AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
28.10.2004
QEYDİYYAT NÖMRƏSİ
138
ADI
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsinin və prokurorluq işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 29-10-2004, Nəşr nömrəsi: 252), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2004, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 794)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.10.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
794

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsinin və prokurorluq işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:

1.       Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi və prokurorluq işçilərinin ümumi say tərkibi təsdiq edilsin (əlavə olunur).

2.       Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

2.1.  normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2.  Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin təşkili üçün müvafiq bina və maddi-texniki təminat ilə bağlı məsələləri həll etsin;

2.3.       bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3.   Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 oktyabr 2004-cü il

      № 138

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin

 

ƏSASNAMƏSİ [2]

 

I. ÜMUMİ MÜDDƏALAR [3]

 

1.      Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi (bundan sonra - "Baş İdarə") Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli 114 nömrəli Sərəncamı ilə yaradılmışdır.

2.      Baş İdarə korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq və əməliyyat-axtarış fəaliyyəti sahəsində ixtisaslaşdırılmış prokurorluq orqanıdır və Azərbaycan Respublikasının Baş prokuroruna (bundan sonra - "Baş prokuror") tabedir. [4]

3.     Baş İdarə fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarım, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni və Baş prokurorun əmr, sərəncam və göstərişlərini rəhbər tutur.

4.     Baş İdarə işini Azərbaycan Respublikası Prokurorluğunun qanunvericiliklə müəyyən edilmiş fəaliyyətinin əsas prinsiplərinə uyğun olaraq qurur.

II. BAŞ İDARƏNİN VƏZİFƏLƏRİ

5. Korrupsiyanın qarşısının alınması və korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə aşağıdakı əsas vəzifələri yerinə yetirir:

5.1.  korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatlara baxır və araşdırma aparır;

5.2.  korrupsiya ilə bağlı cinayətlərlə əlaqədar cinayət işi başlayır və ibtidai istintaq aparır;

5.3.  korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini Baş İdarənin yazılı tapşırığı əsasında əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri yerinə yetirdikdə bu sahədə qanunların icrasına nəzarəti həyata keçirir; [5]

5.4. korrupsiya ilə bağlı cinayətlərin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi, habelə tətbiq oluna biləcək xüsusi müsadirənin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görür; [6]

5.5. korrupsiyaya qarşı mübarizənin vəziyyətini öyrənir, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplayır, təhlil edir, ümumiləşdirir və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırlayır, həmin fəaliyyəti həyata keçirərkən normativ hüquqi aktlarda və onların layihələrində korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən etdikdə, onların aradan qaldırılması üçün Baş Prokuror qarşısında məsələ qaldırır; [7]

5.6. korrupsiya ilə bağlı cinayətlərin ibtidai istintaqı, habelə həmin işlərin məhkəmə baxışı zamanı cinayət prosesində iştirak edən şahidlərin, zərər çəkmiş, təsdiqləndirilən və digər şəxslərin təhlükəsizliyi üçün tədbirlərin görülməsini təmin edir;

5.6-1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsin konfidensiallığını təmin edir; [8]

5.7. korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər barədə Baş prokuror vasitəsilə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına mütəmadi olaraq məlumat verir;

5.8. korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq edir;

5.8-1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli cinayətlərin mərkəzləşmiş statistikasının elektron formada aparılmasını təşkil edir, həmin cinayətlərlə bağlı statistik məlumatların toplanması, emalı və ötürülməsi üzrə informasiya sisteminin fəaliyyətini təmin edir; [9]

5.8-2. bu Əsasnamənin 5.8-1-ci bəndində nəzərdə tutulan statistik məlumatların aşağıdakılara təqdim edilməsini təmin edir: [10]

5.8-2.1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, o cümlədən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində risklərin qiymətləndirilməsi məqsədilə həmin Qanunla müəyyən edilmiş nəzarət orqanlarına;

5.8-2.2. bu Əsasnamənin 5.8-2.1-ci yarımbəndində nəzərdə tutulan məqsədlərlə yanaşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirakın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə.

5.9. Baş İdarənin işçilərinin və onların yaxın qohumlarının təhlükəsizliyi üçün tədbirlərin görülməsini təmin edir;

5.10. korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır və fəaliyyətində aşkarlığı təmin edir;

5.11. korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə və profilaktik tədbirləri həyata keçirir.

6. Baş İdarə qanunvericiliyə müvafiq olaraq digər vəzifələri yerinə yetirir.

 

III. BAŞ İDARƏNİN HÜQUQLARI

7. Baş İdarə vəzifələrinin həyata keçirilməsi məqsədilə:

7.1.       qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki və hüquqi şəxslərdən, dövlət orqanlarından, onların vəzifəli şəxslərindən məlumatları, sənədləri və digər materialları tələb edir və götürür, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestri məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular verir; [11]

7.2.  korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan məlumatlar üzrə ilkin yoxlama aparır, izahatlar alır, zərurət yarandıqda qanunvericiliklə müəyyən edilmiş qaydada təşkilatlarda təftişlərin, inventarlaşdırmaların, ekspertizaların və digər yoxlamaların keçirilməsi üçün tədbirlər görür;

7.3.  səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri həyata keçirir;

7.4.  korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədilə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş bütün əməliyyat-axtarış tədbirlərini həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirir, zərurət yarandıqda, bu sahədə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinə tapşırır və görülmüş tədbirlər barədə məlumat alır; [12]

7.5.  korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş prokuror aktlarını tətbiq edir;

7.6.  korrupsiya ilə əlaqədar hüquqpozmalar cinayət məsuliyyəti yaratmadıqda, bu hüquqpozmalar və onları törədən şəxslər barədə müvafiq dövlət orqanlarına, yerli özünüidarəetmə orqanlarına, publik hüquqi şəxslərəAzərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına məlumat göndərir; [13]

7.7.  digər dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan qurumları və hüquq mühafizə orqanları ilə əməkdaşlıq edir, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində iş aparır, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənir və bu sahədə səmərəli üsul və vasitələrin tətbiqi ilə əlaqədar təkliflər verir;

7.8.  korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə korrupsiyanı doğuran səbəb və şəraitin, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün təklif və tövsiyələr hazırlayır;

7.9.  korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər verir;

7.10.  Baş İdarədə iş yerlərinin və orada yerləşən texniki vasitələrin məlumat
sızmasından qorunması, habelə məlumat çıxarılması üçün istifadə olunan vasitələrin aşkarlanması və onların zərərsizləşdirilməsi məqsədilə tədbirlərin görülməsini təmin edir;

7.11.  Baş İdarə işçilərini xidməti silah, döyüş sursatı, texniki vasitələr və sair zəruri avadanlıqlarla təmin edir, onların mühafizəsi üçün tədbirlər görür.

7.12.  korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirlərini
həyata keçirir, qanunvericiliyi təbliğ edir, korrupsiyaya qarşı mübarizə məsələləri ilə bağlı tədbirlərin və proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

7.13.  beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış mütəxəssislərlə əməkdaşlıq edir və onları analitik-inforaıasiya işlərinin həyata keçirilməsinə cəlb edir;

7.14.  qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirir.

 

IV. BAŞ İDARƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

8.     Baş İdarənin işçilərinin statusu "Prokurorluq haqqında" və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə müəyyən edilir.

9.     Baş İdarə işini Azərbaycan Respublikasının Baş Prokurorluğu və prokurorluğun digər struktur qurumları ilə əlaqəli şəkildə qurur. [14]

10.    Baş İdarənin fəaliyyətinə ümumi rəhbərliyi Baş prokuror həyata keçirir.

11.    Baş İdarə tərəfindən əməliyyat-axtarış fəaliyyətinin yerinə yetirilməsi zamanı qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru həyata keçirir. [15]

12.    Baş İdarənin müstəntiqlərindən , əməliyyat-axtarış fəaliyyətini həyata keçirən işçilərindən və digər əməliyyat-axtarış fəaliyyəti subyektlərinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradıla bilər; [16]

12.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan məlumatlar üzrə ilkin yoxlamanın aparılması və ya korrupsiya ilə bağlı cinayətlərin istintaqı zamanı müxtəlif peşə sahələrində xüsusi biliklərə malik şəxslərdən istifadə etməklə fiziki və ya hüquqi şəxslərin fəaliyyətinin yoxlanılması məqsədilə Baş İdarədə mütəxəssislər qrupu yaradıla bilər. [17]

13.    Baş İdarə fəaliyyətində dövlət, xidməti, şəxsi və ailə həyatı, peşə və kommersiya sirlərinin qorunması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür.

14.    Baş İdarə fəaliyyəti haqqında illik hesabat tərtib edir və həmin hesabatı Baş prokuror vasitəsilə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edir.

15.    Baş İdarədə idarə, şöbə və digər struktur bölmələri yaradıla bilər. Baş İdarənin tərkibində yaradılan struktur bölmələrinin səlahiyyətləri Baş prokuror tərəfindən müəyyən edilir.

16.    Baş İdarəyə vəzifəsinə görə Baş prokurorun müavini hesab edilən Baş İdarənin rəisi rəhbərlik edir. Baş İdarə rəisini Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

17.    Baş İdarənin işçilərini Baş prokuror vəzifəyə təyin və vəzifədən azad edir. Baş İdarənin rəisi həmin şəxslərin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimat verir. [18]

18.    Baş İdarənin işçilərinin əmək haqqı Azərbaycan Respublikasının Nazirlə Kabineti tərəfindən müəyyən edilir.

19.    Baş İdarə rəisi:

19.1. Baş İdarənin işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, Baş İdarənin vəzifələrinin yerinə yetirilməsinə görə fərdi məsuliyyət daşıyır;

19.2.      işçilər arasında vəzifə bölgüsü;

19.3.      əmr və göstərişlər verir;

19.4.      İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror statusuna malik olmaqla ittiham aktını, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün cinayət işinin məhkəməyə göndərilməsi haqqında qərarı təsdiq edir, cinayət prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirir;

19.5. korrupsiya ilə bağlı törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyata alınmasını təşkil edir, onlara baxılmasını, cinayət işi üzrə ibtidai istintaqın və ya ayn-ayrı istintaq hərəkətlərinin aparılmasını müstəntiqə, yaxud müstəntiqlər qrupuna tapşırır;

19.6.      müstəntiqlərin korrupsiya ilə bağlı cinayətlərin açılması, araşdırılması və qarşısının alınması üçün vaxtında müvafiq tədbirlər görməsinə nəzarəti həyata keçirir;

19.7. korrupsiya ilə bağlı cinayət işləri üzrə hərtərəfli, tam və obyektiv ibtidai istintaq aparılması üçün zəruri təşkilati tədbirlər görür;

19.8.      Baş İdarənin işçilərinin və birgə istintaq-əməliyyat qrupları üzvlərinin fəaliyyətinin əlaqələndirilməsini təmin edir və onların birgə fəaliyyətinə nəzarəti həyata keçirir; [19]

19.9.      Baş İdarənin müstəntiqlərindən , əməliyyat-axtarış fəaliyyətini həyata keçirən işçilərindən və digər əməliyyat-axtarış fəaliyyəti subyektlərinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradır; [20]

19.10.      digər qurumlarla münasibətlərdə Baş İdarəni təmsil edir və səlahiyyətləri daxilində müqavilə və digər sənədləri imzalayır;

19.11.      Baş İdarənin strukturuna daxil olan idarə, şöbə və digər struktur bölmələrinin fəaliyyətinə nəzarəti təşkil edir və onların işinin əlaqələndirilməsini təmin edir; [21]

19.12. Baş İdarənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərar və göstərişlərinin ləğv edilməsi üçün tədbir görür;

19.13.      işçilər tərəfindən qanunçuluğa, xidməti intizama və məxfilik rejiminə riayət olunmasına nəzarət edir;

19.14.      Baş İdarədə vəzifələrə təyinatlarla əlaqədar Baş prokurora təqdimat verir;

19.15.       işçilərin həvəsləndirilməsi və ya onların intizam məsuliyyətinə cəlb edilməsi, işçilərə xüsusi rütbələr verilməsi barədə Baş prokuror qarşısında məsələ qaldırır;

19.16.       işçilərin məzuniyyət məsələlərini həll edir, onların ezamiyyətə göndərilməsi barədə Baş prokuror qarşısında məsələ qaldırır;

19.17.       vətəndaşların qəbulu işini təşkil edir;

19.8. qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

20. Baş İdarə rəisi olmadıqda onun vəzifələrini Baş İdarə rəisinin müavinləri icra edir. [22]

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Prokurorluq işçilərinin ümumi say

 

TƏRKİBİ [23]

 

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi 140 vahid müəyyən edilsin. [24]

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       31 yanvar 2008-ci il tarixli 705 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №1, maddə 9)

2.       11 mart 2011-ci il tarixli 402 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2011-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 183)

3.       08 aprel 2011-ci il tarixli 404 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 aprel 2011-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 273)

  1. 10 may 2011-ci il tarixli 428 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 may 2011-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 379)
  2. 25 iyun 2013-cü il tarixli 925 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2013-cü il, № 137; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 653)
  3. 24 iyul 2014-cü il tarixli 234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 iyul 2014-cü il, № 159; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 816)
  4. 16 mart 2017-ci il tarixli 1297 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 mart 2017-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 375)
  5. 28 fevral 2018-ci il tarixli 1850 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 mart 2018-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 214)
  6. 8 oktyabr 2018-ci il tarixli 299 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 oktyabr 2018-ci il, № 226, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1999)
  7. 23 noyabr 2018-ci il tarixli 359 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 noyabr 2018-ci il, № 265, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2272)
  8. 1 may 2020-ci il tarixli 1012 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 may 2020-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 537)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 iyul 2014-cü il tarixli 234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 iyul 2014-cü il, № 159; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 816) ilə adında, preambulada, 1-ci hissədə və 2.2-ci bənddə “İdarəsinin” sözü “Baş İdarəsinin” sözləri ilə əvəz edilmişdir.

 

[2] 24 iyul 2014-cü il tarixli 234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 iyul 2014-cü il, № 159; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 816) ilə adında “İdarəsinin” sözü “Baş İdarəsinin” sözləri ilə, 1-ci bənddə “İdarəsi” sözü “Baş İdarəsi” sözləri ilə, “İdarə” sözü “Baş İdarə” sözləri ilə, II, III, IV hissələrdə, 8, 10, 12 və 18-ci bəndlərdə, 5.3, 5.9, 19.1 (hər iki halda), 19.8, 19.9, 19.11 və 19.12-ci yarımbəndlərdə “İdarənin” sözü “Baş İdarənin” sözləri ilə, 2 - 7-ci, 9, 11, 13, 14, 19 və 20-ci (hər iki halda) bəndlərdə, 7.11-ci yarımbənddə “İdarə” sözü “Baş İdarə” sözləri ilə, 7.10, 12.1 və 19.14-cü yarımbəndlərdə “İdarədə” sözü “Baş İdarədə” sözləri ilə və 19.10-cu yarımbənddə “İdarəni” sözü “Baş İdarəni” sözləri ilə əvəz edilmişdir.

 

[3] 31 yanvar 2008-ci il tarixli 705 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №1, maddə 9) ilə "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi"nin 5.7-ci, 7.6-cı və 14-cü bəndlərində "Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya" sözləri "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına" sözləri ilə əvəz edilmişdir.

 

[4] 08 aprel 2011-ci il tarixli 404 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 aprel 2011-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 273) ilə “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi”nin 2-ci bəndində “ibtidai istintaq” sözlərindən sonra “və əməliyyat-axtarış fəaliyyəti” sözləri əlavə edilmişdir.

24 iyul 2014-cü il tarixli 234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 iyul 2014-cü il, № 159; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 816) ilə 2-ci bənddə “ixtisaslaşmış qurumdur” sözləri “ixtisaslaşdırılmış prokurorluq orqanıdır” sözləri ilə əvəz edilmişdir.

 

[5] 08 aprel 2011-ci il tarixli 404 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 aprel 2011-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 273) ilə “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi”nin 5.3-cü bənddə “fəaliyyətinin həyata keçirilməsi üçün tədbirlər görür və bu sahədə əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən” sözləri “fəaliyyətini həyata keçirir, korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini İdarənin yazılı tapşırığı əsasında əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri yerinə yetirdikdə bu sahədə” sözləri ilə əvəz edilmişdir.

 

[6] 1 may 2020-ci il tarixli 1012 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 may 2020-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 537) ilə “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”nin 5.4-cü bəndində “əmlak müsadirəsinin” sözləri “xüsusi müsadirənin” sözləri ilə əvəz edilmişdir.

 

[7] 24 iyul 2014-cü il tarixli 234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 iyul 2014-cü il, № 159; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 816) ilə 5.5-ci yarımbənddə “hazırlayır” sözündən sonra “, həmin fəaliyyəti həyata keçirərkən normativ hüquqi aktlarda və onların layihələrində korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən etdikdə, onların aradan qaldırılması üçün Baş Prokuror qarşısında məsələ qaldırır” sözləri əlavə edilmişdir.

 

[8] 16 mart 2017-ci il tarixli 1297 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 mart 2017-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 375) ilə “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”nə yeni məzmunda 5.6-1-ci yarımbənd əlavə edilmişdir.

 

[9] 8 oktyabr 2018-ci il tarixli 299 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 oktyabr 2018-ci il, № 226, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1999) ilə “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”nə yeni məzmunda 5.8-1-ci yarımbənd əlavə edilmişdir.

 

[10] 23 noyabr 2018-ci il tarixli 359 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 noyabr 2018-ci il, № 265, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2272) ilə “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”nə yeni məzmunda 5.8-2-ci bənd əlavə edilmişdir.

 

[11] 25 iyun 2013-cü il tarixli 925 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2013-cü il, № 137; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 653) ilə “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi”nin 7.1-ci yarımbəndində “götürür” sözündən sonra “, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestri məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular verir” sözləri əlavə edilmişdir.

 

[12] 08 aprel 2011-ci il tarixli 404 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 aprel 2011-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 273) ilə “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi”nin  7.4-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

7.4. korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədilə əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini tapşırır və görülmüş tədbirlər barədə məlumat alır;

 

[13] 28 fevral 2018-ci il tarixli 1850 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 mart 2018-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 214) ilə “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”nin 7.6-cı bəndinə “orqanlarına” sözündən sonra “, yerli özünüidarəetmə orqanlarına, publik hüquqi şəxslərə” sözləri əlavə edilmişdir.

 

[14] 24 iyul 2014-cü il tarixli 234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 iyul 2014-cü il, № 159; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 816) ilə 9-cu bənddə “Baş Prokurorluğunun idarə və şöbələri,” sözləri “Baş Prokurorluğu və” sözləri ilə əvəz edilmişdir.

 

[15] 08 aprel 2011-ci il tarixli 404 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 aprel 2011-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 273) ilə “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi”nin  11-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

11. Korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılmasında əməliyyat-axtarış tədbirlərinin səmərəliliyinin artırılması məqsədilə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış və bu sahədə təcrübəyə malik olan əməkdaşları Baş prokurorun müraciəti əsasında əməliyyat-axtarış subyektlərinin rəhbərləri tərəfindən İdarəyə ezam edilirlər. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin qanunvericiliklə müəyyən olunmuş səlahiyyət bölgüsünə uyğun olaraq İdarəyə ezam edilmiş əməkdaşları İdarə rəisinin tapşırıqlarını icra edir və görülmüş tədbirlər barədə ona məlumat verirlər.

 

[16] 08 aprel 2011-ci il tarixli 404 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 aprel 2011-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 273) ilə “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi”nin 12-ci bəndində “” sözü “, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən işçilərindən və digər” sözləri ilə əvəz edilmişdir.

 

[17] 08 aprel 2011-ci il tarixli 404 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 aprel 2011-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 273) ilə “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi”nə yeni məzmunda 12-1-ci bənd əlavə edilmişdir.

 

[18] 24 iyul 2014-cü il tarixli 234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 iyul 2014-cü il, № 159; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 816) ilə 15-17-ci bəndlər yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

15. İdarənin strukturu və onun tərkibində yaradılan şöbələrin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Əsasnaməyə müvafiq olaraq Baş prokuror tərəfindən müəyyən edilir.

16. İdarə rəisi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Baş prokuror tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.

17. İdarə rəisinin müavinləri və İdarənin digər işçiləri İdarə rəisinin təqdimatına əsasən Baş prokuror tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.

 

[19] 08 aprel 2011-ci il tarixli 404 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 aprel 2011-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 273) ilə “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi”nin 19.8-ci bəndində “İdarəyə ezam edilmiş əməliyyat-axtarış subyektləri əməkdaşlarının və İdarənin işçilərinin” sözləri “İdarənin işçilərinin və birgə istintaq-əməliyyat qrupları üzvlərinin” sözləri ilə əvəz edilmişdir.

 

[20] 08 aprel 2011-ci il tarixli 404 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 10 aprel 2011-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 273) ilə “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi”nin 19.9-cu bəndində “və İdarəyə ezam edilmiş” sözləri “, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən işçilərindən və digər” sözləri ilə əvəz edilmişdir.

 

[21] 24 iyul 2014-cü il tarixli 234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 iyul 2014-cü il, № 159; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 816) ilə 19.11-ci yarımbənddə “şöbələrin” sözü “idarə, şöbə və digər struktur bölmələrinin” sözləri ilə əvəz edilmişdir.

 

[22] 10 may 2011-ci il tarixli 428 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 may 2011-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 379)  ilə “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi”nin 17-ci və 20-ci bəndlərində “müavini” sözü “müavinləri” sözü ilə əvəz edilmişdir.

 

[23] 24 iyul 2014-cü il tarixli 234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 iyul 2014-cü il, № 159; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 816) ilə adında “İdarəsinin” sözü “Baş İdarəsinin” sözləri ilə əvəz edilmişdir.

 

[24] 11 mart 2011-ci il tarixli 402 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 mart 2011-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 183) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi”ndə “ 40 rəqəmi “ 100 rəqəmi ilə əvəz edilmişdir.

24 iyul 2014-cü il tarixli 234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 26 iyul 2014-cü il, № 159; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 816) ilə mətnində “İdarəsinin” sözü “Baş İdarəsinin” sözləri ilə, “ 100 rəqəmləri “ 140 rəqəmləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status