AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
15.12.2022
QEYDİYYAT NÖMRƏSİ
1905
ADI
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 16.12.2022, Nəşr Nömrəsi: 275), Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (Dərc olunma tarixi: 15.12.2022)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.12.2022
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202212151905
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.12.2022
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 dekabr 2022-ci il

     1905

 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2022-ci il 15 dekabr tarixli 1905 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında

 

NÜMUNƏVİ ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Nümunəvi Əsasnamə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin (bundan sonra – KOB klasteri) yaradılmasının və ləğvinin, habelə KOB klasterində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını tənzimləyir.

1.2. KOB klasterində sahibkarlıq fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “İnzibati icraat haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının digər qanunlarına, bu Əsasnaməyə, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarına, həmçinin sərəncamlarına və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

1.3. KOB klasterində qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyəti növləri həyata keçirilir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Əsasnamədə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. KOB klasteri – eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibətlər quraraq əlaqəli, bir-birini tamamlayan və birgə fəaliyyət göstərən KOB klaster şirkəti və KOB klasteri iştirakçılarının məcmusu;

2.1.2. KOB klaster şirkəti – Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.78-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi meyarlara (bundan sonra – KOB klaster şirkətinin meyarları) cavab verən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti) ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən KOB klaster şirkətinin şəhadətnaməsi verilmiş kommersiya hüquqi şəxsi;

2.1.3. KOB klasterinin iştirakçısı – KOB klasterində fəaliyyət göstərmək üçün KOB klaster şirkəti ilə müqavilə bağlamış, mikro, kiçik və orta sahibkarlıq subyekti olan və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən KOB klasterinin iştirakçısı şəhadətnaməsi verilmiş hüquqi və ya fiziki şəxs;

2.1.4. KOB klasterinin funksional xəritəsi – KOB klasterinin hər bir iştirakçısı tərəfindən istehsal edilən məhsulun, göstərilən xidmətin, görülən işin həcmi və KOB klasterində son məhsulun yaradılmasında KOB klasteri çərçivəsində istehsal edilmiş məhsuldan (göstərilən xidmətdən) istifadə həcmi haqqında məlumatları əks etdirən KOB klasteri iştirakçılarının ərazi yerləşdirilməsi, təşkilati-funksional, texnoloji kooperasiya, birgə layihəni idarəetmə və KOB klasterinin texnoloji kooperasiyasına birgə layihələrin təsiretmə sxemlərinin məcmusu;

2.1.5. KOB klasteri yaradılmasının maliyyə-iqtisadi əsaslandırılması – KOB klasterində birgə fəaliyyət və onun inkişafı üzrə KOB klasteri çərçivəsində həll edilən məsələlərin miqyasından və mürəkkəbliyindən asılı olaraq seçilmiş tədbirlərin səmərəli yerinə yetirilməsini əks etdirən məqsədli göstəricilər.

 

3. KOB klasteri yaradılmasının məqsədləri

 

3.1. KOB klasteri yaradılmasının məqsədləri aşağıdakılardır:

3.1.1. qeyri-neft sektorunda rəqabətqabiliyyətli məhsul istehsalının və xidmət göstərilməsinin təşviqi, bu sahədə mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli şərait yaradılması, onlar arasında əlaqələndirmənin gücləndirilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi;

3.1.2. iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafına dəstək verilməsi;

3.1.3. ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması;

3.1.4. əməkqabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması;

3.1.5. beynəlxalq bazarlara çıxışın təmin edilməsi üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətliliyinin artırılması.

 

4. KOB klasterinin yaradılması

 

4.1. KOB klasterinin yaradılması üçün kommersiya hüquqi şəxsi KOB klaster şirkətinin şəhadətnaməsini alır.

4.2. KOB klaster şirkəti şəhadətnaməsinin verilməsi barədə qərarın qəbul olunması üçün kommersiya hüquqi şəxsi (bundan sonra – ərizəçi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ərizə (4 nömrəli əlavə) ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (bundan sonra – səlahiyyətli qurum) müraciət edir. Ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə yazılı formada və ya Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə elektron qaydada təqdim edilir. Ərizəni hüquqi şəxsin qanuni təmsilçisi imzalayır. Ərizəçini səlahiyyətli nümayəndə təmsil etdikdə, ərizəni səlahiyyətli nümayəndə imzalayır. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

4.2.1. KOB klasterinin funksional xəritəsi (1 nömrəli əlavə) və KOB klasteri yaradılmasının maliyyə-iqtisadi əsaslandırılması (2 nömrəli əlavə);

4.2.2. hüquqi şəxsin nizamnaməsində dəyişikliklər edilməsi barədə qəbul edilmiş qərarın əsli və nizamnamədə müvafiq dəyişikliklər edilməsi barədə layihənin surəti;

4.2.3. KOB klasterinin iştirakçısı olmaq istəyən KOB klaster şirkətindən qarşılıqlı surətdə asılı olmayan azı 10 (on) mikro, kiçik və ya orta sahibkarlıq subyektinin siyahısı və KOB klasterinin fəaliyyətində iştirak haqqında ərizələri (3 nömrəli əlavə), KOB klasterinin iştirakçısı olmaq istəyən mikro, kiçik və ya orta sahibkarlıq subyektlərinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamələrinin, fiziki şəxs olan mikro, kiçik və ya orta sahibkarlıq subyektlərinə münasibətdə həmçinin şəxsiyyəti təsdiq edən sənədin surəti, habelə KOB klasterinin iştirakçısı olmaq istəyən mikro, kiçik və ya orta sahibkarlıq subyektlərini səlahiyyətli nümayəndə təmsil etdikdə onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli;

4.2.4. hüquqi şəxsin dövlət reyestrindən çıxarışının surəti;

4.2.5. hüquqi şəxsin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

4.2.6. hüquqi şəxsi səlahiyyətli nümayəndə təmsil etdikdə onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli.

4.3. Bu Əsasnamənin 4.2-ci bəndində qeyd olunan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edilir. Bu mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

4.4. Ərizə səlahiyyətli quruma daxil olduğu gün qeydiyyata alınır, daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə 30 (otuz) gün müddətində baxılır.

4.5. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan, KOB klaster şirkəti şəhadətnaməsinin verilməsi barədə qərarın qəbul edilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq səlahiyyətli qurum onların aradan qaldırılması barədə məlumatı sifarişli poçt vasitəsilə və ya elektron qaydada ərizəçiyə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir.

4.6. Ərizəçi çatışmazlıqlar barədə məlumatı aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində onları aradan qaldırmalıdır. Bu Əsasnamənin 4.4-cü bəndi ilə müəyyən edilmiş müddətin axımı bu zaman dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

4.7. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Əsasnamənin 4.6-cı bəndində qeyd edilən müddətdə aradan qaldırmadıqda səlahiyyətli qurum ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində sifarişli poçt vasitəsilə və ya elektron qaydada ərizəçiyə göndərir.

4.8. Ərizəçi baxılmamış saxlanılmış ərizə üzrə aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra KOB klaster şirkəti şəhadətnaməsinin verilməsi barədə qərarın qəbul olunması üçün təkrar ərizə ilə səlahiyyətli quruma müraciət edə bilər.

4.9. Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə, səlahiyyətli qurum ərizəçinin təqdim etdiyi sənədlərin KOB klaster şirkətinin meyarlarına uyğunluğunu yoxlayır. Bu Əsasnamənin 4.10-cu bəndi ilə müəyyən edilmiş imtina halları olmadıqda, səlahiyyətli qurum ərizəçiyə Dövlət Vergi Xidməti ilə razılaşdıraraq KOB klaster şirkəti şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edir. Səlahiyyətli qurum KOB klaster şirkətinin şəhadətnaməsinin verilməsi barədə qərarı ərizəçiyə 2 (iki) iş günü müddətində sifarişli poçt vasitəsilə və ya elektron qaydada göndərir.

4.10. Ərizəçiyə KOB klaster şirkəti şəhadətnaməsinin verilməsindən aşağıdakı hallarda imtina olunur və bu barədə qərar 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt vasitəsilə göndərilir:

4.10.1. bu Əsasnamənin 4.5-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, ərizə və ona əlavə edilmiş sənədlər əsasında ərizəçinin bu Əsasnamə ilə müəyyən olunmuş tələblərə və KOB klaster şirkətinin meyarlarına uyğun olmadığı müəyyən edildikdə;

4.10.2. KOB klasteri iştirakçılarının sayı bu Əsasnamənin 4.2.3-cü yarımbəndi ilə müəyyən edilmiş tələblərə uyğun olmadıqda.

 

5. KOB klaster şirkətinə, KOB klasterinin iştirakçılarına şəhadətnamələrin verilməsi, qüvvəsinin dayandırılması və ləğv edilməsi

 

5.1. Ərizəçi KOB klaster şirkəti şəhadətnaməsinin verilməsi barədə səlahiyyətli qurumun qərarını aldıqdan sonra bu Əsasnamənin 4.2.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanına müraciət edir. Qeydiyyat orqanı dəyişikliklərin qeydiyyata alındığı gün hüquqi şəxsi KOB klaster şirkətlərinin reyestrinə daxil edir və bu barədə səlahiyyətli qurumu və ərizəçini məlumatlandırır. Səlahiyyətli qurum hüquqi şəxsin qeydiyyat orqanı tərəfindən KOB klaster şirkətlərinin reyestrinə daxil edilməsi barədə məlumatı aldığı gündən etibarən 2 (iki) iş günü müddətində ərizəçiyə KOB klaster şirkətinin şəhadətnaməsini (6 nömrəli əlavə) təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

5.2. KOB klaster şirkəti KOB klaster şirkəti şəhadətnaməsini aldıqdan sonra 30 (otuz) gün müddətində KOB klasterinin iştirakçıları ilə müqavilələr (5 nömrəli əlavə) bağlayır və sözügedən müqavilələri səlahiyyətli quruma yazılı formada, yaxud elektron qaydada təqdim edir.

5.3. Səlahiyyətli qurum 5 (beş) iş günü müddətində KOB klaster şirkətinin hüquqi şəxs olan iştirakçılarına, yaxud fərdi sahibkar olan iştirakçılarına şəhadətnaməni (7 nömrəli əlavə) təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

5.4. KOB klaster şirkətinin şəhadətnaməsi, KOB klasterinin iştirakçısı şəhadətnaməsi itirildikdə və ya yararsız vəziyyətə düşdükdə şəhadətnamənin sahibi onun dublikatının verilməsi üçün səlahiyyətli quruma ərizə ilə müraciət edir.

5.5. Səlahiyyətli qurum ərizənin daxil olduğu tarixdən 2 (iki) iş günü müddətində müvafiq şəhadətnamənin dublikatını hazırlayaraq şəhadətnamənin sahibinə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

5.6. Şəhadətnamənin dublikatı verilənədək şəhadətnamənin sahibi öz fəaliyyətini səlahiyyətli quruma təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir. Həmin arayışı səlahiyyətli qurumun rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs imzalayır və möhürlə təsdiq edir.

5.7. Şəhadətnamənin dublikatı itirilmiş və ya zədələnmiş şəhadətnamə ilə eyni hüquqi qüvvəyə malikdir.

5.8. KOB klaster şirkəti şəhadətnaməsinin və KOB klasterinin iştirakçısı şəhadətnaməsinin qüvvəsi aşağıdakı hallarda dayandırılır:

5.8.1. KOB klaster şirkəti və KOB klasterinin iştirakçısı müvafiq ərizə təqdim etdikdə;

5.8.2. KOB klaster şirkətinin və KOB klasteri iştirakçısının fəaliyyətinin KOB klasterinin funksional xəritəsinə uyğun olmadığı, KOB klaster şirkətinin KOB klaster şirkətinin meyarlarına uyğun olmadığı, habelə bu Əsasnamənin 5.2-ci bəndində göstərilən müqavilə şərtlərinin pozulması halları müəyyən edildikdə.

5.9. KOB klaster şirkəti şəhadətnaməsinin və KOB klasterinin iştirakçısı şəhadətnaməsinin qüvvəsi səlahiyyətli qurumun qərarı əsasında dayandırılır. Həmin qərarda dayandırılmaya əsas verən hallar və həmin çatışmazlıqların aradan qaldırılması üçün KOB klaster şirkəti şəhadətnaməsinin və KOB klasterinin iştirakçısı şəhadətnaməsinin qüvvəsinin dayandırıldığı müddət qeyd olunur. Bu Əsasnamənin 5.8.2-ci yarımbəndində qeyd olunan əsaslar üzrə KOB klaster şirkəti şəhadətnaməsinin və KOB klasterinin iştirakçısı şəhadətnaməsinin qüvvəsinin dayandırılması haqqında qərarda, həmçinin dayandırılmaya əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və həmin halların aradan qaldırılmamasının hüquqi nəticəsi qeyd olunur.

5.10. KOB klaster şirkəti və KOB klasterinin iştirakçısı KOB klaster şirkəti şəhadətnaməsinin və KOB klasterinin iştirakçısı şəhadətnaməsinin qüvvəsinin dayandırıldığı müddət bitənədək bu Əsasnamənin 5.8.2-ci yarımbəndində qeyd olunan halları aradan qaldırmalı və nəticəsi barədə 3 (üç) iş günü müddətində səlahiyyətli quruma yazılı və ya elektron qaydada məlumat verməlidir.

5.11. Bu Əsasnamənin 5.8.1-ci yarımbəndində qeyd olunan əsas üzrə dayandırılmış KOB klaster şirkəti şəhadətnaməsinin və KOB klasterinin iştirakçısı şəhadətnaməsinin qüvvəsi KOB klaster şirkətinin və KOB klasteri iştirakçısının müvafiq ərizəsinə, bu Əsasnamənin 5.8.2-ci yarımbəndində qeyd olunan hallarda qüvvəsi dayandırılmış KOB klaster şirkəti şəhadətnaməsinin və KOB klasterinin iştirakçısı şəhadətnaməsinin qüvvəsi isə həmin halların aradan qaldırılması barədə KOB klaster şirkətinin və KOB klasteri iştirakçısının təqdim etdiyi yazılı məlumata əsasən səlahiyyətli qurumun qərarı ilə bərpa olunur.

5.12. KOB klaster şirkəti şəhadətnaməsinin və KOB klasterinin iştirakçısı şəhadətnaməsinin qüvvəsinin dayandırılması və bərpa olunması haqqında qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində KOB klaster şirkətinə və KOB klasterinin iştirakçısına sifarişli poçt vasitəsilə və ya elektron qaydada təqdim edilir.

5.13. KOB klaster şirkətinin şəhadətnaməsi, KOB klasterinin iştirakçısı şəhadətnaməsi aşağıdakı hallarda ləğv edilir:

5.13.1. KOB klaster şirkəti və ya KOB klasterinin iştirakçısı tərəfindən müvafiq ərizə təqdim edildikdə;

5.13.2. KOB klaster şirkəti, KOB klasterinin iştirakçısı olan hüquqi şəxs ləğv edildikdə, fərdi sahibkar kimi fəaliyyət göstərən KOB klasteri iştirakçısının sahibkarlıq fəaliyyətinə xitam verildikdə;

5.13.3. KOB klaster şirkətinin iştirakçılarına münasibətdə KOB klaster şirkətinin şəhadətnaməsi ləğv edildikdə;

5.13.4. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

5.13.5. KOB klaster şirkəti şəhadətnaməsinin, KOB klasterinin iştirakçısı şəhadətnaməsinin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonradan düzgün olmayan məlumatlar aşkar edildikdə;

5.13.6. bu Əsasnamənin 5.10-cu bəndinin tələblərinə riayət olunmadıqda.

5.14. KOB klaster şirkətinin şəhadətnaməsi, KOB klasteri iştirakçısının şəhadətnaməsi bu Əsasnamənin 5.13-cü bəndində qeyd olunan hallara (bu Əsasnamənin 5.13.4-cü yarımbəndi istisna olmaqla) istinad edilməklə, səlahiyyətli qurumun qərarı ilə ləğv edilir. Həmin qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində KOB klaster şirkətinə, KOB klasterinin iştirakçısına sifarişli poçt vasitəsilə və ya elektron qaydada göndərilir.

5.15. Hüquqi şəxs KOB klaster şirkəti şəhadətnaməsinin ləğv edildiyi tarixdən 3 (üç) iş günündən gec olmayaraq nizamnaməsində müvafiq dəyişikliklər edir və adından “KOB klaster şirkəti” sözlərinin çıxarılması, habelə nizamnaməsində edilən dəyişikliklərin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qeydiyyata alınması üçün qeydiyyat orqanına ərizə ilə müraciət edir.

5.16. KOB klaster şirkəti şəhadətnaməsi ləğv edilmiş hüquqi şəxs bu Əsasnamə ilə müəyyən edilmiş qaydada KOB klaster şirkəti şəhadətnaməsi almaq üçün səlahiyyətli quruma təkrar müraciət etmək hüququna malikdir.

 

6. Fəaliyyətdə olan KOB klasterinə yeni iştirakçıların qəbul edilməsi

 

6.1. Fəaliyyətdə olan KOB klasterinə iştirakçı kimi qoşulmaq istəyən mikro, kiçik və ya orta sahibkarlıq subyekti bu Əsasnamənin 4.2.3-cü yarımbəndində qeyd edilmiş ərizə ilə KOB klaster şirkəti vasitəsilə səlahiyyətli quruma müraciət edir. Ərizəyə KOB klasterinin iştirakçısı kimi qoşulmaq istəyən mikro, kiçik və ya orta sahibkarlıq subyektinin fəaliyyətdə olan KOB klasterində rolunu əks etdirən və KOB klaster şirkəti tərəfindən təsdiq edilmiş KOB klasterinin funksional xəritəsində edilən dəyişikliklər barədə məlumatlar, KOB klaster şirkəti ilə KOB klasterinin iştirakçısı kimi qoşulmaq istəyən mikro, kiçik və ya orta sahibkarlıq subyekti arasında imzalanmış müqavilə (4 nömrəli əlavə), KOB klasterinin iştirakçısı kimi qoşulmaq istəyən mikro, kiçik və ya orta sahibkarlıq subyektinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin, bu şəxs fərdi sahibkar olduğu təqdirdə isə, əlavə olaraq, onun şəxsiyyətini təsdiq edən sənədin surəti, habelə KOB klasterinin iştirakçısı kimi qoşulmaq istəyən mikro, kiçik və ya orta sahibkarlıq subyektini səlahiyyətli nümayəndə təmsil etdikdə onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli əlavə olunur.

6.2. Səlahiyyətli qurum tərəfindən ərizəyə baxılma bu Əsasnamənin 4.4 – 4.8-ci bəndlərinə uyğun olaraq həyata keçirilir.

6.3. Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə, habelə bu Əsasnamənin 6.4-cü bəndi ilə müəyyən edilmiş imtina halları olmadıqda, səlahiyyətli qurum KOB klasterinin iştirakçısı kimi qoşulmaq istəyən mikro, kiçik və ya orta sahibkarlıq subyektinə KOB klasterinin iştirakçısı şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edir və 2 (iki) iş günü müddətində KOB klaster şirkətinə KOB klasterinin iştirakçısı şəhadətnaməsini təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

6.4. Fəaliyyətdə olan KOB klasterinə KOB klasterinin iştirakçısı kimi qoşulmaq üçün müraciət etmiş mikro, kiçik və ya orta sahibkarlıq subyektinə aşağıdakı hallarda imtina edilir və bu barədə qərar 2 (iki) iş günü müddətində KOB klaster şirkətinə və KOB klasterinin iştirakçısı kimi qoşulmaq istəyən mikro, kiçik və ya orta sahibkarlıq subyektinə təqdim olunur və ya sifarişli poçt vasitəsilə göndərilir:

6.4.1. bu Əsasnamənin 4.5-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, KOB klasterinin iştirakçısı kimi qoşulmaq istəyən mikro, kiçik və ya orta sahibkarlıq subyektinin təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədlər bu Əsasnamənin tələblərinə uyğun olmadıqda;

6.4.2. KOB klasterinin iştirakçısı kimi qoşulmaq istəyən mikro, kiçik və ya orta sahibkarlıq subyektinin fəaliyyətdə olan KOB klasterində rolunu əks etdirən və KOB klasteri tərəfindən təsdiq edilmiş KOB klasterinin funksional xəritəsində edilən dəyişikliklər barədə məlumatlar KOB klaster şirkətinin meyarlarına uyğun olmadıqda.

 

7. KOB klasterinin yaradılması və fəaliyyəti ilə bağlı işlərin maliyyələşdirilməsi

 

KOB klasterinin yaradılması və fəaliyyətinin təşkili KOB klaster şirkətinin təsisçisinin (təsisçilərinin) ayırdığı vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 

8. Yekun müddəalar

 

8.1. KOB klaster şirkəti və KOB klasterinin iştirakçısı arasında yaranan münasibətlərdə bu Əsasnamə ilə nəzərdə tutulmayan məsələlər həmin tərəflər arasında bu Əsasnamənin 5 nömrəli əlavəsinə uyğun bağlanılan müqavilə ilə tənzimlənir.

8.2. KOB klaster şirkəti şəhadətnaməsinin verilməsindən imtina edilməsi, KOB klaster şirkəti şəhadətnaməsinin və KOB klasterinin iştirakçısı şəhadətnaməsinin qüvvəsinin dayandırılması, KOB klaster şirkəti şəhadətnaməsinin və KOB klasterinin iştirakçısı şəhadətnaməsinin ləğvi və fəaliyyətdə olan KOB klasterinə KOB klasterinin iştirakçısı kimi qoşulmaq üçün müraciət etmiş mikro, kiçik və ya orta sahibkarlıq subyektinə KOB klasterinin iştirakçısı şəhadətnaməsinin verilməsindən imtina edilməsi haqqında səlahiyyətli qurumun qərarlarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

 

 


 

 

“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”yə

1 nömrəli əlavə

 

KOB klasterinin funksional xəritəsi

 

1.1. KOB klasterinin funksional xəritəsi KOB klasterinin hər bir iştirakçısı tərəfindən istehsal edilən məhsulun, göstərilən xidmətin həcmi və KOB klasterində son məhsulun yaradılmasında KOB klasteri çərçivəsində istehsal edilmiş məhsuldan (göstərilən xidmətdən) istifadə həcmi haqqında məlumatları əks etdirən aşağıdakı sxemlərdən ibarətdir:

1.1.1. KOB klasteri iştirakçılarının və infrastrukturunun ərazi yerləşdirilməsi sxemi;

1.1.2. KOB klasterinin təşkilati-funksional sxemi;

1.1.3. KOB klasterinin texnoloji kooperasiyası sxemi (sxemləri);

1.1.4. birgə layihəni idarəetmə sxemi (sxemləri);

1.1.5. KOB klasterinin texnoloji kooperasiyasına birgə layihələrin təsiretmə sxemi (sxemləri).

1.2. KOB klasteri iştirakçılarının və infrastrukturunun ərazi üzrə yerləşdirilməsi sxemi KOB klasteri iştirakçılarının və infrastruktur obyektlərinin yerləşməsini göstərən qrafik sxemdir.

1.3. Ərazi yerləşdirilməsi sxeminin məzmunu Azərbaycan Respublikasının bir və ya bir neçə əlaqəli regionunun ərazisində yerləşmiş KOB klasteri iştirakçılarının və infrastruktur obyektlərinin əyani təsviri üçün mühüm olan elementlərlə məhdudlaşdırılmalıdır. Sənədin hazırlanması zamanı regionun, şəhər və kənd yaşayış məntəqələrinin baş planlarının, KOB klasteri iştirakçılarının yerləşdiyi ərazinin xüsusiyyətlərinin nəzərə alınması zəruridir.

1.4. KOB klasterinin təşkilati-funksional sxemi KOB klasterinin iştirakçıları, infrastrukturu və idarəetmə orqanları arasında qarşılıqlı iqtisadi əlaqələrin qurulmasını əks etdirən qrafik sxemdir.

1.5. KOB klasterinin təşkilati-funksional sxemində aşağıdakılar qeyd olunur:

1.5.1. KOB klasteri iştirakçılarının və infrastrukturunun (istehsal müəssisələri, tədris müəssisələri, elmi təşkilatlar, inkişaf institutları, texnoloji, sənaye infrastrukturundan ibarət təşkilatlar, marketinq və ya satış müəssisələri, maliyyə-kredit təşkilatları və s.), KOB klaster şirkətinin idarəetmə orqanlarının və KOB klasterinin tərkibinə daxil olmayan digər şəxslərin funksiyaları;

1.5.2. KOB klasterində mövcud olan şaquli (təchizatçı/istehlakçı) və üfüqi istehsal, texnoloji, təsərrüfat və digər əlaqələri.

1.6. KOB klasterinin texnoloji kooperasiya sxemi (sxemləri) son məhsulun yaradılmasının texnoloji zəncirini və KOB klasteri çərçivəsində onun əlavə edilmiş dəyərinin formalaşdırılmasını, son məhsulun yaradılması prosesində KOB klaster şirkətinin, KOB klasteri iştirakçılarının funksional asılılığının konfiqurasiyasını və miqyasını göstərən qrafik təsvirdir.

1.7. KOB klasterinin texnoloji kooperasiyası sxemində KOB klaster şirkətinin, KOB klasterinin iştirakçıları arasında aşağıdakı kooperativ əlaqələrin keyfiyyət və kəmiyyət xüsusiyyətləri qeyd edilir:

1.7.1. KOB klasterinin texnoloji zənciri çərçivəsində mövcud olan fəaliyyətin yenidən bölüşdürülməsi mərhələləri;

1.7.2. texnoloji zəncir iştirakçılarının adları;

1.7.3. texnoloji zəncir iştirakçılarının yaratdıqları məhsulun adı;

1.7.4. texnoloji zəncir iştirakçılarının yaratdıqları məhsulun ümumi həcmində KOB klasterinin digər iştirakçılarının istifadə etdikləri malların, işlərin və xidmətlərin faiz nisbəti;

1.7.5. məhsulun (malların, işlərin, xidmətlərin) istehsalı və satışı üçün xammalın, materialların, satın alınmış yarımfabrikatların və komplektləşdirici məmulatların əldə edilməsinə çəkilən xərclərin ümumi həcmində texnoloji zəncir iştirakçılarının idxal olunan xammala, materiallara, satın alınan məhsullara çəkdikləri xərclərin faiz nisbəti;

1.7.6. texnoloji zəncir iştirakçılarının yaratdığı əlavə dəyərin həcmi;

1.7.7. texnoloji zəncir iştirakçılarının idxal olunan xammala, materiallara, satın alınan məhsullara çəkdikləri xərclərin məbləği;

1.7.8. məhsulun son buraxılışını həyata keçirən KOB klaster şirkətinin, KOB klasteri iştirakçılarının kooperasiya əmsalı;

1.7.9. texnoloji zəncirin son məhsulunun tərkibi.

1.8. Birgə layihəni idarəetmə sxemi həmin layihənin həyata keçirilməsinin inzibati və maliyyə dəstəyi sistemini əks etdirən qrafik sxemdir.

1.9. Birgə layihəni idarəetmə sxemində aşağıdakılar qeyd olunur:

1.9.1. birgə layihənin maliyyələşdirilmə mənbələri və məbləğləri;

1.9.2. texnoloji və infrastruktur tədbirlərinin həyata keçirilməsi prosesində birgə layihənin təsisçilərinin çəkdikləri xərclərin növləri və məbləğləri;

1.9.3. KOB klasterinin infrastrukturunu təşkil edən təşkilatların birgə layihəyə dəstək növləri;

1.9.4. birgə layihə iştirakçılarının öhdəlikləri;

1.9.5. birgə layihənin səmərəliliyinin əsas göstəriciləri.

1.10. Birgə layihənin KOB klasterinin texnoloji kooperasiyasına təsiretmə sxemi həmin layihənin həyata keçirilməsi zamanı KOB klasterinin texnoloji kooperasiyasında baş verən dəyişiklikləri təsvir edən qrafik sxemdir.

1.11. Birgə layihənin KOB klasterinin texnoloji kooperasiyasına təsiri sxemində birgə layihənin bütövlükdə sistemə və KOB klasterinin texnoloji kooperasiyasının ayrıayrı göstəricilərinə təsiri qeyd edilərək, KOB klasterinin texnoloji kooperasiyasındakı dəyişiklikləri xarakterizə edən məlumatlar qeyd olunur.

 

 


 

 

“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”yə

2 nömrəli əlavə

 

KOB klasteri yaradılmasının maliyyə-iqtisadi əsaslandırılması

 

1.1. KOB klasterinin maliyyə-iqtisadi əsaslandırılmasına aşağıdakı bölmələr daxildir:

1.1.1. KOB klasterinin mövcud vəziyyəti;

1.1.2. KOB klasterinin məqsəd və vəzifələri;

1.1.3. KOB klasterinin inkişaf perspektivləri;

1.1.4. KOB klaster şirkətinin, KOB klasteri iştirakçılarının birgə layihələri;

1.1.5. KOB klasterinin resurs təminatı;

1.1.6. KOB klasterinin səmərəliliyinin əsas göstəriciləri.

1.2. “KOB klasterinin mövcud vəziyyəti” bölməsi aşağıdakı məlumatları özündə əks etdirir:

1.2.1. KOB klasteri iştirakçılarının mövcud potensialının xarakteristikası;

1.2.2. KOB klasterinin müvafiq infrastrukturuna dair məlumatlar;

1.2.3. KOB klasteri tərəfindən yaradılan məhsulların əsas növləri (KOB klaster şirkəti, KOB klasterinin hər bir iştirakçısının yaratdığı əsas növ məhsulların həcmi, qeyd olunan məhsulun KOB klasterinin digər iştirakçıları və məhsulun son buraxılışını həyata keçirən KOB klaster şirkəti, KOB klasterinin iştirakçısı tərəfindən istifadə həcmi göstəriciləri üzrə məlumatlar daxil olmaqla);

1.2.4. KOB klasteri məhsullarının əsas yerli və xarici bazarları və əsas istehlakçıları (KOB klasterinin məhsulları bazarının mövcud vəziyyətinin qiymətləndirilməsi, KOB klaster şirkətinin, KOB klasteri iştirakçılarının bazar mövqelərinin xarakteristikası daxil olmaqla).

1.3. “KOB klasterinin məqsəd və vəzifələri” bölməsi aşağıdakı məlumatları özündə əks etdirir:

1.3.1. KOB klasterinin güclü və zəif tərəfləri, təhlükələr və inkişaf imkanları (KOB klasteri məhsullarının bazara çıxması üçün əsas məhdudiyyət və əngəllərin təsviri, bu məhdudiyyətlərin kompensasiya edilməsinin əsas mexanizmlərinin, qlobal miqyasda KOB klasterinin rəqabət qabiliyyətinin artmasına səbəb olan faktorların, yeni istehsalların yerləşdirilməsi üçün cəlbediciliyi, KOB klasterinin infrastrukturunun inkişafı, yerli və xarici mütəxəssislərin cəlb edilməsi daxil olmaqla);

1.3.2. KOB klasterinin məqsədi və vəzifələri.

1.4. “KOB klasterinin inkişaf perspektivləri” bölməsi aşağıdakı məlumatları özündə əks etdirir:

1.4.1. KOB klaster şirkətinin, KOB klasteri iştirakçılarının potensialının inkişaf perspektivlərinin xarakteristikası;

1.4.2. KOB klasterinin infrastrukturunun inkişaf perspektivləri;

1.4.3. KOB klasterinin məhsul çeşidinin genişləndirilməsinin perspektivləri (KOB klaster şirkətinin, KOB klasterinin hər bir iştirakçısının əsas məhsul növlərinin həcmi, qeyd olunan məhsulun KOB klasterinin digər iştirakçıları və KOB klasterinin son məhsulunun buraxılışını həyata keçirən KOB klaster şirkəti, KOB klasterinin iştirakçıları tərəfindən istifadə həcmi göstəriciləri üzrə məlumatlar daxil olmaqla);

1.4.4. perspektivli yerli və xarici bazarlar və KOB klasteri məhsullarının əsas istehlakçıları (KOB klasterinin məhsulları bazarının perspektiv vəziyyətinin qiymətləndirilməsi, KOB klaster şirkətinin, KOB klasteri iştirakçılarının perspektiv bazar mövqelərinin xarakteristikası daxil olmaqla).

1.5. “KOB klaster şirkətinin, KOB klasteri iştirakçılarının birgə layihələri” bölməsi KOB klaster şirkətinin, KOB klasteri iştirakçılarının birgə layihələri və birgə layihələrin həyata keçirilməsi məqsədilə icra edilən tədbirlər kompleksi üzrə aşağıdakı məlumatları özündə əks etdirir:

1.5.1. KOB klasteri üçün birgə layihənin və onun həyata keçirilməsindən gələn səmərənin təsviri (KOB klasterinin inkişaf proqramının məqsəd və vəzifələrinə çatmasına layihənin təsirinin qiymətləndirilməsi, birgə layihələr həyata keçirmək yolu ilə aradan qaldırılması mümkün olan və KOB klasterinin inkişafını ləngidən əngəllərin təsviri, KOB klasterinin istehsal-texnoloji kooperasiyasına layihənin təsirinin qiymətləndirilməsi, birgə layihənin səmərəliliyinin əsas göstəriciləri üzrə hesablamalar daxil olmaqla);

1.5.2. birgə layihənin təsisçilərinin rolunun, funksiyalarının, xərclərinin həcmi və növlərinin təsviri (birgə layihənin tədbirlərinin maliyyələşdirmə formasının, məsələn, kredit, lizinq, kapitalda iştirak və s. təsviri daxil olmaqla);

1.5.3. birgə layihənin həyata keçirilməsi prosesində KOB klaster şirkətinin, KOB klasteri iştirakçılarının rolunun və funksiyalarının təsviri.

1.6. “KOB klasterinin resurs təminatı” bölməsi özündə KOB klasterinin inkişaf proqramının resurs təminatını (KOB klasterinin inkişaf proqramının həyata keçirilməsi dövründə illər üzrə göstəricilər və borc kapitalının cəlb olunması sxemi qeyd edilməklə, KOB klaster şirkətinin, KOB klasteri iştirakçılarının vəsaiti, şəxsi investisiyalar, maliyyəkredit təşkilatlarının və inkişaf institutlarının vəsaiti hesabına maliyyələşdirmə daxil olmaqla) əks etdirir.

1.7. “KOB klasterinin səmərəliliyinin əsas göstəriciləri” bölməsi aşağıdakı məlumatları özündə əks etdirir:

1.7.1. KOB klasterinin inkişaf proqramının həyata keçirilməsinin səmərəliliyinin əsas göstəricilərinin planlaşdırılmış dəyəri (KOB klasterinin inkişaf proqramının icrası dövründə illər üzrə planlaşdırılmış dəyər göstərilməklə);

1.7.2. KOB klasterinin inkişaf proqramının əsas tədbirlərinin qarşılıqlı əlaqəsi və KOB klasterinin inkişaf proqramının əsas göstəriciləri ilə onların həyata keçirilməsinin nəticələri haqqında məlumat;

1.7.3. KOB klasterinin inkişaf proqramı çərçivəsində KOB klasterinin inkişaf proqramının həyata keçirilməsinin səmərəliliyinin əsas göstəricilərinin qiymətləndirilməsi və proqnozu.

 

 


 

 

“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”yə

3 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə

 

_______________________________________________________________________________

(hüquqi şəxsin adı, rəhbərinin (fərdi sahibkarın) soyadı, adı, atasının adı)

 

KOB klasterinin fəaliyyətində iştirak haqqında

 

ƏRİZƏ

 

Yaradılacaq (fəaliyyətdə olan) _____________________________________________________

                                                (KOB klasterinin adı)

fəaliyyətində iştirak etmək haqqında niyyətini ifadə edir və müvafiq sənədləri (məlumatları) baxılmaq üçün təqdim edir:

1. Ərizəçi haqqında məlumat:

1.1. hüquqi şəxsin adı/fiziki şəxsin soyadı, adı, atasının adı ____________________________

________________________________________________________________________________

1.2. hüquqi şəxsin hüquqi ünvanı/fiziki şəxsin ünvanı ________________________________

________________________________________________________________________________

1.3. hüquqi şəxsin/fiziki şəxsin VÖEN-i _____________________________________________

1.4. əlaqə telefonu ________________________________________________________________

1.5. internet ünvanı (veb-saytı) (olduğu halda) _______________________________________

1.6. elektron poçt ünvanı __________________________________________________________

1.7. hüquqi şəxsin/fiziki şəxsin səlahiyyətli nümayəndəsinin (olduğu halda):

1.7.1. soyadı, adı, atasının adı ______________________________________________________

1.7.2. ünvanı ____________________________________________________________________

1.7.3. əlaqə telefonu ______________________________________________________________

1.7.4. elektron poçt ünvanı ________________________________________________________

1.8. iqtisadi fəaliyyət sahəsi _______________________________________________________

KOB klasterinin iştirakçısı şəhadətnaməsinin verilməsini xahiş edirəm.

2. Hüquqi şəxsin qanuni təmsilçisi _________________________________________________

                                                                (vəzifəsi, soyadı, adı, atasının adı)

3. Ərizənin doldurulduğu tarix ____________________________________________________

                                                            (gün, ay, il)

4. Ərizəçinin imzası ______________________________________________________________

 

 


 

 

“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”yə

4 nömrəli əlavə

 

KOB klaster şirkəti şəhadətnaməsinin verilməsi barədə qərarın qəbul olunması üçün ərizə forması

 

_______________________________________________________________________________

(müraciət olunan qurumun adı)

 

KOB klaster şirkəti şəhadətnaməsinin verilməsi barədə qərarın qəbul olunması üçün

 

ƏRİZƏ

 

1. KOB klaster şirkətinin təsisçisi (təsisçiləri) haqqında məlumat:

1.1. təsisçi fiziki şəxsin soyadı, adı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin seriyası (olduğu halda), nömrəsi və verilmə tarixi _____________________________

________________________________________________________________________________

1.2. təsisçi hüquqi şəxsin adı və hüquqi ünvanı ______________________________________

________________________________________________________________________________

1.3. hüquqi şəxsin/fiziki şəxsin (olduğu halda) VÖEN-i________________________________

1.4. əlaqə telefonu ________________________________________________________________

1.5. internet ünvanı (veb-saytı) (olduğu halda) _______________________________________

1.6. elektron poçt ünvanı __________________________________________________________

1.7. səlahiyyətli nümayəndənin (olduğu halda):

1.7.1. soyadı, adı, atasının adı ______________________________________________________

1.7.2. şəxsiyyətini təsdiq edən sənədin seriyası (olduğu halda), nömrəsi və verilmə tarixi____________________________________________________________________________

1.7.3. ünvanı ____________________________________________________________________

1.7.4. əlaqə telefonu ______________________________________________________________

1.7.5. elektron poçt ünvanı ________________________________________________________

1.8. iqtisadi fəaliyyət sahəsi ________________________________________________________

________________________________________________________________________________

________________________________________________________________________________

KOB klaster şirkəti şəhadətnaməsinin verilməsi barədə qərarın qəbul olunmasını xahiş edirəm.

2. Hüquqi şəxsin qanuni təmsilçisi _________________________________________________

                                                                  (vəzifəsi, soyadı, adı, atasının adı)

3. Ərizənin doldurulduğu tarix ____________________________________________________

                                             (gün, ay, il)

4. Ərizəçinin imzası __________________________________

 

 


 

 

“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”yə

5 nömrəli əlavə

 

KOB klasterinin fəaliyyətində iştirak haqqında müqavilənin nümunəvi forması

 

_______________________________________________________________________________

klasterinin fəaliyyətində iştirak haqqında

 

MÜQAVİLƏ

 

Bakı şəhəri                                                                                               “___” _________ 20__ il

 

1. Müqavilənin predmeti

 

1.1. Bundan sonra “KOB klaster şirkəti” adlanacaq __________________________ KOB klaster şirkəti, nizamnaməyə əsasən adından hərəkət edən direktoru ________________________________________________________________________________ şəxsində bir tərəfdən və bundan sonra “İştirakçı” adlanacaq ________________________________________________________________________________ tərəfindən aşağıdakılar barədə bu Müqaviləni imzaladılar:

1.2. Bu Müqavilənin predmeti İştirakçının “_____________________________________ _______________________________________________________________________________” klasterinin (bundan sonra – Klaster) fəaliyyətində iştirak etmək öhdəliyidir.

1.3. Klasterin məqsədi _______________________________________________________

1.4. ________________________ Klasterin vəzifələridir.

1.5. Bu Müqavilə həm İştirakçıya münasibətdə, həm də Müqavilədə nəzərdə tutulmayan şəxslərə münasibətdə rəqabətin məhdudlaşdırılmasına və ya Azərbaycan Respublikasının antiinhisar qanunvericiliyinin və rəqabətin qorunması ilə bağlı digər normativ hüquqi aktların pozulmasına yönəlməmişdir.

 

2. İştirakçının vəzifələri

 

2.1. İştirakçı aşağıdakıları öz öhdəsinə götürür:

2.1.1. Klasterin məhsulunun yaradılmasında iştirak etmək, Klasterin son məhsulunun yaradılması zamanı texnoloji zəncir çərçivəsində Klasterin digər iştirakçıları ilə qarşılıqlı fəaliyyət göstərmək, həmçinin iştirakçıların birgə layihələrini həyata keçirmək;

2.1.2. Klasterin maliyyə-iqtisadi əsaslandırılmasının həyata keçirilməsində, onun maliyyə-iqtisadi əsaslandırılmasının səmərəliliyinin əsas göstəricilərinin əldə olunmasında iştirak etmək, Klasterin inkişafının məqsəd və vəzifələrinə zidd olan hərəkətlərdən çəkinmək;

2.1.3. KOB klaster şirkətinin idarəetmə orqanları ilə İştirakçının qarşılıqlı fəaliyyətinin təmin edilməsini, habelə İştirakçının rəhbərlərinin (fərdi sahibkarın özünün) iştirakı tələb olunmayan Klasterin inkişafı məsələləri ilə bağlı tədbirlərdə iştirak etmək üçün əməkdaşını (əməkdaşlarını) müəyyən etmək;

2.1.4. təsərrüfat fəaliyyətinin həyata keçirilməsi zamanı, dövlət büdcəsinə faktiki vergi və gömrük ödəmələri barədə məlumatlar da daxil olmaqla, həmin iqtisadi fəaliyyətin əsas göstəriciləri haqqında məlumatları KOB klaster şirkətinə təqdim etmək;

2.1.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələr.

 

3. İştirakçının hüquqları

 

3.1. İştirakçının hüquqları aşağıdakılardır:

3.1.1. İştirakçıların irəli sürdükləri birgə layihələrin Klasterin maliyyə-iqtisadi əsaslandırılmasına daxil edilməsi üçün Klasterin idarəetmə orqanlarına (öz səlahiyyətləri çərçivəsində) təkliflər təqdim etmək;

3.1.2. təqdim etdiyi xidmətlərdən istifadə üçün KOB klaster şirkətinə müraciət etmək;

3.1.3. Klasterin inkişafına aid məsələlər üzrə KOB klaster şirkətindən məlumat almaq;

3.1.4. KOB klaster şirkətinə onun fəaliyyətinin təmin edilməsi məqsədilə ötürülən məlumatların açıqlanmasına məhdudiyyətlər qoymaq;

3.1.5. öz təşəbbüsü ilə bu Müqaviləyə xitam vermək;

3.1.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlar.

 

4. KOB klaster şirkətinin vəzifələri

 

4.1. KOB klaster şirkətinin vəzifələri aşağıdakılardır:

4.1.1. Klasterin fəaliyyətini təşkil etmək;

4.1.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və öz nizamnaməsinə uyğun olaraq KOB klaster şirkətinin idarə edilməsini həyata keçirmək;

4.1.3. Agentliyin KOB klaster şirkətinin şəhadətnaməsinin qüvvəsinin dayandırılması haqqında qərarında dayandırılmaya əsas verən halların aradan qaldırılmasına dair tədbirlər görmək;

4.1.4. KOB klasterinin funksional xəritəsində müvafiq dəyişikliklər etmək;

4.1.5. KOB klasteri iştirakçılarının qarşılıqlı fəaliyyətini əlaqələndirmək;

4.1.6. KOB klasterinin son məhsulunun yaradılması, habelə KOB klasterinin iştirakçıları ilə birgə layihələrin həyata keçirilməsi istiqamətində Nizamnaməsinə uyğun olaraq işlər görmək;

4.1.7. KOB klasterinin iştirakçıları çərçivəsində istehsal edilmiş məhsulların (göstərilmiş xidmətlərin və görülmüş işlərin) KOB klasterinin son məhsulunun yaradılmasında, habelə KOB klasterinin iştirakçısının məhsulunun (xidmətinin) yaradılmasında digər KOB klasteri iştirakçısının məhsulunun (xidmətinin) istifadəsi istiqamətində Nizamnaməsinə uyğun olaraq tədbirlər görmək;

4.1.8. KOB klaster şirkətinin və KOB klasteri iştirakçılarının kadr potensialının gücləndirilməsi, onların işçilərinin maarifləndirilməsi, innovativ texnologiyalara yiyələnməsi və bu kimi digər istiqamətlərdə tədbirlər görmək;

4.1.9. KOB klasterinin son məhsulu (xidməti) ilə birlikdə, həmçinin KOB klasteri iştirakçılarının istehsal etdiyi məhsulların (göstərdiyi xidmətlərin) daxili və xarici bazarlarda satışının təşkili üçün nizamnaməsinə uyğun olaraq tədbirlər görmək;

4.1.10. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələr.

 

5. KOB klaster şirkətinin hüquqları

 

5.1. KOB klaster şirkətinin hüquqları aşağıdakılardır:

5.1.1. KOB klaster şirkətinin inkişafı üzrə müxtəlif tədbirlər həyata keçirmək;

5.1.2. KOB klasteri iştirakçılarının təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar dövlət büdcəsinə ödəmələri barədə məlumatlar da daxil olmaqla həmin iqtisadi fəaliyyətin əsas göstəriciləri haqqında məlumatların KOB klaster şirkətinə təqdim edilməsini onlardan tələb etmək;

5.1.3. KOB klaster şirkəti şəhadətnaməsinin qüvvəsinin dayandırılması və (və ya) ləğvi ilə əlaqədar ərizə ilə Agentliyə müraciət etmək;

5.1.4. KOB klaster şirkətinin struktur bölmələrinin (filial, nümayəndəlik, idarə və s.) yaradılmasını təşkil etmək;

5.1.5. KOB klaster şirkətinə yeni iştirakçıların qəbul edilməsi ilə əlaqədar qərar qəbul etmək, onlarla müqavilə bağlamaq və KOB klasterinin iştirakçısı şəhadətnamələrinin alınması ilə əlaqədar dəstək göstərmək;

5.1.6. KOB klasterinin tərkibinə daxil olmayan digər şəxsləri KOB klasterinin iqtisadi fəaliyyətinə cəlb etmək;

5.1.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlar.

 

6. Yekun müddəalar

 

6.1. Bu Müqavilə qeyri-müəyyən müddətə bağlanılır.

6.2. İştirakçı ilə KOB klaster şirkəti arasında bu Müqavilənin icrası zamanı yaranan mübahisələr və anlaşılmazlıqlar danışıqlar yolu ilə həll edilir.

6.3. Tərəflərdən birinin bu müqaviləni ləğv etmək niyyəti olduqda, o, bu niyyətini əks tərəfə yazılı şəkildə bildirir. Belə halda bu Müqavilə yazılı bildirişin alındığı tarixdən 1 (bir) ay sonra ləğv edilir.

6.4. Bu Müqavilə ilə tənzimlənməyən məsələləri həll edərkən İştirakçı və KOB klaster şirkəti Azərbaycan Respublikasının Mülki Məcəlləsini və digər qanunlarını rəhbər tuturlar.

 

7. Tərəflərin imzaları və möhürləri

 

____________________________________

____________________________________

(KOB klaster şirkəti)

(İştirakçı)

 

 

____________________________________

____________________________________

(səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı

(səlahiyyətli şəxsin vəzifəsi, soyadı, adı

 

 

____________________________________

____________________________________

və atasının adı)

və atasının adı)

 

 

İmza ____________

İmza ____________

M.Y.

M.Y.

 

 


 

 

“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”yə

6 nömrəli əlavə

 

KOB KLASTER ŞİRKƏTİNİN ŞƏHADƏTNAMƏSİ

 

№ _____                                                                                                     “___”___________ 20__ il

 

________________________________________________________________________________

(sənədin verildiyi hüquqi şəxsin tam adı / VÖEN-i)

________________________________________________________________________________

(KOB klaster şirkətinin hüquqi ünvanı, reyestr nömrəsi)

________________________________________________________________________________

(KOB klaster şirkətinin həyata keçirdiyi fəaliyyət növlərinin kodları)

________________________________________________________________________________

(KOB klasterinin adı)

________________________________________________________________________________

(sənədi verən orqanın adı)

________________________________________________________________________________

(sənədi verən orqanın hüquqi ünvanı)

 

Bu sənəd hüquqi şəxsin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.78-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi “KOB klaster şirkəti”nin meyarlarına uyğunluğunu təsdiq edir və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.21-ci, 164.1.40-cı, 199.15-ci və 207.6-cı maddələrində nəzərdə tutulan azadolmalardan və güzəştlərdən istifadə etmək hüququ verir.

 

___________________________

______________

_________________________

(məsul şəxsin vəzifəsi)

(imza)

(soyadı, adı, atasının adı)

 

M.Y

 

 

 


 

 

“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”yə

7 nömrəli əlavə

 

KOB KLASTERİNİN İŞTİRAKÇISI ŞƏHADƏTNAMƏSİ

 

№ _____                                                                                                     “___”___________ 20__ il

 

________________________________________________________________________________

(sənədin verildiyi hüquqi şəxsin tam adı / VÖEN-i, fərdi sahibkarın adı, soyadı, atasının adı/ VÖEN-i)

________________________________________________________________________________

(KOB klasteri iştirakçısının hüquqi ünvanı)

________________________________________________________________________________

(KOB klasteri iştirakçısının həyata keçirdiyi fəaliyyət növlərinin kodları)

________________________________________________________________________________

(KOB klaster şirkətinin adı və reyestr nömrəsi)

________________________________________________________________________________

(sənədi verən orqanın adı)

________________________________________________________________________________

(sənədi verən orqanın hüquqi ünvanı)

 

Bu sənəd KOB klasterində fəaliyyət göstərmək üçün ________________ KOB klaster şirkəti ilə bağlanılmış ____ tarixli ___ nömrəli müqaviləyə əsasən verilmişdir və Azərbaycan Respublikası Vergi Məcəlləsinin _____________maddəsində nəzərdə tutulan azadolmadan istifadə etmək hüququ verir.

 

___________________________

______________

_________________________

(məsul şəxsin vəzifəsi)

(imza)

(soyadı, adı, atasının adı)

 

M.Y.

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status