210.000.000
2005-ci ildə Rusiya Federasiyasında Azərbaycan Respublikası İlinin və 2006-cı ildə Azərbaycan Respublikasında Rusiya Federasiyası İlinin keçirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il fevralın 6-7-də Rusiya Federasiyasına rəsmi səfəri zamanı 2005-ci ildə Rusiya Federasiyasında Azərbaycan Respublikası İlinin və 2006-cı ildə Azərbaycan Respublikasında Rusiya Federasiyası İlinin keçirilməsi haqqında əldə edilmiş razılaşmanın təmin olunması məqsədilə qərara alıram:
1. 2006-cı ildə Azərbaycan Respublikasında Rusiya Federasiyası İli keçirilsin.
2. 2005-ci ildə Rusiya Federasiyasında Azərbaycan Respublikası İlinin və 2006-cı ildə Azərbaycan Respublikasında Rusiya Federasiyası İlinin keçirilməsi üzrə aşağıdakı tərkibdə təşkilat komitəsi yaradılsın:
Artur Rasizadə - Azərbaycan Respublikasının Baş naziri, sədr
Abbas Abbasov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Hacıbala Abutalıbov - Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Fərhad Əliyev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Misir Mərdanov - Azərbaycan Respublikasının təhsil naziri
Polad Bülbüloğlu - Azərbaycan Respublikasının mədəniyyət naziri
Əbülfəz Qarayev - Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Nazim İbrahimov - Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri
Nizami Xudiyev - Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri
Ramiz Rizayev - Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri
Anar Rzayev - Azərbaycan Yazıçılar Birliyinin sədri
3. Təşkilat komitəsi iki ay müddətində 2005-ci ildə Rusiya Federasiyasında Azərbaycan Respublikası İlinin və 2006-cı ildə Azərbaycan Respublikasında Rusiya Federasiyası İlinin keçirilməsi ilə əlaqədar təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin və Rusiya tərəfi ilə birgə keçiriləcək tədbirləri müvafiq qaydada razılaşdırsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 avqust 2004-cü il
№ 352