AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
22.02.2000
QEYDİYYAT NÖMRƏSİ
816-IQ
ADI
Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2000, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 147)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
370.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında

Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU [1]

 

Bu Qanun Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatının məqsədini, prinsiplərini və növlərini, habelə dövlət daktiloskopik qeydiyyatının aparılması sahəsində yaranan ictimai münasibətləri nizamlayır.

Fəsil I

Ümumİ müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:

1) dövlət daktiloskopik qeydiyyatı - müvafiq icra hakimiyyəti orqanı tərəfindən daktiloskopik məlumatların alınması, uçotu, saxlanılması, təsnifatı və verilməsi, insan şəxsiyyətinin müəyyənləşdirilməsi və ya təsdiqi üzrə bu Qanunla nəzərdə tutulan fəaliyyətdir;

2) daktiloskopik məlumat - insanın əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri və onun şəxsiyyəti haqqında məlumatdır;

3) maddi daşıyıcılar - daktiloskopik məlumata malik olan maqnit və ya digər növ yazı daşıyıcıları, daktiloskopik xəritələrdir;

4) məlumat massivi - maddi daşıyıcılarda olan daktiloskopik məlumatların sistemləşdirilmiş məcmusudur.

Maddə 2. Dövlət daktiloskopik qeydiyyatının məqsədi

İnsan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı aparılır və daktiloskopik məlumatlardan istifadə olunur.

Maddə 3. Dövlət daktiloskopik qeydiyyatı haqqında qanunvericilik

Dövlət daktiloskopik qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər müvafiq qanunvericilik aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 4. Dövlət daktiloskopik qeydiyyatının prinsipləri

Dövlət daktiloskopik qeydiyyatı Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquq və azadlılarına riayət edilməklə qanunçuluq, humanizm, məxfilik, könüllülük və məcburiliyi uzlaşması prinsiplərinə müvafiq həyata keçirilir.

Dövlət daktiloskopik qeydiyyatının aparılması prosesində insan sağldamlığı üçün təhlükə yaradılmasına, onun şərəf və ləyaqətinin alçaldılmasına yol verilmir.

Maddə 5. Dövlət daktiloskopik qeydiyyatından keçməli olan şəxslər [2]

Bu Qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasında:

1) Azərbaycan Respublikası vətəndaşlarının;

2) Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin, Azərbaycan Respublikasında siyasi sığınacaq verilməsi, yaxud qaçqın statusu əldə edilməsi barədə vəsatət vermiş əcnəbilərin;

3) Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin, Azərbaycan Respublikasında siyasi sığınacaq verilməsi, yaxud qaçqın statusu əldə edilməsi barədə vəsatət vermiş vətəndaşlığı olmayan şəxslərin dövlət daktiloskopik qeydiyyatı aparılır.

Maddə 6. Daktiloskopik məlumatdan istifadə

Dövlət daktiloskopik qeydiyyatının aparılması nəticəsində əldə olunan daktiloskopik məlumatlar:

1) itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin axtarışında istifadə üçün;

2) naməlum meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün; [3]

3) səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün;

4) Qanunla müəyyən edilmiş hallarda Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətinin təsdiq edilməsi üçün;

5) cinayətlərin qarşısının alınması, açılması və araşdırılması, habelə inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və baxılması üçün istifadə edilir. [4]

Maddə 7. Dövlət daktiloskopik qeydiyyatının növləri

Bu Qanuna müvafiq olaraq könüllü dövlət daktiloskopik qeydiyyatı və ya məcburi dövlət daktiloskopik qeydiyyatı aparılır.

Maddə 8. Məcburi dövlət daktiloskopik qeydiyyatı [5]

"Aşağıdakı şəxslər məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilir:

1) müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan Respublikası vətəndaşları;

2) sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvləri;

3) mədən və şaxtalarda işləyənlər;

4) dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunan əməkdaşlar;

5) şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

6) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

7) cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

8) müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; [6]

9) Azərbaycan Respublikasında siyasi sığınacaq almaq, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslər.

Naməlum meyitlər məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməlidirlər.

Fəsil II

Dövlət daktİloskopİk qeydİyyatının aparılması

Maddə 9. Könüllü dövlət daktiloskopik qeydiyyatının aparılması

Azərbaycan Respublikası vətəndaşları könüllü dövlət daktiloskopik qeydiyyatından keçmək hüququna malikdirlər.

Azərbaycan Respublikası vətəndaşlarının könüllü dövlət daktiloskopik qeydiyyatı onların yazılı ərizələrinə əsasən yaşadıqları yer üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.

Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən Azərbaycan Respublikası vətəndaşlarının, azyaşlıların və yetkinlik yaşına çatmayanların dövlət daktiloskopik qeydiyyatı yazılı ərizə əsasında onların valideynlərinin və ya qanuni nümayəndələrinin iştirakı ilə aparılır.

Maddə 10. Məcburi dövlət daktiloskopik qeydiyyatının aparılması [7]

Bu qanunun 8-ci maddəsində göstərilən şəxslərin məcburi dövlət daktiloskopik qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.

Müvafiq icra hakimiyyəti orqanları tərəfindən alınmış daktiloskopik məlumatın maddi daşıyıcılarının nüsxəsi vahid massivdə saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Göndərilən nüsxədə aşağıdakılar qeyd olunmalıdır:

1) məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilmiş şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar;

2) dövlət daktiloskopik qeydiyyatının aparılmasının əsası və tarixi;

3) daktiloskopik məlumatı hazırlamış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının adı.

Fəsil III

Daktİloskopİk məlumatların saxlanılması, İstİfadəsİ və məhvİ

Maddə 11. Daktiloskopik məlumatların saxlanılması və istifadəsinin əsas tələbləri

Daktiloskopik məlumatların saxlanılması və istifadə edilməsi şərtləri onun itirilməsini, təhrif olunmasını və icazəsi olmayan şəxslər tərəfindən ələ keçirilməsini istisna etməlidir.

Maddi daşıyıcılarda əksini tapmış daktiloskopik məlumatların saxlanılması, sistemləşdirilməsi və istifadəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Müvafiq icra hakimiyyəti orqanları daktiloskopik məlumatların alınmasını, uçotunu, saxlanılmasını və verilməsini, bu Qanunla nəzərdə tutulan tələblərə riayət etməklə məlumat massivlərinin yaradılmasını müstəqil həyata keçirirlər. [8]

Bu Qanunun 10-cu və 13-cu maddələrində göstərilən dövlət orqanları xidməti məxfilik rejimində daktiloskopik məlumatların mühafizəsini təmin edir, onların vəzifəli şəxsləri isə həmin məlumatların saxlanılması qaydalarını pozmağa və qeyri-qanuni istifadə edilməsinə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.

Maddə 12. Daktiloskopik məlumatların saxlanılması müddətləri [9]

Maddi daşıyıcılarda əksini tapmış daktiloskopik məlumatlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında aşağıdakı müddətdə saxlanılır:

1) bu qanunun 8-ci maddəsinin birinci hissəsinin 1-ci, 5-9-cu bəndlərində göstərilən şəxslər haqqında məlumatlar (14-cü maddədə qeyd edilmiş hallar istisna edilməklə) onlar səksən yaşına çatana qədər və ya ölüm faktı müəyyən edilənədək;

2) bu qanunun 8-ci maddəsinin birinci hissəsinin 2-4-cü bəndlərində göstərilən şəxslər haqqında məlumatlar onların müvafiq müəssisə və təşkilatlarda işlədikləri (müvafiq fəaliyyətlə məşğul olduqları) müddətdə;

3) naməlum meyitlər haqqında məlumatlar onların şəxsiyyəti müəyyən edilənə qədər (lakin on beş ildən çox olmamaqla).

 

Maddə 13. Daktiloskopik məlumatların istifadəsi və alınması hüququ

Məhkəmələr, prokurorluq orqanları, ibtidai istintaq, təhqiqat orqanları, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar, Azərbaycan miqrasiya xidməti orqanları daktiloskopik məlumatlardan istifadə etmək hüququna malikdirlər.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının məlumat massivlərində saxlanan daktiloskopik məlumatların alınması hüququ Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətlərə verilə bilər.

Maddə 14. Daktiloskopik məlumatların məhv edilməsi

Könüllü dövlət daktiloskopik qeydiyyatı aparılması nəticəsində alınmış daktiloskopik məlumatlar onun saxlanılmasını həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının, habelə fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən Azərbaycan Respublikası vətəndaşlarının, həmin qeydiyyatı keçmiş azyaşlıların və yetkinlik yaşına çatmayanların valideynlərinin və ya qanuni nümayəndələrinin, yaşadıqları yer üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verdikləri yazılı ərizələrinə əsasən məhv edilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı daktiloskopik məlumatları məhv edərək bu barədə 30 gündən gec olmayaraq ərizə sahibini xəbərdar edir.

Bu Qanunun 8-ci maddəsinin birinci hissəsinin 5-ci bəndində göstərilən şəxslər haqqında daktiloskopik məlumat onların saxlanılmasını həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin şəxslərin şəxsiyyətinin müəyyənləşdirildiyi halda daktiloskopik məlumatlar onların yazılı ərizələrinə, habelə həmin şəxslərin valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı ərizələrinə əsasən məhv edilir.

Bu qanunun 8-ci maddəsinin birinci hissəsinin 7-ci bəndində göstərilən şəxslər haqqında daktiloskopik məlumatlar onlar barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdən və ya məhkəmənin bəraət hökmü qanuni qüvvəyə mindikdən, habelə inzibati xətalar haqqında işlər üzrə icraata xitam verildikdən (inzibati məsuliyyətə cəlb etmə müddətlərinin başa çatması ilə əlaqədar icraata xitam verildiyi hallar istisna olmaqla) sonra 30 gündən gec olmayaraq məhv edilir. [10]

Məcburi dövlət daktiloskopik qeydiyyatı aparılması nəticəsində alınmış daktiloskopik məlumatlar bu Qanunun 12-ci maddəsində göstərilən saxlama müddətləri keçdikdən sonra məhv edilirlər.

Fəsil IV

Qanunun İcrasına nəzarət

Maddə 15. Məhkəmə nəzarəti

Dövlət daktiloskopik qeydiyyatı aparan orqanların və vəzifəli şəxslərin insan və vətəndaşların hüquq və azadlıqlarını pozan qərarlarından və hərəkətlərindən Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.

Maddə 16. Prokuror nəzarəti

Dövlət daktiloskopik qeydiyyatını aparan və daktiloskopik məlumatlardan istifadə edən orqanlarda bu Qanunun icrasına riayət edilməsinə nəzarət Azərbaycan Respublikasının Baş prokuroru və ona tabe olan prokurorlar tərəfindən həyata keçirilir.

Maddə 17. İdarə nəzarəti

Müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri dövlət daktiloskopik qeydiyyatına nəzarəti həyata keçirirlər. [11]

Həmin rəhbərlərin hərəkətlərindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər.

Fəsil V

Yekun müddəalar

Maddə 18. Dövlət daktiloskopik qeydiyyatının aparılması tədbirlərinin maliyyələşdirilməsi

Dövlət daktiloskopik qeydiyyatının aparılması, daktiloskopik məlumatların saxlanılması və istifadə edilməsi, habelə bu tədbirlərin həyata keçirilməsi üçün maddi-texniki təminat məsələlərinin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 19. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

 

Bakı şəhəri, 22 fevral 2000-ci il

               № 816-IQ

 

 

 


QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       27 oktyabr 2009-cu il tarixli 900-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 29 dekabr 2009-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 956)

2.       6 oktyabr 2015-ci il tarixli 1346-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 23 oktyabr 2015-ci il, № 231; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1105)

  1. 29 iyun 2018-ci il tarixli 1197-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 avqust 2018-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1670)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 29 iyun 2018-ci il tarixli 1197-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 avqust 2018-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1670) ilə ləğv edilmişdir.

 

[2] 27 oktyabr 2009-cu il tarixli 900-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 29 dekabr 2009-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 956) ilə 5-ci maddə çıxarılmışdır.

 

[3] 27 oktyabr 2009-cu il tarixli 900-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 29 dekabr 2009-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 956) ilə 2-ci bənddə "tanınmayan meyitlərə görə insan" sözləri "naməlum meyitlərin" sözləri ilə əvəz edilmişdir.

 

[4] 27 oktyabr 2009-cu il tarixli 900-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 29 dekabr 2009-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 956) ilə 5-ci bənddə "istintaqı" sözü "araşdırılması, habelə inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və baxılması" sözləri ilə əvəz edilmişdir.

 

[5] 27 oktyabr 2009-cu il tarixli 900-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 29 dekabr 2009-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 956) ilə 8-ci maddənin mətni yeni redaksiyada verilmişdir:

əvvəlki redaksiyada deyilirdi:

Məcburi dövlət daktiloskopik qeydiyyatı:

1) şəxsiyyətini başqa üsullarla müəyyən etmək mümkün deyildirsə, səhhəti və yaşı ilə əlaqədar özləri haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə;

2) cinayət törətməkdə şübhə edilən, cinayət törətməkdə müqəssir sayılan və ya cinayət törətməyə görə məhkum edilən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə;

3) müəyyən edilmiş qaydalara əsasən Azərbaycan Respublikası ərazisindən çıxarılmalı (qovulmalı) olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə;

4) Azərbaycan Respublikasına sığınacaq axtarmaq üçün gələn və siyasi və ya digər sığınacaq verilməsi, habelə Azərbaycan Respublikasının ərazisində qaçqın statusu əldə edilməsi barədə vəsatət vermiş əcnəbilərə şamil edilir.

Bütün tanınmayan meyitlər məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməlidirlər.

 

[6] 6 oktyabr 2015-ci il tarixli 1346-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 23 oktyabr 2015-ci il, № 231; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1105) ilə 8-ci maddəsinin birinci hissəsinin 8-ci bəndinə “çıxarılmalı olan” sözlərindən sonra “, habelə qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan” sözləri əlavə edilmişdir.

 

[7] 27 oktyabr 2009-cu il tarixli 900-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 29 dekabr 2009-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 956) ilə 10-cu maddənin mətni yeni redaksiyada verilmişdir:

əvvəlki redaksiyada deyilirdi:

Müəyyən kateqoriya şəxslərin məcburi dövlət daktiloskopik qeydiyyatını aşağıdakılar aparır;

1) bu Qanunun 8-ci maddəsinin birinci hissəsinin 2-ci bəndində göstərilən şəxslər üçün - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

2) bu Qanunun 8-ci maddəsinin birinci hissəsinin 4-cü bəndində göstərilən şəxslər üçün - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

3) məhkum edilmişlər üçün - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

4) bu Qanunun 8-ci maddəsinin birinci hissəsinin 1-ci və 3-cü bəndlərində, eləcə də ikinci hissəsində göstərilən şəxslər üçün - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı.

Bu maddənin birinci hissəsinin 2-ci, 3-cü və 4-cü bəndlərində göstərilən orqanlar tərəfindən alınmış daktiloskopik məlumatın maddi daşıyıcılarının nüsxəsi vahid massivdə saxlanılmasından ötrü Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Göndərilən nüsxədə:

1) məcburi dövlət daktiloskopik qeydiyyatından keçmiş şəxsin soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu vaxtı və yeri, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar;

2) dövlət daktiloskopik qeydiyyatının aparılması əsası və vaxtı;

3) daktiloskopik məlumatı hazırlamış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının adı göstərilməlidir.

 

[8] 27 oktyabr 2009-cu il tarixli 900-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 29 dekabr 2009-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 956) ilə 11-ci maddənin üçüncü hissəsində "Bu qanunun 10-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən orqanlar" sözləri "Müvafiq icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilmişdir.

 

[9] 27 oktyabr 2009-cu il tarixli 900-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 29 dekabr 2009-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 956) ilə 12-ci maddənin mətni yeni redaksiyada verilmişdir:

əvvəlki redaksiyada deyilirdi:

Daktiloskopik məlumatların əks olunduğu maddi daşıyıcılar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında aşağıdakı müddətdə saxlanılır:

1) bu Qanunun 8-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslər haqqında məlumatlar, Qanunun 14-cu maddəsində qeyd edilmiş hallar istisna edilməklə, onlar səksən yaşına çatana qədər və ya ölüm faktı müəyyən edilənə qədər;

2) bu Qanunun 8-ci maddəsinin birinci hissəsinin 2-ci, 3-cü və 4-cü bəndlərində göstərilən şəxslər haqqında məlumatlar onlar səksən yaşına çatana qədər;

3) tanınmayan meyitlər haqqında daktiloskopik məlumatların əks olunduğu maddi daşıyıcılar onların şəxsiyyəti müəyyən edilənə qədər, lakin on ildən çox olmamaqla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında saxlanılır.

 

[10] 27 oktyabr 2009-cu il tarixli 900-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 29 dekabr 2009-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 956) ilə 14-cü maddə üzrə İkinci hissədə "1-ci" rəqəmi "5-ci" rəqəmi ilə əvəz edilmişdir və üçüncü hissə yeni redaksiyada verilmişdir:

əvvəlki redaksiyada deyilirdi:

Cinayət törətməkdə şübhəli olan, cinayət törətməkdə müqəssir sayılan şəxslər haqqında daktiloskopik məlumatlar cinayət işinə xitam verildikdən və ya məhkəmənin bəraət hökmü çıxarılandan 30 gündən gec olmayaraq məhv edilir.

 

[11] 27 oktyabr 2009-cu il tarixli 900-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 29 dekabr 2009-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 956) ilə 17-ci maddənin birinci hissəsində "Bu qanunun 10-cu maddəsində göstərilən orqanların" sözləri "Müvafiq icra hakimiyyəti orqanlarının" sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status