×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
09.03.2023
QEYDİYYAT NÖMRƏSİ
2061
ADI
Səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 10.03.2023, Nəşr Nömrəsi: 53), Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı (Dərc olunma tarixi: 09.03.2023)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.03.2023
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13202303092061
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.03.2023
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:

1. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyindəki tibb müəssisələrinin fəaliyyətinin təşkili məqsədilə onları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada zəruri iş, xidmət, mal-material və digər ləvazimatla təmin etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” (bundan sonra – Mərkəz) əmlakı ilə birlikdə TƏBİB-in tabeliyinə verilsin.

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi öz tabeliyində “Səhiyyənin Təminat Mərkəzi” (bundan sonra – Qurum) publik hüquqi şəxsi yaratsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. Mərkəzin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan təsisçisinin səlahiyyətlərini TƏBİB həyata keçirir;

3.2. Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi onun fəaliyyətindən əldə edilən gəlirlər, icbari tibbi sığorta sistemindən daxil olan vəsait, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir;

3.3. Qurumun “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan təsisçisinin səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

3.4. Qurumun saxlanılması xərcləri 2023-cü il və növbəti illərin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həyata keçirilir.

4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:

4.1. Qurumun nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etsin;

4.2. Qurumun dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. TƏBİB:

5.1. Mərkəzin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) iki ay müddətində təsdiq etsin;

5.2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Mərkəz soyuq zəncir texnologiyalarına uyğun şəraitdə saxlanılması zəruri olan dərman vasitələri üçün balansındakı anbarlardan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ödənişsiz istifadəsini təmin etsin.

7. “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2575; 2019, № 6, maddə 1012, № 12, maddələr 1937, 1953; 2020, № 3, maddə 254; 2022, № 5, maddə 445, № 8, maddə 846) 2-ci hissəsindən “İnnovasiya və Təchizat Mərkəzi,” sözləri çıxarılsın.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

9. Bu Fərmanın 1-ci və 7-ci hissələri 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 mart 2023-cü il

                     № 2061

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status