AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
14.10.2004
QEYDİYYAT NÖMRƏSİ
134
ADI
“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 16-10-2004, Nəşr nömrəsi: 242), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2004, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 790)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.10.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
790

“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması ilə əlaqədar fəaliyyəti təmin etmək məqsədilə qərara alıram:

1.            "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2.     Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti yaradılsın.

3.     Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

3.1. "Azərbaycan  Respublikası  Əhalisinin  Dövlət  Reyestri  haqqında" Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin məlumatlarından istifadə edən dövlət orqanlarının siyahısının layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; [2]

3.3. fərdi identifikasiya nömrəsinin verilməsi qaydasını müəyyən etsin;

3.4. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin yaradılması üçün texniki tapşırığın işlənilməsi, o cümlədən proqram təminatının hazırlanması,  rayon (şəhər) qeydiyyat şöbələrinin kompüter ilə və digər texniki avadanlıqla təchiz olunması və məlumat mübadiləsinin təmin edilməsi üçün maliyyə vəsaitinin ayrılması məsələsini həll etsin; [3]

3.5. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri xidmətinin ştat vahidlərinin sayını müəyyənləşdirsin, onu müvafiq inzibati bina ilə və zəruri avadanlıqla təmin etsin;

3.6. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4.     Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin formalaşdırılması üçün zəruri olan bütün məlumatların Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə iki ay müddətində təqdim olunmasını təmin etsin.

5.     "Azərbaycan Respublikası vətəndaşlarının Dövlət Reyestrinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 fevral tarixli 35 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 2, maddə 73) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

5.1. Fərmanın adında, 1-ci, 2.1-ci, 2.2-ci, 3.1-ci və 3.2-ci bəndlərində "Azərbaycan Respublikası vətəndaşlarmm" sözləri "Azərbaycan Respublikası əhalisinin" sözləri ilə əvəz edilsin;

5.2.   preambulanın üçüncü abzasında "ölkə vətəndaşları" sözləri "ölkə əhalisi" sözləri ilə əvəz edilsin;

5.3.   2.2-ci bənddə "vətəndaşları" sözündən sonra "habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər" sözləri əlavə edilsin.

6.  Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 oktyabr 2004-cü il

134

 

 


 

Azərbaycan Respublikası Prezidentinin

2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında [4]

 

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.      Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin yaradılması haqqında" 2004-cü il 21 fevral tarixli 35 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin (bundan sonra - "Dövlət Reyestri") tərtib edilməsi, aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir.

2.      Dövlət Reyestri Azərbaycan Respublikasının bütün vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə sənədləşdirilmiş informasiyanı əks etdirən dövlət informasiya ehtiyatıdır. [5]

3.      Dövlət Reyestri və onun informasiya sistemi Azərbaycan Respublikasının mülkiyyətidir. [6]

4.      Dövlət Reyestri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti (bundan sonra - "Dövlət Reyestri Xidməti") tərəfindən aparılır.

5.      Dövlət Reyestrinin aparılmasında əsas məqsəd əhalinin yerləşməsinə və tərkibinə, miqrasiyanın əhatə dairəsinə və istiqamətinə, demoqrafiya məsələlərinə, eləcə də digər məsələlərə dair məlumatlar toplamaq, onları daim təzələmək, müəyyən edilmiş hallarda və qaydada dövlət və yerli özünüidarəetmə orqanlarını, habelə fiziki şəxsləri həmin məlumatlarla təmin etmək, əhalinin müxtəlif kateqoriyaları üzrə informasiya sistemlərini aparan dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin səmərəliliyini artırmaqdır. [7]

6.  Dövlət Reyestri dövlət büdcəsi hesabına maliyyələşdirilir.

 

II. DÖVLƏT REGİSTRİNİN TƏRTİB EDİLMƏSİ QAYDALARI

 

7.      Dövlət Reyestrindəki məlumatlara əsasən, Azərbaycan Respublikası vətəndaşlarının, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə sənədləşdirilmiş informasiya əsasında tərtib olunur və daim təzələnir. [8]

8. Dövlət reyestrinin tamlığını təmin etmək üçün Dövlət Reyestrinin səlahiyyət dairəsinə daxil olan bütün məlumatlar xüsusi elektron şəbəkə vasitəsilə aşağıdakı qaydada hər gün real vaxt rejimində göndərilməli və onun aktuallığı təmin edilməlidir:

8.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumları tərəfindən - Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqələrinin verilməsi, onların, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması nəticəsində əldə olunan və bu Əsasnamənin 9-cu bəndində nəzərdə tutulmuş müvafiq məlumatlar - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə; [9]

8.1-1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən — Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə və ya qaçqın vəsiqələrinin verilməsi, habelə onların yaşayış yeri üzrə qeydiyyata alınması nəticəsində əldə olunan və bu Əsasnamənin 9-cu bəndində nəzərdə tutulmuş müvafiq məlumatlar — Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə; [10]

8.2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri tərəfindən - vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə məlumatlar - xüsusi elektron informasiya sistemi vasitəsilə. [11]

9. Dövlət Reyestrinə Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında aşağıdakı məlumatlar daxil edilir: [12]

9.1. fərdi identifikasiya nömrəsi;

9.2. soyadı (əvvəlki soyadları);

9.3. adı;

9.4. atasının adı;

9.5. doğulduğu tarix;

9.6. doğulduğu yer;

9.7. cinsi;

9.8. vətəndaşlığı;

9.9. ailə vəziyyəti;

9.10. hərbi mükəlləfiyyətə münasibəti;

9.11. yaşayış yeri və olduğu yer üzrə qeydiyyata götürülməsi və çıxarılması;

9.12. şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti (o cümlədən 15 yaşına çatmamış şəxsin doğum haqqında şəhadətnaməsinin nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti); [13]

9.13. 15 yaşına çatmış şəxsin fotoşəkli;

9.14. 15 yaşına çatmış şəxsin biometrik məlumatları (qan qrupu, gözlərinin rəngi, boyu); [14]

9.15. ərin (arvadın) fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti; [15]

9.16. valideynlərin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti;

9.17. uşağın fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti;

9.18. ölüm tarixi.

10.    Dövlət Reyestrindəki məlumatlar həmişəlik saxlanılır və heç bir halda məhv edilə bilməz.

11.    Dövlət Reyestrinin tərtib edilməsi, aparılması və istifadə edilməsi informasiya texnologiyaları əsasında xüsusi məlumat ötürmə sistemi və ya elektron məlumat daşıyıcıları vasitəsilə həyata keçirilir.

12. Dövlət Reyestrinin məlumat bankının idarə olunması məlumatların avtomatlaşdırılmış qaydada daxil edilməsini, redaktəsini, saxlanılmasını, mühafizəsini, həmçinin sorğu əsasında əldə edilməsini həyata keçirməyə imkan verən xüsusi proqram təminatı vasitəsilə təmin olunur.

 

III. DÖVLƏT REGİSTRİNİN APARILMASI QAYDALARI

 

13. Azərbaycan Respublikası vətəndaşlarının, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən orqanlar tərəfindən bütün məlumatlar hər iş günü xüsusi məlumatötürmə sistemi vasitəsilə Dövlət Reyestrinin məlumat bankına göndərilir və məlumatların aktuallığı təmin edilir. [16]

14. Dövlət Reyestrinə məlumatların daxil edilməsi onların birmənalı fərqləndirilməsinə, eyni şəxs barədə məlumatların tərkib hissələrinin əlaqələndirilməsinə, təkrara yol verilməməsinə və səmərəli istifadə edilməsinə imkan yaradan fərdi identifikasiya nömrəsi əsasında aparılır. [17]

15.     Fərdi identifikasiya nömrəsi təkrar olunmur və dəyişilmir. Fərdi identifikasiya nömrəsinin verilməsi avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.

16.     Dövlət Reyestrinə barəsində məlumat daxil edilən bütün şəxslərə dərhal fərdi identifikasiya nömrəsi verilir. Şəxsin müraciəti əsasında ona bu haqda çıxarış təqdim oluna bilər.

17.     Dövlət Reyestrinə daxil edilmiş hər hansı məlumatda dəyişikliklər baş verdiyi halda, bu dəyişikliklərin məlumat bankına daxil edilməsi üçün səlahiyyətli dövlət orqanları tərəfindən identifikasiya nömrəsi göstərilməklə Dövlət Reyestri Xidmətinə hər iş günü məlumat ötürülməlidir. [18]

18.     Dövlət Reyestri Xidmətinə dəyişikliklər barədə məlumatlar daxil olduqdan sonra Dövlət Reyestrində müvafiq qeydlər aparılır.

19.     Dövlət Reyestrinə Azərbaycan Respublikası vətəndaşlarının, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə müvafiq səlahiyyətli orqanlardan daxil olan məlumatların sənədlərlə uyğunluğu Dövlət Reyestrinə məlumat ötürən orqanlar tərəfindən yoxlanmalıdır.

 

IV. DÖVLƏT REGİSTRİNDƏKİ MƏLUMATLARIN MÜHAFİZƏSİ

 

20. Dövlət Reyestrində saxlanılan məlumatlar əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi məhdudlaşdırılan informasiya kateqoriyasına aid edilir və qanunvericiliklə nəzərdə tutulmuş qaydada mühafizə edilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fərdi məlumat hesab edilən informasiya yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu informasiyanı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. [19]

21. Dövlət Reyestrinin istifadəçiləri məlumat bankına daxil edilmiş informasiyanın qorunması və onlara bəlli olan məlumatların yayılmaması üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

V. DÖVLƏT REGİSTRİNİN MƏLUMAT BANKINDAN İNFORMASİYANIN VERİLMƏSİ QAYDALARI

 

22. Dövlət Reyestrinin istifadəçiləri - öz səlahiyyətlərinə uyğun olaraq Dövlət Reyestrinin məlumatlarından istifadə edən dövlət və yerli özünüidarəetmə orqanları, Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir. [20]

23.  Dövlət Reyestrində olan məlumatlar Dövlət Reyestri Xidməti tərəfindən verilir.

24.       Dövlət Reyestrinin istifadəçiləri olan dövlət və yerli özünüidarəetmə orqanları Dövlət Reyestrinin sənədləşdirilmiş məlumatlarından öz səlahiyyətləri daxilində istifadə edirlər. Bu Əsasnamənin 22-ci bəndində göstərilən Dövlət Reyestrinin istifadəçiləri Dövlət Reyestrində olan məlumatları əldə etmək üçün Dövlət Reyestri Xidmətinə yazılı surətdə müraciət edirlər. Məlumat almaq üçün fiziki şəxslər onların şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi, pasport və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər sənədlər) təqdim etməlidirlər. [21]

25.  Azərbaycan Respublikası vətəndaşlarının, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Dövlət Reyestrində yalnız özləri və qanunvericiliklə nəzərdə tutulmuş şəxslər haqqında olan məlumatlarla sərbəst tanış olmaq, çatışmazlıqlar aşkar olunduğu halda müvafiq düzəlişlərin edilməsi üçün ərizə ilə müraciət etmək, habelə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə , ”İnformasiya əldə etmək haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq bu məlumatlardan kimlərin və hansı məqsədlə istifadə etdiyini bilmək hüququ vardır. [22]

26.  Barəsində sorğu verilmiş məlumat (və ya məlumatın verilməsindən imtina haqqında əsaslandırılmış cavab) 10 gün ərzində verilməlidir. Zərurət yarandıqda, bu müddət Dövlət Reyestr Xidməti tərəfindən əsaslandırılmaqla 1 aydan çox olmayan müddətə uzadıla bilər. [23]

27.  Şəxsin müraciəti əsasında ona Dövlət Reyestrindən çıxarış təqdim oluna bilər. Dövlət Reyestrinin informasiya sistemindən alınmış çıxarış Dövlət Reyestri Xidmətinin vəzifəli şəxsi tərəfindən imzalanmalıdır. Xüsusi proqram təminatı vasitəsilə verilən Dövlət Reyestrinin məlumatı elektron imza vasitəsilə də təsdiq edilə bilər. [24]

28. Dövlət Reyestri tərəfindən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə aşağıdakı məlumatlar təqdim edilir: [25]

28.1. fərdi identifikasiya nömrələri (FİN);

28.2. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarından zəruri məlumatlar.

29. Dövlət Reyestri tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminə aşağıdakı məlumatlar təqdim edilir:

29.1. fərdi identifikasiya nömrələri (FİN);

29.2. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq sənədlərin verilməsi ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarından zəruri məlumatlar;

29.3. Azərbaycan Respublikası vətəndaşları ilə nikaha daxil olmuş və yaxud nikahı ləğv edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında;

29.4. qüvvədən düşmüş sənədlər haqqında;

29.5. miqrasiya prosesləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan digər məlumatlar. [26]

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 sentyabr  2006-cı il tarixli 464 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 741)

2.       6 fevral  2007-ci il tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 91)

3.       21 avqust 2008-ci il tarixli 815 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Qəzeti, 2008-ci il, 22 avqust №186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 722)

4.       07 sentyabr 2010-cu il tarixli 322 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Qəzeti, 2010-cu il, 08 sentyabr №197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 09, maddə 770)

5.       21 oktyabr 2010-cu il tarixli 346 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Qəzeti, 2010-cu il, 22 oktyabr №232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 858)

6.       13 dekabr 2010-cu il tarixli 361 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Qəzeti, 2010-cu il, 14 dekabr №274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1061)

7.       16 may 2013-cü il tarixli 899 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 21 may 2013-cü il, № 108; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 5, maddə 520)

8.       11 sentyabr 2014-cü il tarixli 271 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 sentyabr 2014-cü il, № 199; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1051)

9.       13 iyun 2019-cu il tarixli 737 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1029)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 fevral  2007-ci il tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 91) ilə Fərmanın adında və mətnində ismin müvafiq hallarda "Registr" və "eyniləşdirmə" sözləri müvafiq olaraq "Reyestr" və "identifikasiya" sözləri ilə əvəz edilmişdir.

 

[2] 6 fevral  2007-ci il tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 91) ilə 3.2-ci bənd çıxarılmışdır.

 

[3] 6 fevral  2007-ci il tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 91) ilə 3.4-cü bənddə "vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının" sözləri "rayon (şəhər) qeydiyyat şöbələrinin" sözləri ilə əvəz edilmişdir.

 

[4] 6 fevral  2007-ci il tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 91) ilə Əsasnamənin adında və mətnində ismin müvafiq hallarında "Registr" və "eyniləşdirmə" sözləri müvafiq olaraq "Reyestr" və "identifikasiya" sözləri ilə əvəz edilmişdir.

 

[5] 6 fevral  2007-ci il tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 91) ilə Əsasnamənin 2-ci bənddə "məlumatı əks etdirən dövlət məlumat bankıdır" sözləri "sənədləşdirilmiş informasiyanı əks etdirən dövlət informasiya ehtiyatıdır" sözləri ilə əvəz edilmişdir.

 

13 iyun 2019-cu il tarixli 737 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1029) ilə “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin 2-ci, 7-ci, 9-cu, 13-cü, 19-cu, 22-ci və 25-ci bəndlərinə “daimi yaşayan” sözlərindən sonra “və ya qaçqın statusu almış” sözləri əlavə edilmişdir.

 

[6] 6 fevral  2007-ci il tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 91) ilə Əsasnamənin 3-cü bəndində "idarə edilməsini həyata keçirən proqram təminatı" sözləri "informasiya sistemi" sözləri ilə əvəz edilmişdir.

 

[7] 6 fevral  2007-ci il tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 91) ilə Əsasnamənin 5-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5. Dövlət Reyestrinin aparılmasından məqsəd əhalinin yerləşməsi və tərkibi, miqrasiyanın dairəsi və istiqaməti, demoqrafiya məsələlərinə, eləcə də digər məsələlərə dair məlumatlar toplamaq, onları təzələmək, müvafiq hallarda bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını və fiziki şəxsləri həmin məlumatlarla təmin etməkdir.

 

[8] 6 fevral 2007-ci il tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 91) ilə Əsasnamənin 7-ci bənddə "məlumatlar" sözü "sənədləşdirilmiş informasiya" sözləri ilə əvəz edilmişdir.

 

[9] 11 sentyabr 2014-cü il tarixli 271 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 sentyabr 2014-cü il, № 199; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1051) ilə “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin 8.1-ci bəndindən “, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin” sözləri çıxarılmışdır.

 

[10] 07 sentyabr 2010-cu il tarixli 322 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Qəzeti, 2010-cu il, 08 sentyabr №197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 09, maddə 770) ilə "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə"yə yeni məzmunda 8.1-1-ci  bənd əlavə edilmişdir.

 

13 iyun 2019-cu il tarixli 737 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1029) ilə “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin 8.1-1-ci yarımbəndində “daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə” sözləri “daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq olaraq” sözləri ilə əvəz edilmişdir və həmin bəndə “icazə” sözündən sonra “və ya qaçqın” sözləri əlavə edilmişdir.

 

[11] 21 avqust 2008-ci il tarixli 815 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Qəzeti, 2008-ci il, 22 avqust №186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 722) ilə “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”yə 8-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

8.Dövlət Reyestrinin tamlığını təmin etmək üçün Dövlət Reyestrinin səlahiyyət dairəsinə daxil olan bütün məlumatlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi bölmə və şöbələri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri öz səlahiyyətləri daxilində Dövlət Reyestrinə ötürülməlidir.

 

[12] 6 fevral  2007-ci il tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 91) ilə Əsasnamənin 9-cu bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

9. Dövlət Reyestrinə Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında aşağıdakı məlumatlar daxil edilir:

9.1.    fərdi identifikasiya nömrəsi;

9.2.    soyadı;

9.3.    adı;

9.4.    atasının adı;

9.5.    doğulduğu tarix;

9.6.    doğulduğu yer;

9.7.           cinsi;

9.8.    vətəndaşlığı;

9.9.    yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında;

9.10.    ailə vəziyyəti;

9.11.    ərin (arvadın) fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı;

9.12.    valideynlərin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı;

9.13.    uşaqların fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı;

9.14.    şəxsiyyəti təsdiq edən sənədin nömrəsi (o cümlədən 16 yaşına çatmamış şəxsin doğura haqqında şəhadətnaməsinin nömrəsi);

9.15.    yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan çıxarılması haqqında;

ölüm tarixi.

 

[13]   21 oktyabr 2010-cu il tarixli 346 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Qəzeti, 2010-cu il, 22 oktyabr №232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 858) ilə “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin 9.12-ci bənddə “sənədin nömrəsi” sözlərindən sonra “, verilmə tarixi və etibarlılıq müddəti” sözləri əlavə edilsin, “və şəxsiyyət vəsiqəsinin nömrələri” sözləri “nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti” sözləri ilə əvəz edilmişdir.

 

[14] 16 may 2013-cü il tarixli 899 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 21 may 2013-cü il, № 108; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 5, maddə 520) ilə “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin 9.12-ci, 9.13-cü və 9.14-cü bəndlərində “ 16 rəqəmləri “ 15 rəqəmləri ilə əvəz edilmişdir.

 

[15]  21 oktyabr 2010-cu il tarixli 346 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Qəzeti, 2010-cu il, 22 oktyabr №232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 858) ilə “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin 9.15-ci, 9.16-cı və 9.17-ci bəndlərdə “sənədin nömrəsi” sözlərindən sonra “, verilmə tarixi və etibarlılıq müddəti” sözləri əlavə edilmişdir.

 

[16] 6 fevral  2007-ci il tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 91) ilə Əsasnamənin 13-cü bənddə "hər gün" sözləri "hər iş günü" sözləri ilə əvəz edilmişdir, "məlumat bankına göndərilir" sözlərindən sonra "və məlumatların aktuallığı təmin edilir" sözləri əlavə edilmişdir.

 

[17] 6 fevral  2007-ci il tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 91) ilə Əsasnamənin 14-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

                14.    Dövlət Reyestrinə məlumatların daxil  edilməsi  onların birmənalı fərqləndirilməsinə, təkrara yol verilməməsinə və səmərəli istifadə edilməsinə imkan yaradan fərdi identifikasiya nömrəsi əsasında aparılır.

 

[18] 6 fevral  2007-ci il tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 91) ilə Əsasnamənin 17-ci bənddə "hər gün" sözləri "hər iş günü" sözləri ilə əvəz edilmişdir.

 

[19] 27 sentyabr  2006-cı il tarixli 464 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 741) ilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Registrinin aparılması qaydası haqqında Əsasnamə”yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 790)  20-ci bəndə ikinci cümlə əlavə edilmişdir.

6 fevral  2007-ci il tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 91) ilə Əsasnamənin 20-ci bəndin birinci cümləsində "aid edilir" sözlərindən sonra "və qanunvericiliklə nəzərdə tutulmuş qaydada mühafizə edilir" sözləri əlavə edilmişdir.

 

[20] 6 fevral  2007-ci il tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 91) ilə Əsasnamənin 22-ci bəndin birinci abzasında "dövlət orqanları" sözləri "dövlət və yerli özünüidarəetmə orqanları" sözləri ilə əvəz edilmişdir və ikinci abzas çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Dövlət Reyestrinin məlumatlarından istifadə edən dövlət orqanlarının siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

 

[21] 6 fevral  2007-ci il tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 91) ilə Əsasnamənin 24-cü bəndə birinci cümlə əlavə edilmişdir.

 

[22] 27 sentyabr  2006-cı il tarixli 464 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 741) ilə 25-ci bənddə “12-ci maddəsinə” sözlərindən sonra “və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri əlavə edilsin.

 

6 fevral  2007-ci il tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 91) ilə Əsasnamənin 25-ci bənddə "özləri" sözündən sonra "və qanunvericiliklə nəzərdə tutulmuş şəxslər" sözləri əlavə edilmişdir.

 

13 dekabr 2010-cu il tarixli 361 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Qəzeti, 2010-cu il, 14 dekabr №274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1061) ilə “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin 25-ci bəndində “və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri “, ”İnformasiya əldə etmək haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilmişdir.

 

[23] 6 fevral  2007-ci il tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 91) ilə Əsasnamənin 26-cı bəndə ikinci cümlə əlavə edilmişdir.

 

[24] 6 fevral  2007-ci il tarixli 525 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 91) ilə Əsasnaməyə 27-ci bənd əlavə edilmişdir.

 

[25] 21 avqust 2008-ci il tarixli 815 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Qəzeti, 2008-ci il, 22 avqust №186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 722) ilə  yeni məzmunda 28-ci bənd əlavə edilmişdir.

 

[26] 07 sentyabr 2010-cu il tarixli 322 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Qəzeti, 2010-cu il, 08 sentyabr №197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 09, maddə 770) ilə "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə"yə yeni məzmunda 29-cu bənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status