430.000.000
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 yanvar 2004-cü il
№ 16
Azərbaycan Respublikasının Prezidentinin
2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında
ƏSASNAMƏ
I. Ümumİ müddəalar
1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
3. Nazirlik öz fəaliyyətini bilavasitə və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri (bundan sonra - xaricdəki nümayəndəliklər), habelə tabeliyində olan təşkilat və digər qurumlar vasitəsi ilə həyata keçirir.
4. Nazirlik müstəqil balansa, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, müvafiq bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. Nazirliyin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir.
6. Nazirlik Bakı şəhərində yerləşir.
II. Nazİrlİyİn əsas vəzİfələrİ
7. Nazirliyin əsas vəzifələri aşağıdakılardır:
7.1. Azərbaycan Respublikasının xarici siyasətinin konsepsiyası və əsas istiqamətləri üzrə təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi;
7.2. Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinin təmin edilməsi;
7.3. xarici siyasət sahəsində dövlət orqanlarının razılaşdırılmış qarşılıqlı fəaliyyətinin təmin olunması barədə təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi;
7.4. beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına diplomatik üsul və vasitələrlə kömək göstərilməsi;
7.5. Azərbaycan Respublikasının suverenliyinin, təhlükəsizliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının, onun siyasi, iqtisadi və digər maraqlarının diplomatik üsul və vasitələrlə təmin edilməsi;
7.6. Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin xaricdə hüquq və maraqlarının müdafiə edilməsi;
7.7. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla diplomatik və konsul əlaqələrinin təmin edilməsi;
7.8. Azərbaycan Respublikası dövlət protokolunun təmin edilməsi;
7.9. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərində vahid siyasi xəttinin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə digər icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;
7.9-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasının, internet saytının yaradılmasının, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən olunmuş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsinin və bu informasiyanın daimi yeniləşdirilməsinin təmin edilməsi; [1]
7.10. Azərbaycan Respublikasının və onun ayrı-ayrı dövlət orqanlarının beynəlxalq siyasi, iqtisadi, elmi-texniki, mədəni, humanitar münasibətlərinin əlaqələndirilməsi və diplomatik təminatı.
III. Nazİrlİyİn funksİyaları
8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları yerinə yetirir:
8.1. Azərbaycan Respublikasını digər dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil edir;
8.2. Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbərlik edir;
8.3. Azərbaycan Respublikasının xarici və daxili siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında informasiyanın Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri vasitəsilə xaricdə yayılmasını təmin edir;
8.4. ikitərəfli, çoxtərəfli və beynəlxalq problemlərin bütün kompleksi üzrə məlumatların araşdırılması əsasında Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri məsələləri barədə təkliflər hazırlayır və müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
8.5. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin layihələrini hazırlayır, müqavilələrin bağlanması, icrası, ləğv edilməsi və qüvvəsinin dayandırılması barədə təkliflər hazırlayır və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 373 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydaları”na uyğun baxılmaq üçün təqdim edir; [2]
8.5–1. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərə və həmin müqavilələrin mətnlərinə dair rəy verir, dövlət dilinə tərcümə edilmiş mətnin xarici dildə olan mətnə uyğunluğunu təsdiq edir; [3]
8.6. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla danışıqların aparılmasını təşkil edir;
8.7. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası üzərində ümumi müşahidəni həyata keçirir, milli qanunvericiliyin Azərbaycan Respublikasının beynəlxalq hüquq öhdəliklərinə uyğunlaşdırılması haqqında təkliflərin hazırlanmasında iştirak edir;
8.8. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla iqtisadi, sosial, elmi-texniki, mədəni və başqa sahələrdə əməkdaşlığının inkişafına kömək göstərir;
8.8-1. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətinin təqdim edilməsini və təşviqini təmin edən tədbirlər görür;
8.8-2. aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə xarici dövlətlərin mədəniyyət tədbirlərinin keçirilməsinə dəstəyin göstərilməsini və xarici dövlətlərdə Azərbaycan mədəniyyəti tədbirlərinin keçirilməsini təmin edir;
8.8-3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə xarici dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzlərinin inkişafını təmin edir və fəaliyyətini əlaqələndirir;
[4]
8.9. beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının səylərini diplomatik vasitələrlə həyata keçirir;
8.10. beynəlxalq təşkilatların, konfransların, forumların fəaliyyətində Azərbaycan Respublikasının iştirakını təmin edir, beynəlxalq birliyin üzvü kimi Azərbaycan Respublikasının qlobal və regional beynəlxalq problemlərin həllində rolunun yüksəldilməsinə səy göstərir;
8.11. beynəlxalq konfransların, toplantıların və digər dövlət səviyyəli tədbirlərin və mərasimlərin təşkilində iştirak edir;
8.12. yüksək dövlət və hökumət səviyyələrində dövlətlərarası mübadilələrin protokol təminatını həyata keçirir;
8.13. dövlət hakimiyyəti orqanlarının xarici siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətləri barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir;
8.14. Azərbaycan Respublikasında xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyətinə kömək göstərir, öz səlahiyyətləri çərçivəsində onlara xidmət göstərən təşkilatların fəaliyyətinə nəzarət edir;
8.14-1. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyatını aparır; [5]
8.15. Azərbaycan Respublikasının dövlət orqanlarını və kütləvi informasiya vasitələrini Azərbaycan Respublikasının beynəlxalq vəziyyəti və xarici siyasəti haqqında məlumatlandırır;
8.16. xarici siyasət və beynəlxalq münasibətlər, habelə diplomatik xidmət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsinə dair təklifləri müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
8.17. diplomatik və konsul imtiyaz və immunitetlərinə riayət olunması üzərində nəzarəti həyata keçirir;
8.18. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası və digər xarici əlaqələrinin həyata keçirilməsinə kömək edir;
8.19. dövlət orqanlarına Azərbaycan Respublikasında akkreditə olunan xarici dövlətlərin diplomatik və konsul nümayəndəlikləri ilə əlaqələrində yardım göstərir;
8.20. dövlət orqanlarının xarici dövlətlərin dövlət orqanları və vəzifəli şəxsləri ilə, beynəlxalq təşkilatlarla əlaqələrinə yardım edir;
8.20-1. “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq beynəlxalq əməkdaşlığı həyata keçirir, o cümlədən beynəlxalq monitorinqlərin aparılması üçün lazımi təşkilati tədbirlər görür; [6]
8.21. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin qeydiyyatı, uçotu və saxlanmasının vahid dövlət sisteminin fəaliyyətini və onların məcmuəsinin nəşr olunmasını təmin edir;
8.22. Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilələrin depozitarisi funksiyalarını həyata keçirir, beynəlxalq müqavilələrin əsl nüsxələrinin (təsdiq edilmiş nüsxələrinin, rəsmi tərcümələrinin) saxlanılmasını, Nazirlikdə saxlancda olan sənədlərin uçotunu və istifadəsini təmin edir;
8.23. Nazirliyin mərkəzi aparatının, xaricdəki nümayəndəliklərin, tabeliyində olan təşkilatların kadr təminatını öz səlahiyyətləri çərçivəsində həyata keçirir, diplomatik xidmət kadrlarının hazırlanması və əlavə təhsilini təşkil edir;
[7]
8.24. Azərbaycan Respublikasının ərazisində və xaricdə konsul işini təşkil edir;
8.25. xaricdə yaşayan həmvətənlərlə əlaqələrin və əməkdaşlığın inkişafına yardım göstərir;
8.26. müəyyən edilmiş qaydada pasport-viza sənədlərini rəsmiləşdirir;
8.27. müəyyən edilmiş qaydada diplomatik-kuryer rabitəsini həyata keçirir;
8.28. öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinin baxılmasında iştirak edir;
8.29. Azərbaycan Respublikasının xarici dövlətlərdəki səfirlərinin və konsullarının və Azərbaycan Respublikasının beynəlxalq təşkilatlardakı nümayəndələrinin təyin olunması və geri çağırılması, dövlət və hökumət nümayəndə heyətlərinin tərkibi barədə təklifləri müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
8.30. Fövqəladə və Səlahiyyətli Səfir, 1-ci və 2-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbələrinin verilməsinə dair təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
8.31. öz səlahiyyətləri daxilində diplomatik rütbələrin verilməsi qaydalarını müəyyən edir;
8.32. müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində və xaricdə tabeliyində olan təşkilatların, xaricdəki nümayəndəliklərin binalarının əsaslı tikintisini və yenidən qurulmasını həyata keçirir, ayrılmış vəsait hüdudlarında xaricdəki nümayəndəliklərin mərkəzləşdirilmiş maliyyələşdirilməsini, maddi-texniki təminatını həyata keçirir;
8.33. xaricdəki nümayəndəliklərin və Nazirliyin sisteminə daxil olan təşkilatların fəaliyyəti üçün zəruri şəraiti təmin edir, onların fəaliyyəti ilə əlaqədar təşkilati, maliyyə və digər məsələlər üzrə təklifləri müəyyən edilmiş qaydada hazırlayır;
8.34. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Nazirliyə həvalə olunmuş digər funksiyaları yerinə yetirir.
IV. Nazİrlİyİn hüquqları
9. Nazirlik öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyə orqanlarından, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada arayış və məlumatlar tələb etmək;
9.2. Azərbaycan Respublikasının idarələrarası beynəlxalq müqavilələrinin layihələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquqi normalara, habelə Azərbaycan Respublikasının mənafelərinə uyğunluğuna nəzarəti həyata keçirmək;
[8]
9.3. səlahiyyətləri daxilində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyə orqanları, fiziki və hüquqi şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək;
9.3-1. qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq;
[9]
9.4. öz vəzifələrini yerinə yetirmək məqsədi ilə qanunvericiliklə müəyyən olunmuş qaydada tabeliyində müvafiq qurumlar yaratmaq, yenidən təşkil etmək və ləğv etmək;
9.5. xarici əlaqələr sahəsində problemlərin öyrənilməsi və həll edilməsi üçün məsləhətləşmələr aparmaq məqsədi ilə dövlət orqanları, idarə, təşkilat və müəssisələrindən mütəxəssisləri, o cümlədən xarici alim və mütəxəssisləri və beynəlxalq və xarici elmi tədqiqat və başqa müəssisələri cəlb etmək;
9.6. zəruri hallarda dövlət orqanları, idarə, təşkilat və müəssisələrin iştirakı ilə Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə əlaqədar işçi qruplar yaratmaq, habelə müşavirələr keçirmək;
9.7. səlahiyyətləri daxilində müəyyən olunmuş qaydada normativ hüquqi aktlar qəbul etmək;
9.8. qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və digər məcmuələr buraxmaq;
9.9. ixtisasartırma və tədris kursları təşkil etmək;
9.10. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. Nazİrlİyİn fəalİyyətİnİn təşkİlİ
10. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən nazir rəhbərlik edir.
11. Nazir Nazirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və onun funksiyalarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
11-1. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. [10]
12. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən müavinləri vardır.
13. Nazir:
13.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
13.2. nazirin müavinləri arasında vəzifə bölgüsünü aparır;
13.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
13.4. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir; [11]
13.5. öz səlahiyyətləri daxilində Nazirliyin mərkəzi aparatının və tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, onların icrasına nəzarət edir;
13.6. ikitərəfli və çoxtərəfli danışıqlarda Azərbaycan Respublikasını təmsil edir, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalayır;
13.7. Azərbaycan Respublikasının dövlət orqanları, xarici dövlətlərin dövlət hakimiyyəti orqanları, habelə beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərdə Nazirliyi təmsil edir;
13.7-1 Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirliyin idarə rəislərini vəzifəyə təyin və vəzifədən azad edir; [12]
13.8. müəyyən edilmiş qaydada Nazirliyin mərkəzi aparatının və xaricdəki nümayəndəliklərin işçilərini, habelə Nazirlik sisteminin digər işçilərini öz səlahiyyətləri çərçivəsində vəzifəyə təyin edir və vəzifədən azad edir;
13.9. öz səlahiyyətləri daxilində diplomatik rütbələr verir;
13.10. (Çıxarılıb)
[13]
13.11. müəyyən edilmiş qaydada xaricdəki nümayəndəliklərin əməkdaşlarının rotasiyasını həyata keçirir;
13.12. xaricdəki nümayəndəliklərin maliyyə-təsərrüfat fəaliyyətinin kompleks təftişinin qrafikini təsdiq edir;
13.13. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
14. Nazirlikdə nazirdən (Kollegiya sədri), onun müavinlərindən, habelə Nazirliyin digər rəhbər işçilərindən ibarət Kollegiya yaradılır.
15. Kollegiya üzvlərinin sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
16. Nazirliyin Kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.
17. Kollegiyanın iclasları Kollegiya üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.
18. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Kollegiyanın qərarları protokollarla rəsmiləşdirilir və bir qayda olaraq, nazirin əmrləri ilə həyata keçirilir.
19. Zəruri hallarda, Kollegiyanın iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri dəvət edilə bilər. [14]
20. Nazirlikdə attestasiya komissiyası yaradılır.
Attestasiya komissiyası Nazirliyin aparatının, xaricdəki nümayəndəliklərin kadr təminatını, diplomatik xidmət kadrlarının hazırlanması və əlavə təhsili məsələlərini müzakirə edir. [15]
21. Nazirlikdə xarici siyasət məsələləri üzrə elmi əsaslandırılmış təkliflərin hazırlanması üçün elmi məsləhət, metodiki və ekspert şuraları yaradıla bilər.
Şuraların tərkibi və əsasnamələri nazir tərəfindən təsdiq edilir.
Şuraların fəaliyyətinin təşkilatı-texniki təminatını Nazirliyin mərkəzi aparatı həyata keçirir.
[16]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
10 oktyabr 2005-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (“Azərbaycan” qəzeti, 25 oktyabr 2005-ci il №247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 31 oktyabr 2005-ci il, № 10, maddə 910)
2.
11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970)
3.
6 fevral 2009-cu il tarixli 46 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 fevral 2009-cu il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 59)
4.
20 iyul 2009-cu il tarixli 129 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 22 iyul 2009-cu il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 532)
5.
21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289)
6.
02 noyabr 2010-cu il tarixli 348 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 964)
7.
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)
8.
07 iyun 2011-ci il tarixli 438 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 iyun 2011-ci il, № 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 493)
9.
16 sentyabr 2015-ci il tarixli 599 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 sentyabr 2015-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 986)
10.
10 may 2018-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 may 2018-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 924)
11.
16 iyun 2020-ci il tarixli 1061 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 iyun 2020-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 702)
12.
29 yanvar 2021-ci il tarixli 1272 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 42)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”yə 7.9-1-ci bənd əlavə edilmişdir.
[2]
07 iyun 2011-ci il tarixli 438 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 iyun 2011-ci il, № 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 493) ilə “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 8.5-ci maddədə “müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Prezidentinə” sözləri “Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 373 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydaları”na uyğun” sözləri ilə əvəz edilmişdir.
[3]
07 iyun 2011-ci il tarixli 438 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 iyun 2011-ci il, № 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 493) ilə “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin yeni məzmunda 8.5–1-ci maddə əlavə edilmişdir.
[4]
16 sentyabr 2015-ci il tarixli 599 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 sentyabr 2015-ci il, № 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 986) ilə “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 8.8-1-ci, 8.8-2-ci və 8.8-3-cü bəndlər əlavə edilmişdir.
29 yanvar 2021-ci il tarixli 1272 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 42) ilə “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 8.8-3-cü bəndindən “və Turizm” sözləri çıxarılmışdır.
[5]
20 iyul 2009-cu il tarixli 129 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 22 iyul 2009-cu il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 532) ilə “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”yə 8.14-1-ci bənd əlavə edilmişdir.
[6]
16 iyun 2020-ci il tarixli 1061 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 iyun 2020-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 702) ilə “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 8.20-1-ci bənd əlavə edilmişdir.
[7]
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 8.23-cü bəndində “, yenidən hazırlanması və təkmilləşdirilməsini” sözləri “və əlavə təhsilini” sözləri ilə, 20-ci bəndinin ikinci abzasında “, yenidən hazırlanması və təkmilləşdirilməsi” sözləri “və əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.
[8]
07 iyun 2011-ci il tarixli 438 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 iyun 2011-ci il, № 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 493) ilə “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 9.2-ci maddə çıxarılmışdır.
[9]
6 fevral 2009-cu il tarixli 46 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 fevral 2009-cu il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 59) ilə "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə"yə yeni məzmunda 9.3-1-ci bənd əlavə edilmişdir.
10 may 2018-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 may 2018-ci il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 924) ilə “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 9.3-1-ci yarımbəndi ləğv edilmişdir.
[10]
11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”yə yeni məzmunda 11-1-ci bənd əlavə edilmişdir.
[11]
21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 13.3-cü və 13.4-cü bəndlər aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
13.3. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin son say həddi daxilində Nazirliyin mərkəzi aparatının strukturunu və ştat cədvəlini təsdiq edir;
13.4. Nazirliyin struktur bölmələrinin əsasnamələrini habelə tabeli təşkilatların əsasnamələrini (nizamnamələrini) təsdiq edir;
[12]
02 noyabr 2010-cu il tarixli 348 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 964) ilə yeni məzmunda 13.7-1-ci bənd əlavə edilmişdir.
[13]
10 oktyabr 2005-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərman (“Azərbaycan” qəzeti, 25 oktyabr 2005-ci il №247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 31 oktyabr 2005-ci il, № 10, maddə 910) ilə 13.10-cu bənd çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
13.10. öz səlahiyyətləri daxilində dövlət sirri təşkil edən məlumatların siyahısını müəyyənləşdirir;
[14]
21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bənddə “rəhbərləri” sözü “nümayəndələri” sözü ilə əvəz edilmişdir.
[15]
21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 20-ci bəndin ikinci abzasında “mərkəzi aparatın” sözləri “Nazirliyin aparatının” sözləri ilə əvəz edilmişdir.
[16]
21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə” nin 8.23-cü, 13.5-ci, 13.8-ci bəndlərdən, 21-ci bəndin üçüncü abzasından “mərkəzi” sözü çıxarılmışdır.