“Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 12.2-ci maddələrində nəzərdə tutulmuş məlumat toplularının rəsmi qeydiyyat qaydalarını və qeydiyyat haqqında şəhadətnamənin nümunəsini təsdiq etsin;
1.5. həmin Qanunun 12.4-cü maddəsində nəzərdə tutulmuş rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi qaydasını müəyyən etsin;
1.6. öz səlahiyyətləri daxilində “Məlumat toplularının hüquqi qorunması
haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
[1]
2.1. “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci və 12.4-cü (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 12.3-cü və 12.4-cü (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 12.1-ci və 12.4-cü maddələrində qurum dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 noyabr 2004-cü il
№ 140
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 11 iyun 2018-ci il tarixli 124 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 iyun 2018-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1214)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
11 iyun 2018-ci il tarixli 124 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 iyun 2018-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1214) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2. Müəyyən edilsin ki:
2.1. “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 12.4-cü (birinci halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.2. həmin Qanunun 12.1-ci və 12.4-cü (ikinci halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyət orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi həyata keçirir.