“Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 dekabr tarixli 9 nömrəli Fərmanının 6-cı bəndinin yeddinci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 27 avqust 2004-cü il
№ 118
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi
QAYDALARI
I. Ümumİ müddəalar
[1]
1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 dekabr tarixli 9 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında müəssisə və təşkilatların, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (bundan sonra - təşkilatlar və fərdi sahibkarlar) iş xüsusiyyətlərinə uyğun olaraq istifadə etdikləri ciddi hesabat blanklarının tərtibi və tətbiqi qaydalarını müəyyən edir.
1.1-1. Bu Qaydalarla müəyyən edilmiş tələblər elektron qaimə-fakturaya şamil edilmir.
[2]
1.2. Ciddi hesabat (blankları vergi hesab-fakturaları "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılan Hökumət Ödəniş Portalının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzinin “ASAN ödəniş” sisteminin ödəniş barədə və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tətbiq edilən “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışları istisna olmaqla) ciddi hesabat blanklarının hazırlanması fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən sifarişçilərin vəsaiti hesabına çap edilir.
[3]
1.3. Ciddi hesabat blanklarının hazırlanması fəaliyyətini həyata keçirən şəxslər həmin blankların üzərinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən aldıqları xüsusi seriyaları həkk etməlidirlər.
1.4. Ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir.
1.5. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, Hökumət Ödəniş Portalının, “ASAN ödəniş” sisteminin ödəniş barədə, “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin çıxarışlarının uçotu qaydaları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir.
[4]
1.6. 2.1.1-ci, 2.1.2-ci, 2.1.3-cü, 2.3-cü, 3.5-ci, 3.6-cı, 3.7-ci, 3.8-ci, 3.9-cu və 3.10-cu bəndlərin müddəaları "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılan Hökumət Ödəniş Portalının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzinin “ASAN ödəniş” sisteminin ödəniş barədə və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tətbiq edilən “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarına şamil edilmir. [5]
II. Cİddİ hesabat blanklarının tərtİbİ
2.1. Ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə aşağıdakı zəruri rekvizitləri əks etdirməlidir:
2.1.1. ciddi hesabat blanklarının (vergi hesab-fakturaları istisna olmaqla) sifarişçisi:
[6]
fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı və VÖEN-i;
hüquqi şəxs olduqda adı və VÖEN-i;
2.1.2. ciddi hesabat blanklarını çap edən şəxsin adı və VÖEN-i, bu blankları təkrar çapdan müdafiə etmək məqsədi ilə gizli nişanları (xüsusi emblemi, toru, qoloqramı, su nişanları, xüsusi gizli nişanlarından istifadə etməklə, blankların müxtəlif yerlərində şəxsin adı və VÖEN-i);
2.1.3. ciddi hesabat blanklarının adı, seriya və nömrəsi;
2.1.4. təsərrüfat əməliyyatlarının məzmununu və ölçülərini əks etdirən məlumat qrafaları.
2.2. Təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərindən, təsərrüfat əməliyyatlarının xarakterindən asılı olaraq, ciddi hesabat blanklarına (vergi hesab-fakturaları istisna olmaqla) əlavə rekvizitlər daxil edilə bilər.
[7]
2.3. Əllə doldurulmalı olan ciddi hesabat blanklarının bütün rekvizitləri aydın və səlis xətlə doldurulmalı, rəqəmlər dəqiq oxunmalı, qaralamalara və düzəlişlərə yol verilməməlidir. Qaralamalara, düzəlişlərə yol verilmiş, yararsız hala düşmüş ciddi hesabat blankları etibarsız sayılır.
Ciddi hesabat blankları doldurularkən, onun boş qalmış sətirləri və sütunları xətlənməlidir.
2.4. Ciddi hesabat blanklarında qiymətlər manatla göstərilməlidir.
III. Cİddİ hesabat blanklarının tətbİqİ
3.1. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir.
[8]
3.2. Ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir.
3.3. Hər hansı bir sifarişçi üçün eyni seriyada və eyni nömrədə ciddi hesabat blanklarından təkrar çap etmək qadağan edilir.
3.4. Ciddi hesabat blanklarının istifadəsinə nəzarət öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.
3.5. Ciddi hesabat blankları müəyyən olunmuş qaydada təşkilatların və fərdi sahibkarların anbarlarında və ya bu məqsəd üçün ayrılmış xüsusi yerlərdə saxlanılır. Bu ciddi hesabat blankları təşkilatın rəhbərinin, habelə fərdi sahibkarın icazəsi ilə anbardan və ya bu məqsəd üçün ayrılmış xüsusi yerlərdən təhtəlhesab şəxslərə (icraçılara) qaimə-faktura əsasında verilir. Ciddi hesabat blanklarının uçotu təşkilatlar və fərdi sahibkarlar tərəfindən "Ciddi hesabat blankları" adlı balansarxası hesabda, mədaxil və məxaric üzrə hərəkətinin qeydiyyatı isə "Əmlakın (qiymətlilərin) uçot kartı ( forma № 1Q)" üzrə aparılır.
3.6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən ciddi hesabat blanklarının hazırlanması fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər çap etdikləri ciddi hesabat blankları barədə aylıq hesabatı "Çap edilmiş ciddi hesabat blanklarının uçotu və hərəkəti haqqında aylıq hesabat (forma № MH-1)" (əlavə edilir) üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 10-dək təqdim edirlər.
[9]
3.7. Ciddi hesabat blankları itirildikdə və ya digər səbəbdən çatışmayan ciddi hesabat blanklarının mövcudluğu müəyyən edildikdə, bu barədə təşkilatlar və fərdi sahibkarlar tərəfindən müvafiq qaydada akt tərtib olunur, mətbuat orqanında müvafiq məlumat dərc etdirilir, blankları itirilmiş təsərrüfat subyektləri tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müvafiq məlumat verilir.
3.8. Təşkilat ləğv edildikdə, təşkilati-hüquqi forması, adı və VÖEN-i dəyişdikdə, fərdi sahibkar sahibkarlıq fəaliyyətini dayandırdıqda, onun adı, atasının adı, soyadı və VÖEN-i dəyişdikdə, onlarda istifadəsiz qalmış ciddi hesabat blanklarının məhv edilməsi məqsədi ilə həmin şəxslər tərəfindən 15 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bu barədə müvafiq məlumat verilir.
3.9. Ciddi hesabat blanklarını cırmaq, pozmaq, ləkələmək və onların üzərində düzəliş aparmaq olmaz. Korlanmış ciddi hesabat blankları müvafiq qaydada mühasibatlığa təhvil verilir və növbəti yoxlama (təftiş) keçirilənə qədər üzərində "korlanıb" sözü yazılmaqla mühasibatda saxlanılır.
3.10. İstifadəsiz qalmış və korlanmış ciddi hesabat blankları təşkilatlar və fərdi sahibkarlar tərəfindən bu barədə akt tərtib edilməklə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndələrinin iştirakı ilə yaradılmış müvafiq komissiya tərəfindən məhv edilir.
3.11. Zərurət yarandıqda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi hesabat blanklarının forma və rekvizitlərinin Azərbaycan dili ilə yanaşı tələb olunan xarici dildə də çap olunmasına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən razılıq verilə bilər.
«Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxsləriniş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibivə tətbiqi Qaydaları»na ƏLAVƏ
Forma № MH-1
Çap edilmiş ciddi hesabat blanklarının uçotu və hərəkəti haqqında
AYLIQ HESABAT
___________________________________ il üçün
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
24 fevral 2005-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
2.
13 mart 2006-cı il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, № 3, maddə 299)
3.
28 fevral 2009-cı il tarixli 36 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 157)
4.
5 oktyabr 2009-cu il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 853)
5.
2 mart 2012-ci il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 252)
6.
13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)
7.
25 avqust 2014-cü il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №8, maddə 1023)
8.
25 may 2016-cı il tarixli 203 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 may 2016-cı il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 962)
9.
6 oktyabr 2016-cı il tarixli 391 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1709)
10.
14 mart 2017-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 mart 2017-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 487)
11.
3 noyabr 2017-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 noyabr 2017-ci il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2141)
12.
21 yanvar 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 155)
13.
19 mart 2019-cu il tarixli 115 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 549)
14.
4 aprel 2022-ci il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 389)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
5 oktyabr 2009-cu il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 853) ilə "Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları"nın 1.2-ci bəndindən "vergi hesab-fakturaları və" sözləri, 2.1.1-ci bəndinin birinci abzasından və 2.2-ci bəndindən "(vergi hesab-fakturaları istisna olmaqla)" sözləri çıxarılmışdır.
[2]
14 mart 2017-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 mart 2017-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 487) ilə 1.1-1-ci bənd əlavə edilmişdir.
[3]
13 mart 2006-cı il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, № 3, maddə 299) ilə 1.2-ci bənddə “ciddi hesabat blankları” sözlərindən sonra mötərizədə “vergi hesab-fakturaları istisna olmaqla” sözləri əlavə edilmişdir.
28 fevral 2009-cı il tarixli 36 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 157) ilə 1.2-ci bəndində “vergi hesab-fakturaları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Milli Bankı tərəfindən yaradılan Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin çıxarışları” sözləri əlavə edilmişdir.
2 mart 2012-ci il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 252) ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.2-ci bənddində “və Azərbaycan Respublikasının Milli Bankı tərəfindən yaradılan Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin çıxarışları” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılan Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tətbiq edilən “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışları” sözləri ilə əvəz edilmişdir.
13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.2-ci, 1.5-ci və 1.6-cı bəndlərində “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.
25 may 2016-cı il tarixli 203 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 may 2016-cı il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 962) ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.2-ci, 1.5-ci və 1.6-cı bəndlərində “Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin” sözləri “Hökumət Ödəniş Portalının” sözləri ilə əvəz edilmişdir.
3 noyabr 2017-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 noyabr 2017-ci il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2141) ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.2-ci və 1.6-cı bəndlərinə “Hökumət Ödəniş Portalının” sözlərindən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzinin “ASAN ödəniş” sisteminin ödəniş barədə” sözləri əlavə edilmişdir.
19 mart 2019-cu il tarixli 115 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 549) ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.2-ci və 1.6-cı bəndlərinə “Mərkəzləşdirilmiş İnformasiya Sisteminin,” sözlərindən sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin,” sözləri əlavə edilmişdir.
[4]
28 fevral 2009-cı il tarixli 36 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 157) ilə 1.5-ci və 1.6-cı bəndlər əlavə edilmişdir.
2 mart 2012-ci il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 252) ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.5-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1.5. Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin çıxarışlarının uçotu qaydaları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilir.
25 avqust 2014-cü il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №8, maddə 1023) ilə 1.5-ci bəndə "Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin" sözlərindən əvvəl "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin," sözləri, "Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözlərindən əvvəl isə "Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası," sözləri əlavə edilmişdir.
3 noyabr 2017-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 noyabr 2017-ci il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2141) ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.5-ci bəndində “Hökumət Ödəniş Portalının” sözlərindən sonra “, “ASAN ödəniş” sisteminin ödəniş barədə” sözləri, “Mərkəzi Bankı” sözlərindən sonra “, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri əlavə edilmişdir.
19 mart 2019-cu il tarixli 115 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 549) ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.5-ci bəndində “və “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin” sözləri “, “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin” sözləri ilə əvəz edilmişdir.
[5]
2 mart 2012-ci il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 252) ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.6-cı bənddə “Milli” sözü “Mərkəzi” sözü ilə əvəz edilmişdir və “Sisteminin” sözündən sonra “və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tətbiq edilən “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin” sözləri əlavə edilmişdir.
25 avqust 2014-cü il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №8, maddə 1023) ilə 1.2-ci və 1.6-cı bəndlərə "Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözlərindən əvvəl "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin," sözləri əlavə edilmişdir.
21 yanvar 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 155) ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.2-ci, 1.5-ci və 1.6-cı bəndlərində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir və 1.5-ci bəndindən “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası,” sözləri çıxarılmışdır.
4 aprel 2022-ci il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 389) ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.2-ci, 1.5-ci və 1.6-cı bəndlərində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.
[6]
13 mart 2006-cı il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, № 3, maddə 299) ilə 2.1.1-ci bənddə “ciddi hesabat blanklarının sifarişçisi” sözlərindən sonra mötərizədə “vergi hesab-fakturaları istisna olmaqla” sözləri əlavə edilmişdir.
[7]
13 mart 2006-cı il tarixli 71 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, № 3, maddə 299) ilə 2.2-ci bənddə “ciddi hesabat blanklarına” sözlərindən sonra mötərizədə “vergi hesab-fakturaları istisna olmaqla” sözləri əlavə edilmişdir.
[8]
24 fevral 2005-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydalarının 3.1-ci bəndində “rekvizitləri” sözündən sonra “qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri əlavə edilmişdir.
[9]
6 oktyabr 2016-cı il tarixli 391 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1709) ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.2-ci, 1.3-cü və 3.6-cı bəndlərində “fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış” sözləri “fəaliyyətini həyata keçirən” sözləri ilə əvəz edilmişdir.