AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
23.11.2004
QEYDİYYAT NÖMRƏSİ
147
ADI
Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 24-11-2004, Nəşr nömrəsi: 272), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2004, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 911)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.11.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
240.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
911

Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsinlər.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2004-cü il

      147

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2004-cü il 23 noyabr tarixli 147 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında

 

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1.     Azərbaycan Respublikasının Altıağac Milli Parkı (bundan sonra-Milli Park) ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi və nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fıstığı, Adi göyrüş, İtiyarpaqlı ağcaqayın, cüyür, qonur ayı, çöl donuzu, vaşaq, qırqovul, qaratoyuq, bildirçin, çobanaldadan, çöl qartalı və s.) qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 365 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Xızı və Siyəzən rayonlarının inzibati ərazilərində yaradılmışdır.

1.2.     Milli Park xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin və obyektlərinin yerləşdiyi, təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və başqa məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir.

1.3.     Milli Park öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin normativ hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur.

1.4.     Milli Parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazidə olan torpaq, su, bitki və heyvanlar aləmi onun daimi istifadəsinə verilir.

1.5.     Milli Parkın hüdudlarına ayrı-ayrı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaq sahələri də daxil edilə bilər.

1.6.    Milli Parkdan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərtilə təbiəti mühafizə, elmi tədqiqat, ətraf mühitin monitorinqi, sağlamlaşdırma, təlim-tərbiyə, turizm və rekreasiya məqsədləri üçün istifadə edilə bilər.

1.7. Milli Parkda onun məqsədli təyinatına, təbiət komplekslərinin və ayn-ayrı obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan başqa fəaliyyət növləri Milli Parkın fiziki və hüquqi şəxslərlə bağlanmış və ekoloji ekspertizadan keçmiş müqavilələri əsasında həyata keçirilir.

1.8. Milli Parkın torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə onun sanitariya-mühafizə zonaları müəyyən edilir. Milli Parkın sanitariya-mühafizə zonalarının müəyyən edilməsi və həmin zonaların mühafizə rejimi “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə tənzimlənir. [1]

1.9. Milli Park dövlət büdcəsindən, yerli büdcələrdən, büdcədənkənar vəsaitlərdən, ətraf mühitin mühafizəsi üzrə fondların vəsaitləri hesabına və qanunvericilikdə qadağan edilməyən digər maliyyə mənbələrindən maliyyələşdirilir.

1.10. Milli Parkın idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarənin xüsusi fondu və vəsaitləri ola bilər. Bu fondun və vəsaitlərin yaradılması və onlardan istifadə qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

1.11. Milli Parkın pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanır. Pasportda Milli Parkın əhəmiyyəti, adi, yerləşdiyi yer, yaranma tarixi, torpaqdan daimi istifadə hüququnun qeydiyyat nömrəsi və tarixi, mühafizə olunan ərazinin xarakteristikası, onun ümumi görünüşünün sxemi, qorunan nadir fauna və flora növləri, fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər öz əksini tapmalıdır. [2]

Bu ərazinin pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınmaqla Milli Parkda saxlanılır.

1.12.    Milli Parkda təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazinin perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır.

1.13.    Milli Park müstəqil balansa, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Milli Parkın adı əks olunmuş möhürə, müvafiq blank və ştamplara, xəzinə hesablarına, bayraq və emblemə malikdir.

 

II. MİLLİ PARKIN YARADILMASININ MƏQSƏDLƏRİ

 

2.1. Milli Parkın yaradılmasının məqsədləri aşağıdakılardır:

2.1.1.  təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlamaq;

2.1.2.  turizm və rekreasiya üçün şərait yaratmaq;

2.1.3.  təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;

2.1.4.  əhalini ekoloji maarifləndirmək;

2.1.5.  ekoloji monitorinqi həyata keçirmək;

2.1.6.  zədələnmiş təbiət, tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etmək.

 

III. MİLLİ PARKIN XÜSUSİ MÜHAFİZƏ REJİMİNİN XÜSUSİYYƏTLƏRİ

 

3.1. Milli Parkın ərazisində onun təbiət, tarix-mədəniyyət və digər xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi mühafizənin ayrı-ayn rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları müəyyən edilir:

3.1.1.  xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;

3.1.2.  təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zonalar;

3.1.3.  turizm və rekreasiya zonaları;

3.1.4.  turistlərə və başqalarına xidmət göstərilən zonalar;

3.1.5.  Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.

3.2.  Milli Parkın ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

3.3.    Milli Parkın turizm və rekreasiya zonalarında turizm və rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərinə (ov, balıq və digər su bioresurslarının idman və həvəskar ovu və s.) yol verilir. [3]

3.4.  Milli Parkda müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirilə bilər.

3.5.  Milli Parkın ərazisində aşağıdakılar qadağan edilir:

3.5.1.  təbiət komplekslərinə və tarix-mədəniyyət obyektlərinin varlığına təhlükə yaradan hər bir fəaliyyət;

3.5.2.  geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;

3.5.3.  hidroloji rejimin dəyişməsinə səbəb olan işlərin aparılması;

3.5.4.  xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və sair müəssisələrin fəaliyyəti;

3.5.5.  Milli Parkın fəaliyyəti ilə bağlı olmayan magistral yolların, boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların tikintisi;

3.5.6.  müəyyən olunmuş yerlərdən kənar dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması; dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması üçün müəyyən olunmuş yerlərdən və ümumi istifadə olunan quru və su yollarından kənar mexaniki nəqliyyat vasitələrinin hərəkəti və dayanacağı, ev heyvanlarının köçürülməsi;

3.5.7.  meşələrdə əsas istifadə qırıntısı;

3.5.8.  yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası.

3.6.  Milli Parkın ərazisində ekoloji, elmi, estetik, mədəni və rekreasiya dəyərini aşağı sala bilən digər fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.

3.7.    Milli Parkın mühafizəsi onun mühafizə xidməti tərəfindən həyata keçirilir. Bu işə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan Milli Parkın direktoru və mühafizə işləri üzrə direktor müavini öz səlahiyyətləri daxilində rəhbərlik edirlər.

3.8.  Milli Parkın mühafizə xidmətinin aşağıdakı vəzifələri vardır: [4]

3.8.1.  Milli Parkda xüsusi mühafizənin hüquqi rejimini pozmuş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada nəqliyyat vasitələrinə baxış keçirmək, şeyləri və sənədləri götürmək, şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlamaq;

3.8.2.  Milli Parkın ərazisində və onun sanitariya-mühafizə zonasında fiziki və hüquqi şəxslərin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan fəaliyyətini dayandırmaq; [5]

3.8.3.  Milli Parkda xüsusi mühafizənin hüquqi rejimini pozmuş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib etmək və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq tədbirlər görmək;

3.8.4.  Milli Parkın ərazisində və onun sanitariya-mühafizə zonasında mühafizə və istifadə sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək və digər tədbirlər görmək. [6]

 

IV. MİLLİ PARKIN ELMİ TƏDQİQAT FƏALİYYƏTİ

 

4.1.  Milli Parkın elmi tədqiqat fəaliyyəti rekreasiya məqsədilə istifadə olunan şəraitdə ekoloji vəziyyətin proqnozlaşdırılmasına və qiymətləndirilməsinə, səciyyəvi və nadir təbiət komplekslərinin (o cümlədən bioloji müxtəlifliyin) elmi cəhətdən əsaslanmış üsullarla qorunmasına yönəldilir.

4.2.  Milli Parkda elmi tədqiqat fəaliyyəti Milli Parkın elm şöbəsinin işçiləri tərəfindən aparılır.

4.3.  Milli Parkda tədqiqatlar kənar elmi müəssisə və təşkilatların, habelə ayrı-ayn mütəxəssislərin cəlb edilməsi ilə aparıla bilər. [7]

4.4.  Milli Parkda müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin həyata keçirilməsi və ekoloji maarifləndirmə işinin təşkil edilməsi məqsədilə Şura yaradıla bilər. Şuranın tərkibi və Əsasnaməsi Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir.

4.5.   Milli Parkın elmi və herbari fondları yaradılır və daimi saxlanılır.

4.6.   Milli Parkın elmi əsərlər çap etdirmək hüququ vardır.

4.7.   Milli Parkda elmi tədqiqat işində əldə edilmiş nəticələrin məqsədi:

4.7.1.  heyvan və bitki ehtiyatlarının qorunub saxlanılmasının, törədilib çoxaldılmasının və səmərəli istifadə edilməsinin elmi əsaslarını işləyib hazırlamaq və Milli Parkın ərazisində yayılmış vəhşi heyvanların sayının optimal normadan artığının vaxtilə müvafiq ərazidə yayılmış və nəsli kəsilmiş heyvan növlərinin əvvəlki yerlərinə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq köçürülməsini həyata keçirmək;

4.7.2.  Milli Parkın ərazisində təbiət komplekslərinin təbii halda saxlanılmasını təmin edən tədbirləri, təbiət kompleksləri komponentlərinin faydalı məhsuldarlığının qiymətləndirilməsi və yüksəldilməsi metodlarını işləyib hazırlamaq;

4.7.3.  Milli Parka bitişik ərazilərdə təbii ehtiyatlardan təsərrüfat məqsədilə istifadə edilməsinin səmərəliliyini müəyyənləşdirmək və nəticələrini aşkara çıxarmaq;

4.7.4.  zərərli heyvan və alaq otlarına qarşı mübarizə metodlarını, ilk növbədə bioloji metodların layihələrini işləyib hazırlamaq;

4.7.5.  su rejimində, torpaq və bitki örtüyünün xassələrində, heyvanların sayında və bitkilərin (fitosenozların) məhsuldarlığında dəyişikliklərin proqnozlaşdırılması məqsədilə həmin dəyişikliklərin səbəbini öyrənmək;

4.7.6.  təbiətdə cərəyan edən proseslər haqqında sistemləşdirilmiş faktiki materiallar və nəzəri nəticələr hesabına elmi bilikləri zənginləşdirmək;

4.7.7.  Milli Parkın hüdudlarından kənarda, təsərrüfat məqsədləri üçün istifadə edilən ərazilərdə eyni və ya oxşar bioekoloji metodları işləyib hazırlamaq.

4.8.   Elmi tədqiqatların aparılması metodları Milli Parkın rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticəsi olaraq hazırlanmış elmi təkliflər tətbiq oluna bilər.

4.9.   Milli Parkın aparacağı elmi tədqiqat işlərini, görəcəyi elmi, texniki və sair tədbirləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hər təqvim ili üçün təsdiq etdiyi və maliyyələşdirdiyi planlar üzrə onun elm şöbəsinin işçiləri Milli Parkla bu sahədə əməkdaşlığı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi müqavilələr əsasında müvafiq profilli elmi müəssisə və təşkilatlar, habelə ali məktəblər ilə həyata keçirirlər. [8]

 

V. MİLLİ PARKIN TƏSƏRRÜFAT FƏALİYYƏTİ

 

5.1. Milli Parkın təsərrüfat fəaliyyəti təbiət və tarix-mədəniyyət obyektlərinin tələb olunan səviyyədə mühafizəsindən, onlara xidmət və bərpa tədbirlərinin həyata keçirilməsindən, təbiətdə idarə olunan istirahət və turizm tədbirlərinin təşkilindən ibarətdir.

5.2.   Təbiətdə istirahətin və turizmin inkişafı təsdiq edilmiş layihə sənədləri əsasında Milli Parkın ərazisində yerləşən binaların və qurğuların ayn-ayrı fiziki və hüquqi şəxslərə icarəyə (və ya istifadəyə) verilməsi yolu ilə həyata keçirilə bilər.

5.3.   Milli Parkın ərazisində mehmanxanaların, kempinqlərin, turbazaların, iaşə və digər obyektlərin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədilə digər şəraitlərin yaradılması Milli Parkın fiziki və hüquqi şəxslərlə bağladığı və ekoloji ekspertizadan keçmiş müqavilələr əsasında həyata keçirilə bilər.

5.4. 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. [9]

5.5. Bu Əsasnamənin 5.4-cü bəndində nəzərdə tutulan mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişiklik edilir.

5.6. Bu Əsasnamənin 5.4-cü bəndində nəzərdə tutulan mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

5.7. Bu Əsasnamənin 5.4-cü bəndində nəzərdə tutulan obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun həll olunur.

 

 

VI. MİLLİ PARKIN MÜHAFİZƏSİNƏ, QORUNMASINA VƏ İSTİFADƏSİNƏ DÖVLƏT NƏZARƏTİ

 

Milli Parkın vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericilikdə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

 

VII. MİLLİ PARKIN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

7.1.   Milli Parkın strukturu, ştat cədvəli və xərclər smetası Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir.

7.2.   Milli Parka direktor rəhbərlik edir.

7.3.  Direktor Milli Parkın fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.

7.4.   Direktor aşağıdakı səlahiyyətlərə malikdir:

7.4.1.  Milli Parkın işinə ümumi rəhbərliyi həyata keçirir və onun fəaliyyətində qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edir;

7.4.2.  təbiəti mühafizə, elmi tədqiqat və biotexniki planların layihələrinin hazırlanmasını təşkil edir, onların müvafiq qaydada təsdiq edildikdən sonra yerinə yetirilməsini təmin edir;

7.4.3.  Milli Parkda elmi tədqiqat işlərinin planlarının, tapşırıqların yerinə yetirilməsinin gedişi haqqında müvafiq şöbələrin və ayrı-ayrı əməkdaşların hesabatlarmı dinləyir;

7.4.4.  Milli Parkın ixtisaslı kadrlarla komplektləşdirilməsini təşkil edir, kadrların ixtisaslarının artırılması istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görür;

7.4.5.  Milli Parkın mühafizə rejimi, elmi tədqiqatların və onların tətbiqinin nəticələri haqqında hesabatları, habelə maliyyə-təsərrüfat fəaliyyəti barəmühasibat, maliyyə və statistika hesabatlarını müəyyən olunmuş qaydada aidiyyəti üzrə təqdim edir; [10]

7.4.6.  Milli Parkın maddi-texniki təminatını təşkil edir;

7.4.7.  Milli Parkın fəaliyyətinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir;

7.4.8.  Milli Parkın Şurasının fəaliyyətinə rəhbərlik edir.

7.5. Milli Parkın bütün işçiləri Milli Parkın rejiminin pozulması hallarının qarşısının alınmasında mühafizə işçilərinə kömək göstərməlidirlər.

7.6.  Milli Parkın təbiət ərazilərindən və obyektlərindən istifadə qanunvericilikdə nəzərdə tutulmuş hallarda ödənişli ola bilər.

7.7.   Əhali və ictimai birliklər Milli Parkın mühafizəsinə dair təkliflərini verə bilər. Bu təkliflərə Milli Park tərəfindən baxılır.

7.8.   Milli Parkın ərazisi və obyektləri hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və maraqlarına xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz.

7.9.  Milli Parkın hüquqi və fiziki şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır.

7.10.  Milli Parkın rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

7.11.  Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulması nəticəsində Milli Parka vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.

7.12.  Milli Parkın mühafizə rejimini həyata keçirən vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən xüsusi geyim forması daşımaq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 noyabr 2007-ci il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1110)

2.       20 iyun 2008-ci il tarixli 782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 500)

3.       15 dekabr 2014-cü il tarixli 405 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1559)

4.       29 sentyabr 2015-ci il tarixli 633 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 sentyabr 2015-ci il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 9, maddə 1020)

5.       23 aprel 2018-ci il tarixli 15 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 26 aprel 2018-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 692)

6.       1 mart 2019-cu il tarixli 571 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 412)

7.       31 yanvar 2020-ci il tarixli 926 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 fevral 2020-ci il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №1, maddə 15)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 dekabr 2014-cü il tarixli 405 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1559) ilə 1.8-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.8. Xüsusi mühafizəni təmin etmək üçün Milli Parka bitişik olan torpaq və su sahələrində mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalar müəyyən edilə bilər. Bu zonaların torpaqlarında xüsusi mühafizə olunan təbiət ərazilərinin təbiət komplekslərinə və obyektlərinə zərərli təsir göstərən hər cür fəaliyyət qadağandır.

 

[2] 23 noyabr 2007-ci il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1110) ilə Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə»nin 1.11-ci bəndində «hüququna dair dövlət aktının» sözləri «hüququnun» sözü ilə əvəz edilmişdir.

 

[3] 20 iyun 2008-ci il tarixli 782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 500) ilə "Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə"nin 1.6-cı, 2.1.2-ci, 3.1.3-cü bəndlərində və 3.3-cü bəndində hər iki halda "istirahət (rekreasiya)" sözləri "rekreasiya" sözü ilə əvəz edilmişdir.

29 sentyabr 2015-ci il tarixli 633 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 30 sentyabr 2015-ci il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 9, maddə 1020) ilə “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”nin 3.3-cü bəndində “idman, həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının idman və həvəskar ovu” sözləri ilə əvəz edilmişdir.

 

[4] 15 dekabr 2014-cü il tarixli 405 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1559) ilə 3.8-ci bənddə “hüquqları” sözü “vəzifələri” sözü ilə əvəz edilmişdir.

 

[5] 15 dekabr 2014-cü il tarixli 405 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1559) ilə 3.8.2-ci yarımbənddə “mühafizə zonasında mövcud qanunvericiliyə və xüsusi mühafizənin hüquqi rejiminə zidd olan fiziki və hüquqi şəxslərin” sözləri “sanitariya-mühafizə zonasında fiziki və hüquqi şəxslərin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan” sözləri ilə əvəz edilmişdir.

 

[6] 15 dekabr 2014-cü il tarixli 405 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 16 dekabr 2014-cü il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1559) ilə 3.8.4-cü yarımbənddə “mühafizə zonasında” sözləri “sanitariya-mühafizə zonasında” sözləri ilə əvəz edilmişdir, “və digər tədbirlər görmək” sözləri çıxarılmışdır.

 

[7] 23 aprel 2018-ci il tarixli 15 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 26 aprel 2018-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 692) ilə “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”nin 4.3-cü bəndində “elmi təşkilatların və” sözləri “elmi müəssisə və təşkilatların, habelə” sözləri ilə əvəz edilmişdir.

 

[8] 23 aprel 2018-ci il tarixli 15 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 26 aprel 2018-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №4, maddə 692) ilə “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”nin 4.9-cu bəndində “elmi tədqiqat idarələri və” sözləri “elmi müəssisə və təşkilatlar, habelə” sözləri ilə əvəz edilmişdir.

 

[9] 31 yanvar 2020-ci il tarixli 926 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 fevral 2020-ci il, № 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №1, maddə 15) ilə “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”yə yeni məzmunda 5.4–5.7-ci bəndlər əlavə edilmişdir.

 

[10] 1 mart 2019-cu il tarixli 571 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 412) ilə “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”nin 7.4.5-ci yarımbəndindən “mühasibat,” sözü çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status