×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.08.2004
QEYDİYYAT NÖMRƏSİ
117
ADI
"Azərbaycan Respublikasında təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası"nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2004, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 661)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.08.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
240.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikasında təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası"nın təsdiq edilməsi haqqında

"Azərbaycan Respublikasında təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikasında təhlükəli tullantıların idarə olunmasının beynəlxalq standartlara və Birləşmiş Millətlər Təşkilatının "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası"na uyğun təşkil edilməsi və təhlükəli tullantıların insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin azaldılmasına yönəlmiş tədbirlər sisteminin yaradılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikasında təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Ekologiya va Təbii Sərvətlər Nazirliyi aidiyyəti təşkilatlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 25 avqust 2004-cü il
№ 117


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 avqust tarixli, 117 nömrəli

 qərarı ilə təsdiq edilmişdir

 

Azərbaycanda təhlükəli tullantıların idarə olunmasının

Dövlət strategiyası

 

  1. GİRİŞ

 

Azərbaycanda təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası hazırlanarkən "Təhlükəli tullantıların idarə olunması sisteminin yaradılmasına texniki yardım" layihəsinin materiallarından istifadə edilmişdir. Bu layihə "Azərbaycan Respublikası və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış "İnkişaf üçün kredit haqqında Saziş"in (Təxirəsalınmaz Ekoloji Tədbirlər Layihəsi) təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli, 898 nömrəli Sərəncamına əsasən respublikada həyata keçirilən layihələrdən biri idi.

Həmin layihənin əsas məqsədi Beynəlxalq Konvensiyaların, o cümlədən "Təhlükəli tullantıların sərhədlərarası daşınması və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası"nın tələblərinə uyğun olaraq, təhlükəli tullantıların təyini və təsnifatı da daxil olmaqla, Azərbaycanda təhlükəli tullantıların idarə olunması sahəsində zəruri normativ hüquqi bazanın və bu sahədə beynəlxalq standartlara uyğun ekoloji idarəetmə sisteminin yaradılmasına texniki yardımın göstərilməsi olmuşdur.

 

1.1. Strategiyanın məqsədi

 

Son onilliklər ərzində Azərbaycan Respublikasında təbii sərvətlərdən səmərəsiz istifadə olunması və sənayenin sürətlə inkişafı ilə əlaqədar olaraq istehsal prosesləri zamanı əmələ gələn tullantıların, xüsusilə təhlükəli tullantıların idarə olunmasına lazımi diqqətin yetirilməməsi nəticəsində ətraf mühitə və insan sağlamlığına təsir edən faktorların həm həcmi, həm də miqdarı çoxalmışdır.

Göstərilən çatışmazlığın aradan qaldırılması və bu sahədə əməli fəaliyyətə başlamaq üçün yeni Dövlət Strategiyasının işlənməsi və istehsal müəssisələrində onun icrasının təmin edilməsi vacib məsələlərdən biridir. Bununla əlaqədar tərtib edilən Dövlət Strategiyasının məqsədi gələcəkdə təhlükəli tullantıların idarə olunması üzrə qərarların qəbul olunmasının əsaslarının yaradılması, beynəlxalq standartlara uyğun olaraq təhlükəli tullantıların əmələ gəlməsi, emalı və basdırılması və ilk növbədə, illər boyu yığılıb qalmış təhlükəli tullantıların yaratdığı ekoloji riskin azaldılmasına zəmanət verən tədbirlər sisteminin hazırlanması üçün vacib olan fəaliyyətin həyata keçirilməsidir.

Dövlət Strategiyası özündə məqsədyönlü işlərin yerinə yetirilməsi üçün lazım olan texniki vasitələrin təmin edilməsi ilə yanaşı, aşağıda göstərilən geniş spektrə malik məsələləri əhatə edir:

● qanunvericilik və tənzimləmə;

● sahələrarası və təşkilati tədbirlər;

● məlumatlar və hesabat;

● insan ehtiyatları və imkanlar;

● maliyyələşdirmə və kapital qoyuluşunun qaytarılması;

● maraqlı tərəflərin məlumatlandırılması və məlumatın verilməsi;

● tullantıların azaldılması və təkrar emalı;

● emal variantlarının seçilməsi və onların tətbiqinin üstünlüyü.

 

1.2. Əsas prinsiplər

 

Təhlükəli tullantıların idarə olunması üzrə strategiyanın yaradılması və tətbiqi zamanı beynəlxalq miqyasda qəbul olunmuş bir sıra prinsiplər nəzərə alınmalıdır. Bu prinsiplərə aşağıdakılar aiddir:

1.2.1. dayanıqlı inkişaf — indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsinə risk yaradılmaması şərti ilə mövcud ekoloji sistemlərin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə və onların bərpası;

1.2.2. sərbəstlik və qonşuluq prinsipi — tullantı mümkün qədər yarandığı yerin yaxınlığında emal olunmalı və basdırılmalıdır;

1.2.3. preventivlik prinsipi — tam elmi əsaslandırma olmaması səbəbindən, ciddi və dönməz ziyan təhlükəsi zamanı ekoloji deqradasiyanın qarşısının alınması üzrə səmərəli tədbirləri arxa plana keçirmək olmaz;

1.2.4. "çirkləndirən ödəyir" prinsipi — kim çirkləndirirsə, o da öz fəaliyyətinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar xərcləri ödəməlidir. Buna görə də, tullantıların emalı və basdırılması vaxtı ətraf mühitə və insanların sağlamlığına çəkilən potensial xərclər məhsulun qiymətində və tullantıların idarə olunması ödəmələrində əks olunmalıdır;

1.2.5. tullantıların ierarxiyası — tullantıların idarə olunmasında praktik olaraq aşağıdakı əməliyyatlara üstünlük verilir: tullantıların əmələ gəlməsinin qarşısının alınması, təkrar istifadə, təkrar emal, utilizasiya və basdırılma;

1.2.6. əməli tətbiq üçün optimal ekoloji variant — uzun müddətə, eləcə də qısa müddətə hesablanmış, münasib qiymətli, xeyiri on çox olan və ümumilikdə ətraf mühitə ən az zərər vuran variantdır.

 

2. DƏYİŞİKLİKLƏRiN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN FƏALİYYƏT

 

Bu bölmədə təhlükəli tullantıların idarə olunması sistemi üzrə gələcəkdə aparılması nəzərdə tutulan dəyişikliklər və onların reallaşdırılması üçün tələb olunan fəaliyyətin istiqaməti verilmişdir.

 

2.1. Qanunvericilik və tənzimləmə

 

2.1.1. Qanunvericiliyə ümumi yanaşma

Təhlükəli tullantıların idarə olunmasına nəzarət məqsədi ilə kompleks tənzimləmə sistemi yaratmaq üçün bir sıra yeni qanunvericilik aktları və lazımi hüquqi əsas üzrə mövcud qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi tələb olunur. Bu zaman aşağıdakı əsas prinsiplər nəzərə alınmalıdır:

mövcud qanunvericiliyə əlavə və dəyişikliklərə olan ehtiyac bütün müvafiq sənaye sektorları və geniş ictimaiyyət tərəfindən başa düşülməli və tərəfdar çıxılmalıdır;

cavabdeh agentlik yeni qanunvericiliyə əlavə və dəyişiklikləri səmərəli tətbiq etməli və onun həyata keçirilməsini nəzarətdə saxlamalıdır;

yeni tərtib edilən qanunvericilik aktları aydın və başa düşülən olmalıdır;

əvvəlki qanunvericilikdə olan bütün ziddiyyətlər aradan qaldırılmalıdır;

qanunvericiliyin təsirinin təmin edilməsi üçün mövcud ödənişlər və cərimələr təkmilləşdirilməlidir.

 

2.1.2. Qanunvericilik üzrə cavabdehlik

Mövcud qanunvericiliyə əlavə və dəyişikliklərin daxil edilməsi, eləcə də onun yerinə yetirilməsinə riayət edilməsinə əsas cavabdehliyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra — Nazirlik), öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və digər müvafiq icra hakimiyyəti orqanları daşıyır.

 

2.1.3. Qanunvericilik məsələləri

"İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununda aşağıdakı məsələlərə baxılmalıdır:

a) "Tullantılar" anlayışının təyini

"Tullantılar" və "təhlükəli tullantılar" anlayışları "Təhlükəli tullantıların sərhədlərarası daşınması və kənarlaşdırılmasına nəzarət haqqında, Bazel Konvensiyası"nın tələblərindəki təriflərdən istifadə etməklə dəqiq müəyyən olunmalı və yerli şərait nəzərə alınmaqla, Azərbaycanın mövcud qanunvericilik terminologiyasına daxil olunmaq üçün modifikasiya edilməlidir.

"Təhlükəli tullantılar" məfhumu tullantıların növünün siyahısına və onların təhlükəli xassələrinə istinadən müəyyən edilməlidir.

b) Tullantıların təsnifatı (klassifikasiyası)

Ən yaxşı beynəlxalq təcrübəni tətbiq etmək məqsədi ilə təhlükəli tullantıların təsnifatı sistemi Bazel Konvensiyasının 3 nömrəli əlavəsinə və digər beynəlxalq standartlara uyğun tərtib edilməli və onun istifadəsi məcburi sayılmalıdır. Keçid dövründə tullantıların təhlükəliliyi və təsnifatının təyin olunması prosesinə kömək məqsədi ilə maddələrin toksiklik dərəcəsinə əsaslanan 4 sinifli mövcud təsnifat sistemindən və standartlardan müqayisəli şəkildə istifadə edilməlidir.

c) Təhlükəli tullantı istehsalçılarının qeydiyyatı

Hər bir tullantı istehsalçısından hər il əmələ gələn, emal olunan, utilləşdirilən və saxlanılan tullantıların növünü, miqdarını, eləcə də emal və ya basdırılma üsullarını göstərməklə Nazirlikdə qeyddən keçmələri tələb olunur. Təhlükəli tullantı istehsalçılarının qeydiyyata alınması qaydaları Nazirlik tərəfindən hazırlanmalıdır.

ç) Təhlükəli tullantıların idarə olunması üzrə qurğuların sertifikatlaşdırılması

Mövcud sertifikatlaşdırma sisteminə qurğuların sertifikatlaşdırılması əlavə edilməli və təhlükəli tullantıların idarə olunması üzrə qurğuların sertifikatlaşdırma standartları vahid dövlət sistemi əsasında yaradılmalıdır. Müasir standartlar gələcək 5 il üçün tələb olunan qurğulara müvafiq olaraq təcili hazırlanmalıdır. Daha uzun müddətə çox güman ki, texnologiyalar və beynəlxalq standartlar dəyişiləcəkdir.

d) Tullantı daşıyıcılarının uçotu

Təhlükəli tullantı daşıyıcılarının uçotu da müvafiq uçot sisteminə daxil edilməlidir.

e) Tullantıların yerdəyişməsi üzərində nəzarət və monitorinq

Tullantıların yerdəyişməsinin uçotu onların əmələgəlmə anından son kənarlaşdırma anınadək ("beşikdən-qəbirədək") prosesi müşayiət edən sənədləşdirmə sistemi ilə aparılmalıdır.

y) Bazel Konvensiyası

Bazel Konvensiyasının prinsip və şərtlərinin icra olunması məqsədi ilə təşkilati-hüquqi işlər aparılmalı və bu sahədə səlahiyyətli orqana və onun ayrılmış mərkəzinə lazımi texniki və maddi yardım göstərilməlidir.

f) İdentifikasiya və çirkləndirilmiş sahələrin bərpası

Çirkləndirilmiş sahələrin bərpası, üstünlüyünün müəyyən olunması və xarakterik xüsusiyyətlərinin qiymətləndirilməsi üçün standartlar və meyarlar (kriteriyalar) yaradılmalıdır.

g) Mövcud çirklənmə

İnsanların təhlükəli tullantıların təsirinə məruz qalmasının, ekosistemin vəziyyətinə ciddi təsirin və transsərhəd çirklənmələrin qarşısını almaq məqsədi ilə dövlət tərəfindən təxirəsalınmaz müdaxiləyə ehtiyac duyulduğu hallarda, ekoloji öhdəliklər üçün məsuliyyət daşıyan tərəfin müəyyənləşdirilməsi barədə qərarlar əhalinin sağlamlıq məsələləri, ətraf mühitə və ümumi resurslara təsir nəzərə alınmaqla qanunvericiliyə müvafiq qaydada hər bir hal üçün ayrıca olaraq qəbul olunur.

ğ) Qəza və fövqəladə vəziyyətdə cavab tədbirləri

Təhlükəli tullantıların xüsusiyyətlərinə uyğun olaraq qəza və fövqəladə vəziyyətlərdəki cavab tədbirlərinə yenidən baxılmalı və təkmilləşdirilməlidir.

 

2.1.4. Həyata keçirmə müddətləri

Bütün yuxarıda göstərilən məsələlər də daxil olmaqla, mövcud qanunvericiliyə ediləcək dəyişikliklər və əlavələr mümkün qədər tez hazırlanmalı və təsdiq edilmək üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir.

 

2.2. Sahələrarası və təşkilati tədbirlər

 

2.2.1. Tənzimləmə məsələləri

Təhlükəli tullantıların idarə olunmasına səmərəli nəzarət etmək üçün aşağıdakı tədbirlərin yerinə yetirilməsi tələb olunur:

● təhlükəli tullantıların müəyyən edilməsi, onların Bazel Konvensiyasının təsnifat sisteminə uyğun sistemləşdirilməsi və həmin Konvensiyanın 6-cı maddəsinə uyğun daşınmasını təmin etmək üçün təhlükəli tullantıların sərhədlərarası daşınması (idxal, ixrac və tranzit) qaydalarının təkmilləşdirilməsi;

● təhlükəli tullantıların idarə olunması sahəsində müvafiq qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi;

● təhlükəli tullantıların inventarlaşdırılması üzrə məlumatların toplanması;

● təhlükəli tullantı istehsalçılarının müəyyən edilib qeydə alınması və əmələ gələn, saxlanılan, emal olunan və basdırılan tullantıların, eləcə də onların növünün və miqdarının uçotunun aparılması;

● tullantıların əmələ gəlməsinin qeydə alınmasını, onların saxlanmasının, qablaşdırılmasının və basdırılmasının ekoloji təmiz üsullarla aparılmasını və əmələ gəlməsinin azaldılmasına çalışıldığını müəyyən etmək məqsədi ilə tullantı istehsalçılarının təftiş edilməsi;

● təhlükəli tullantı daşıyıcılarının təhlükəli tullantıların daşınmasına görə müvafiq şərtləri göstərən uçotunun aparılması;

● təhlükəli tullantı daşıyıcılarının onların qanunvericiliklə müəyyən olunmuş şərtlərə uyğun fəaliyyəti və bu şərtlərə (tələblərə) riayət edilməsinə nəzarətin təşkili;

● bütün təhlükəli tullantıların əmələgəlmə anından son kənarlaşdırma anınadək izləmə sisteminin tətbiq edilməsi;

● fərdi bildirişlərin təsdiq edilməsi və yerdəyişmələrlə bağlı sənədlərin işlənməsi;

● təhlükəli tullantılar üçün qurğuların tikintisi və istismarı üzrə standartların müəyyən edilməsi;

● bütün təhlükəli tullantıların idarə olunması üzrə qurğuların “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurum tərəfindən sertifikatlaşdırılmasının təşkil edilməsi; [1]

təhlükəli tullantıların idarə edilməsi üzrə qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət olunmasını təmin edən lazımi tədbirlər görmək üçün tullantıların idarə olunması qurğularının təftiş edilməsi; [2]

● qəza vaxtı və ya təhlükəli tullantıların axdığı ekstremal vəziyyətdə cavab tədbirlərinin yerinə yetirilməsinə tullantı istehsalçıları tərəfindən zəmanətin verilməsi;

● tullantı istehsalçıları, daşıyıcıları, emal edənləri, poliqonların operatorları və təhlükəli tullantıların tənzimlənməsi və nəzarətində iştirak edən bütün maraqlı tərəflər üçün texniki məsələlər üzrə təlimatların hazırlanması;

● təhlükəli tullantıların əmələ gəlməsinin azaldılmasına görə həvəsləndirmə üsulunun tətbiq edilməsi;

● təhlükəli tullantıların əmələ gəlməsi, onların emalı və basdırılması barədə ictimaiyyət qarşısında hesabatların verilməsi;

● təhlükəli tullantıların idarə olunması məsələləri üzrə ictimaiyyətin məlumatlandırılmasının genişləndirilməsi;

● təhlükəli tullantıların idarə olunması problemləri ilə bağlı tədqiqatların əlaqələndirilməsi;

● tullantı istehsalçılarına və digər tərəflərə təhlükəli tullantıların lazımi səviyyədə idarə olunmasına dair tövsiyələrin verilməsi.

 

2.2.2. Cavabdeh idarəetmə orqanının strukturu

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 yanvar tarixli, 59 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bazel Konvensiyası üzrə səlahiyyətli orqan olduğundan, yuxarıda göstərilən sahələrarası və təşkilati tədbirlər sahəsində də səlahiyyətli orqandır. Uçotun (qeydin) aparılması, sertifikatlaşdırılmanın təşkili Nazirliyin müvafiq orqanı tərəfindən icra olunmalıdır. Bu sahədə çalışan əməkdaşların peşə hazırlığının yüksəldilməsi məqsədi ilə treyninqlər təşkil edilməlidir.

Cavabdeh orqan tərəfindən tənzimləmə işləri mərhələlərlə həyata keçirilməlidir. İlk əvvəl qurğuların sertifikatlaşdırılmasının təşkili, onların mövcud qanunvericilik qaydalarına uyğunluğu, müfəttişlik və müşahidə mərkəzi səviyyəsində yerinə yetirilməlidir. Gələcəkdə isə mövcud qanunvericiliyə riayət olunmasına nəzarət təhlükəli tullantıların ən çox əmələ gəldiyi aşağıdakı 5 əsas sənaye şəhərinə yönəldilməlidir: [3]

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı.

Sonradan, digər rayonların əməkdaşları tullantılarla əlaqədar problemləri səlahiyyətləri çərçivəsində özləri həll etmələri üçün peşə hazırlığı kursları keçməlidirlər.

 

2.2.3. Xidmət göstərilməsinin strukturu

Dövlət nəzarəti altında, beynəlxalq miqyasda qəbul olunmuş standartlara müvafiq olaraq, təhlükəli tullantıların idarə olunması üçün yaradılmış və qurğuların hazırlanmasına və uzunmüddətli istismarına cavabdeh olan məhdud məsuliyyətli cəmiyyət öz fəaliyyəti dövründə digər yerli və xarici investorlarla əməkdaşlıq edə bilər.

 

2.2.4. Həyata keçirilmə müddətləri

Təhlükəli tullantıların idarə olunması üzrə yeni qanunvericilik aktları qüvvəyə minən andan Nazirlik və onun müvafiq strukturları tənzimləmə və sertifikatlaşdırılmanın təşkili üzrə məsuliyyəti öz üzərinə götürəcəkdir. [4]

 

2.3. Məlumatlar və hesabat

 

2.3.1. Tullantıların inventarlaşdırılması

Məlumatların toplanmasına qoyulan əsas tələblər təhlükəli tullantıların inventarlaşmasına hazırlıqla və inventarlaşdırılmasının aparılması ilə əlaqədardır. İnventarlaşdırma işləri tullantıların cari əmələ gəlməsi, atarlarda mövcud tullantılar, təhlükəli tullantıların atıldığı əvvəllər əmələ gəlmiş zibilxanalarda aparılmalıdır. İnventarlaşdırmanın həyata keçirilməsi üçün eyniləşdirmə (identifikasiya) və təsnifat (klassifikasiya) sistemindən istifadə etməklə, standart üsullar işlənib hazırlanmalı və testləşdirilməlidir. Bu işlər Nazirliyin və ya onun müvafiq strukturlarının xüsusi hazırlıqlı bir qrup əməkdaşı tərəfindən həyata keçirilməlidir.

Təhlükəli tullantıların inventarlaşdırılması ən azı 5 ildən bir aparılır.

Tullantı istehsalçıları hər il qanuna müvafiq olaraq ərazilərində saxlanılan, əmələ gələn, emala və basdırılmaya göndərilən tullantılar haqqında məlumat (hesabat) verməklə, Nazirlikdə qeydə alınmalı və qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhlükəli tullantının pasportlaşdırılmasını aparmalıdırlar. Bu sistemin tətbiqi tədricən inventarlaşdırma məlumatlarının dəqiqləşdirilməsinə gətirib çıxaracaqdır.

Tullantı istehsalçıları, həmçinin tullantıların emalına, basdırılmasına, daşınmamış tullantıların sertifikata malik qurğularda təhlükəsiz saxlanılmasına zəmanət verməyə borcludurlar. "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununa ediləcək əlavə və dəyişikliklər qüvvəyə minəndən və ya bu sahədə digər normativ hüquqi aktlar qəbul edildikdən sonra, tullantı istehsalçılarından tullantılar haqqında dəqiq məlumat alınmasının stimullaşdırılması üçün 3 illik güzəşt tətbiq olunacaqdır. Bu müddət ərzində tullantıların mövcudluğu və bu tullantıları harada yerləşdirdikləri barədə dəqiq məlumat verən tullantı istehsalçıları tullantıların öz ərazilərində saxlanılmasına icazə almadıqlarına görə qanunla nəzərədə tutulan məsuliyyətdən azad olunacaqlar.

Belə qeydə alınma aparılmayacağı və ya yalan məlumat veriləcəyi təqdirdə, onlar qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunacaqlar. Bu güzəştin məqsədi saxlanılan təhlükəli tullantıların gələcəkdə emala (basdırılmaya) cəlb olunması üçün onların növləri və miqdarı barədə səhih məlumat əldə etməkdən ibarətdir.

 

2.3.2. Tullantıların təsnifatı (klassifikasiyası)

Təsnifat sistemi təhlükəli tullantılar haqqında məlumat toplama sisteminin vacib hissəsidir. Tullantıların yalnız toksiklik xüsusiyyətlərinə əsaslanan mövcud 4 sinifli sistem tullantıların idarə edilməsi sahəsində müasir tələblərə cavab vermədiyindən, keçid dövrü təsnifatı və Bazel Konvensiyasının tövsiyələrinə uyğun yeni klassifikasiya sistemi tətbiq olunmalıdır. Bu sistemdə tullantıların fiziki-kimyəvi xassələri və mümkün emal üsulları göstərilir.

 

2.4. İnsan ehtiyatları və imkanlar

 

2.4.1. Peşə hazırlığının və kadr təminatının səviyyəsi

Təhlükəli tullantıların idarə olunması sisteminin tətbiqi Nazirliyin bu sahədə kadr tərkibinin əhəmiyyətli dərəcədə genişləndirilməsini tələb edir. Belə ki, təhlükəli tullantıların idarə olunması sahəsində fəaliyyət göstərən əməkdaşların sayı həm Nazirlik səviyyəsində, həm də regional səviyyədə ekoloji duruma müvafiq olaraq artırılmalıdır.

Təhlükəli tullantılar üzrə mövcud aparıcı komandanın mütəxəssislərinin yeni işə qəbul olunmuş mütəxəssisləri öyrətmələri üçün təhlükəli tullantıların idarə olunmasının bütün aspektləri üzrə Nazirliyin Tədris Mərkəzində treyninq kursları təşkil edilməlidir.

 

2.4.2. İdarəedici orqanın maliyyələşdirilməsi

İdarəetməyə lazımi imkanların yaradılması məqsədi ilə Nazirliyin və onun regional idarələrinin bu sahədə nəzərdə tutulan fəaliyyətlərinin genişləndirilməsi maliyyə cəhətdən dəstəklənməlidir.

Təhlükəli tullantıların idarə edilməsində Nazirliyin bu sahədə fəaliyyət göstərəcək tabeli qurumunun mütəxəssisləri dövlət büdcəsindən, Nazirliyin təşəbbüsü ilə yaradılan və poliqonun operatoru statusuna malik olan idarəedici orqan isə beynəlxalq təcrübədə qəbul olunmuş "çirkləndirən ödəyir" prinsipinə əsasən təhlükəli tullantıların istehsalçılarının ödənişləri hesabına maliyyələşdiriləcəkdir. Ödənişləri elə səviyyədə təyin etmək lazımdır ki, həm tənzimləmə üzrə, həm də lazımi qurğuların istismarı və xidmətlərin göstərilməsinin təmin edilməsi üzrə xərcləri ödəməyə kifayət etsin.

Qurğuların tikilərək istifadəyə yararlı hala salınmasından təxminən bir il əvvəl idarəedici orqan yaradılmalıdır. Bu səbəbdən idarəedici orqan inkişaf prosesində dövlət büdcəsindən maliyyələşdiriləcəkdir. İlk vaxtlar bu maliyyələşdirmə təhlükəli tullantıların istehsalçılarından alınmış ödənişlər hesabına qaytarılması şərti ilə, dövlətdən alınmış borc hesabına edilə bilər.

 

2.5. Maliyyələşdirmə və kapital qoyuluşunun qaytarılması

 

Təhlükəli tullantıların idarə olunması üzrə yeni qurğuların maliyyələşdirilməsi.

a) Giriş

Kifayət qədər və etibarlı pul daxilolmaları axınının yaradılacağı halda, təhlükəli tullantıların dövlət idarəetmə sisteminin işlənib hazırlanması üçün lazım olan maliyyələşdirilmənin uzunmüddətliliyinin təmin edilməsi mümkün olacaqdır. Ona görə də, ilk növbədə diqqəti belə pul daxilolmaları axınının alınması və artımı üçün praktik mexanizmin işlənib hazırlanmasına və tətbiqinə yönəltmək lazımdır.

b) Xidmət göstərilməsinin korporativ strukturu

İlk vaxtlar təhlükəli tullantıların praktiki idarəetmə sistemləri və qurğuları əsasən yeni yaradılmış idarəedici orqan tərəfindən idarə ediləcəkdir. Yaradılacaq bu idarəedici orqan təhlükəli tullantıların idarə edilməsi üçün nəzərdə tutulmuş təşkilatın işləməsini nümayiş etdirəcək və gələcəkdə (müvafiq qaydada) tam özəl bir quruma (qurumlara) çevriləcəkdir.

Bu idarəedici orqanın ilk vaxtlar Azərbaycanda təhlükəli tullantıların idarə olunması üzrə xidmətlərin göstərilməsi sahəsində monopol provayder olacağı gözlənilir. Lakin dövlət bu idarəedici orqanın öz monopol hakimiyyətindən sui-istifadə etməsinə imkan verməməlidir.

Təhlükəli tullantıların idarə olunması üzrə ödənişlər və üzvlük haqları idarəedici orqanın maliyyə cəhətdən yaşama qabiliyyətinin və sistemin dayanıqlığının tələb olunan səviyyəsinin keçməməsini təmin edəcəkdir.

İdarəedici orqanın fəaliyyəti dövründə təhlükəli tullantıların idarə olunması üzrə əsas xidmətlərin göstərilməsində monopoliya yaranması ehtimalının olmasına baxmayaraq, bu, özəl sektorun maliyyələşdirilməsinə və tullantıların idarə olunması üzrə müəyyən olunmuş xidmət növlərinin (xüsusi ilə neftçıxarma sahəsində və tullantıların sement sobalarında yandırılması) kommersiya əsaslarında təmin olunmasına mane olmayacaqdır.

c) Rəhbərliyin həyata keçirilməsi üzrə kontrakt

İdarəedici orqan müəyyən olunmuş müddətə qurğuların idarə olunmasına və xidmət göstərilməsinə dair ilkin kontraktı təhlükəli tullantıların idarə olunması sahəsində təcrübəsi və səriştəsi olan təşkilata verəcəkdir.

ç) Maliyyələşdirmə

Təhlükəli tullantıların idarə olunması üzrə dövlət sisteminin tam həyata keçirilməsi üçün lazım olan əksər əsaslı investisiyalar beynəlxalq və (və ya) yerli maliyyələşdirici təşkilatlardan borc almaq yolu ilə aparıla bilər.

Sistemin işlənib hazırlanmasında çəkilən xərclərin ödənilməsi üçün xarici donorlardan qrantların — geri qaytarılmayan subsidiyaların alınması imkanlarından fəal istifadə etmək lazımdır.

d) Lazımi pul daxilolmaları axınının təmini

Təhlükəli tullantıların idarə olunması üzrə lazımi xidmət və qurğular yarandıqdan sonra, özəl sektordakı tullantı istehsalçılarına tullantıların idarə olunması sisteminin istismarı və xidmət üzrə xərcləri tam ödəmək şərti ilə bu sistemdən istifadə imkanları yaradılacaqdır.

Mövcud iqtisadi durum və dövlət müəssisələrində vəziyyət nəzərə alınaraq, ilk illər dövlət müəssisələri üçün müəyyən olunmuş ödəniş mexanizmi daxil ediləcəkdir. Bu halda tullantı istehsalçıları, öz tullantılarının idarə olunması üçün illik ödənişlər ödəməli olacaqlar. Ödəniş iki hissədən ibarət olacaqdır — bütün tullantı istehsalçıları üçün təyin olunmuş birdəfəlik tarif və əmələ gələn tullantıların növü, miqdarı və tullantı istehsalçısının illik əlavə haqqı ödəmək qabiliyyətinə müvafiq hesablanan dəyişən hissə.

İstehsalçının (tullantı sahibinin) illik ödəyəcəyi ödənişin dəyişən hissəsi ilk növbədə, bu müəssisələrdən tullantıların növü və miqdarına aid alınmış mövcud məlumatlar və təcrübəyə əsaslanaraq qiymətləndiriləcəkdir. Birinci il onlar öz məlumatlarının doğruluğunu əsaslandıran təsdiq olunmuş faktlar təqdim etdikləri halda, ödəniş haqqının müəyyən olunmuş miqdarı azaldılacaqdır (güzəştli ödəniş). Sonralar, əvvəlki il ərzində yığılmış, emal olunmuş və basdırılmış tullantıların növü və miqdarına müvafiq olaraq əlavə ödəniº haqlarına yenidən baxılacaqdır.

Dövlət müəssisələri üçün ilkin əlavə haqlar yalnız təhlükəli tullantıların idarə olunması üzrə xidmətlərin təmin olunmasına çəkilən xərclərin ödəniləcəyi səviyyədə müəyyən ediləcəkdir. Sonrakı illərdə, əlavə haqlar o vaxtadək silsiləli artmalıdır ki, son nəticədə kapitalın amortizasiyası və qurğuların idarə olunması üçün maliyyələşdirilmə də daxil olmaqla, xidmət göstərilməsinə çəkilən xərclər tam ödənilməklə gəlir əldə edilsin. Hər bir tullantı istehsalçısının ödəyəcəyi ödəniş haqqının miqdarı idarəedici orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən ediləcəkdir.

Tullantıların idarə olunmasına görə yığımlardan əmələ gələn pul daxilolmaları axını xidmət göstərilməsinə çəkilən xərcləri tam ödəmək üçün kifayət edənədək, idarəedici orqanın gəlirlərindəki kəsiri örtmək məqsədi ilə dövlət maliyyə yardımı edəcəkdir.

e) "Baxımsız tullantılardan" təmizləmənin maliyyələşdirilməsi

Mənbəyi va yaranması məlum olmayan təhlükəli tullantıların təhlükəsiz kənarlaşdırılması, emalı və birdəfəlik basdırılması üzrə uzunmüddətli proqram dövlət və ya donor təşkilatların yardımı hesabına maliyyələşdirilə bilər.

 

2.6. Maraqlı tərəflərin məlumatlandırılması və məlumat verilməsi

 

Dövlət onunla maraqlı tərəflər arasında məlumat mübadiləsinin əhəmiyyətini nəzərə

● almalıdır, xüsusilə də:

● tullantı istehsalçıları ilə;

● tullantıların idarə olunması üzrə xidmət provayderləri ilə;

● ictimaiyyətlə.

Məlumatın hazırlanması və verilməsi mərhələsində tənqiddən qaçmamaq və dövlətin qərəzsiz mövqeyini saxlamaq üçün qanunvericilik əsasında iki yeni təşkilatın yaradılmasına ciddi fikir vermək lazımdır. Bu təşkilatların yaradılmasında məqsəd məlumatın verilməsinin və əldə olunması səmərəliliyinin artırılmasından, sənaye nümayəndələrinə və Azərbaycan ictimaiyyətinə informasiya hüququ verməkdən ibarətdir. Bu təşkilatlar aşağıdakılardır:

● Təhlükəli Tullantı İstehsalçılarının Şurası (TTİŞ);

● Təhlükəli Tullantılar üzrə İxtisaslaşmış Qeyri-hökumət Təşkilatı (TTİ QHT).

Məlumatın verilməsi üzrə fəaliyyət, müvafiq olaraq dövlət və QHT arasında bölünməlidir. Nazirlik məlumatın verilməsi strategiyasının tətbiqinə görə cavabdeh olmalıdır. Bu məqsədlə mütəxəssislərin cəlb olunmasına müəyyən qədər vəsait və QHT üçün də maliyyə köməyi tələb olunur.

 

2.7. Tullantıların azaldılması və təkrar emalı

 

Tullantıların azaldılması tullantıların səmərəli istifadə olunması işində vacib aspektlərdən biridir. Tullantıların əmələ gəlməsi məhsuldarlığın azalmasına, emal və basdırılmaya çəkilən xərclərin artmasına gətirib çıxarır. İstehsal prosesində yaranan tullantıların miqdarını azaltmaqla müəssisə həm xeyli qənaət edə bilər, həm də ətraf mühitin sağlamlaşdırılmasına xidmət göstərmiş olar.

Əslində, tullantıların azaldılması üzrə işin əksəriyyəti onun konkret istehsalçısının səyi ilə yerinə yetirilir. Nazirlik tərəfindən isə ictimaiyyətin məlumatlandırılması, texniki məsləhətləşmələr və tullantıların azaldılması üçün istehsalçıların həvəsləndirilməsi işləri aparılacaqdır.

 

2.8. Emal variantlarının seçilməsi və onların tətbiqinin üstünlüyü

 

Təhlükəli tullantıların idarə olunması üzrə fəaliyyət sahələrinin üstünlüyü aşağıda verilmişdir. Təhlükəli tullantıların idarə olunması üzrə idarəedici orqanın orta və aşağı üstünlüklü fəaliyyət sahələrini tullantılarla təmin etmək sahəsində fəaliyyəti özəl sektorun və operatorların investisiya qoymaq istəklərini nümayiş etdirmələrindən asılı olacaqdır. Ulduzla qeyd olunmuş fəaliyyət sahələri özəl sektor və ya ayrı-ayrı tullantı istehsalçıları tərəfindən təmin olunmalıdır.

 

Emal, basdırma prosesinin prioritetliyi

 

Yüksək üstünlük səviyyəli (2004 — 2005-ci illər):

● nəzarət olunan poliqonlar;

● müvəqqəti saxlama;

● torpaqların emalı (təmizlənməsi);

● sement sobalarında yandırma.

Orta üstünlük səviyyəli (2005 — 2010-cu illər):

● fiziki-kimyəvi emal;

● tibbi tullantıların yandırılması;

● turş qudronlar üçün xüsusiləşdirilmiş emal.

Aşağı üstünlük səviyyəli (2010-cu ildən sonra):

● yüksək temperaturlu yandırma;

● həlledicilərin emalı;

● "qırmızı şlam"ın basdırılması (və ya emalı) üçün qurğu;

● bərkitmə.

 

2.9. Mövcud çirkləndirmə

 

Torpaqların çirkləndirilməsinin qarşısının alınması müvafiq olaraq cavabdehliyin bölünməsi, insan sağlamlığının müdafiəsi və ətraf mühitə vurulan zərərin minimumadək azaldılmasına əsaslanır. Çirkləndirilmiş torpaqların bərpası və yeraltı suların mövcud çirklənmədən qorunması üçün bir sıra mütləq meyarlar müəyyən edilməlidir. Bu meyarlar müxtəlif risk reseptorlarının, məsələn, isanların, ekosistemin və tikililərin müdafiəsinin təmin edilməsinə zəmanət verməlidir. 2004-cü ildən başlayaraq, Nazirlik istifadə olunan konkret sahələrə aid spesifik çirkləndirici maddələrin qiymətləndirilməsi metodologiyasının və bu kriteriyaların işlənib hazırlanmasına cavabdehliyi öz üzərinə götürməlidir.

Meyarlar işlənib hazırlandıqdan sonra, mövcud ərazilərin çirkləndirilməsi registri hazırlanmalı və lazımi təmizlik işlərinin aparılması üçün üstün fəaliyyətlər müəyyən edilməlidir. Daha sonra, maliyyələşdirmə ərəfəsində daima təkmilləşdiriləcək fasiləsiz təmizləmə proqramı işlənib hazırlanmalıdır.

 

2.10. Texniki infrastrukturun yaradılması

 

İdarəedici orqanın fəaliyyətinə, tullantı istehsalçılarına, eləcə də tullantıların idarə olunması üzrə podratçılara kömək məqsədi ilə texniki infrastrukturun yaradılması lazımdır. Buraya testləşdirmə üzrə rəsmi müəyyən olunmuş laboratoriyalar, tullantılardan nümunə götürmək üçün standart prosedurlar və texniki rəhbərlik üçün sənədləşdirmələr daxil olmalıdır.

 

3. STRATEGİYANIN İCMALI VƏ MONİTORiNQ

 

Təhlükəli tullantıların idarə olunması strategiyası uzunmüddətli prosesin yalnız ilk mərhələsidir. Təhlükəli tullantıların idarə olunmasında təkmilləşməyə tələbat var, bu işlə bağlı vəziyyət dəyişə bilər və dəyişəcəkdir. Dəyişikliklərin həyata keçirilməsi üsullarının, real yerinə yetirilməsi müddətlərinin qüvvədə qalmasına nail olmaq üçün daimi monitorinqin və müntəzəm icmalın keçirilməsi vacib məsələdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Nazirlik Strategiyanın tətbiqinə, eləcə də təhlükəli tullantıların idarə olunması sahəsində sonrakı tədbirlərə dair monitorinq keçirməlidir. Monitorinq prosesində aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməlidir:

● tullantıların əmələ gəlməsinin qarşısının alınması;

● ekoloji təhlükəli təsirin və riskin azaldılması;

● tullantıların utilizasiya və təkrar emalı səviyyəsinin artırılması;

● təhlükəli tullantı üzrə əsas istehsalçıların fəaliyyəti;

● yeni sistem və qurğuların işlənib hazırlanması;

● tullantıların əhalinin sağlamlığına təsirinin proqnozlaşdırılması.

Bu Strategiyaya hər beş ildən bir baxıla və əlavələr oluna bilər.

 

4. HƏYATA KEÇİRMƏ PLANI

 

Bu Strategiyada göstərilmiş hər bir fəaliyyət növünün yaxın illərdə həyata keçirilməsinin inteqrasiya olunmuş planı tərtib olunacaqdır. Cavabdehliyin müfəssəl təsviri, tələb olduqda, müvəqqəti qrafikə yenidən baxılması nəzərə alınmaqla, Strategiyanın təsdiq olunmasından sonra həyata keçirmə planı müvafiq dövlət strukturları ilə razılaşdırılacaqdır.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 may 2020-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 644)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 may 2020-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 644) ilə “Azərbaycanda təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası”nın 2.2.1-ci yarımbəndinin 2.1.1. on ikinci abzasda “qurğulara müvafiq şərtlərlə sertifikatın verilməsinə zəmanətin təmin edilməsi” sözləri “qurğuların “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurum tərəfindən sertifikatlaşdırılmasının təşkil edilməsi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 14 may 2020-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 644) ilə “Azərbaycanda təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası”nın 2.2.1-ci yarımbəndinin 2.1.1. on üçüncü abzasda “sertifikatın şərtlərinə əməl olunmasını və bu” sözləri “təhlükəli tullantıların idarə edilməsi üzrə qanunvericiliklə müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[3] 14 may 2020-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 644) ilə “Azərbaycanda təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası”nın 2.2.2-ci yarımbəndin birinci abzasında “sertifikatların verilməsi” sözü “sertifikatlaşdırılmanın təşkili” sözləri ilə, ikinci abzasında “sertifikatlaşdırılması” sözü “sertifikatlaşdırılmasının təşkili” sözləri ilə əvəz edilmişdir.

 

[4] 14 may 2020-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 644) ilə “Azərbaycanda təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası”nın 2.2.4-cü yarımbəndin “sertifikatlaşdırma” sözü “sertifikatlaşdırılmanın təşkili” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status