Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 695; 2013, № 10, maddə 1228; 2014, № 1, maddə 56; 2017, № 4, maddə 666; 2018, № 11, maddə 2431; 2019, № 2, maddə 357, № 11, maddə 1863; 2020, № 1, maddə 67; 2021, № 2, maddə 205, № 3, maddə 286, № 6 (IV kitab), maddə 665; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 448 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2-ci bənddə “(hərbi təhsil müəssisələrində - adyunktura) yolu ilə” sözləri “yolu ilə və ya hərbi təhsil müəssisələrinə münasibətdə adyunkturada” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:
“5-1. Adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığı
5-1.1. Adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığı üzrə ali hərbi təhsil müəssisələrinin illik qəbul planları onların tabe olduqları müvafiq dövlət orqanlarının sifarişləri əsasında bu Qaydaların tələblərinə uyğun olaraq təsdiq edilir.
5-1.2. Bu Qaydaların doktoranturaya qəbula, habelə doktoranturada təhsilin formaları və müddətlərinə aid tələbləri adyunkturaya da şamil edilir.
5-1.3. Adyunkturaya ali təhsil müəssisələrinin magistratura səviyyəsini bitirən və ali hərbi təhsil müəssisələrinin nizamnamələrində nəzərdə tutulan hərbi qulluqçular, bu təhsil müəssisələrində çalışan professor-müəllim heyətindən olan şəxslər, habelə milli təhlükəsizlik və hərbi sahələr üzrə dövlət orqanlarında (qurumlarında) çalışan mülki şəxslər bu Qaydaların tələbləri nəzərə alınmaqla qəbul olunurlar. Milli təhlükəsizlik və hərbi sahələr üzrə dövlət orqanlarında (qurumlarında) çalışan mülki şəxslər adyunkturaya qəbul üzrə müsabiqəyə çalışdıqları dövlət orqanlarının (qurumlarının) göndərişləri əsasında buraxılırlar.
5-1.4. Adyunkturaya qəbul “Milli təhlükəsizlik və hərbi elmlər” elm sahəsinə aid olan ixtisaslar üzrə aparılır.
5-1.5. Adyunkturada təhsil alan zabitlərin və mülki şəxslərin təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
5-1.6. “Fəlsəfə doktoru” və “Elmlər doktoru” elmi dərəcələri üzrə doktoranturada təhsil alan şəxslərin hüquq və vəzifələri adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığına da şamil edilir.
5-1.7. Adyunkturada yüksəkixtisaslı elmi kadrların hazırlığı prosesində təhsil alan şəxslərin əyani təhsildən qiyabi təhsilə və ya əksinə keçirilməsi bu Qaydalara uyğun olaraq onları göndərən dövlət orqanının razılığı əsasında aparıla bilər.”.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 12 yanvar 2023-cü il
№ 6