"Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında" 1973-cü il tarixli Beynəlxalq Konvensiyaya 1978-ci il tarixli Protokola qoşulmaq barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası "Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında" 1973-cü il tarixli Beynəlxalq Konvensiyaya 1978-ci il tarixli Protokola qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyun 2004-cü il
№ 696-IIQ
Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında
1973-cü il tarixli Beynəlxalq Konvensiyaya 1978-ci il tarixli
PROTOKOL
Bu Protokolun Tərəfləri,
Dəniz mühitinin gəmilərdən çirkləndirilməsinin mühafizəsi işində Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın böyük əhəmiyyətini qəbul edərək,
gəmilərdən, xüsusilə neft tankerlərindən dəniz mühitinin çirkləndirilməsinin qarşısının alınmasına və ona nəzarət edilməsinə dair tədbirlərin daha da təkmilləşdirilməsinin zəruriliyini qəbul edərək,
imkan daxilində tez və sonralar bu Konvensiyanın I Əlavəsində verilmiş neftlə çirkləndirmənin qarşısının alınması Qaydalarının tətbiqinin zəruriliyini bundan sonra da qəbul edərək,
lakin bəzi texniki problemlər qənaətbəxş şəkildə həll edilməyənə qədər bu Konvensiyaya II Əlavənin tətbiq olunmasının təxirə salınmasının zəruriliyini anlayaraq,
bu məqsədlərə ən yaxşı şəkildə Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında 1973-cü il tarixli Beynəlxalq Konvensiyaya əlavə edilmiş Protokolun bağlanması yolu ilə çatmağın mümkün ola biləcəyini hesab edərək,
aşağıdakılar barədə razılığa gəlmişlər:
I maddə
Ümumi öhdəliklər
1. Bu Protokolun Tərəfləri aşağıdakı sənədlərdəki müddəaları həyata keçirməyi öhdəyə götürürlər:
a)
bu Protokoldakı və onun ayrılmaz hissəsi olan Əlavədəki müddəaları və;
b)
bu Protokoldakı dəyişiklikləri və onda verilmiş əlavələri nəzərə almaqla, Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında 1973-cü il tarixli Beynəlxalq Konvensiyadakı (bundan sonra - Konvensiya) müddəaları.
2.
Konvensiyanın və bu Protokolun qaydaları vahid sənədin müddəaları kimi birlikdə nəzərdən keçirilməli və şərh edilməlidir.
3.
Bu Protokola hər hansı istinad eyni zamanda onun Əlavəsinə istinadı bildirir.
II m a d d ə
Konvensiyaya II Əlavənin həyata keçirilməsi
1.
Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin müddəalarına baxmayaraq, bu Protokolun Tərəfləri belə bir razılığa gəlmişlər ki, onlar bu Protokol qüvvəyə mindiyi gündən etibarən üç il ərzində və ya Hökumətlərarası dənizçilik konsultativ təşkilatının (bundan sonra - Təşkilat) Dəniz mühitinin mühafizəsi Komitəsində (bundan sonra - Komitə) bu Protokolun Tərəflərinin üçdə iki əksəriyyəti tərəfindən müəyyənləşdirilə bilən daha uzun müddət ərzində Konvensiyaya II Əlavənin müddəaları ilə əlaqəli olmayacaqlar.
2.
Bu maddənin 1-ci bəndində qeyd edilmiş müddət ərzində bu Protokolun Tərəfləri heç bir öhdəlik daşımırlar, Konvensiyaya II Əlavə ilə tənzimlənən məsələlərə dair Konvensiyadan irəli gələn üstünlüklərə iddia etmək hüququna malik deyillər və Konvensiyada Tərəflərə edilən bütün istinadlar bu Əlavəyə aid olan məsələlərə dair bu Protokolun Tərəflərini əhatə etmir.
III maddə
İnformasiyanın göndərilməsi
Konvensiyanın 11 -ci maddəsinin 1-ci (b) bəndinin mətni aşağıdakı mətnlə əvəz edilir:
"qaydaların müddəalarına müvafiq surətdə zərərli maddələr daşıyan gəmilərin layihələşdirilməsi, tikilməsi, avadanlıqla təchizatı və istismarına dair məsələlər üzrə təyin olunmuş inspektorların və ya onların adından fəaliyyət göstərməyə vəkil edilən tanınmış təşkilatların siyahısı, bu siyahı onların vəzifəli şəxslərinə məlumat verilməsi məqsədilə Tərəflərə göndərilmək üçündür. Administrasiya bununla əlaqədar olaraq, konkret vəzifə öhdəlikləri və təyin edilmiş inspektor, yaxud tanınmış təşkilatlar tərəfindən verilən səlahiyyət şərtləri barədə Təşkilata məlumat göndərir".
IV maddə
İmzalama, ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə və qoşulma
1. Bu Protokol 1978-ci il iyunun 1-dən 1979-cu il mayın 31-nə kimi Təşkilatın qərargahında imzalanmaq üçün açıqdır və bundan sonra da qoşulmaq üçün açıq qalır. Dövlətlər aşağıdakı yolla bu Protokolun Tərəfləri ola bilərlər:
a)
ratifikasiya barədə qeyd-şərtsiz imzalamaqla qəbul və ya təsdiq etməklə; yaxud
b)
ratifikasiya, qəbul və ya təsdiq barədə qeyd-şərtlə imzalama, sonradan ratifikasiya, qəbul etməklə və ya təsdiq etməklə; yaxud
c)
qoşulmaqla.
2. Ratifikasiya, qəbul, təsdiq etmə və ya qoşulma müvafiq sənədi Təşkilatın Baş katibinə saxlamağa vermək yolu ilə həyata keçirilir.
V maddə
Qüvvəyə minmə
1.
Bu Protokol özünün IV maddəsinə müvafiq surətdə onun Tərəfləri ticarət gəmilərinin ümumi tutumu dünya ticarət donanması gəmilərinin ümumi tutumunun azı 50%-ni təşkil edən azı on beş dövlətə çatdığı gündən etibarən on iki ay keçdikdən sonra qüvvəyə minir.
2.
Bu Protokolun qüvvəyə mindiyi tarixdən sonra saxlanmağa verilmiş ratifikasiya, qəbul, təsdiq etmə və ya qoşulma hər hansı sənəd onun saxlanmağa verildiyi tarixdən etibarən üç ay keçdikdən sonra qüvvəyə minir.
3.
Konvensiyanın 16-cı maddəsinə müvafiq surətdə bu Protokola düzəlişin qəbul edilmiş hesab olunduğu tarixdən sonra ratifikasiya, qəbul etmə, bəyənmə və ya qoşulma barədə saxlanmağa verilmiş istənilən sənəd belə düzəliş nəzərə alınmaqla bu Protokola aid edilir.
VI maddə
Düzəlişlər
Maddələrə, Konvensiyanın Əlavəsinə Qoşmaya və Əlavəyə edilən düzəlişlərin qəbul edilməsi ilə əlaqədar Konvensiyanın 16-cı maddəsində şərh olunmuş rəsmi qaydalar maddələrə, bu Protokolun Əlavəsinə Qoşmaya və Əlavəyə edilən düzəlişlərə müvafiq surətdə tətbiq olunur.
VII maddə
Denonsasiya
1.
Bu Protokol həmin Tərəflər üçün qüvvəyə mindiyi gündən etibarən beş il keçdikdən sonra istənilən vaxtda onu istənilən Tərəf denonsasiya edə bilər.
2.
Denonsasiya Təşkilatın Baş katibinə denonsasiya barədə sənədi saxlamağa vermək yolu ilə həyata keçirilir.
3.
Denonsasiya bu barədə bildirişin Təşkilatın Baş katibi tərəfindən alındığı gündən etibarən on iki ay keçdikdən və ya həmin bildirişdə qeyd oluna bilən daha uzun müddət ötdükdən sonra qüvvəyə minir.
VIII maddə
Depozitari
1.
Bu Protokol Təşkilatın Baş katibinə (bundan sonra - Depozitari) saxlanmağa verilir.
2.
Depozitari:
a) bu Protokolu imzalamış və ya ona qoşulmuş bütün dövlətlərə aşağıdakılar barədə məlumat verməlidir:
i) imzalanma və saxlanmağa verilmə tarixləri qeyd edilməklə ratifikasiya etmə, qəbul etmə, bəyənmə və ya qoşulma haqqında hər bir yeni imzalanmış, yaxud saxlanmağa verilmiş sənəd barədə;
ii) bu Protokolun qüvvəyə minməsi tarixi barədə;
iii) bu Protokolun alınması tarixi və denonsasiyası, qüvvəyə minməsi tarixi qeyd edilməklə, belə sənədin denonsasiyası haqqında hər hansı sənədin saxlanmağa verilməsi barədə;
iv) bu Protokolun II maddəsinin 1-ci bəndinə müvafiq surətdə qəbul edilmiş qərar barəsində;
b) bu Protokolun təsdiq edilmiş surətlərini Protokolu imzalamış və ya ona qoşulmuş bütün dövlətlərə göndərir.
3. Bu Protokol qüvvəyə mindikdən dərhal sonra onun təsdiq edilmiş surəti Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə müvafiq surətdə qeydiyyata alınaraq dərc edilmək üçün Depozitari tərəfindən Birləşmiş Millətlər Təşkilatının Katibliyinə verilir.
IX maddə
Dillər
Bu Protokol ispan, rus və fransız dillərində bir nüsxədə tərtib edilmişdir və bütün mətnlər eynidir. Ərəb, italyan, alman və yapon dillərinə rəsmi tərcümələr hazırlanaraq imzalanmış orijinalla birlikdə saxlanmağa veriləcəkdir.
Bunun təsdiqi olaraq, öz hökumətləri tərəfindən lazımi qaydada səlahiyyət verilmiş aşağıda imza edənlər bu Protokolu imzalamışlar.
Min doqquz yüz yetmiş səkkizinci il fevralın on yeddisində Londonda imzalanmışdır.