3-cü maddəsinin tələblərinə görə, belə qərardan şikayət müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə verilə bilər.

Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından verilmiş şikayət üzrə aşağıdakı hərəkətlər yerinə yetirilir:

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror göstərilən qərarı ləğv edir, 10 (on) gündən artıq olmayan müddətdə əlavə yoxlama keçirilməklə və yaxud keçirilməməklə cinayət işinin başlanması haqqında qərar qəbul edir və onu ibtidai istintaqın aparılması üçün müstəntiqə göndərir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır (Cinayət-Prosessual Məcəlləsinin 212.4.1-ci maddəsi).

Prokurorun İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında işə baxan məhkəmə tərəfindən ona göndərilmiş materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara baxılması qaydası Cinayət-Prosessual Məcəlləsində müəyyən edilməmişdir. Buna görə, Konstitusiya Məhkəməsinin Plenumu cinayət-prosessual qanunvericiliyində müvafiq qaydaların müəyyən edilməsinin Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmasını məqsədəmüvafiq hesab edir. Həmin məsələnin prosessual nizamlamadan kənarda qala bilməsi qanunçuluq və ədalət prinsiplərinin pozulması ilə nəticələnmiş olar.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur;

- bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla Cinayət-Prosessual Məcəlləsində prokurorun İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən ona göndərilmiş materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara baxılması qaydasının tənzimlənməsi Milli Məclisə tövsiyə olunmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA ALDI:

 

1. İstintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur.

2. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində prokurorun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən ona göndərilmiş materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara baxılması qaydasının tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr:    Fərhad ABDULLAYEV

 

Bakı şəhəri, 18 noyabr 2022-ci il.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status