Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
[1]
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
2.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin strukturunu təsdiq etsin;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2004-cü
№133
Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 14 oktyabr tarixli 133 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti haqqında
ƏSASNAMƏ
I. ÜMUMİ MÜDDƏALAR
1.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti (bundan sonra - Feldyeger Xidməti) mühüm dövlət korrespondensiyalarının təyinatı üzrə çatdırılmasını həyata keçirən dövlət orqanıdır.
2.
Feldyeger Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarmı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
3.
Feldyeger Xidməti fəaliyyətini qanunçuluq, ona həvalə olunan korrespondensiya və digər göndərişlərin etibarlı qorunması və operativ çatdırılması, dövlət sirrinin və qanunla qorunan digər məlumatların mühafizəsi, öz əməkdaşları üzərində nəzarət prinsipləri əsasında qurar.
4.
Feldyeger Xidməti müstəqil balansa, sərəncamında olan dövlət əmlakına, müvafiq bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5.
Feldyeger Xidməti fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir.
6.
Feldyeger Xidməti Bakı şəhərində yerləşir.
II. FELDYEGER XİDMƏTİNİN ƏSAS VƏZİFƏLƏRİ
7. Feldyeger Xidmətinin əsas vəzifələri aşağıdakılardır:
7.1.
Azərbaycan Respublikasında feldyeger rabitəsini həyata keçirmək;
7.2.
Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının xüsusilə mühüm, tam məxfi, məxfi və digər xidməti korrespondensiyalarının və digər göndərişlərinin, habelə diplomatik korrespondensiyaların Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatdırılmasını təşkil və təmin etmək;
7.3.
öz vəzifələrini icra edərkən dövlət sirrinin və qanunla mühafizə olunan digər məlumatların mühafizəsini təmin etmək;
7.4.
müharibə zamanı və ya digər fövqəladə hallarda feldyeger rabitəsinin səfərbərlik hazırlığını təmin etmək;
7.5.
daşıdığı korrespondensiyaların və digər göndərişlərin mühafizəsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək.
7.6.
öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək.
[2]
III. FELDYEGER XİDMƏTİNİN ƏSAS FUNKSİYALARI
8. Feldyeger Xidməti bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
8.1.
daşıdığı korrespondensiyaların və digər göndərişlərin operativ və təhlükəsiz çatdırılması üçün lazımi tədbirləri görür, eləcə də daimi fəaliyyət göstərən marşrutlar şəbəkəsini və ya xüsusi marşrutları müəyyən edir;
8.2.
Feldyeger Xidmətinə həvalə olunmuş korrespondensiyaların və digər göndərişlərin mühafizə olunması ilə bağlı zəruri təhlükəsizlik tədbirləri görür və korrespondensiyanı müşayiət edən Feldyeger Xidmətinin əməkdaşlarını təlimatlandırır;
8.3.
nəzərdə tutulmuş marşrutun məsafə uzaqlığını, onun xarakterini nəzərə alaraq daşınan korrespondensiyanın müvafiq üsulla qablaşdırılmasını və onu müşayiət edən Feldyeger Xidməti əməkdaşının lazımi sənədlərlə, habelə xidməti silahla təchiz olunmasını təşkil edir;
8.4.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müqavilə əsasında müəssisə, idarə və təşkilatların korrespondensiyalarını, habelə texniki sənədlərini və sənaye məmulatlarının nümunələrini Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatdırır;
8.5.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulan hallarda xarici dövlətlərin müvafiq orqanları ilə öz səlahiyyətləri çərçivəsində qarşılıqlı fəaliyyət göstərir;
8.6.
Feldyeger Xidməti əməkdaşlarının şəxsi təhlükəsizliyinin təmin edilməsi və onların peşə hazırlığının artırılması ilə bağlı tədbirlər görür, xidməti-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq edir;
[3]
8.7.
Azərbaycan Respublikasının feldyeger rabitəsinə dair beynəlxalq müqavilələrindən irəli gələn öhdəliklərin icrasını təmin edir;
8.8.
korrespondensiyanın və diplomatik poçtun qəbulu zamanı onların müvafiq qaydalara əsasən qablaşdırılmasına nəzarət edir;
8.9. strukturuna daxil olan şöbə, bölmə və digər qurumların fəaliyyəti üçün zəruri şəraiti təmin edir;
8.10.
lazım gəldikdə, korrespondensiyaların və digər göndərişlərin operativ çatdırılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq struktur bölmələrinin xidmətlərindən müqavilə əsasında istifadə edir;
[4]
8.11.
feldyeger rabitəsinin operativliyini təmin etmək üçün hava, su, dəmiryolu nəqliyyatı idarələri ilə qarşılıqlı əlaqə yaradaraq Feldyeger Xidməti üçün ehtiyat yerlərin (biletlərin) saxlanmasını təşkil edir;
8.12.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə Feldyeger Xidmətinə həvalə edilmiş vəzifələrin həyata keçirilməsi üçün digər funksiyaları yerinə yetirir.
IV. FELDYEGER XİDMƏTİNİN HÜQUQLARI
9. Feldyeger Xidməti öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. qanunvericiliklə müəyyən edilmiş qaydada daşıdığı korrespondensiyaların və digər göndərişlərin qablaşdırılması, qəbulu, mühafizəsi və çatdırılması qaydalarını müəyyən etmək;
9.2.
korrespondensiyaların və digər göndərişlərin operativ çatdırılması üçün texniki vasitələrdən, hava, su, dəmiryolu və avtomobil nəqliyyatından istifadə etmək;
9.3.
hava, su, dəmiryol nəqliyyatından istifadə edərkən hava və dəniz limanlarında, vağzallarda korrespondensiyaların və digər göndərişlərin saxlanmasını, eləcə də onları müşayiət edən Feldyeger Xidməti əməkdaşlarının rabitə və texniki vasitələrlə təchiz edilmiş müvafiq gözləmə otaqlarında yerləşdirilməsini müvafiq orqanlarla qarşılıqlı təmin etmək;
9.4.
xüsusi əhəmiyyətli, tam məxfi, məxfi korrespondensiyaların, digər göndərişlərin və diplomatik korrespondensiyaların Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən ünvanlara çatdırılması üçün öz əməkdaşlarını kuryer vərəqəsi ilə və digər lazımi sənədlərlə təmin etmək, bu məqsədlə diplomatik korrespondensiyaları daşıyan əməkdaşları qanunvericiliklə müəyyən edilmiş qaydada diplomatik pasportla təmin edilməsi üçün müvafiq tədbirlər görmək;
9.5.
öz səlahiyyətləri daxilində xidməti sənədlərin və iş blanklarının nümunələrini müəyyən etmək;
9.6.
qəbul olunan korrespondensiyaların və digər göndərişlərin sənədləşdirilməsi, marşrutlara bölünməsi və müvafiq ünvanlara göndərilməsi üçün ekspedisiya işini təşkil etmək;
9.7.
feldyeger rabitəsinə və Feldyeger Xidmətinin fəaliyyətinə dair qanunların və digər normativ hüquqi aktların layihələrinin hazırlanmasında müəyyən edilmiş qaydada iştirak etmək, onların təkmilləşdirilməsi barədə təkliflər vermək;
9.8.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqlarını həyata keçirmək;
9.9.
müvafiq beynəlxalq təşkilatlarla, xarici ölkələrin feldyeger rabitəsi orqanları ilə qarşılıqlı əlaqələri həyata keçirmək;
9.10. zəruri hallarda dövlət orqanlarının, idarə, təşkilat və müəssisələrin
iştirakı ilə Feldyeger Xidmətinin səlahiyyətlərinə aid məsələlərlə əlaqədar işçi qrupları yaratmaq, habelə müşavirələr keçirmək;
9.11 fövqəladə hallarda korrespondensiyaların və digər göndərişlərin çatdırılmasını və mühafizəsini təmin etmək üçün müəssisə və idarələrdəki rabitə vasitələrindən rabitə haqqını ödəməklə istifadə etmək;
9.12. qanunvericilikdə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.
V. FELDYEGER XİDMƏTİNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
10. Feldyeger Xidmətinin strukturu və əməkdaşlarının ümumi say həddi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
11.
Feldyeger Xidmətinin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir.
12.
Feldyeger Xidmətinin rəisinin Azərbaycan Respublikasının Prezidenti
tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən bir müavini var.
13.
Feldyeger Xidmətinin rəisi:
13.1.
Feldyeger Xidmətinin işini təşkil edir;
13.2.
Feldyeger Xidmətinə həvalə edilmiş vəzifələrin həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır;
13.3.
öz müavininin vəzifə səlahiyyətlərini müəyyən edir;
13.4.
Feldyeger Xidmətində vəzifə səlahiyyətlərinin bölgüsünü müəyyənləşdirir, Feldyeger Xidmətinin əməkdaşlarını vəzifəyə təyin edir və vəzifədən azad edir. Növbətçi hissələrin fəaliyyətini müəyyən edir və onların fəaliyyətinə birbaşa nəzarəti təşkil edir;
13.5.
Feldyeger Xidmətinin struktur bölmələrinin səlahiyyətlərini, fəaliyyətinin istiqamətini və ştat cədvəlini təsdiq edir;
13.6.
öz səlahiyyətləri çərçivəsində Feldyeger Xidmətinin fəaliyyətinə dair əmr və göstərişlər verir, təlimatlar və digər normativ aktlar təsdiq edir, onların icrasının təmin edilməsi üzrə tədbirlər görür;
13.7.
Feldyeger Xidmətinin kiçik, orta və böyük rəis heyətinə xüsusi rütbələr verir. Feldyeger Xidmətinin əməkdaşlarına ali rəis heyəti xüsusi rütbələrinin verilməsi barədə Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırır;
13.8. feldyeger rabitəsinin həyata keçirilməsində Feldyeger Xidməti əməkdaşlarına hər hansı bir əsassız maneə törədən vəzifəli şəxs barəsində onun tabe olduğu yuxarı orqan qarşısında vəsatət qaldırır;
13.9. Feldyeger Xidmətinin əməkdaşlarını müəyyən edilmiş qaydada dövlət təltiflərinə təqdim edir;
13.10. Feldyeger Xidmətinin əməkdaşlarının səfərbərlik və xidməti qulluqlarına hazırlığını, attestasiya komissiyasının yaradılmasını və attestasiyaların keçirilməsini təmin edir, habelə Feldyeger Xidmətinin əməkdaşlarının sosial-hüquqi müdafiəsinin təmin edilməsi sahəsində müvafiq tədbirlər görür;
13.11.
Feldyeger Xidmətinin kiçik, orta və böyük rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısını təsdiq edir;
13.12.
qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə tədbirləri və intizara tənbehi tətbiq etmək hüququ olan şəxslərin siyahısını müəyyən edir;
13.13.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1.
21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983)
2.
10 fevral 2010-cu il tarixli 219 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 fevral 2010-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 83)
3.
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)
4.
11 iyun 2018-ci il tarixli 132 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 iyun 2018-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1222)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
11 iyun 2018-ci il tarixli 132 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 iyun 2018-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1222) ilə ləğv edilmişdir.
[2]
21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983) ilə «Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti haqqında Əsasnamə»yə 7.6-cı bənd əlavə edilmişdir.
[3]
10 fevral 2010-cu il tarixli 219 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 fevral 2010-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 83) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti haqqında Əsasnamə”nin 8.6-cı bəndində “tədbirlər görür” sözlərindən sonra “, xidməti-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq edir” sözləri əlavə edilmişdir.
[4]
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti haqqında Əsasnamə”nin 8.10-cu bəndində “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.