AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
24.12.1999
QEYDİYYAT NÖMRƏSİ
200
ADI
Məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən bəzi qaydaların təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-1999, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 765)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.12.1999
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.000.000
080.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən bəzi qaydaların təsdiq edilməsi haqqında

Məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən bəzi qaydaların təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 149 nömrəli Fərmanının 1-ci bəndinin 4 və 5-ci abzasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati, yardımçı və digər binalarda məskunlaşdırılması qaydası” və “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 24 dekabr 1999-cu il

                     № 200

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması

 

QAYDASI

 

1. Bu Qayda "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən sənəddir.

2. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həyata keçirilir.

3. Məcburi köçkünlər müvəqqəti yaşayış sahəsi ilə təmin olunarkən ailənin sayı, sosial tərkibi (şəhid ailələri, başçısını itirmiş ailələr, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xəstəsi daimi qulluq tələb edən ailələr, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı ailələri, ailənin cinsi tərkibi, yaş fərqləri və s.) nəzərə alınmalıdır. [1]

4. "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi. 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır.

5. Məcburi köçkünləri yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalarda məskunlaşdırmaq mümkün olmadıqda, onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar.

6. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdırıldığı binaların saxlanılması, təmiri, bərpası ilə əlaqədar məsələlər həmin binaların balansında olduğu idarə, müəssisə, təşkilatlar, habelə yerli şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

7. Məcburi köçkün ailələri məskunlaşdırılarkən onların hər birinə fərdi yanaşılmalı, əvvəlki peşəsi, sənəti, məşğuliyyəti və digər vərdişləri nəzərə alınmalıdır.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi

 

QAYDASI

 

1. Bu Qayda "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsini tənzimləyən sənəddir.

2. Məcburi köçkünlərin köçürülməsi onların məskunlaşdıqları şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiya tərəfindən həyata keçirilir.

3. Məcburi köçkünlər köçürülərkən mənzil sahəsinin həcmi, yararlılığı, su, istilik, elektrik enerjisi, yaşayış üçün zəruri olan digər amillər nəzərə alınmalıdır.

Onlar əvvəlki yaşayış məntəqəsi daxilində məskunlaşdırılır.

4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.

5. Məcburi köçkün ailələrinin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və Məcburi Köçkünlərin işlər üzrə Dövlət Komitəsi ilə razılaşdırılır.

6. Məcburi köçkün ailələri yeni yaşayış sahəsinə köçürüldükdən sonra onlar mövcud qanunvericilikdə müəyyən olunmuş qaydada güzəşt və imtiyazlardan istifadə edirlər.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 mart 2019-cu il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 512)

2.       15 iyul 2021-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 871)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 mart 2019-cu il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 512) ilə “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın 3-cü hissəsində “Qarabağ əlilləri” sözləri “Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilmişdir.

15 iyul 2021-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 871) ilə “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın 3-cü hissəsində “Milli Qəhrəman” sözləri “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status