“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12 (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12 (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190, № 11, maddə 2207, № 12 (I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790, № 11, maddə 1693, № 12, maddə 1909; 2020, № 5, maddə 506, № 11, maddələr 1324, 1325, № 12 (I kitab), maddələr 1428, 1430; 2021, № 1, maddə 9, № 12, maddələr 1322, 1324, 1325; 2022, № 6, maddə 590, № 7, maddə 711; Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 623-VIQD nömrəli və 20 dekabr tarixli 697-VIQD nömrəli qanunları) 2-ci maddəsinə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:
“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” medalı;”.
Maddə 2. “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
Maddə 3. “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2022-ci il
№786-VIQD
|
Azərbaycan Respublikasının
2022-ci il 30 dekabr tarixli
786-VIQD nömrəli Qanunu
ilə təsdiq edilmişdir
|
“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ
Maddə 1. Təltif edilən şəxslər
“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi fərqlənən, daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən Azərbaycan Respublikası daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşları təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
|
Azərbaycan Respublikasının
2022-ci il 30 dekabr tarixli
786-VIQD nömrəli Qanunu
ilə təsdiq edilmişdir
|
“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri
Maddə 1. Medalın ümumi təsviri
“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş diametri 40 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli lövhənin üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
2.2. Xarici və daxili çevrələrin arasında dekorativ naxış təsvir olunmuşdur. Daxili çevrənin içərisində şaquli yerləşmiş, yuxarı tərəfinin küncləri çevrə ilə kəsilmiş, üfüqi vəziyyətdə olan qövslə əhatə olunmuş, aşağı tərəfi iti bucaq olan qalxan, qalxanın arxasına tiyələri aşağı baxan, bir-birinə çarpazlaşdırılmış vəziyyətdə iki qılınc, qalxanın ortasına Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuşdur. Qalxanın dövrəsi bütün perimetri boyunca qabartma üsulu ilə lentlə əhatə olunmuş və lentin üzərində eyni üsulla səkkiz nöqtə təsvir edilmişdir.
2.3. Lövhənin aşağı hissəsinin mərkəzində ortadakı ulduz daha böyük olmaqla üç səkkizguşəli ulduz təsvir olunmuşdur. Ulduzun sol tərəfindən başlayaraq qövs boyunca “DAXİLİ İŞLƏR ORQANLARINDA XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” sözləri yazılmışdır. Ulduzların və sözlərin arasında kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
2.4. Medalın ön tərəfinin səthi hamardır, bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır, qızılı rəngdədir.
Maddə 3. Medalın arxa tərəfi
Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
4.2. Xara lentin yuxarı hissəsinə üzərində palıd çələngi təsvir olunmuş 40 mm x 5.5 mm ölçülü qızılı rəngli metal lövhə bərkidilmişdir.
4.3. Xara lentin mərkəzində 9 mm enində boz rəngli şaquli zolaq, boz rəngli zolaqdan lentin sol və sağ kənarlarına doğru ardıcıl olaraq 2 mm enində qızılı rəngli, 9 mm enində tünd göy rəngli, 1 mm enində tünd qırmızı rəngli və 2 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə”
Azərbaycan Respublikasının medalı
|
|